07 Noyabr 2018 00:49
1372
SİYASƏT
A- A+

İLHAM ƏLİYEVİN AZƏRBAYCANI


O həm cavandır, həm ağsaqqal, həm də güclü


Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı azad və müstəqil görmək idi!

Elə gördü də!

Hətta nəinki gördü, onu bir dövlət kimi məhvolmadan, keçmişdə olduğu təki xanlıqlara parçalanmadan xilas edərək müstəqilliyini əbədiliyə və dönməzliyə çevirdi!

Ulu öndər böyük uzaqgörənliklə söylədi: "Azərbaycan dünyaya bir Günəş kimi doğacaqdır!”

Doğrudur, vəfasız ömür onun Günəş kimi doğan Azərbaycanı görməsinə imkan vermədi!

Amma bu uzaqgörənlik də həyata keçdi!

Artıq Azərbaycan dünyaya Günəş kimi doğur!

Tanınır, sayılır, seçilir və sevilir!

Cavan, ağsaqqal, güclü bir ölkə kimi!

Müasir Azərbaycan həm də İlham Əliyevin Azərbaycanı sayılır!

Çünki onu bu səviyyəyə, indiki imicinə Prezident İlham Əliyev 15 illik fəaliyyəti sayəsində ucaldıb.

***

İlham Əliyevin yeni inkişaf mərhələsinə yüksəltdiyi Azərbaycan çox cavandır - cəmi 27 yaşı var.

Həm də Ağsaqqaldır!

Yaşına görə yox! Ulular demiş: saqqalın ağlığı ağsaqqal deyil, ağılın ağlığı ağsaqqal olur!

Azərbaycan gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə, gerçəkləşdirdiyi ideyalara, həyat vəsiqəsi verdiyi transmilli layihələrə, ən çətin məqamlarda atdığı hesablanmış addımlara görə müdrikdir, Ağsaqqaldır!

Müdriklik yaşla deyil!

Müdriklik yalnız təcrübə də deyil!

Müdriklik elmli olmaqla da ölçülmür!

Müdriklik - ən əvvəl ağıldır, Allahın qismət etdiyi xarizmadır!

Müdriklik verilən məsləhət və tövsiyələrdə, qəbul edilən qərarlarda görünə bilir.

Amma təsdiqini əməli işdə, nail olunan nəticələrdə göstərir!

Gənc Azərbaycan niyə həm də müdrik və ağsaqqal sayılır?

Ötən 15 ildə görülən işlərə, qazanılan uğurlara, qloballaşan dünyanın problemlərinin həllinə verdiyi töhfələrə nəzərən bu suala cavab verməyə çalışaq.

***

Dünya dağılır, qana çalxalanır, insanlar rahatlıqlarını, ev-eşiklərini, həyatlarını itirirlər...

Demokratiya adı altında müxtəlif rəngli və rəmzli "inqilablar” keçirilir, ölkədaxili sabitlik pozulur, vətəndaş itaətsizliyi və qarşıdurmalar baş alıb gedir...

Ölkələr parçalanma həddinə çatdırılır, müxtəlif üsul və vasitələrlə ərazilər işğal edilir, terror aktları müntəzəm xarakter alır, terrorçular fərqli formada və adlar altında maliyyələşdirilir, müdafiə olunurlar...

Yaşamağa evi, yeməyə çörəyi, işləməyə işi olmayanlar, qaçqına çevrilərək qocalı, qadınlı, uşaqlı firavan dövlətlərə üz tutur, hərdən dənizdə boğularaq balıqlara yem olur, çatdıqları ölkələrdə isə tikanlı məftillərlə, itlərlə qarşılanır, it yerinə qoyulmur, "miqrant” adı verilərək gözümçıxdıya salınırlar...

Müasir dünyanın real mənzərəsi belədir!

Gəl belə dünyada baş çıxar görüm!

Ölkələrdə sabitliyin pozulmasının əsas səbəbləri sosial ədalətə əməl olunmaması, milli və dini ayrı-seçkilik, ksenofobiya, ikili standartların mövcudluğu və digər amillərdir.

Ölkədaxili ziddiyyətlərə son qoymaq, sabitlik və əmin-amanlıq yaratmaq üçün bu sahədə uğur qazananlardan öyrənmək də vacibdir!

