08 Noyabr 2018 00:34
1382
SİYASƏT
A- A+

İlham Əliyevin “Qarabağ siyasəti”nə Qarabağdan tam dəstək


Prezidentlik fəaliyyətinin bütün dövründə cəbhə bölgəsinin sakinlərinə hər zaman xüsusi diqqət və isti münasibət göstərən İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın noyabrın 5-də Ağdam rayonuna növbəti səfəri bir neçə məqamlarla əlamətdar oldu.

Bu səfərlə Qarabağa yeni nəfəs gətirən İlham Əliyev böyük qayıdışa inamı daha da möhkəmləndirdi. Ağdamlılar isə dövlət başçısına möhtəşəm dəstəyini, birmənalı bağlılığını, Mehriban xanım Əliyevaya isə güclü etimadını yenə də nümayiş etdirdi.

Səfər bir daha ağdamlıların həyatında, xatirələrində silinməz izlər qoydu. Çünki İlham Əliyevin illərdir cəbhəboyu ərazidə çəkinmədən düşmənlə üz-üzə dayanan rayona ardıcıl səfərləri bütün ağdamlılar tərəfindən onlara böyük himayədarlığın, diqqət və qayğının bariz təcəssümü kimi dəyərləndirilir.


Ağdam yenə də düşmənə göz dağıdır


Qarabağ müharibəsinin ilk günlərindən Ağdam hadisələrin episentri olub və ən böyük ağırlıqlar rayon əhalisinin üzərinə düşüb. Müharibənin bütün ağrılarını çiyinlərində daşıyan, böyük fədakarlıq, rəşadət göstərən Ağdam sakinləri düşmənə ciddi müqavimət göstərib. Demək olar ki, əli silah tutan bütün ağdamlılar doğma torpağın müdafiəsinə qalxıb və düşmənə qarşı savaşda 6 mindən çox şəhid verib. Şəhidlərindən 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ağdam şəhəri tamamilə yerlə-yeksan edilib və yüzlərlə abidələrimiz, məscidlərimiz, əcdadlarımızın qəbirləri erməni faşistləri tərəfindən dağıdılıb. İndi Ağdamı "ruhlar şəhəri” adlandırırlar.

Lakin bu itkilər, ağrı-acılar ağdamlıları sarsıtmayıb. Əksinə, əhalinin düşmənə qarşı qəzəbini daha da artırıb. İşğala məruz qalsa da, minlərlə şəhid versə də, yenə də ayaqdadır ağdamlılar. Çünki onların İlham Əliyev və Mehriban xanım Əliyeva kimi qayğıkeşləri, etimad ünvanları var. Bu dəstək onları daha da qürurlandırır. Bir sözlə, 25 ildir ki, cəbhəboyu zonada mətin dayanan Ağdam düşmənə göz dağıdır.

25 il öncə, 1993-cü il iyulun 23-də rayon işğal olunarkən 1154 kvadratkilometr ərazisinin 76,4 faizi Ermənistanın nəzarətinə keçib. İndi, cəmi 23,6 faiz ərazi Azərbaycanın nəzarətindədir. 198 600 min nəfər əhalidən 93 min nəfəri hazırda rayonun ərazisində yaşayır. Ağdamın qalan əhalisi respublikanın 62 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.


İki ildə üçüncü səfər


Ağdamın inkişafına böyük diqqət göstərilir. Rayonun işğal altında olmayan 44 yaşayış məntəqəsində müxtəlif dövlət proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb, Olimpiya İdman Kompleksi, Ağdam Rayon Mərkəzi Xəstəxanası və Uşaq Xəstəxanası, Doğum Evi, Bayraq Meydanı və Bayraq Muzeyi, Avtovağzal Kompleksi tikilib, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunub, xalçaçılıq müəssisəsi yaradılıb, kəndlərarası avtomobil yolları yenidən qurulub, 39 ümumtəhsil məktəbi istifadəyə verilib.

6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 yeni qəsəbədə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 10 məktəbəqədər təhsil müəssisəsi inşa edilib, qaz, elektrik, içməli su xətləri çəkilib, digər mühüm infrastruktur layihələri həyata keçirilib.

Dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva son 2 ildə Ağdama 3 dəfə səfər ediblər. 2016-cı ildə cəbhədə gərginliyin yarandığı bir zamanda həyatlarına təhlükə ola biləcəyini bilə-bilə Mehriban xanım Əliyeva ilə birlikdə Ağdama səfər edən İlham Əliyev ağır günlərdə əhalinin yanında olub, onlara təsəlli verərək bir daha öz dəstəyini nümayiş etdirib. Dövlət başçısının bu mərd addımı sübut etdi ki, Ali Baş Komandan kimi hər zaman ön səngərdəki əsgərin, xalqın yanındadır. Bu səfər insanlarda inam, dəyanət hissini, əsgərlərimizdə isə döyüş əzmini qat-qat artırdı.

