09 Noyabr 2018 01:08
1670
Mədəniyyət
A- A+

Muğamın böyük himayədarı


Mehriban xanım Əliyeva bu mədəniyyət incimizi dünyaya tanıtdı


Bütün dövrlərin parlaq simaları üçün səciyyəvi olan ən mühüm keyfiyyətlərdən biri milli-mənəvi və bəşəri dəyərlərin inkişafına layiqli töhfələr verməklə yanaşı, qlobal miqyasda insanlığın nicatına xidmət edən mühüm ictimai təşəbbüslərlə çıxış etmələri olmuşdur.

İndi böyük qürur duyğusu ilə deyə bilərik ki, bu narahat dünyada nəcib və ali məqsədlər, bəşəri ideyalar naminə çalışan, insan amilini daim uca tutan xoşməramlı şəxsiyyətlər arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı xüsusi çəkilir.

Azərbaycanın birinci xanımının indiyədək çoxşaxəli fəaliyyətinin nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da rəğbətlə qarşılanmasının səbəbləri kifayət qədərdir: o, əzmkar fəaliyyəti ilə milli-mənəvi dəyərlərin, qeyri-maddi irsin dünya miqyasında təbliği ilə yanaşı, həm də sivil dünyada sülhü, sabitliyi, sivilizasiyalararası dialoqu, bir sözlə, insanlığın tərəqqisinə yönələn ali ideyaların reallaşdırılmasını, bu sahələrdə səylərin birləşdirilməsini hədəfə almışdır.

Mehriban xanım Əliyeva görkəmli siyasi xadimdir, yüksək təşkilatçı, bacarıqlı idarəçidir! Ulu öndər Heydər Əliyevin dövlətçilik kursunun fəal təmsilçilərindəndir! Ən əsası isə böyük vətənpərvərdir!

Bu amallara tapınan UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva əzmkar fəaliyyəti ilə məhz belə bir ucalığa yüksəlmiş, cəmiyyətdə böyük nüfuz, ən əsası isə insanların sonsuz məhəbbətini, etimadını qazanmışdır. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə ilk günlərdən həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt milli genofondun qorunması, saf duyğuların ictimai şüurda möhkəmlənməsi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin regionlarına tez-tez səfərlər edir. Hər belə səfər zamanı açılışında şəxsən iştirak etdiyi yeni infrastruktur obyektləri, müəssisələr, mədəniyyət ocaqları ilə Azərbaycanın inkişaf hüdudları daha da genişlənir. Bu baxımdan dövlət rəhbərinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə Qarabağ bölgəsinə səfəri də istisna olmadı. Səfərin ən əlamətdar məqamlarından biri isə Ağdam Muğam Mərkəzinin açılışı, Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın bu mərkəzdə ölkəmizin bir qrup muğam ustadı ilə səmimi görüşü, söhbəti idi.

Ağdam Muğam Mərkəzi indiyə qədər Bakı, Ağcabədi və Füzuli şəhərlərində ucaldılmış belə mərkəzlərin dördüncüsüdür. Digər muğam mərkəzləri kimi, Ağdam Muğam Mərkəzi də Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib.

Muğam tarixən bu sənətin beşiyi sayılan Qarabağın simvollarındandır. Ona görə də Ağdamda belə bir mədəniyyət məbədinin yüksəlməsi böyük rəmzi məna daşıyır. Ölkə rəhbəri muğam ustadları ilə görüşü zamanı fondun bu təşəbbüsünü yüksək qiymətləndirdi: "Bu gözəl, möhtəşəm bina bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır. Bina həm xarici görünüşü və memarlıq baxımından çox gözəldir, həm də daxili tərtibat da göz oxşayır. Dərs otaqları, eyni zamanda, gözəl konsert salonu ən yüksək standartlara cavab verir. Bu Muğam Mərkəzində həm məşhur ifaçılarımız öz məharətlərini göstərəcəklər, həm də gənclər muğam sənətinə cəlb ediləcəklər. Bir sözlə, bu mərkəzin çox böyük əhəmiyyəti, çox böyük mənası var”.


Tükənməz xəzinə


Muğam Azərbaycan xalqının minillərlə formalaşan tükənməz xəzinəsidir. İnsan qəlbinin, ruhunun dərinliklərində çağlayan nur çeşməsidir. Bu, zəngin fəlsəfi və ədəbi zəmində təşəkkül tapmış bir musiqidir. Xalqın mədəni-mənəvi irsinin ilkin kökləri yaradıcı başlanğıc kimi həmişə ən böyük sirr olaraq qalır. Heç bir nəzəriyyə bu yaradıcılığın ən incə çalarlarını belə olduğu kimi çatdırmaq iqtidarında deyil. Yalnız muğam ifaçıları həmin sirri fəhmlə duyaraq öz ifaları ilə bu sənətə həyat verməyə qadirdirlər. Düşünürük ki, təkcə elə muğamın özü, onun ecazkar sirləri Azərbaycan xalqının nə qədər dərin fikir dünyasına malik olduğunu göstərir.

