51 il əvvəl fəaliyyətə başladığı dövrdən Bakının rəmzlərindən birinə çevrilmiş paytaxt metropoliteni bu gün şəhərimizin ictimai sərnişin nəqliyyatı sistemində həm də innovativ düşüncə tərzinin tətbiqində özünəməxsus yer tutur. Dövlətin daim diqqət və qayğısı ilə əhatə olunmuş və sosial əhəmiyyəti danılmaz olan bu nəqliyyat növünün inkişafının yeni mərhələsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş Bakı Metropoliteninin konseptual inkişaf sxemi ilə müəyyən olunub.
2014-cü ildə Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması bu inkişaf mərhələsinin yeni hərəkətverici qüvvəsinə çevrilib. Əlbəttə, "Bakı Metropoliteni” QSC-nin yaradılması ilə təkcə istismar deyil, eyni zamanda, inşaatda innovativ düşüncə tərzinin təməli qoyulmalı idi. Böyük islahatların aparıldığı təsərrüfatlardan birinciləri arasında qısa müddətdə ən nümunəvi təşkilata çevrilmiş dəmir-beton konstruksiyaların istehsalı sahəsi oldu. Ötən əsrin 60-cı illərinin ab-havasından ayrılmamış, texnoloji imkanlar baxımından geriləməkdə olan sahə büsbütün yeniləndi. Tübinqlərin, dəmir konstruksiyaların, sement məhsulların istehsalı məqsədilə ən yeni avadanlıqlar, istehsalatın tam təhlükəsiz şərtlərini təmin edən və keyfiyyətə təkan verən mühafizə sistemləri, yarımstansiya, dizel-generator stansiyası, qazanxana, taralar, siloslar, laboratoriya quraşdırıldı və ya müasirləşdirildi. Sahədə müasir sistemlər qurulmaqla beynəlxalq İSO standartlarının tələbləri ən yüksək səviyyədə təmin edildi və tanınmış Avropa şirkətlərindən birinin müvafiq sertifikatı ilə təsdiq edildi. Ərazidə ən böyük yeniliklərdən biri, dəmir beton blokların istehsalı üzrə sexin inşa edilməsi oldu. Bu sexdə istehsal olunmuş dəmir-beton bloklar "Nərimanov” elektrik deposunda inşa olunan qatarların sınaq yolunda pilot layihə kimi tətbiq edilib. Hazırda inşası davam edən yeni xəttin "Memar Əcəmi-B-03” mənzilində bu blokların düzülməsi başa çatdırılıb və stansiya yollarına keçilib.
Görülən işlərin səmərəsi xeyli dərəcədə metropolitendə yeraltı yolların, tunellərin, elektrik, işarəvermə və rabitə sistemi avadanlıqlarının dəqiq müayinəsini təmin edən, bu sahə üzrə tədqiqatlar aparan laboratoriyaları birləşdirmək və vaqon bazası əsasında diaqnostika kompleksi yaratmaqla təşkil edilən diaqnostika və metroloji təminat mərkəzinin təşkili ilə bağlı oldu. Mərkəzin əsas vaqon-laboratoriyası sayılan diaqnostika mərkəzi bu gün dünya diaqnostika sistemləri arasında misli olmayan kompleks kimi bir çox ölkələrin mütəxəssisləri arasında böyük maraq doğurub.