Qeyd edək ki, aprel döyüşləri zamanı Ermənistan silahlı birləşmələrinin atdığı mərmilər nəticəsində Ağdamda 743 ev dağıdılmışdı. Cənab İlham Əliyev mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayaraq Prezidentin Ehtiyat Fondundan vəsait ayırdı. Cəmi 6-7 ay ərzində dağıdılmış evlər yenidən quruldu və dekabrın 3-də İlham Əliyev və xanımı Mehriban Əliyeva yenidən Ağdam rayonuna səfər edərək Mahrızlı kəndində tikilən həmin evlərdə yaradılan şəraitlə tanış oldular. Rayon ictimaiyyəti ilə görüşdə İlham Əliyev bunu aparılan siyasətin təzahürü adlandırdı və cəmi 6-7 ay ərzində görülən işləri dövlətin gücünün göstəricisi kimi qiymətləndirdi. Dövlət başçısı bəyan etdi ki, Ağdamın uğurlu inkişafı hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yenidən qurulan bu evin timsalında güclənən Azərbaycan və onun mətin vətəndaşı görünür.

Noyabr aynın 5-i isə Ağdamda yeni bir tarix yazıldı. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva cəbhə bölgəsinə səfər edərək növbəti dəfə ağdamlılara öz dəstəklərini nümayiş etdirdilər. Rayon əhalisi bir daha əmin oldu ki, İlham Əliyev və Mehriban Əliyeva onların birmənalı arxa-dayağıdırlar.


Cəbhəyanı kəndlərə qayğı - Ağdamda yollar 95 faiz təzələnib


Hələ iki il öncə Ağdama səfəri zamanı dövlət başçısı rayonda bır sıra infrastruktur layihələrinin gerçəkləşəcəyini, kənd yollarının abadlaşdırılacağını söyləmişdi. Prezidentin Ağdama növbəti səfəri verilən vədlərin vaxtında yerinə yetirildiyini bir daha təsdiqləmiş oldu.

Ağdam səfərinə Quzanlı-İmamqulubəyli - Orta Qərvənd - Xındırıstan avtomobil yolunun açılışı ilə başlayan dövlət başçısı bir daha təmas xəttində yerləşən kəndlərimizin sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxladığını göstərdi. Ümumi uzunluğu 25,3 kilometr olan bu yol 29 min nəfərin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirir. Bu layihənin icrası yolboyu yerləşən yaşayış məntəqələrində yük və sərnişin daşınmasının yaxşılaşmasına imkan verəcək.

Yenidən qurulan və uzunluğu 5,4 kilometr olan Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolu 5 yaşayış məntəqəsinin 7 minə yaxın sakininə mənzil başına rahat və təhlükəsiz çatmağa imkan verəcək. Ümumiyyətlə, Ağdamda yol infrastrukturu yenidən qurulur. Rayonun yol infrastrukturu təxminən 95 faiz təzələnib, yeni yollar salınıb.


Qarabağda daha bir Muğam Mərkəzi açıldı


Bu bir həqiqətdir ki, Ağdam hər zaman Qarabağ muğam mədəniyyətimizin məkəzlərindən biri hesab olunub. Ərazisinin böyük hissəsi işğala məruz qalsa da ötən illər ərzində muğam sənətini özünə və yaşamına dayanıqlı bir istinad nöqtəsi seçən Ağdamın görkəmli musiqiçiləri Qarabağ muğam məktəbi adlı tarixi ənənəni yaşatmaqda davam edirlər.

Muğam Qarabağla bağlı yaddaşımıza, keçmişimizə, müasirliyimizə, mənəviyyatımıza əbədiyyət, basılmazlıq, ucalıq verən möcüzədir. Zəngin keçmişi, ənənələri, dəyərli sənətçiləri olan belə lokal muğam ənənəsi musiqiçilərimiz tərəfindən yaşadılır. Bu xəzinə Heydər Əliyev Fondu tərəfindən isə dünyaya tanıdılır. Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki, 2003-cü ildə UNESCO həm milli, həm də bəşər mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyərini etiraf etdi. Muğam UNESCO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınıb.