Mehriban xanım Əliyeva illər əvvəl "Azərbaycan İrs” jurnalında dərc olunmuş "Qarabağ muğamı” adlı məqaləsində bu mədəniyyət xəzinəsinin sirlərini, mətləblərini belə təsvir etmişdi: "Çoxəsrlik tarixə malik olan Azərbaycan muğamı, mütəxəssislərin rəyinə görə, Şərq intibahı çağında özünün çiçəklənmə dövrünü yaşamışdır. Sonrakı dövrlər bu sənətin mahiyyət və məzmununu əsla dəyişdirə bilməmişdir.

Bu gün də muğam bir tərəfdən keçmişdən bu günə yaşayan mənəvi sərvət, digər tərəfdən isə son dərəcə çağdaş sənət aləmi kimi bütün varlığı ilə yaşamaqdadır. Burada sənətin ənənə ilə qəti olaraq müəyyən edilmiş normaları və yaradıcılıq prosesindəki improvizasiya imkanları heyrətamiz bir vəhdət, ahəngdarlıq təşkil edir”.

Əlbəttə, muğam təkcə Azərbaycanın deyil, ümumən bəşəriyyətin mənəvi xəzinəsidir. Amma bu da bir reallıqdır ki, istənilən dəyəri təbliğ etmədən, mahiyyətini, əhəmiyyətini insanlara çatdırmadan, ictimai düşüncədə onu həmişə canlı saxlamadan bu dəyərin yaşayacağını, mövcudluğunu qoruyacağını düşünmək sadəlövhlük olardı. Muğamda dilə gələn, danısan xalqın əməlləri, uca hissləri və arzularıdır. Təbiilik, yüksək bədii zövq onun gözəl keyfiyyətləridir.

Lakin insan təbiətən elə bir varlıqdır ki, o, hansısa kənar təsirlərlə bəzən özünün ən qiymətli incilərinə də etinasız yanaşır, onların qədrini bilmir, ruha qida verənlərə yox, ruhu aşındıranlara üz tutur. Düşüncəsini çox da çətinə salmadan onun üçün ən asan görünən, qeyri-sənət nümunələri - bayağı musiqilərlə zövqünü və ruhunu aldatmış olur. Ona görə də əsl sənətə himayəçilik təkcə onun inkişafına dəstək olmaq, bu sənəti yaradanlara kömək göstərmək deyil. Bu, həm də əsl sənəti bayağılığın, yüngül duyğuların ayağına verməməkdir. Cəmiyyətin zövqünü formalaşdırmaq, onu əsl sənətin ardınca aparmaqdır.

Vaxtilə dahi sənətkar Üzeyir bəy Hacıbəyli deyirdi ki, həyatın qanunları amansızdır. Tarixin hərəkətini saxlamaq, onun istiqamətini dəyişmək, dövrünü keçirmiş və mürtəce fikirlərlə yaşayan adamların iradəsindən asılı deyildir. Tarix səhnəsində qalmaq istəyən, öz milliyyətini, dilini, mədəniyyətini və ənənələrini saxlamaq istəyən, öz torpağının sahibi olmaq istəyən bir xalq birinci növbədə özünün milli sərvətini qorumalıdır, onun sahibi olmalıdır. Ona görə istənilən sənətin yaşaması, xalqın sərvəti kimi qorunması, kütlənin zövqünü, mədəni səviyyəsini yüksəltməsi üçün cəmiyyətin öndə gedən insanlarının şəxsi nümunəsinə hər zaman böyük ehtiyac var. Azərbaycan muğamına, sözün əsl mənasında bir dəyər kimi sahib çıxan, bu mənəvi varlığı əsl qayğı ilə öz himayəsinə alan Mehriban xanım Əliyeva əslində bununla ümummilli lider Heydər Əliyevin tarixi irsini davam etdirir. Muğamın Azərbaycanın mənəvi aləmini bütün dünyaya sərgiləyəcək ecazkar bir gücə, əzəmətə malik olduğunu hələ ötən əsrin 70-ci illərində Heydər Əliyev özünəməxsus fəhmi ilə duyurdu. Həmin illərdə Sovet İttifaqında UNESCO-nun himayəsi ilə keçirilən ənənəvi beynəlxalq musiqi festivallarında Qərb dünyası Azərbaycan muğamının heyranlığını yaşamışdı. Qədim sənətimiz hələ o zamandan addım-addım dünya mədəniyyəti məkanına daşınmış, bu mühitin mədəni dəyərləri ilə qaynayıb-qarışmışdı.

