07 Noyabr 2018 00:39
1049
CƏMİYYƏT
A- A+

İki Ağdam


Biri ağ günlərini yaşayır, digəri qara günlərdən xilasını gözləyir


Dövlət başçısının Ağdama növbəti səfəri həm bütün ölkə, həm də ayrı-ayrılıqda hər birimiz üçün işgüzar olduğu qədər də rəmzi məna kəsb edir.
İlham Əliyev bu bölgəyə sonuncu səfərinin məramını Qarabağ xalçaçıları ilə görüşündə belə izah etdi: "Bu gün Ağdamda, Quzanlıda möhtəşəm Muğam Mərkəzi açıldı. İndi xalça fabriki açılır. Bu gün Ağdam Atçılıq Mərkəzinin də açılışı olacaq. Ona görə biz Ağdamı dünyada məşhur edən bu üç istiqamət üzrə bu gözəl tədbirləri bir gündə keçiririk”.
Muğam hər birimizin mənəvi və ruhi qidasıdır. Muğam Mərkəzinin Ağdamda açılışı Bakıda, Ağcabədidə, Füzulidə yaradılan muğam mərkəzlərinin bir ideya kimi davamıdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr bizə muğamı musiqi tacımız kimi ucalıqlara qaldırmağa imkan verdi. Bu mənada 2003-cü ildə UNESCO-nun həm milli, həm də bəşər mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyərini etiraf etməsi təsadüfi deyil.
Cəbhə bölgəsində belə bir musiqi mərkəzinin yaradılması Azərbaycan xalqının sülhsevərliyinin bariz nümunəsidir. Qarabağ atlarının şöhrətini geri qaytarmaq, erməni işğalçılarının qazdığı səngərlərin bir neçə addımlığında Muğam Mərkəzi yaratmaq, Xalça fabriki açmaq, abad yol salmaq - bütün bunlar Azərbaycanın sülhsevərliyinə işarədir.
İşğalçı Ermənistan isə nasizmin carçıları, ideoloqları sayılan qatillərə abidələr qoyur, faşizmi leqallaşdırır, işğalçılıq ambisiyalarından əl çəkməyəcəyini bəyan edir.
Prezident İlham Əliyevin Muğam Mərkəzinin açılışındakı çıxışında bugünün Ağdamının tarixində çox əlamətdar hadisə olduğunu vurğuladı, mərkəzin açılışında görkəmli muğam ifaçıları, incəsənət xadimləri, rayonun ziyalılarının iştirak etməsinə sevindiyini bildirdi: "Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət hesab edirəm ki, bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Biz son illərdə muğamın demək olar ki, dirçəlməsini görürük. Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi. Ənənəvi muğam müsabiqələri keçirilir və Azərbaycan televiziyası ilə canlı yayımlanır. Bu müsabiqələrin çox böyük əhəmiyyəti var. Həm gənc nəsil yetişir, həm gənc istedadlar gələcəyə yol tapırlar, həm də muğamın nə qədər gözəl sənət olduğunu bütün Azərbaycan vətəndaşları görür, peyk vasitəsilə dünya da görür. Doğrudan da ənənəvi muğam müsabiqələri çox əhəmiyyətli hadisəyə çevrilmişdir. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq beynəlxalq muğam festivalları da keçirilir”.
Dövlət başçısı onu da vurğuladı ki, bizim incəsənətimiz, ədəbiyyatımız milli ruhumuzu daha da yüksək səviyyəyə qaldırır. Sonra da əlavə etdi ki, aprel döyüşləri bizim şanlı tariximiz, böyük tarixi qələbəmizdir, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğal altında olan minlərlə hektar torpaq azad edildi. Bu qələbə onu göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Muğam isə xalqın qələbəyə səsləyən çağırışıdır.
Bu qələbə əzmini qırmaq, zəiflətmək mümkün deyil. Bu baxımdan Prezident İlham Əlievin Muğam Mərkəzindən Ermənistana ünvanladığı mesaj da xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı Ermənistanı idarə edən insanların kriminal xunta rejiminin başçıları olduğunu erməni xalqının özünün etiraf etdiyini diqqətə çatdırdı. Onların generalları oğru, qəhrəmanları cinayətkar və qorxaqdırlar: "Ermənistanda bu il baş vermiş dəyişikliklər onların işğalçılıq siyasətinin tam iflası deməkdir, bu, bir. İkincisi, bu hadisələr onu göstərir ki, bizim apardığımız siyasət öz nəticəsini verir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, - bunu heç gizlətməyə də ehtiyac yoxdur, - biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid edəcəyik, bütün vasitələrdən istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik”. Dövlət başçısı bütün ciddiliyi ilə vurğuladı ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalı, işğal edilmiş torpaqlardan öz qüvvələrini tezliklə çıxarmalıdır.
