11 Noyabr 2018 00:28
502
İQTİSADİYYAT
A- A+

Zəhmətin bayram təntənəsi


Bunun ünvanı Lənkəranda keçirilən "Çay, çəltik, sitrus” festivalı idi


Səhərdir. Xəzərdən doğan günəş zərrin şüalarını ətrafa səpələyir. İlıq payız havası ürəyə məlhəm kimi yayılır. Gül-çiçəklər də payızın belə bir günündə qönçə gözlərini açaraq al-əlvan ləçəkləri ilə insanda könül xoşluğu yaradır, ruha rahatlıq, gözə dinclik gətirir. Qərb istiqamətində payızın qızılı donunu geyən silsilə dağlar, şərqdə mavi gözlü Xəzər bu gözəlliyi daha da füsunkar edir. Bunları gördükcə, duyduqca Lənkəran haqqında yazdığım şeirdən misralar yadıma düşür:

Hüsnün başdan-başa bir tamaşadır,

İnsanla təbiət burda qoşadır.

Adama xoş ovqat, xoş gün yaşadır

Xəzərdən gün çıxıb söküləndə dan,

Gözəllər gözəli gözəl Lənkəran.

Uzanır sahilə Talış dağları,

Naringi, portağal, limon bağları.

Allahın payıdır sərvəti, varı,

Burda gül-çiçəkdir hər tərəf, hər yan,

Gözəllər gözəli gözəl Lənkəran.

Bəli, böyük Yaradan bu diyardan heç nəyi əsirgəməyib. Ölkəmizdəki subtropik iqlim şəraiti yalnız bu bölgədə mövcuddur. Çay, sitrus meyvələri - limon, naringi, portağal, feyxoa onun əsas nemətləri, vizit kartıdır. Lakin Yer üzünün əşrəfi sayılan insan olmasaydı, belə gözəlliklər, nemətlər də kimsəsiz, yetim kimi qalardı, gərəksiz görünərdi. Təbiətin ayrılmaz hissəsi olan insan öz zəhməti, ağlı, düşüncəsi, zövqü ilə onu daha da zənginləşdirir, məhsul bolluğu yaradır.

Artıq ikinci ildir ki, Lənkəranda "Çay, çəltik, sitrus” festivalı keçirilir. Fermerlər, sahibkarlar qazandıqları nailiyyətləri nümayiş etdirirlər. Bu məqsədlə noyabrın 10-da sevincli bir gün yaşandı, festival keçirildi. Şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə belə bir möhtəşəm tədbirə ciddi hazırlıq görülmüş, sinoptiklərin məlumatı əsas amillərdən biri kimi nəzərə alınmışdı.

Şəhərin mərkəzindəki Heydər Əliyev parkı hələ tədbirdən bir gün əvvəl bayramsayağı bəzədilmiş, parkın yanındakı çoxmərtəbəli binanın fasadından festivalın loqosu, digər yerlərdə şüarlar, transparantlar asılmışdı. Noyabrın 9-da axşamüstü festivalda öz məhsullarını nümayiş etdirəcək ayrı-ayrı şirkətlər, müəssisələr, fermerlər, sahibkarlar onlar üçün təyin olunmuş yerlərdə, pavilyonlarda öz yerlərini tutmuşdular. Festivalın keçirildiyi xatirə parkının girişində isə Lənkəranın qədimliyini əks etdirən "Qala qapı” maketi quraşdırılmış, qarşısında zirehli, dəbilqəli, əli nizəli, qalxanlı süvari əsgərlər dayanmışdılar.

Saat 9 radələridir. Lənkəran şəhər sakinləri, rayonun ayrı-ayrı qəsəbə və kəndlərindən gələn insanlar dəstə-dəstə meydana daxil olurlar. Onlar görüşüb hal-əhval tutur, bu xoş gün münasibətilə bir-birlərini təbrik edirlər. Rayon Mədəniyyət evinin musiqi kollektivlərinin ifa etdikləri şux, oynaq musiqi nömrələrinin sədası pərdə-pərdə ətrafa yayılaraq onların əhvalına əlavə ovqat qatır.