Bu sadalananlar son 4 ildə görülən bütün işlərin tam siyahısı deyil. Burada kadrların hazırlanması, onların bilik səviyyəsinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən son dərəcə mühüm bir tədbir xüsusi olaraq qeyd edilməlidir. Bu sahədə qarşıya qoyulan vəzifələrin həllində QSC-nin yaranmasının ilk ilində formalaşdırılan təlim-tədris mərkəzinin fəaliyyətə başlamasının əhəmiyyəti böyük oldu. Orada başda qatar sürücüləri olmaqla metropolitendə gərəkli olan bütün peşələrdən olan mütəxəssislərin hazırlığı və ixtisasca təkmilləşməsi üzrə kurslar fəaliyyətə başladı. Xüsusən də yeraltı yollarda hərəkətin təşkili və idarə olunması üzrə tətbiq edilən, eləcə də gələcəkdə tətbiq olunacaq yeni texnologiyalarla işləyə bilən kadrların yetişdirilməsi baxımından tədris mərkəzinin əhəmiyyəti xüsusən böyükdür. Metropolitenin vaqon parkına daxil olan yeni nəsil metro vaqonlarının mənimsənilməsi mərkəzin maşinist hazırlığı üzrə kurslarında və maşinist trenajoru da daxil olmaqla hər bir nəzəri və praktiki məşğələ vasitələri ilə təmin edilmiş texniki kabinetində aparılır. 2018-ci ildə metro qatarlarının maşinistlərin iş sistemi tamamilə yenidən qurularaq, keçmiş SSRİ məkanında ilk dəfə bu sistemə yeni baxış gətirilib və ötən müddət bu yeniliklərin əsaslı olduğunu bir daha təsdiq etdi. Bu yeniliklərin təməlində maşinistlərin həm iş, həm də sosial-məişət məsələlərinin kompleks həll olunması, əmək məhsuldarlığı, işin səmərəsi və keyfiyyəti durur. Eyni zamanda, maşinistlərin işə qəbulu prosesi də tamamilə yeni meyarlar və qaydalara uyğun qurulmaqla başlanılıb. Buna qədər maşinist hazırlığı 3-5 il ərzində aparılırdısa, hazırda peşə və texniki ixtisas təhsili olan gənclər 6 aya qədər davam edən optimal hazırlıq kursunda iştirak edərək, bu işə qəbul oluna bilər.
Son 4 il metropolitençilərin və metro inşaatçılarının sosial-məişət həyatına bir sıra yeniliklər gətirdi. Metroda yeganə olan depo ərazisindəki yeməkxanalarında əsaslı təmir işləri aparıldı. Yeməklərin qiymətinin müəyyən faizinin həmkarlar ittifaqının hesabından ödənilməsi, işçinin ödəyəcəyi haqqın ayın axırında onun məvacibindən tutulması kimi əlverişli şərtlər, eləcə də yeməklərin keyfiyyətinin artırılması, xidmət mədəniyyətinin yüksəldilməsi metropolitençilərin böyük əksəriyyətinin nahar fasiləsində bu yeməkxanalara üz tutmasına səbəb oldu.
Müəssisə rəhbərliyi və Metropoliten İşçiləri Həmkarlar İttifaqı (MİHİ) əməkçilərin asudə vaxtlarının, məzuniyyət dövründə, xüsusən də yay mövsümündə istirahətinin səmərəliliyinə, müalicə profilaktik tədbirlərin yüksək səviyyədə təşkilinə xüsusi önəm verirlər. Bu istiqamətdə həyata keçirilən genişmiqyaslı işlərdən biri metropolitenin Bilgəh qəsəbəsindəki sanatoriya-profilaktoriya və istirahət sahəsinin yenidən qurulması oldu. İlk növbədə, profilaktoriyadakı köhnə müalicə-profilaktika avadanlıqları dünya səhiyyə texnikası sənayesinin ən son nümunələri ilə təmin edildi. Sanatoriyaya tibbi profilaktika və müalicə üzrə daha peşəkar mütəxəssislər gətirildi. İstirahət sahəsində köhnə evciklərin yeni kottec tipli evlərlə əvəz edilməsi üzrə bir neçə il əvvəl başlanmış işlər 2014-2015-ci illərin yay mövsümünə hazırlıq dövründə daha geniş miqyasda davam etdirildi. Bir neçə köhnə evcik sökülərək yerində üçmərtəbəli, daha çox otaqlı və rahat şəraitli binalar ucaldıldı.
