08 Noyabr 2018 00:21
670
İQTİSADİYYAT
A- A+

İkinci yarıməsrin başlanğıcında


Metropolitendə iki sahənin yenilikləri bütün nailiyyətlərin miqyasını əyani nümayiş etdirir


Bakı metrosunun ikinci yarıməsrinin ilk ili də artıq geridə qaldı. Ötən ilin bu günlərində 50 illik yubileyini qeyd edən metropoliten 1 il də yaşlaşdı. "Bakı Metropoiteni” QSC-nin yaradılmasından sonrakı 5 ilin hər biri kimi, bu son ilin də öz rəngi, nəfəsi, yaddaşı, ahəngi var. Bakı Metropoliteni yarıməsrlik fəaliyyəti dövründə şərəfli yol keçib. Bu yolun sərt enişləri, uca yoxuşları, ciddi çətinlikləri olub. Bütün bunlar ölkəmizdəki iqtisadi-siyasi durumun təzahürü kimi yaşanıb. Amma yeni əsrin ilk illərindən respublika həyatının bütün sahələrində, eləcə də iqtisadiyyatdakı vüsətli dirçəliş metronun fəaliyyətinə də təsirini göstərib.

Əsrin ilk onilliyinin ikinci yarısında yeraltı yollarımızın uzunluğunda, stansiyalarımızın sayında artım müşahidə olundu. Bakı Metropoliteninin perspektiv inkişafı üzrə Dövlət Proqramının icrasına başlanıldı. Amma yeniləşmə müasirlik ruhu, dövrün nəbzinə uyğun strateji yanaşma, perspektivə daha aydın baxış tələb edirdi. 2014-cü il fevralın 27-də dövlət başçısının "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması barədə sərəncamı da məhz bu səbəbdən irəli gəldi. Sərəncama əsasən, Bakı Metropoliteni və "Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı və bundan sonrakı 5 ilə yaxın müddət göstərdi ki, dövlət başçısı Bakı metrosunun inkişafında daha yüksək sürətə nail olmağın yolunu qeyd-şərtsiz düzgün müəyyən edib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yeni quruma təyin edilən rəhbərliyin qarşısına qoyduğu məsələlərdən ən başlıcası isə yeraltı yollarda təhlükəsizliyin yüksək səviyyəyə çatdırılması idi.

Bütün rels nəqliyyatında olduğu kimi, metropolitendə də təhlükəsizlik daha çox yol və lokomotiv təsərrüfatları ilə bağlıdır. Həmin dövrdə Bakı Metropolitenində hər iki sahədə böyük islahatların aparılmasına kəskin ehtiyac yaranmışdı.

QSC rəhbərliyi hərəkətin təşkili ilə bilavasitə bağlı olan sahələrin texniki vəziyyətinin dəqiq təhlili və qiymətləndirilməsinin əhəmiyyətini nəzərə alaraq, bu sahədə ən müasir üsulların metroya gətirilməsini bütün işlərin başlanğıcı hesab etdi. 2014-cü ilin payızında dünyanın aparıcı ölkələri, o cümlədən Almaniya, Fransa, ABŞ-ın sahə mütəxəssisləri ilə sıx əməkdaşlıq edən Rusiyanın TVEMA şirkətinin Bakı Metropoliteninin mütəxəssisləri ilə yerli şəraitdə yığdığı diaqnostika kompleksi təkcə yolun deyil, tunel qurğularının, tunel geyimləri arxasındakı mühitin, elektrik şəbəkəsinin, işarəvermə və rabitə sistemlərinin, kabellərin, tunellərin əndazə ölçülərinin, təmas relsinin, rels dövrəsinin, qızmaya məruz qalma ehtimalı olan bütün avadanlıq və texniki qurğuların vəziyyətini öyrənir, istilik ölçmələri aparır.