Azərbaycan muğamı insanların ürəyinə yol açacaq bir qüdrətə malikdir.


Nadir sənətə - böyük sərvətə qayğı


Müstəqilliyimizin ilk illərində Azərbaycan cəmiyyəti mədəni dəyərlərin gələcəyinə doğru uzanan istiqamətlərin də yol ayrıcında dayanmışdı. Muğam bu dövrdə öz mövcudluğunu milli ruh əsasında təmin etsə də, ölkəmizin dünyaya açılmış qapılarından içəri daxil olan xarici musiqilərin fonunda bir qədər eşidilməz olmuş, daha çox yaşlı insanların zövqündə özünü qoruya bilmişdi. Belə bir məqamda Mehriban xanımın isti, həssas münasibəti muğamı geniş musiqi auditoriyası üçün populyarlaşdırdı, yüksək zövq elementi kimi ona marağı artırdı. Əslində, muğam tarixən elitar musiqi sayılıb. Mehriban xanım Əliyeva da muğamı yenidən öz əvvəlki statusuna qaytardı. Cəmiyyətin bu tükənməz xəzinəyə münasibətini yenidən formalaşdırdı. Azərbaycan insanları necə qiymətli bir sərvətə sahib olduqlarını, sanki yenidən anlayaraq bir daha muğama üz tutdular.

Dəyərli sənətkarımız, mərhum kaman ustadı Habil Əliyev çıxışlarının birində deyirdi ki, Mehriban xanımın Azərbaycan muğamı üçün etdikləri əsl ana qayğısıdır. Bunlar bir ananın, öz övladının böyüyüb ayağa qalxması, bir tərəfə çıxması üçün qatlaşdığı fədakarlıqlardır.

Ağdam Muğam Mərkəzinin açılışında ölkəmizin muğam ustadları ilə görüşü zamanı Prezident İlham Əliyev də Mehriban xanımın muğama göstərdiyi diqqətin bütün cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirildiyini xatırlatdı. Onun Azərbaycan muğamının qorunması, inkişafı və dünyada təbliği istiqamətində yerinə yetirdiyi tarixi missiya barədə fikirləri ilə, əslində, ümumən xalqımızın qəlbindən keçənləri, minnətdarlıq duyğularını dilə gətirdi. Prezident qeyd etdi ki, son illər muğamın dirçəldiyini görürük: "Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi. Ənənəvi muğam müsabiqələri keçirilir və Azərbaycan televiziyası ilə canlı yayımlanır. Bu müsabiqələrin çox böyük əhəmiyyəti var. Həm gənc nəsil yetişir, həm gənc istedadlar gələcəyə yol tapırlar, həm də muğamın nə qədər gözəl sənət olduğunu bütün Azərbaycan vətəndaşları görür, peyk vasitəsilə dünya da görür”. Dövlət rəhbəri ənənəvi muğam müsabiqələrinin çox əhəmiyyətli hadisəyə çevrildiyini vurğuladı. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə beynəlxalq muğam festivallarının keçirildiyini, bu təşəbbüsün də çox böyük əhəmiyyətinin olduğunu qeyd etdi. Bu mühüm mədəniyyət hadisələrinin siyasi tərəflərinə, mədəniyyət diplomatiyası elementi kimi daşıdığı mənaya da diqqəti yönəltdi: "...biz bu festivalların keçirilməsi ilə bir daha göstəririk ki, muğam milli sənətimizdir və muğamın bu gün dünyada yaşaması böyük dərəcədə Azərbaycan xalqının zəhməti, istedadı hesabına mümkündür. Biz haqlı olaraq hesab edirik ki, muğamın vətəni Azərbaycandır və beynəlxalq festivalların keçirilməsi, əlbəttə, bu tezisi daha da möhkəmləndirir”.

Mehriban xanım Əliyeva muğam sənətimizi dünyanın ən nüfuzlu konsert salonlarına çıxartdı, bu sənəti təkcə Azərbaycanın deyil, dünyanınkı etdi.


Bu, tarixi hadisə idi 


"Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən olan muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcıdır”, - deyən Mehriban xanımın "Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır” qiyməti muğamı bir boy da ucaltdı.