İlham Əliyev Azərbaycan xalqının əsrlər boyu yaradaraq yaşatdığı, gündəlik həyat normasına və mənəvi dəyərə çevirdiyi multikulturalizm və tolerantlıq ənənələrini mükəmməl modelə çevirərək dünyaya təqdim edir.

Bu modelin çox sadə fəlsəfəsi var: insanlar milliyyətindən və dinindən asılı olmayaraq bir-birlərinə, hər xalqın mənəvi dəyərinə, dini inancına hörmətlə yanaşmalı, dözümlü münasibət göstərməli, birlikdə sevinib kədərlənməyi, əl-ələ verərək dövlətin qüdrətlənməsi, vətənin çiçəklənməsi naminə mehribanlıqla yaşamağı və işləməyi öyrənməli, bacarmalıdırlar!

Onda ölkədə sabitlik və əmin-amanlıq, firavanlıq olur!

Azərbaycanda olduğu kimi!

***

Azərbaycan sivilizasiyalararası qarşıdurmanı əməkdaşlığa çevirməyə çağırır!

Həm də təkcə çağırmır, bu işə öz töhfələrini verir!

İlk növbədə islam həmrəyliyinin vacibliyini, islam dövlətlərinin bir-birinə əl uzatmasını, ziddiyyət və fikir ayrılıqlarından əməkdaşlığa keçərək mehriban münasibətlər qurmasını vacib sayır, təşəbbüslər göstərir.

Qoca Avropa ilk idman oyunlarının keçirilməsini cavan Azərbaycana etibar etdi!

Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı və məharəti sayəsində I Avropa Oyunları çox böyük uğurla baş tutdu!

Həm də bu oyunların ən yüksək standartları müəyyənləşdirildi!

Ardınca Azərbaycan İslam Həmrəyliyi Oyunlarının sönməkdə olan məşəlini yenidən gur yandırdı!

Azərbaycanın ağsaqqallığı ilə keçirilən bu möhtəşəm idman tədbirlərində bir sıra ölkələrin dövlət başçıları, liderləri, tanınmış siyasi, ictimai, idman xadimləri bir masa, bir süfrə arxasında oturaraq ünsiyyət qurdular, fikir mübadiləsi apardılar, soyuqluq buzunu əritdilər.

Sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev "2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi ili” elan edərək başladığı bu vacib və xeyirxah missiyanı davam etdirdi.

Belə bir təşəbbüs və əməkdaşlıq nümunəsi göstərir ki, artıq Azərbaycan təkcə bütün islam dövlətləri ilə qarşılıqlı maraqlara və sınaqdan çıxmış ənənələrə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri yaratmaqla, onu ildən-ilə daha da inkişaf etdirməklə kifayətlənmir, həm də islam dövlətləri arasında sülh və mehribanlıq yaratmaq yönündə yorulmadan fəaliyyət göstərən liderə çevrilir.

Bəli, Azərbaycan müdrik ağsaqqal kimi irəli duraraq barışmaz düşmənə çevrilməkdə olan dövlətləri bir masa arxasında əyləşdirməyə, sülhə gətirərək əməkdaşlıq yoluna gətirməyi bacarır!

Yəqin ki, Türkiyə ilə Rusiya arasında baş verən təyyarə qalmaqalını heç kəs unutmayıb. Bu iki qonşu dövlət (həm də dəfələrlə bir-birilə müharibə etmiş dövlətlər) yenə hərbi toqquşmaya doğru gedirdilər.

Əgər Azərbaycanın sülhpərvər missiyası olmasaydı...

Prezident İlham Əliyev böyük diplomatik səylər göstərərək alovu söndürməyi, Azərbaycanla və bir-birlərilə qonşu olan iki nəhəng dövləti sülhə yönləndirməyi bacardı!

Bu gün həm Türkiyə, həm də Rusiya o qədər də asan olmayan günlərini yaşayırlar.

Həm də əməkdaşlıq edirlər!

Azərbaycanın köməyi ilə yaradılan bu əməkdaşlıq hər iki dövlətə fayda gətirir, çətinlikləri dəf etmələrində kara gəlir.

Əgər silaha əl atsaydılar, onda həm özlərinin, həm də bölgənin vəziyyəti necə olardı?!

Sülhpərvərlik də elə budur!