2015-ci il aprel ayının 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Nərimanov” elektrik deposunda innovasiyalar baxımından ən yüksək 4-cü nəslə mənsub qatarlara və ilk müasir diaqnostika kompleksinə baxış keçirildi. Həmin ilin oktyabrın 16-da metropoliten infrastrukturunun çoxfunksiyalı diqanostika kompleksi rəsmi fəaliyyətə başladı və qısa müddətdə beynəlxalq səviyyədə mütəxəssislərin diqqətini cəlb edərək böyük nüfuz qazandı. Fəaliyyətinin ilk ilində kompleks Moskvada keçirilən diaqnostik vasitələrin beynəlxalq sərgi-simpoziumunda dünyada analoqu olmayan diaqnostika qurğusu kimi qiymətləndirildi. Bu ilin sentyabrında Berlində keçirilən nüfuzlu "Innotrans” sərgisində diaqnostika vasitələrinin fəaliyyətinə həsr olunmuş videoçarxın əsas hissəsi məhz Bakı Metropoliteninin diaqnostika kompleksinə həsr olunmuşdu. İtaliyanın, Hindistanın, Gürcüstanın sahə mütəxəssisləri, eləcə də Ümumrusiya Dəmiryol Nəqliyyatı Elmi-Tədqiqat İnstitutu bakılıların bu sahədə təcrübəsini öyrənmək məqsədilə Bakı Metropolitenində olublar.

Hərəkətin təhlükəsizliyi baxımından yolun texniki vəziyyəti daha böyük diqqət tələb edir. Statistika göstərir ki, dünyada baş verən dəmir yolu qəzalarının 60-65 faizi dəmir yollarındakı nasazlıqlar səbəbindən baş verir. Rels nəqliyyatında daimi nəzarət tələb edən yolun alt yatağı, üst quruluşu müxtəlif parametrlər üzrə müvafiq ölçülərə uyğun olmalıdır. Burada isə söhbət ən kiçik ölçü vahidlərinə qədər dəqiqlikdən gedir. Bu ölçülərin normalara uyğunluğuna görə yolun vəziyyəti qiymətləndirilir. Son 4 ildə yeraltı yolların cari və əsaslı təmiri sahəsindəki köklü tədbirlərlə bu işin daha məqsədyönlü şəkildə aparılması tezliklə bəhrəsini verdi. Belə ki, 2014-cü ilin əvvəlində 72 km-ə bərabər olan yeraltı yolların cəmi 400 m-i "əla” qiymətə layiq idi. Müqayisə üçün deyək ki, bu gün yolun 65 km-i əla vəziyyətə gətirilib. Kafi və qeyri-kafi yollar tamamilə ləğv edilib. Cəmi 4 il ərzində belə yüksək nailiyyətin əldə olunması "Bakı Metropoliteni” QSC-də yeraltı yollarla bağlı aparılan islahatların həyata keçirilməsində strateji istiqamətin düzgün seçilməsinin nəticəsidir.

Yeniliklərin miqyası isə ən yüksək dünya standartlarına doğru gedir. Həyata keçirilən başlıca yeniliklərdən biri yollarda taxta şpalların dəmir-beton konstruksiyalı analoqları ilə əvəzlənməsidir. Dəmir-beton şpallar istismar xüsusiyyətlərinə görə daha sərfəli və uzunömürlüdür, bütün texniki tələblərə əməl olunduqda az qulluq tələb edir. Bu da, öz növbəsində, işçi qüvvəsindən daha səmərəli istifadə etməyə imkan verir. Digər tərəfdən, dəmir-beton şpallar kənardan alınmır. 2016-cı ilin sonunda "Bakı Metropoliteni” QSC özünün dəmir-beton konstruksiyaları istehsalatı sahəsində dünyanın aparıcı müəssisələrindən olan "Vollert” şirkəti ilə işbirliyi nəticəsində beton blokların istehsalı sexi fəaliyyətə başlayıb. Sexin fəaliyyəti isə yalnız yerli kadrlar tərəfindən təmin edilir. Ümumiyyətlə, gələcəkdə istehsal gücünün artırılması da mümkün olan bu sexin məhsulu "Made in Azerbaijan” brendinə bir töhfədir. Burada istehsal olunan beton bloklar ilk olaraq "Nərimanov” elektrik deposunda çəkilən yeni sınaq yolunda uğurla tətbiq olundu, təcrübəsi öyrənildi. Hazırda isə bu beton bloklar Bənövşəyi xəttin yeni inşa olunan "Memar Əcəmi-B-03” mənzilində uğurla tətbiq olunur və artıq tunellərdə quraşdırma işləri başa çatıb.