Saat 11-in yarısıdır. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, dəvət olunmuş qonaqlar və əlaqədar təşkilatların nümayəndələri "Qala qapı”sından festivalın keçirildiyi məkana daxil olurlar. Qələbə, mübarizə simvolu olan "Cəngi” sədaları göyə yüksəlir. Məktəblilər tədbir iştirakçılarını salamlayırlar. Parkın girəcəyində üzərində meyvələri olan müxtəlif növ sitrus ağaclarının dibçəkləri düzülmüş, onların arasında əllərində yanındakı ağacın meyvəsindən xonça tutmuş milli geyimli qızlar durmuşlar. Bu vaxt "Yanar ürək” mahnısı səslənir. Şəhər rəhbərliyi, gələn qonaqlar ulu öndər Heydər Əliyevin burada ucaldılmış əzəmətli heykəli önünə gül dəstələri qoyurlar.

Aparıcı gur səslə "Hörmətli qonaqlar, xanımlar, cənablar! Bu gün Lənkəranda ən yeni tariximizin daha bir şərəfli səhifəsi yazılır. Burada "2-ci Çay, çəltik, sitrus” festivalı keçirilir. Bu festival eyni zamanda rayondakı digər sahələrin - tərəvəz, bostan, meyvə məhsullarının son illər durmadan artdığını, sənaye, elm, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafını özündə ehtiva edir”, - deyir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı T.Qaraşov Cənub mirvarisi torpağının yetişdirdiyi məhsulların nümayiş olunduğu pavilyonlardan birinin lentini kəsir. Lənkəran Mədəniyyət Mərkəzinin qızlardan ibarət "Ay Lolo” rəqs ansamblı, habelə şəhər 4, 6 və 10 saylı məktəblərinin şagirdlərinin iştirakı ilə "Azərbaycan çayı” adlı rəqs kompozisiyası təqdim olunur. Sonra "Çayımızın dadı var” adlı pavilyona baxış başlanır. Burada ayrı-ayrı fermerlərin, təsərrüfatların çay məhsulları, bal, mürəbbə, şirniyyat sərgisi qurulmuşdur. Yanında da bütöv və dilimlənmiş limonlar. Hər kəs öz məhsulunun, çayının dadını göstərmək üçün dequstasiya stolu qoymuşdur və hər kəs təşəbbüs göstərir ki, onun dəmlədiyi çaydan içsin. Fonda ölməz müğənni Şövkət Ələkbərovanın ifasında "Çay” mahnısı eşidilir.

Aparıcı Lənkəran çayı haqqında ətraflı məlumat verir: "Respublikamızda çay bitkisi ilk dəfə 1912-ci ildə Lənkəran bölgəsində əkilmişdir. İlk çay fabriki də burada, 1937-ci ildə yaradılmışdır. Hazırda rayonda 604,3 hektar çay plantasiyası var ki, onun da 454,9 hektarı yeni salınmış və bərpa edilmiş sahələrdir. Cari ildə 50 hektarda çay plantasiyası salınması nəzərdə tutulmuşdur və bununla əlaqədar işlər görülür. 2018-ci ilin ötən ayları ərzində rayon üzrə 275 ton yaşıl çay yarpağı istehsal olunmuşdur ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Məhsul yığımı davam edir. Bütün sahələr kimi, indi Lənkəranda çayçılıq da sürətlə inkişaf edir. Bunun nəticəsidir ki, əvvəllər burada hərgah bir-iki növ çay istehsal olunurdusa, hazırda "Azərbaycan-1”, "Azərbaycan-2”, "Kolxida” və "İndoçin” çay növləri əkilib-becərilir. Rayondakı çay fabriklərində indi "Buket çayı”, "Pürrəngi çay”, "Qara məxməri çay”, "Narın N-1 çayı”, "Premium çay”, "Feyxoa çayı”, "Xan çayı”, "Zəncəfilli çay”, "Limonlu çay”, "Nanəli çay”, "Kəklikotulu çay”, "Tibet çayı”, "Ekstra çayı”, "Qızıl buket”, "Çayrud”, "Fərmançay” və başqa çay növləri istehsal olunur. Yaxın gələcəkdə rayonda çay plantasiyalarının 1500-2000 hektara çatdırılması nəzərdə tutulur. Bu işdə fərqlənənlərdən biri də "Yaşıl Çay” MMC-nin rəhbəri Araz Yaqubovdur. Ölkə rəhbəri bu yaxınlarda Lənkəranda olarkən onu "Tərəqqi” medalı ilə təltif etmişdir”.