***

Əməkdaşlığın yeni formatlarının yaradılması da uzaqgörənlik nümunəsidir.

Həm çar Rusiyasının, həm də SSRİ-nin tərkibində olarkən Azərbaycan öz təbii sərvətlərinə əsl sahiblik edə bilməyib. Daha çox "adı mənim, dadı sənin” prinsipi ilə hərəkət edib.

Yalnız həqiqi dövlət müstəqilliyi qazanıldıqdan, ulu öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıdaraq "Əsrin müqaviləsi”nin imzalanmasını təmin etdikdən sonra bu mümkün oldu!

Həm də Azərbaycan tarixində ilk dəfə olaraq karbohidrogen ehtiyatlarının qeyri-ənənəvi yolla dünya bazarına çıxarılmasına başlanıldı!

Uzun sürən mübarizədən və danışıqlardan sonra Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri həyat vəsiqəsi qazandı!

Beləliklə, yeni bir əməkdaşlıq formatının - Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə əməkdaşlığının təməli qoyuldu.

Daha sonra bu əməkdaşlıq Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars layihələrinin gerçəkləşdirilməsilə daha da möhkəmlənərək inkişaf etdi, hər üç tərəfə böyük faydalar gətirdi!

Son dövrlərdə Prezident İlham Əliyevin fəaliyyəti və uzaqgörənliyi sayəsində bölgədə əməkdaşlığın yeni formatları da yaranmışdır.

Azərbaycan-Türkiyə-Rusiya birgə əməkdaşlığı, eyni zamanda, yaranmış çətinliklərin birlikdə aradan qaldırılmasına xidmət edir.

Azərbaycan Türkiyə ilə müstəqilliyə qədəm qoyduğu ilk illərdən sıx əlaqələr qurmuşdur.

Bir millət - iki dövlət formulu ilə ifadə olunan bu strateji tərəfdaşlıq hər iki ölkə üçün faydalı və perspektivlidir.

Rusiya ilə Azərbaycanı çoxəsrlik əlaqə və münasibətlər birləşdirir. Bir sıra sahələri əhatə edən bu əməkdaşlıq daim yüksələn xətlə inkişaf edir.

Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlıq formatı isə yenidir, davamlı olacağı gözlənilir və bütün tərəflərin maraqlarını təmin edir!

***

İran ən yaxın qonşumuzdur və bir çox dəyərləri bölüşürük.

Rusiya-İran münasibətlərində son illər bir canlanma müşahidə olunmaqdadır.

Azərbaycan da qardaş İranla çoxtərəfli əlaqələrə malikdir.

Azərbaycan-Rusiya-İran formatı isə tamamilə yenidir, birgə maraqlara söykənir.

İlham Əliyevin uzaqgörənliyi və konkret əməli fəaliyyəti nəticəsində yaranan bu format qısamüddətli deyil, həm də uzaq gələcəyə hesablanıb.

Bu yeni formata həyat vəsiqəsi verən sənəd paytaxt Bakıda, təntənəli şəraitdə imzalandı!

Hər iki qonşu dövlətin başçıları Azərbaycana gələrək İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə baş tutan əməkdaşlığın yeni formatına öz dəstəklərini nümayiş etdirdilər, imzaları ilə start verdilər!

***

İlham Əliyev həm də zamanı qısaltmağı, "uzağı yaxın etməyi” bacaran liderdir!

Böyük İpək yolunun bərpası təkcə xeyli vaxt və vəsait tələb edən nəhəng layihə deyildi!

Həm də bu istiqamətdə ardıcıl, gərgin, səmərəli və uzaqgörən fəaliyyət göstərilməsini tələb edirdi!

Bölgəyə, Avrasiyaya böyük fayda gətirəcək bu təşəbbüsə aşkar və gizli əngəl törədənlər də vardı!

Ancaq qətiyyət, möhkəm iradə və hər cür çətinlikləri dəf etmək bacarığı hər şeyə üstün gəldi!

Bakı-Tbilisi-Qars dəmir yolu bu layihənin əsas elementi sayılırdı.

Onun gerçəkləşməsi həm də Ermənistanı birdəfəlik dalana salırdı!

Sülhə gəlməyənin, özgə ərazilərini zəbt edənlərin isə dalanda qalması təbiidir!