Sadə, daha uzunömürlü və səmərəli beton şpallara keçilməsi depo və park yollarında da mərhələlərlə davam etdirilir. Burada Ələt şpal zavodunun məhsullarından istifadə olunur.

Onu da qeyd edək ki, bu yollarda yolun digər üstquruluş elementləri də texnoloji innovasiya məhsullarıdır. "Vossloh” şirkətinin 300 UTS yol bəndlərinin tətbiqi, yeni tipli İspaniya istehsalı olan yoldəyişdiricilər funksionallığı ilə seçilir. Bu yoldəyişdiricilər daha uzun, qatarlara daha geniş və sürətli manevr, yoldan yola keçmək imkanı yaradır. Yeni tətbiq olunan təmas relsi isə alüminium materialdan hazırlanmaqla gövdəsi poladdandır. Bu tip təmas relsləri elektrik enerjisinə 25 faiz qənaət etməyə imkan verir. Bütün bunlar yolla bağlı həyata keçirilən yeniliklərin sadəcə bir qismidir. Bununla yanaşı, iş prinsiplərinə gətirilən yenilikləri də qeyd etmək olar. Yola xidmət, qulluq göstərən heyətlər artıq planşet və notbuklar vasitəsilə yollara birbaşa nəzarət edir, əldə olunan materialları yerindəcə təhlil edə, yoxlanılan sahələrin, nöqsanın yerini dəqiq müəyyən edə və onun aradan qaldırılması yollarını avtomatik müəyyən edə bilirlər.

Yolla bağlı təhlükəsizliyin digər vacib tərəfi lokomotiv təsərrüfatıdır. 5 il əvvəllə müqayisədə irəliləyiş ölçüyəgəlməzdir. Hər həftə 15-20 qatar yolda işini başa çatdırmadan nasazlığa görə depoya qayıdırdı. İndi isə belə halların sayı 4 dəfəyə yaxın azalıb. Hətta elə həftələr olur ki, nasazlığa görə xətdən çıxarılan qatar olmur.

Bu nəticənin əldə edilməsi vaqonların təmir bazasının gücləndirilməsi ilə qatarların təmirarası qaçış müddətlərinin normalara uyğunlaşdırılması, təmir müddəti ötmüş qatarların xəttə buraxılması hallarının aradan qaldırılması sayəsində mümkün olub. Metromuzun yeganə "Nərimanov” elektrik deposunda icrası mümkün olan ən böyük təmir növü 3 saylı cari təmir idi. Əvvəllər il ərzində bu təmir həcmini 20-30 qatar üzərində yerinə yetirmək mümkün olurdusa, deponun istehsalat sahələrində aparılan yenidənqurma, avadanlıqların yeniləşdirilməsi və istehsalat prosesini sürətləndirən, təmirin keyfiyyətini artıran, əl əməyini minimuma endirən yeni qurğu və avadanlıqların tətbiqi nəticəsində təkcə keçən il 70 qatar göstərilən həcmdə təmir prosesindən keçib. İndi hazırda depoda təmir üzrə müddəti keçmiş qatar qalmayıb.

Əsaslı təmirə gəldikdə isə, bir daha qeyd edək ki, Bakı metrosunun deposu belə təmir üçün nəzərdə tutulmayıb və elə bu səbəbdəndir ki, vaqonların əsaslı təmiri elə əvvəldən keçmiş SSRİ metropolitenlərində, vaqon təmiri müəssisələrində yerinə yetirilib. Təkcə 2013-2015-ci illərdə 6 qatar Moskva Elektrik Qatarlarının Təmiri Zavodunun Tbilisi filialında əsaslı şəkildə yenilənib. İstismar xərclərini qat-qat yüksəldən bu vəziyyət "Bakı Metropoliteni” QSC-nin rəhbərliyini metropoliten tarixində ilk dəfə qatarların əsaslı təmirinin və modernləşdirilməsinin yerli şəraitdə təşkili ilə bağlı ciddi addımlar atmaq üzərində düşündürdü. Aydındır ki, bu işin ölkə xaricində deyil, məhz yerli şəraitdə təşkili külli miqdarda vəsaitə qənaət etməyə imkan yaratdı. Vaqonların nəqlinə, gömrük xərclərinə sərf olunan vəsaitə qənaət etməklə yanaşı, təmirin yerli şəraitdə aparılması, həm də daha yüksək keyfiyyət göstəricilərinə və vaqon təmiri sahəsində yüksəkixtisaslı mütəxəssislərin yetişməsinə imkan verdi.