Bu gün məzuniyyət dövründə respublika miqyaslı istirahət ocaqlarında, müalicə müəssisələrində dincəlmək istəyənlər güzəştli qiymətli yollayışlarla növbəli şəkildə təmin edilirlər. Bayram günlərində müəssisənin qabaqcıl işçilərindən ibarət qruplar respublikanın görməli yerlərinə, eləcə də ölkə xaricinə qısamüddətli səfərlərə çıxırlar. Son 4 ildə metropolitençilər Gürcüstanın Kobuleti kurort şəhərciyində, dəfələrlə İstanbulda və Dubayda olublar. İlin sonunda daha bir qrupun Türkiyə səfəri nəzərdə tutulub.
Metropolitençi ailələrinə diqqət və qayğı xüsusi mövzudur. Korporativ sosial məsuliyyət çərçivəsində bu ailələrin kiçik yaşlı uşaqları üçün ingilis dili, kompüter savadı, rəssamlıq kursları keçirilir. Bu yaşda uşaqların metropolitenlə, valideynlərinin iş yerləri ilə tanışlıq, metropoliten barədə daha ətraflı məlumat almaları və ən əsası, yetişməkdə olan nəslin əməyə münasibətinin formalaşdırılması və peşə seçiminə kömək etmək məqsədilə onların "Nərimanov” elektrik deposuna ekskursiyaları təşkil edilir.
Artıq 3 ildir ki, yüksək balla ali məktəbə daxil olan metropolitençi balaları və valideynləri ilə görüşlər keçirilir, onlara xüsusi dəyərli hədiyyələr verilir. Metropolitenlə bağlı peşələrə üstünlük vermiş tələbələrin təhsili nəzarətə götürülür.
Sosialyönümlü layihələr sırasında hədəfi sərnişinlər olan reklam kampaniyalarının, aksiyaların da əhəmiyyəti artıq təsdiq olunmuş faktdır. Sərnişinlərin diqqətini cəlb edən fotoreklamlar metropolitendə hərəkət, davranış, nəzakət qaydalarına həsr olunub. "Gənclik” və "Nəriman Nərimanov” stansiyalarında klassik təsviri sənət nümunələrindən, Azərbaycan kinosunun 100 illik yubileyi münasibətilə "Azərbaycanfilm”in istehsalı olan kinofilmlərin kadrarxası məqamlarını, çəkiliş qruplarının fəaliyyətini əks etdirən şəkillərdən ibarət, eləcə də Azərbaycan Xəzər dəniz gəmiçiliyinin 160 illiyi münasibətilə təşkil edilən fotosərgilər sərnişinlərimiz tərəfindən maraqla qarşılanıb. Bu sıradan olan layihələrdən talassemiya xəstəliyi olan uşaqlara yardım məqsədilə metropolitendə keçirilən qanvermə aksiyalarını, Yeni il bayramlarında, 1 iyun -Uşaqların beynəlxalq müdafiəsi, 18 sentyabr - Milli musiqi günündə, yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq stansiyalarda təşkil edilən aksiyaları və sosial layihələr çərçivəsində digər layihələri nümunə göstərmək olar.
Bu gün Bakı Metropoliteni dünya yeraltı nəqliyyat müəssisələri arasında özünəməxsus yeri ilə fərqlənir. Çoxminli metropoliten kollektivi yeraltı yollarımızın gələcək inkişafı, təkmilləşməsi, ən yeni texnologiyalarla silahlanmaqla dünyanın qabaqcıl nəqliyyat müəssisələri arasında öz yerini möhkəmlətməsi üçün ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələri yüksək səviyyədə yerinə yetirmək əzmi ilə çalışır, bütün imkanlarını metropolitenin inkişafı üzrə dövlət proqramının yerinə yetirilməsinə səfərbər edir.
Bəxtiyar ƏZİZLİ,
"Azərbaycan”