Son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən davamlı islahatlarla əlaqədar ən qədim tətbiqi sənət növlərindən biri olan xalçaçılığa diqqət artıb. Xalçaçılıq tarixən həm Azərbaycan xalqının məişətinin, həm də milli mədəniyyətinin ayrılmaz hissəsidir. Hər bir xalça toxunduğu yerin təbiəti, onu toxuyan insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Bu sahənin inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin qayğısı sayəsində artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı və Lənkəranda xalça müəssisələri istifadəyə verilib. Prezidentin Ağdamda açılışını etdiyi müəssisə isə bu sırada yeddincidir. Ümumilikdə isə 30 xalça fabrikinin tikilməsi nəzərdə tutulub.
Qarabağı dünyaya tanıdan, məşhur edən üç əsas sahə olub. Bu diyar həmişə dünyanın diqqətini özünə Qarabağ xalçası, Qarabağ muğamı və Qarabağ atları ilə cəlb edib. Amma 25 il idi qarabağlılar Qarabağ xalçaları toxumurdu, baxmayaraq ki, evindən, yurdundan didərgin düşəndə özləri ilə xalça dəzgahlarını götürənlər də az olmamışdı. Elə Ağdamın Quzanlı qəsəbəsində yaradılan müəssisənin açılışına görə ağdamlıların Prezidentə və birinci xanıma minnətdar olmalarının əsas səbəbi də bu idi.
Həmin gün Ağdamda üçüncü bir əlamətdar hadisə "Qarabağ Atçılıq Təsərrüfatı” MMC-nin Qarabağ Atçılıq Kompleksinin açılışı ilə bağlı oldu. Azərbaycanın milli sərvəti olan Qarabağ atları sözün əsl mənasında, fəxrimiz və vüqarımız kimi milli qürurumuzun canlı sütunudur. Qarabağda yetişdirilən bu atların şöhrəti vaxtı ilə dünyaya yayılmışdı, XVIII-XIX əsrlər Qarabağ atlarının qızıl dövrü olmuşdu. 1993-cü ildə isə erməni təcavüzündən sonra Qarabağ atları Ağcabədi rayonunun Xamtorpaq ərazisində yerləşdirilmişdi.
Ölkənin müharibə şəraitində olmasına baxmayaraq, Qarabağ atlarını qoruyub saxlamaq üçün bütün zəruri addımlar atılmış, Azərbaycan atlarının şan-şöhrətinin özünə qaytarılması, atçılığın inkişafının təmin olunması üçün 2007-ci ildə "Atçılıq haqqında” qanun qəbul edilmiş, proqram təsdiqlənmişdir. Prezident İlham Əliyev Qarabağ atının genofondunun qorunması, tarixi şöhrətinin özünə qaytarılması məqsədilə bir neçə sərəncam da imzalamışdır. Sonuncu sərəncamla Qarabağ cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, bu sahədə seleksiya damazlıq işlərinin elmi əsaslarla aparılması üçün Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki "Qarabağ Atçılıq Təsərrüfatı” MMC-nin atçılıq kompleksinin tikintisi üçün Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayrılmışdır.
İlham Əliyevlə Mehriban xanım Əliyevanın açılışında iştirak etdiyi Qarabağ Atçılıq Kompleksi 35,5 hektar ərazidə inşa edilib. Vaxtilə Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın, Xurşidbanu Natəvanın və xan zümrəsinə daxil olan digər sülalələrin nümayəndələrinə məxsus müəssisə və tövlələrdə yetişdirilən Qarabağ atları bu gün yenidən şöhrətini özünə qaytarır.
Bəli, biz Dağlıq Qarabağa müqəddəs saydığımız rəmzlərlə ləyaqətlə dönürük. Bunu dünya da, işğalçılıq ambisiyalarından zövq alan Ermənistan da görməlidir. Qarabağ atlarının Cıdır düzünün sinəsində nallarıyla çalacağı Qələbə marşını hamımız səbirsizliklə gözləyirik.

Bahadur İMANQULİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video