Əsaslı təmirə keçid 2014-cü ildə mərhələli şəkildə başladı. Birinci mərhələ vaqonların korroziyadan təmizlənərək rənglənməsindən ibarət idi. İlk 10 vaqon qum şırnağı ilə korroziyadan təmizlənərək rəngləndi. 2015-ci ildən başlanan sonrakı mərhələdə təmir işləri vaqonların salonlarına keçdi. Döşəmə və divar örtükləri yeniləndi, qapıların rezinləri dəyişdirildi, havalandırma xətti təmizləndi. Yeni quraşdırılan oturacaqların üzərinə həkk edilən "Bakı Metropoliteni” QSC-nin loqotipi sərnişin salonunun görkəminə müsbət təsir edən dizayn elementinə çevrildi. Üçüncü mərhələdə elektrik xətləri və işıqlandırma şəbəkəsi də əsaslı şəkildə yenidən quruldu.

Vaqonların ön hissəsinin dəyişdirilməsi isə daha ciddi və səriştə tələb edən əməliyyat idi. İlk nümunələr Tbilisidə təmir olunan vaqonların üslubunu saxlasa da, sonradan vaqonların ön hissəsi yeni dizayn üzrə hazırlandı. Xüsusi materialdan hazırlanan ön hissə korroziyaya və fiziki təsirlərə davamlı, yüngül, etibarlı və təhlükəsiz, maşinist üçün daha rahat və əlverişli idarəetmə şəraiti kəsb etdi. Platformaya nəzarət güzgülərinin yeni forması və ölçüsünün böyüklüyü maşinistin görmə dairəsini genişləndirdi. Bu işlər xüsusi hazırlığı, avadanlıq bazası olmayan bir sahədə yerinə yetirilirdi. Əsas istehsalat sahəsi - qatarların əsaslı təmir sexinin tikinti işləri bunlara paralel olaraq aparıldı. Sex 2017-ci ilin noyabrında istifadəyə verildi və ilk qatar təmirə qəbul edildi. Bu, Bakı Metropoliteni üçün tarixi bir gün idi. Yeni sex il ərzində 30-a yaxın vaqonu əsaslı şəkildə təmir etmək gücünə malikdir. Bu ilin iyununda sexin ilk məhsulu olan yeniləşmiş qatar xəttə çıxdı. Bütün bunlar təkcə metropolitendə lokomotiv briqadalarının peşəkarlığının yüksəldilməsinə, elmi potensialın artırılmasına xidmət etmir. Eyni zamanda, metropoliten tarixinin ən mühüm yeniliklərindən biri olan vaqonların əsaslı təmiri ölkədə vaqonqayırma sənayesinin formalaşması üçün bir başlanğıcdır.

Əlbəttə, ötən dövrün yeniliklərindən çox bəhs etmək olar. İşarəvermə və rabitə, elektrik təchizatı, ventilyasiya sistemləri sahəsində ən müasir texnologiyalar və avadanlıqların tətbiqi ildən-ilə genişləndirilir.

Onların hər biri barədə ayrıca və geniş söhbət açmaq olar. Amma təkcə onu qeyd etməklə kifayətlənək ki, Bakı Metropoliteninin üzv olduğu Beynəlxalq "Metro” Assosiasiyasının oktyabrın əvvəlində şəhərimizdə keçirilən müşavirəsinin iştirakçıları yeraltı nəqliyyatımızın texniki inkişafı sahəsində əldə edilən nailiyyətlərin, həqiqətən də, böyük olduğunu təsdiq etdilər. "Metro” Assosiasiyasının daha bir tədbirində - Sankt-Peterburqda metropolitenlərin baş mühəndislərinin müşavirəsində də Bakı Metropoliteninin adı təcrübəsi öyrənilməyə layiq metropolitenlər sırasında çəkilib. Bu, bütün metropolitençilərimizdə qürur doğuran bir haldır. Amma Bakı metropolitençiləri nəzərdə tutduqları işlərin çox hissəsini hələ görməyiblər, qarşıda yeraltı magistralların əməkçilərini daha böyük zəfərlər gözləyir.

Bəxtiyar ƏZİZLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video