Havadarları BTQ-nin maliyyələşməsinə imkan vermədilər, bununla Azərbaycanı sındıracaqlarını güman etdilər!

Lakin cənab İlham Əliyev bu sınaqdan da uğurla çıxmağı bacardı!

Azərbaycan Bakı-Tbilisi-Qarsı öz hesabına maliyyələşdirməyi və gerçəkləşdirməyi bacardı!

Bunu İlham Əliyev etdi!

Sonra çox möhtəşəm, yaddaqalan açılış mərasimi keçirildi!

"Dəmir atlar” dəmir yolla çapmağa başladılar!

Beləliklə, zaman və məsafə qısaldı: Çindən Avropa İttifaqına yüklər daha 45 günə deyil, 12-13 günə çatdırılır!

Bundan dövlətlər də, istehsalçılar da, hətta istehlakçılar da qazanır!

Həm vaxta, həm də sərf olunan vəsaitə qənaət etməklə!

***

Buna qədər Azərbaycan bir sıra işlər də görmüşdü!

Hamısı ölkəmizin xeyrinə!

Həm də təkcə ölkəmizin yox!

Azərbaycan səxavətli dövlətdir, başqalarına fayda gətirməyi, qonşu və əməkdaş dövlətlərin maraqlarını öz maraqlarına uyğunlaşdırmağı da bacarır!

Bakı-Tbilisi-Qars dəmiryolu Avropa ilə Asiya arasında ən qısa, ən ucuz yoldur.

Artıq çox qısa zamanda yükdaşımaların sayı yüz dəfədən də çox artmışdır!

Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin işə salınması ölkəmizin önəmini qat-qat artırmışdır!

Okeana çıxışı olmayan Azərbaycan beynəlxalq logistika mərkəzinə çevrilmişdir!

Rəşt-Astara dəmiryolunun çəkilişi "Şimal-Cənub nəqliyyat dəhlizi”nin əhəmiyyətini daha da artıracaqdır.

Maraqlıdır ki, xəttin çəkilişi üçün Azərbaycan İrana 500 milyon dollar kredit vermişdir.

Daha bir maraqlı fakt: 200-dən çox gəmisi olan Azərbaycan Xəzər hövzəsində ən böyük mülki donanmaya sahibdir!

Dəmir yolu, gəmiçilik sahəsində böyük uğurlara imza atan Azərbaycanın hazırda səmada üç peyki də var - kommersiya və kəşfiyyata xidmət edən peyklər!

Ən sonuncu fakt: bu günlərdə qardaş Türkiyədə açılışı keçirilən "Star” neftayırma zavoduna 6,3 milyard dollar vəsait qoyan ölkəmiz artıq xaricə sərmayə yatıran ölkə kimi də tanınır!

***

Prezident İlham Əliyev on beş illik rəhbərliyi dövründə Azərbaycanı yalnız iqtisadi cəhətdən yüksəltməyib!

Ölkəmiz mənəvi dəyərlərə önəm verməsi, dünyanın problemlərinin həllində fəal, təşəbbüslərlə iştirakı ilə də diqqəti cəlb edir.

Azərbaycanın təşəbbüsçüsü və təşkilatçısı olduğu "Bakı prosesi” artıq on yaşını qeyd etdi.

* Dünya dini liderlərinin görüş məkanı paytaxtımız Bakı sayılır!

* İndiyədək burada dörd dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir.

* BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunun da daim baş tutduğu məkan Azərbaycanın paytaxtıdır.

İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən humanitar tədbirlər bir məqsədə xidmət edir: sivilizasiyalararası, dinlərarası dialoq dərinləşsin, güclənsin, dünyada risklər azalsın, ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət verilsin və bu təhlükəli meyillərin qarşısı alınsın!

***

Ötən 15 ildə ölkəmiz Avropa və dünya mədəniyyətinə mühüm töhfələr də vermişdir. Onları qısa şəkildə xatırladırıq.

AZƏRBAYCANIN:

* muğam;

* aşıq;

* milli xalçaçılıq sənətləri;

HABELƏ:

* Novruz bayramı;

* "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu;

* Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınmışdır.