Çayı mürəbbəsiz, balsız, şəkərsiz, nabatsız, şirniyyat məhsulları olmadan təsəvvür etmək mümkün deyil. Elə bunu nəzərə alaraq çay məhsullarının düzüldüyü pavilyonun bir tərəfində adlarını çəkdiyimiz bu məhsullar da düzülmüşdür. "Alov”, "İpək yolu” şirniyyat evləri, Lənkəran Konserv Kombinatı, arıçılardan İttifaq Həsənov, Tarıyel Quliyev, İlkin Nəzərov, Rafil Paniyev və başqaları öz məhsullarını nümayiş etdirirlər. Onların hər biri burada dequstasiya masası da qoymuşdur.

"Lənkəranın çay dərən qızları” mahnısının sədaları ətrafa yayılır. Şağlaser Sənətkarlıq evinin rəqs qrupu bu mahnının sədaları altında rəqs edir.

Sonra üzərində "Lənkəran düyüsü - dillər əzbəri” yazılmış pavilyona tamaşa başlanır. Pavilyonun kənarlarına məşhur düyü növlərinin adları yazılmışdır. İstehsalatçılar, emalçılar süfrələrimizin şahı sayılan plovları bişirib bura gətirməyi də unutmayıblar. Ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da elə toy-düyün, elə bayram, elə bir el şənliyi olmaz ki, orada düyü asılmasın, plov bişirilməsin. Minilliklər boyu bu diyarda düyü insanların əsas qidası olmuşdur. Lakin uzun illər idi ki, əsassız olaraq çəltikçilik gəlirsiz sahə hesab edilmiş və diqqətdən kənarda qalmış, düyünün xarici ölkələrdən alınıb gətirilməsinə üstünlük verilmişdi. Halbuki Lənkəranda becərilən "Ənbərbu”, "Haşimi”, "Həsənli”, "Qırmızı ənbərbu”, "Çampo” və "Sədri” düyülərinə keyfiyyətdə heç bir düyü çata bilməz. Onların özünəməxsus qoxusu, dadı-tamı vardır. Buna görədir ki, ölkəmizin əhalisi son illər ekoloji cəhətdən təmiz olan bu məhsullara üstünlük verir. 2018-ci ildə rayonda 826 hektar sahədə çəltik əkilmişdir. Bu da ötən ildəkindən 300 hektar çoxdur. Ümumilikdə cari ildə 3 min 387 ton düyü məhsulu istehsal olunmuş, hər hektarın məhsuldarlığı 41 sentner təşkil etmişdir.

Lənkəranlılar plovu çox sevirlər. Burada onun 14-dən artıq növü bişirilir. Əziz bayramlarda, şənliklərdə, xüsusilə Novruzda kütüm və çöl quşundan hazırlanmış ləvəngi birmənalı şəkildə plovla birlikdə süfrədə olmalıdır.

Uzun illər Lənkəran folklorunu həvəslə, ustalıqla təbliğ edən "Nənələr” ansamblının çıxışı alqışlarla qarşılanır. Onların nəğmələrinin sədası altında 5 saylı bağçanın fidanlarından ibarət eyni adlı rəqs qrupu çıxış edir. Bu isə folklor sənətinin nəsildən-nəslə ötürülməsi, yaşadılması deməkdir.

Ana təbiət 11 iqlimdən 9-nu vətənimizə, Azərbaycana bəxş etmişdir. Bu 9 iqlimdən də subtropik iqlim Cənub mirvarisi Lənkəranın payına düşüb. Yuxarıda qeyd etdiyimiz kimi, çay, limon, mandarin, portağal, feyxoa onun vizit kartıdır. Onun bu məhsullarının adına çoxlu şeir yazılıb, mahnı bəstələnib. Sitrus meyvəçiliyinin inkişaf etdirilməsi ilə bağlı son illər rayonda çox işlər görülmüşdür. Bağların həcmi genişləndirilmiş, dünyanın müxtəlif yerlərindən buraya daha keyfiyyətli və məhsuldar sortlar gətirilmişdir. Bağlar payızın bu günlərində sarı, narıncı rəngə boyanmışdır. Həmin meyvələr süfrələrin bəzəyidir. Sitrus bağlarının möcüzəsi təkcə onun meyvələrinin qızılı rəngində deyil, həm də faydasındadır. Əbəs deyil ki, limon dünyanın ən faydalı 10 meyvəsi sırasındadır. Qan təzyiqinin tənzimlənməsində, damarların kirəcdən təmizlənməsində onun əhəmiyyəti böyükdür. Hazırda rayonda 1319 hektar sitrus bağları mövcuddur. Keçən il bağlardan 12 min 880 ton məhsul tədarük edilmişdir. Bu il isə meyvə yığımı təzə başlanıb. Hələlik 6 min tona yaxın sitrus toplanıb. Hələ bağlarda meyvə çoxdur. 2016-2017-ci illərdə rayonda "Gilan Aqro” MMC tərəfindən 100 hektarda Cənubi Koreyadan, cari ildə isə "Fruit Garden” MMC-nin xətti ilə yenə 100 hektarda Türkiyədən gətirilmiş yeni məhsuldar sitrus meyvə sortları əkilmişdir.