Mehriban xanım Əliyevanın fədakar fəaliyyəti, milli dəyərlərimizə sonsuz sevgi və qayğısı Azərbaycan muğamını UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil etdi.

Prezident İlham Əliyev görüşdə bu faktı tarixi hadisə kimi qiymətləndirdi və dedi: "Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiridir və Azərbaycan muğamını səfir kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etdirmişdir. Bu da tarixi hadisədir, hesab edirəm ki, sözün əsl mənasında, tarixi hadisədir. Çünki bu addım həm dünya miqyasında muğama göstərilən böyük diqqətin, verilən əhəmiyyətin təzahürü idi, eyni zamanda, UNESCO muğamı Azərbaycan sənəti kimi qəbul edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir çox mədəni tədbirlər, təqdimatlar, sərgilər keçirilmişdir, görkəmli ifaçılarımızın diskləri, kitabları, albomları buraxılıb. Yəni, çox böyük bir iş aparılıb. Bu gün açılışına toplaşdığımız Ağdam Muğam Mərkəzinin yaradılması bu böyük işlərin tərkib hissəsidir”.


"Qarabağ xanəndələri”


Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun ölkəmizin görkəmli muğam sənətkarları ilə birlikdə reallaşdırdığı ilk layihə "Qarabağ xanəndələri” adlanırdı. Nəfis tərtibatla dinləyicilərin ixtiyarına verilmiş "Qarabağ xanəndələri” albomunun təqdimat mərasimində Mehriban Əliyeva demişdi: "Mən inanıram ki, bu albomla tanış olanda hiss etmisiniz ki, biz onu nə qədər məsuliyyətlə, digər tərəfdən də böyük məhəbbətlə hazırlamışıq. Heç də təsadüfi deyil ki, bizim ilk layihəmiz Qarabağ xanəndələrinə həsr olunmuşdur. Biz Qarabağ torpağının acısını, Azərbaycanın haqq səsini muğam vasitəsilə bütün dünyaya çatdırırıq”.

Bu, təkcə Azərbaycan muğamının təbliğinə yönələn bir addım deyildi. Həm də muğamın gücündən mədəniyyət diplomatiyasında istifadəyə, muğamın ecazkar dili ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına doğru məqsədyönlü cəhd idi. Alboma məhz "Qarabağ xanəndələri” adının seçilməsi arxasındakı incə diplomatik məramı sezmək də bir o qədər çətin deyil. Bu albom ilk dəfə UNESCO-nun baş qərargahında həmin təşkilatın xoşməramlı səfirlərinin illik toplantısında təqdim olundu. Çox da böyük diqqət və maraqla qarşılandı. "Qarabağ xanəndələri” dünyanın diqqətini bir daha Azərbaycanın öz əzəli torpaqlarında, Dağlıq Qarabağda ermənilər tərəfindən üzləşdiyi tarixi ədalətsizliyə yönəltdi. "Qarabağ xanəndələri” layihəsi mədəniyyətin sərhədlərini aşaraq həm də siyasi bir hadisəyə çevrildi.

Mehriban xanımın özünün də söylədiyi kimi, sırf musiqi layihəsindən yetərincə əhəmiyyətli siyasi layihə yarandı: "Balaca muğam ifaçılarını, adətən, "Qarabağ bülbülləri” adlandırırlar. Bu gün... oxumaq üçün onlara Qarabağ dağları, Qarabağ təbiəti, Qarabağ torpağı lazımdır.

Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli və Bülbül kimi belə böyük korifeylərinin Şuşada doğulduqlarını demək kifayətdir. Bax beləcə, sırf musiqi layihəsindən siyasi layihə yarandı”.

"Azərbaycan muğamı” və "Muğam aləmi” toplularının nəşri bu layihənin uğurlu davamına çevrildi. Az sonra belə xeyirxah niyyət, nəcib təşəbbüs Azərbaycan muğamına həsr olunmuş xüsusi ensiklopediyanı da ərsəyə gətirdi. Bu cür ensiklopediyanın nəşri ölkəmizin musiqi və elmi ictimaiyyətinin böyük rəğbəti ilə qarşılandı. Azərbaycan muğamının qorunub saxlanması və daha geniş şöhrət qazanması üçün bir əlverişli zəmin də bu ensiklopediya oldu. Və bütün bu xeyirxah, nəcib işlərin təbliğati-maarifləndirici gücü ilə muğam yenidən konsert salonlarına qayıtdı, toy məclislərimizin, el şənliklərimizin bəzəyi oldu.


