07 Noyabr 2018 15:53
2077
Tədbirlər
A- A+

Prezident İlham Əliyev “Bravo” marketlər şəbəkəsinin yeni hipermarketinin açılışında iştirak edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 7-də "Bravo” marketlər şəbəkəsinin metronun "Koroğlu” stansiyasının yaxınlığında yerləşən yeni hipermarketinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, hipermarketdə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verildi. "Bravo” Azərbaycanın ən böyük hipermarket şəbəkəsi hesab olunur.

Bildirildi ki, inşasına ötən ilin mayında başlanılan bu ticarət obyektinin ümumi sahəsi 7 hektardan, ticarət sahəsi isə 8 min kvadratmetrdən artıqdır. Hipermarketin qapalı və açıq avtodayanacağının sahəsi 11 min kvadratmetrdən çoxdur. Bu dayanacaqlarda eyni vaxtda 800-ə yaxın avtomobil saxlanıla bilər. Zövq oxşayan müasir tərtibatlı hipermarketdə bazarlıq üçün hərtərəfli imkanlar var. Müştərilərə ən geniş çeşiddə müxtəlif növ məhsullar təqdim edilir. Yeni hipermarketdə alıcılara, həmçinin "Bravo” özəl ticarət markasına məxsus ərzaqlar, müxtəlif çeşiddə keyfiyyətli qeyri-qida məhsulları da təklif olunur.

Məlumat verildi ki, "Bravo” şəbəkəsinə məxsus market və hipermarketlərdəki ərzaq məhsullarının 90 faizindən çoxu yerli məhsullardır. Dövlətimizin başçısı bununla bağlı məmnunluğunu bildirdi və təbriklərini çatdırdı. Bu fakt ölkə iqtisadiyyatının digər sahələri ilə yanaşı, yerli ərzaq sənayesi sektorunun da sürətlə inkişaf etdiyini bir daha göstərir.

Burada "Bravo kafe”, uşaqlar üçün xüsusi zona, "Kapital Bank”, "McDonalds”, "Buta aptek” də fəaliyyət göstərəcək. Yeni iş yerlərinin açılması baxımından da "Bravo” hipermarketi əhəmiyyəti ilə seçilir. Belə ki, burada 335 nəfər işlə təmin olunub. Onların orta aylıq əməkhaqqı 540 manata yaxındır. Yeni istifadəyə verilən "Bravo” hipermarketi də şəbəkəyə aid digər yerlərdə olduğu kimi, peşəkar komandası ilə seçilir. Bir sözlə, mükəmməl xidmət üçün təlimli və təcrübəli işçi heyətin fəaliyyət göstərməsi burada müştərilərə nümunəvi xidmət etməyə imkan yaradacaq.

Ümumilikdə, indiyədək Bakı və Gəncə şəhərlərində "Bravo” şəbəkəsinə məxsus 27 mağaza, o cümlədən 3 hipermarket alıcıların ixtiyarına verilib. "Bravo” şəbəkəsinin əsas məqsədlərindən biri beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərməklə yanaşı, yüksək keyfiyyətli innovativ məhsullar təklif etməkdir. Şəbəkənin bütün mağazaları müasir dizaynı ilə seçilir. "Bravo” şəbəkəsinə məxsus market və hipermarketlər daim yenilənən zəngin çeşid, qida təhlükəsizliyinə və gigiyenaya zəmanəti ilə də fərqlənir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sürətli iqtisadi inkişafa nail olunub və bu proses uğurla davam edir. Sürətli inkişaf Azərbaycanın hər yerində bütün sahələrdə, o cümlədən ən müasir ticarət infrastrukturunun yaradılmasında da özünü aydın göstərir. Təsadüfi deyil ki, ölkə iqtisadiyyatında qazanılan uğurlarda ticarət sahəsinin də ilbəil inkişafı və genişlənməsi vacib rol oynayır. Son illərdə ölkəmizdə ən müasir dünya standartlarına cavab verən ticarət, alış-veriş mərkəzləri istifadəyə verilib. Bu baxımdan "Bravo” hipermarketinin öz yeri var. Bu cür ticarət mərkəzlərinin yaradılması vətəndaşların, o cümlədən ölkəmizə gələn və sayı durmadan artan turistlərin rahatlığını təmin edir. Bununla yanaşı, bu müasir ticarət infrastrukturunun istifadəyə verilməsi paytaxtımızın iqtisadi potensialını nümayiş etdirərək, ümumilikdə, Azərbaycanın iqtisadi inkişafına xidmət edir. Böyük zövqlə inşa olunan bu hipermarket, eyni zamanda, yerləşdiyi ərazinin gözəlliyini artırmaqla, son dövrlərdə Bakının dünyanın ən müasir şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən işlərin davamlı olduğunu nümayiş etdirir. Bu layihənin icrası həm də dövlət-özəl biznes tərəfdaşlığının əyani nümunəsi olmaqla, ölkəmizdə iş adamları üçün yaradılan şəraiti və əlverişli investisiya mühitini, həmçinin son illərdə yeni iş yerlərinin açılması sahəsində həyata keçirilən tədbirlərin miqyasını göstərir.

Sonda xatirə şəkli çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video