Aparıcının dediyi kimi, "Lənkəran barəsində yüz eşitməkdənsə, onu bir dəfə görmək daha yaxşıdır. Necə deyərlər, "Çıx yaşıl düzə, qonaq gəl bizə...” Qonaq üçün isə lənkəranlıların gözü həmişə yollardadır”. Müğənni Elgün Əlizadə həmin mahnını ifa edir. Mahnının ritmini tutan "Çölləmə” rəqs qrupunun oğlanları öz məharətlərini göstərirlər.

Lənkəran eyni zamanda turizmin inkişafı üçün geniş imkanlara malik olan bir məkandır. Zəngin tarixi, əsrarəngiz təbiəti belə deməyə əsas verir. Hələ sovetlər birliyi zamanında respublikamıza gələn ən hörmətli qonaqlar buraya səfər edərdilər. Müstəqilliyimizin son 15 ilində turizmlə bağlı rayonda genişmiqyaslı işlər görülmüş, bir çox infrastruktur layihəsi həyata keçirilmişdir. Bu gün Lənkəran şəhərində beynəlxalq əhəmiyyətli hava limanı fəaliyyət göstərir. Dünya standartlarına cavab verən Ələt - Astara - İran magistral şose yolu bu yaxınlarda istifadəyə verilmişdir. Ucqar dağ kəndlərinə belə yeni asfalt yollar çəkilmişdir və bu iş davam etdirilir.

Rayonda onlarla turizm obyektləri, istirahət mərkəzləri fəaliyyət göstərir. "Palıdlı sahil”, "Qafqaz Hotel”, "4 fəsil”, "Şah sarayı”, "Qala”, "Fost”, "Xəzər-Palace” və digərləri bu sıradandır. 2017-ci ildə istifadəyə verilən "Xəzər-Palace”ın açılışında dövlət başçısı cənab İlham Əliyev iştirak etmişdir. Xəzərin ləpədöyənində yerləşən bu istirahət məkanı ən müasir tələblərə cavab verir. 38 lüks otağı olan "Xəzər-Palace”ın açıq və qapalı hovuzları, fitnes zalı, sauna və türk hamamı, 300 nəfərlik konfrans zalı, həyətində isə uşaq istirahət parkı vardır. Hotel nömrələrindən əlavə, burada 8 villa da fəaliyyət göstərir. "Xəzər-Palace” "Beşulduzlu hotel” kimi təsnif edilmişdir. Bu il oktyabrın 15-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Lənkərana səfərləri çərçivəsində bir neçə obyektin, o cümlədən turizmin inkişafında mühüm rol oynayacaq 182 nömrəlik hotel binası, ikimərtəbəli tibb mərkəzi, 12 aktiv su mənbəyi olan İstisu və Sağlamlıq Mərkəzinin açılış lentlərini kəsdilər.

"Lənkəran” mahnısını bu torpağın hər bir sakini çox sevir. Elə bir şənlik, bayram, toy məclisi olmaz ki, bu mahnı orada ifa olunmasın. Budəfəki festivalda "Lənkəran” mahnısını Əhməd Kərimov ifa etdi. 17 saylı bağçanın uşaqlarının rəqsi bu mahnının təravətini daha da artırdı.

Parkın digər bir tərəfində "Dəmirağacı” - 6-cı sənətkarlıq sərgisinin pannosu qoyulmuşdu. Bəli, bu torpağın simvollarından biri də dəmirağacıdır. Onun şəninə indiyədək neçə-neçə şeir yazılmışdır. Bu ağac haqqında mən də belə demişəm:

Dəmirağacına tay varsa, gətir,

O ancaq bu eldə, bu yurdda bitir.

Yayın istisində açaraq çətir,

Kölgəsi xəstəyə verər təzə can,

Gözəllər gözəli gözəl Lənkəran.