Mehriban xanım Əliyevanın bu işdə əvəzsiz xidmətləri var. Fondun dəstəyi ilə Qarabağda - Füzuli, Ağcabədi rayonlarında muğam mərkəzləri yaradılıb. Üçüncü mərkəz isə bu ay Ağdamda açıldı.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak edərək bu işə öz dəyərli töhfələrini verdilər. Ağdam rayonu ziyalılarının, incəsənət xadimlərinin iştirak etdiyi mərasimdə bildirildi ki, Muğam Mərkəzinin tikilməsi Mehriban xanım Əliyevanın bölgəyə olan böyük diqqət və qayğısının təzahürüdür. Bu, muğamın intibah dövrünü yaşamasına bariz nümunədir. Muğam sənətimizi yaşadan, dünyaya tanıdan Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər əvəzsizdir.


35 subartezian quyusu qazılacaq, 19 kənddə 121 ev təmir ediləcək


Bu gün Ağdamda reallaşan və həyata keçirilməkdə olan layihələr rayonun sosial-iqtisadi inkişafına böyük töhfə verəcək. İndiyədək görülən işlərə gəlincə isə deyə bilərik ki, rayonda elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur, qazlaşdırmanın səviyyəsi 98 faizdir. İçməli su və suvarma suyu ilə bağlı problemləri həll etmək üçün dövlət başçısı 2016-cı ildə 30 subartezian quyusunun qazılması haqqında sərəncam imzalayıb.

Görüləcək işlərlə bağlı ətraflı məlumat verərkən İlham Əliyev növbəti sərəncamı ilə əlavə 35 subartezian quyusunun qazılacağını, eyni zamanda yeni məktəbin tikintisinin aparılacağını söylədi.

Xatırladaq ki, Ağdamda xəstəxana, doğum evi, uşaq xəstəxanası, Olimpiya İdman Kompleksi tikilib. Lakin hələ də təmas xəttinə yaxın olan 19 kənddə təmirsiz 121 ev var. Dövlət başçısı bu evlərin də yenidən tikilməsi, bərpası ilə bağlı müvafiq sərəncamın veriləcəyini diqqətə çatdırdı.


Ağdamda yenidən Qarabağ xalçaları toxunacaq


Son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən davamlı islahatlarla əlaqədar ən qədim tətbiqi sənət növlərindən biri olan xalçaçılığa da diqqət artıb. Xalçaçılıq tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətin bariz nümunəsi olub. Bu sahənin inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin qayğısı sayəsində artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı və Lənkəranda xalça müəssisələri istifadəyə verilib.

Növbəti müəssisə isə Ağdamda açıldı. İlham Əliyevin açılışında iştirak etdiyi "Azərxalça”nın Ağdam filialı Quzanlı qəsəbəsindəki Heydər Əliyev prospektində yerləşir. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. İlkin mərhələdə 90 nəfər işə qəbul olunub.

Filialda müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdam, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Xocalı, Laçın, Şuşa və Zəngilan rayonlarının kəndlərində toxunan tarixi və orijinal Qarabağ xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında "Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.


"Cənab Prezident, sizin sayənizdə ailələrimizin yanında alnıaçıq, üzüağıq”


Ölkəmizdə kənd təsərrüfatının inkişafı dövlət başçısının ən çox diqqət yetirdiyi sahəyə çevrilib. Prezident İlham Əliyevin keçirdiyi regional müşavirələr, verdiyi tapşırıqlar bu sahədə böyük inkişafa səbəb olub.

Sürətlə inkişaf edən sahələrdən biri də pambıqçılıqdır. Bu il 200 min ton pambıq tədarük olunub. Keçən il bu vaxtadək bu rəqəm təxminən 160 min ton idi. Əgər pambıq yığımı kompaniyası belə davam etsə, deməli, respublika üzrə təxminən 260 min ton pambıq tədarük edilə bilər. Hazırda ölkəmizdə pambıqçılıqda 190 min insan işləyir. Həm ailə büdcəsini yaxşılaşdırır, həm də dövlətə xeyir verir.

Prezident və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri çərçivəsində yolüstü Ağcabədi rayonunun Hindarx qəsəbəsində Əsmər Hüseynovanın pambıq sahəsi ilə tanışlıq zamanı dövlət başçısının pambıqçılarla maraqlı dialoqu diqqət çəkdi.

Pambıqçılığın inkişafından söz açan Prezident son illərdə əldə edilən uğurları yüksək qiymətləndirdi. Qeyd etdi ki, 2016-cı ildə pambığın kiloqramının qiyməti 41 qəpik idi. Sonra qaldırdıq 50 qəpiyə, bu il isə 65 qəpiyə yüksəldilib. Bu, insanların daha çox pul qazanması üçün tətbiq edilir.