Eyni zamanda, Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun xətti ilə vacib aksiyalar icra etmişdir:

ONLARDAN:

* Pakistanın Müzəffərabad şəhərində qızlar üçün orta məktəb;

* Vyetnamın Ha Giang əyalətinin Giap Trung qəsəbəsində ibtidai məktəb;

* Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda görmə qabiliyyəti məhdud olan uşaqlar və gənclər üçün mərkəz;

* Vatikanda yerləşən Müqəddəs Sebastian katakombaları, Romada Müqəddəs Marçellinio və Pietro katakombaları bərpası;

* Luvr Muzeyinin islam incəsənətinə həsr olunmuş yeni zallarının yaradılmasında iştirak;

* Romanın Kapitolini Muzeyinin "Filosoflar zalı”nın təmiri;

* Hindistanın Qoa ştatında stadionun inşası;

* Bosniya və Herseqovinada Təcili Tibbi Yardım Mərkəzi;

* Pakistanın Paxtunva vilayətindəki xəstəxanaya tibbi avadanlıq və təcili yardım avtomobili hədiyyəsi;

* Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı;

* Belçikada Xurşudbanu Natəvanın, Moskvada Mirzə Fətəli Axundzadənin və Romada Nizami Gəncəvinin abidəsinin qoyulmasını və digərlərini göstərmək olar.

***

Bura qədər söylədiklərimiz faktlardır!

Ancaq baş verənlər beynəlxalq qurum və təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmiş, müxtəlif hesabatlarda və reytinq cədvəllərində öncül yerlərə layiq görülmüşdür.

Son illərdə dünyanın nüfuzlu qurumları tərəfindən uğurlarımıza verilən qiymətə diqqət yetirək:

* Dünya İqtisadi Forumunun "2016-2017 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 138 ölkə sırasında 37-ci yeri tutub;

* Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə irəliləyərək 35-ci yerə yüksəlib;

* Dünya İqtisadi Forumunun illik "İnklüziv inkişaf indeksi - 2018” hesabatında inkişaf etməkdə olan ölkələr arasında 3-cü yerə layiq görülüb;

* 2018-ci ildə Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı” tamamilə yeni metodologiya əsasında hazırlanıb. Bu hesabatda Azərbaycan dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanıb;

* Həmçinin Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib;

* Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb.

* 2016-cı ildə Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2017” hesabatında 65-ci pillədə qərarlaşan Azərbaycan "Doing Business 2018” hesabatında 8 pillə yüksələrək 57-ci yeri tutub;

* 190 ölkənin biznes mühitini qiymətləndirən hesabata əsasən Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri sayılır;

* "Doing Business-2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub.

* Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Dünyanın bir çox ölkəsini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəlib.

***

Bu gün Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür.

Beynəlxalq reytinq agentliklərinin açıqladıqları hesabatların əksəriyyətində Azərbaycan iqtisadiyyatının növbəti 3 il ərzində daha da yüksələcəyi bildirilir:

* Beynəlxalq "Moody,s” agentliyinin son hesabatında göstərilir ki, Azərbaycan iqtisadiyyatı 2019-cu ildə 3 faiz yüksələcək!

* Nüfuzlu "Standart & Poor,s” reytinq agentliyinin də hesabatında göstərilir ki, Azərbaycan iqtisadiyyatı 2018-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacaq!

* Beynəlxalq "Fitch Ratings” reytinq agentliyinin ölkəmizdəki sosial və siyasi sabitliklə bağlı açıqladığı proqnozda deyilir ki, Azərbaycanda mövcud olan geniş sosial və siyasi sabitlik davam edəcək!

Bütün bu uğurların hamısı həm də cənab İlham Əliyevin xidmətləridir!

Müstəqil dövlətimizin davamlı şəkildə inkişafını, xalqın rifahını durmadan yüksəldən xidmətlər!

***

Azərbaycanın dövlət müstəqilliyinin yüzüncü ildönümünü təntənə ilə qeyd etdik!

Bu 100 ilin 27 ili müasir Azərbaycanın payına düşür.

Amma həmin 27 ilin hamısı inkişaf və quruculuğa sərf edilməyib!

Ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan uğurlar son 15 ildə ən yüksək zirvəyə ucaldılıb!

Bu gün hər bir Azərbaycan vətəndaşı öz vətəni ilə haqlı olaraq fəxr edir!

Dünyada sözü, izi, yeri və sanbalı olan Azərbaycanla!

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanla!

İlham Əliyevin qurub ucaltdığı Azərbaycanla!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video