Lənkəran ölkəmizin qədim yaşayış yerlərindəndir. - Bu qədimliyi özündə əks etdirən Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir. Muzeydə bu qədim diyarın tarixini, coğrafiyasını, etnoqrafiyasını və təbiətini özündə əks etdirən eksponatlar nümayiş etdirilir. Muzeyin xatirə kitabında sovetlər birliyi zamanında Lənkəranda olmuş dünya şöhrətli insanların ürək sözləri öz əksini tapmışdır. Bir neçə il öncə muzey əsaslı şəkildə yenidən qurulmuşdur. "Çay, çəltik, sitrus” festivalında muzey üçün ayrılmış bölmə də tamaşaçıların hədsiz marağına səbəb oldu.

Belə festivalların keçirilməsini təkcə çay, çəltik, sitrus bayramı kimi məhdudlaşdırmaq düzgün olmazdı. Bu tədbirdə rayonun digər istehsal, emal müəssisələrinin məhsulları, habelə təhsil, səhiyyə, mədəniyyət, bir sözlə, bütün sahələrdə əldə edilmiş uğurlar nümayiş etdirildi. Bunu cari ilin başa çatmasını əks etdirən göstəricilər kimi də dəyərləndirmək olar. Axı 2018-ci ilin başa çatmasına sayılı günlər qalmışdır.

Lənkəran əhalisinin sayı hazırda 226,8 min nəfərdir. Cari ilin ötən vaxtı ərzində rayonda 1286 körpə doğulmuşdur. 52 körpələr evi və uşaq bağçasında 2 min 900 uşaq tərbiyə alır. Festivala gələnlər uşaq bağçalarının sərgilərinə baxırlar.

Aparıcının gur səsi eşidilir: "Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə Lənkərana xüsusi diqqət və qayğı göstərmişdir. Bu iş Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Son 15 ildə ölkə rəhbəri Lənkərana 10 dəfə səfər etmişdir. Bu yaxınlarda - oktyabrın 15-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəranın İstisu və Sağlamlıq Mərkəzinin, Olimpiya İdman Kompleksinin, "Lənkəran-2” yarımstansiyasının, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin, "Azərxalça” ASC Lənkəran filialının, Lənkəran sınaq laboratoriyasının, Hirkan-Daştatük-Biləsər avtomobil yolunun açılışlarında iştirak etmiş, ictimaiyyət nümayəndələri ilə görüşmüşlər. Bu obyektlərin hər biri Cənub mirvarisi Lənkəranın sosial-iqtisadi inkişafında mühüm rol oynayacaqdır. Həmin obyektlər eyni zamanda yüzlərlə iş yeri deməkdir”.

Fonda 1 saylı Uşaq musiqi məktəbinin birləşmiş xoru "İlhamla irəli” mahnısını ifa edir. Aparıcı lənkəranlıların cari ildə qazandıqları nailiyyətlərdən bəhs edərək deyir: "2-ci Çay, çəltik, sitrus” festivalının çoxlu qəhrəmanı var. Bu əmək qəhrəmanlarını mükafatlandırmaq üçün söz Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı T.Qaraşova verilir. İcra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin Lənkərana göstərdiyi diqqət və qayğıdan ətraflı söhbət açaraq, rayonun sürətli inkişaf yolunda olduğunu bir daha vurğulayır. Bu işdə əməyi olan qabaqcıllara fəxri fərman və hədiyyələr təqdim edir.

Müğənninin ifa etdiyi "Yaşa, yaşa, ellərimiz” mahnısı könüllərə fərəh və qürur gətirir. Musiqi sədaları altında məktəblilər rəqs edir, əllərindəki bayraqları yellədirlər. Bununla da festival başa çatır. Əmək qabaqcılları, qonaqlar birlikdə şəkillər çəkdirirlər.

Axşam saat 17-də şəhər Mədəniyyət Mərkəzində Bakıdan dəvət edilmiş müğənnilərin iştirakı ilə bayram konserti oldu. Konsert bitdikdən sonra açıq havada atəşfəşanlıq keçirildi. Bax beləcə, Lənkəranda xoş bir gün yaşandı. Zəhmət, hünər dolu bir gün. Bu vaxt Lənkəran haqqında yazdığım şeirin aşağıdakı misraları ürəyimdən dilimə süzüldü:

Çağlayır sevincdən o mavi Xəzər,

Bərq vuran suları hüsnünü bəzər.

Belə görkəminə dəyməsin nəzər.

De, harda tapılar belə bir məkan?

Gözəllər gözəli gözəl Lənkəran.

Seyran CAVADOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video