Pambıqçılar isə dövlətin bu addımını belə dəyərləndirdilər: "Bəli, qazancımız yaxşıdır. Allah köməyiniz olsun. Sizin sayənizdə ailələrimizin yanında alnıaçıq, üzüağıq”.


Atçılıq kompleksində Qarabağ cinsindən olan 200 at saxlanılır


1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genefondun əsaslarından olan Qarabağ atları köçkünlük həyatı yaşayır. Qarabağ Atçılıq Kompleksi 1994-cü ildən isə Ağcabədi rayonunun Xamtorpaq ərazisində fəaliyyət göstərir. Bütün çətinliklərə baxmayaraq, Qarabağ atlarını bu günədək qoruyub saxlamaq mümkün olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki "Qarabağ Atçılıq Təsərrüfatı” MMC-nin Qarabağ Atçılıq Kompleksinin açılışında da iştirak ediblər.

Kompleksdə atların daxili orqanlarının müayinəsi, boğazlığın ilkin təyini, sınıq və zədələnmələrin diaqnostikası, yarışlardan əvvəl və sonra, karantin dövründə müayinələrin aparılması, istifadə edilmiş laboratoriya avadanlığının sterilizasiyası, həmçinin seleksiya damazlıq işini aparmaq üçün avadanlıq və alətlər var. Hazırda kompleksdə Qarabağ cinsindən olan 200 at saxlanılır. Kompleksdə yaradılan şərait deməyə əsas verir ki, Azərbaycanın milli sərvəti olan Qarabağ atları hazırda öz keçmiş şöhrətinin qayıdış dövrünü yaşayır.


Aprel döyüşləri barışmaz ruhumuzun təzahürüdür


Dövlət başçısı və xanımı Mehriban Əliyevanın Ağdama, cəbhəyanı ərazilərə səfərləri bir daha bütün qaçqın və məcburi köçkünlərin böyük qayıdışa inamını möhkəmləndirdi və Ali Baş Komandana etibarı daha da artırdı. Ölkənin hər bir vətəndaşı bir daha əmin oldu ki, Azərbaycan Prezidenti bu gün erməni tapdağında qalan torpaqlarımızın işğal faktı ilə barışmır və heç zaman barışmayacaq da.

Cənab İlham Əliyev Ağdamda bir daha bəyan etdi ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, əsrlər boyu belə olub, bu gün də belədir, sabah da belə olacaq. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş hadisələr, xaos nəticəsində Ermənistan xarici dəstəklə torpaqlarımızın bir hissəsini işğal edib. Ancaq iki il bundan əvvəl Azərbaycan Ordusu nümayiş etdirdi ki, torpaqlarımızı hərbi yolla azad edə bilərik və etdik də. Aprel, Günnüt döyüşləri bunu təsdiq edən reallıqdır. Aprel döyüşləri bizim barışmaz ruhumuzun təzahürüdür. Bu döyüşlər onu göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir.

Lakin əfsuslar olsun ki, beynəlxalq hüququn normaları tamamilə kənara qoyulur. Buna baxmayaraq Azərbaycan istədiyinə nail olacaq: "Biz ədalət tələb edirik. Biz tələb edirik ki, tarixi torpaqlarımız işğalçılardan azad edilsin və ediləcəkdir. Azərbaycan dövləti bu müqəddəs məqsədə çatmaq üçün bundan sonra da bütün lazımi tədbirləri görəcək. Ümid edirəm ki, Ermənistan rəhbərliyi bölgədə yaranmış vəziyyəti düzgün təhlil edərək, öz işğalçı qüvvələrini tezliklə bizim torpaqlarımızdan geri çağıracaqdır. Əks təqdirdə, istənilən variant mümkündür və biz istənilən varianta hazırıq”.


Prezident Ehtiyat Fondundan Ağdama 6,5 milyon manat ayırdı


Bütün rayonlara səfərindən sonra müvafiq sərəncamlar imzalayan dövlət başçısı Ağdam rayonunun sosial-iqtisadi inkişafı və digər müxtəlif layihələrin icrası ilə bağlı sərəncam imzaladı.

Erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin bərpası üçün Prezidentin Ehtiyat Fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat, rayonun Birinci Yüzbaşılı kəndində 132 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Prezidentin Ehtiyat Fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrıldı.

Digər sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılan 2,5 milyon manat vəsaitlə rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsi və qazılması prosesi həyata keçiriləcək.

Beləliklə, dövlət başçısının imzaladığı 3 sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan bu layihələrin gerçəkləşdirilməsinə 6,5 milyon manat vəsait sərf olunacaq.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video