Muğam məbədi


Müsahibələrinin birində muğamı xalqımızın genetik kodu kimi dəyərləndirən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizin bütün bölgələrində gözəl səsə, muğam istedadına malik gənclərimizin axtarışına başladı, onlara sahib çıxdı. Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə keçirilən muğam müsabiqələri və beynəlxalq festivallarla həm bu istedadları bir yerə toplayıb onlara meydan verdi, həm də Azərbaycanda muğam ənənələrinin yaşamasından ötrü nəsillər arasında körpü saldı. Bu müsabiqələrdə özünü təsdiq edə bilmiş gənclərimizin hərəsi indi püxtələşmiş peşəkar xanəndələrdir. Cəmiyyətdə sayılıb-seçilən, sevgi ilə dinlənilən və istedadı dövlətimiz tərəfindən də layiqincə qiymətləndirilən sənətkarlardır.

Mehriban xanım Əliyeva 2008-ci ildə Bakının mərkəzində ucalmasına vəsilə olduğu Beynəlxalq Muğam Mərkəzini ərsəyə gətirməklə ümumilikdə dünyanın çağdaş mədəniyyət tarixinin ən mühüm hadisələrindən birinə də müəlliflik etmiş oldu. Çünki muğam çox ölkələrdə oxunsa da, çox xalqların mədəniyyətində muğamın nişanələri öz əksini tapsa da, dünyada bu sənətin qibləgahı indi məhz Azərbaycandadır. Bu muğam məbədinin qurucusu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır.

Dünyada özünə "Muğam” adını seçən, muğama xitab edən, ona üz tutan yeganə jurnal da ancaq Azərbaycanda nəşr olunur. Bu jurnalın da yaradıcısı, naşiri, ilk müəllifi Mehriban xanım Əliyevadır.

"Diqqətinizə təqdim olunan bu jurnal adi nəşrlərdən biri deyil” - Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təsisçisi olduğu nəşrə ön sözündə Mehriban xanım Əliyeva belə yazırdı, - "Ona qeyri-adilik verən, onu digərlərindən özünəməxsusluğu ilə fərqləndirən başlıca cəhət bu jurnalın bütövlükdə muğam sənətinə, muğam aləminə və muğam fenomeninə həsr olunması ilə bağlıdır. Məhz bu səbəbdən belə bir jurnalın nəşrə hazırlanması prosesi də qeyri-adi olmuşdur. Muğam ətrafında aparılan müzakirələr bu işin ayrılmaz tərkib hissəsini təşkil edir”.

Azərbaycanda "Muğam” jurnalının fəaliyyət göstərməsi, bu nadir sənətin maarifçiliyi ilə məşğul olan bir nəşrin mövcudluğu ümumən dünya mədəniyyəti tarixində hadisə yaradan mənəvi gerçəklikdir.

Və bu günlərdə açılışı edilən Ağdam Muğam Mərkəzi də bu xoş hadisələrin davamıdır. Xalqımızın mənəvi dünyasını qoruyan, milli ruhumuza güc verən işığın sonsuzluğudur. "Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir”, - deyə qeyd edən Azərbaycan Prezidentinin də söylədiyi kimi, incəsənətimiz, ədəbiyyatımız milli ruhumuzu daha da yüksəklərə qaldırır. Bu dəyərlər, onların ucaltdığı milli ruh belə təşəbbüslərin mənəvi dolğunluğu ilə qorunur, hər zaman var olur.

Bu gün Heydər Əliyev Fondunun gördüyü işlərin analoqu yoxdur.

Əsl insan üçün ən dəyərli xəzinə çalışmaq və başqalarına yaxşılıq etmək bacarığıdır. Mehriban xanım Əliyeva bütün vaxtını, enerjisini insanların rifahına, ali bəşəri dəyərlərin təbliğinə sərf edir.

Mənəvi aləmimizi zənginləşdirən, birliyimizi təmin edən, tariximizi və mədəni irsimizi ucaldan milli sərvətlərimizi qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Vətən sevgisi, adət-ənənələrimiz, yurdsevərlik kimi mental keyfiyyətlərimizi özündə təcəssüm etdirən mənəvi dəyərlərimiz bütün dövrlərdə olduğu kimi bu gün də gündəlik həyatımızda əxlaqi meyar rolunu oynayır. Onları yaşatmaq, gələcək nəsillərə ötürmək xalqın keçmişini, onun varlığını qorumaq deməkdir. Bu baxımdan Mehriban xanım Əliyeva millətin gələcəyinə hesablanmış xoşməramlı missiyanı uğurla davam etdirir, milli intibah prosesinə yeni və dəyərli töhfələrini verir.

İradə ƏLİYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video