04 Noyabr 2018 00:19
1648
Səhiyyə
A- A+

Can verməklə candan can əskik olmaz...


Dünyada geniş miqyas alan könüllü orqan transplantasiyası prosesi Azərbaycanda hələ də hüquqi və mənəvi həllini tapmayıb


"7 ildir hər yerdə onu gəzirəm, gəlib keçən hər kəsin üzündə gözlərini, danışanda səsini, hənirində nəfəsini axtarıram, tapa bilmirəm. Kaş biləydim ki, kimdəsə Cavidimin bir parçası var, getdiyi yollarda dizin-dizin sürünər, üzümü sürtərdim ayağının izlərinə, oğlumun ətrini alardım ...”
16 yaşlı oğlunu avtomobil qəzasında itirən Nadir dayı saçlarına vaxtsız dən salan övlad itkisindən elə ağrılı-acılı danışır ki, insanın ürəyi parçalanır. Oğlu Cavid beyin ölümü nəticəsində dünyasını dəyişib: "Xarici telekanallara baxanda görürəm ki, dünyada bu cür həyatını itirən insanların orqanları bağışlanır, neçə-neçə insana həyat verilir. Təəssüf ki, bizdə belə bir təcrübə yoxdur, olsaydı, indi mənim balam da bir çoxuna yaşam səbəbi olardı... Mən də onun yoxluğunu bu qədər hiss etməz, təsəlli tapardım, bilərdim ki, balamın ürəyi dayanmayıb, kiminsə qəlbində yenə döyünür, yaşayır, sevir, sevilir...”


Yaradılışın özündə orqan transplantasiyasına bir işarə...


Dünya var olan gündən, bütün cahan fatehləri, bəşəriyyəti qarşısında diz çökdürən sərkərdələr daim uzun yaşam və "dirilik suyu” axtarışında olublar. Qoca dünya isə çox vəfasızdır və min illərdir torpaqdan yaranan insanı torpağa qaytarmaq qanunundan bir dəfə də olsun kənara çıxmayıb. Nə qədər tibbi, texniki və elmi nailiyyətlər olsa da, hamımızı zaman maşınının müvəqqəti sərnişininə çevirib...
Amma həyat çox şirindir, bu dünyada fani olduğumuzu bilsək belə, bir az daha çox qalmaq, bir az daha çox yaşamaq üçün zamanın gözündən yayınmağa çalışırıq...
Hazırda bunun üçün ən real çarə dünyada həyata keçirilən orqan transplantasiyasıdır. Əslində, bu əməliyyat son illərin tibbi nailiyyəti kimi dəyərləndirilsə də, insan yaradılışının özündə orqan nəqlinin həyata keçirilməsinə bir işarə var. Belə ki, Allah-taalanın Həvvanı Adəmin qabırğasından yaratdığı, hətta buna görə kişilərin sol qabırğalarının sayının sağdakına nisbətən bir ədəd az olduğu bildirilir...


Azərbaycanda donor köçürülməsini gözləyən xeyli sayda xəstə var


Kəskin qaraciyər serrozundan əziyyət çəkən 34 yaşlı Liyaniz Şamilov 1 ildir ki, ona donor köçürülməsini gözləyir. Anası Zinyət xanım deyir ki, donor tapılıb. Öz gəlini həyat yoldaşının qardaşına donor olmaq üçün razılıq verib. Amma əməliyyat üçün lazım olan 50 min manatı ödəmək onlar üçün imkansızdır: "Hər keçən gün oğlum gözlərimin qarşısında şam kimi əriyir, heç nə ilə ona kömək edə bilmirəm, təcili əməliyyat lazımdır, yoxsa...”
Qaynı üçün donor olmağa razılıq verən Lalə xanım isə bu qərarı verərkən heç bir tərəddüd etməyib: "Qaynım elə mənim qardaşım sayılır. Gözlərim qarşısında əziyyət çəkir, yaşaması üçün mənə ehtiyacı varsa, necə ona öz kömək əlimi uzatmaya bilərəm. Həkimlərlə məsləhətləşmişəm, deyirlər ki, donor xəstədən tez sağalır və hətta gələcəkdə ana olmağım üçün də heç bir problem yoxdur”.
Ölkəmizdə donor köçürülməsini gözləyən xeyli sayda xəstə var və onların əksəriyyətinə ya maddi, ya da ki, orqan tapılmaması səbəbindən bu əməliyyat həyata keçirilə bilmir.
Statistikaya əsasən, Azərbaycanda son beş ildə ümumi olaraq 991 orqan və onun hissələrinin köçürülməsi əməliyyatı həyata keçirilib.
Ümumi orqan transplantasiya əməliyyatlarının 70 faizini böyrək köçürülməsi təşkil edir. İkinci yerdə qaraciyər və onun seqmentlərinin köçürülməsi gəlir ki, onun da payı 17 faizdir. Aparılan orqan köçürülməsi əməliyyatlarının 10 faizini isə sümük iliyi transplantasiyası tutur.


Alternativ donor mənbəyi meyit orqanlarından istifadədir


Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirmə Şurasının üzvü, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyir ki, çalışdığı müddət ərzində 600-ə yaxın orqan transplantasiyası icra edib və onların 125-i qaraciyər, digərləri isə böyrək transplantasiyası olub.
Mircəlal Kazımi qeyd edir ki, ümumiyyətlə, tək Azərbaycanda deyil, bütün dünyada orqan transplantasiyasına ehtiyacı olan xəstələrin sayı artır: "Qaraciyər və böyrək transplantasiyası gözləyən xəstələrin sayı çoxdur və bu sahədə olan əsas problemlərdən biri orqan çatışmazlığıdır ki, böyük ehtimalla bu yaxınlarda həmin problem həll olunacaq. Problemin həll yollarından biri və əsası meyit orqanlarından istifadə olunmasıdır, çünki bu alternativ donor mənbəyidir”.


İnsanları ölümə tərk etmiş oluruq...


"Günün birində orqan transplantasiyasına ehtiyacı olan o insanlardan biri mən, siz, hamımız ola bilərik” söyləyən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva bildirir ki, əsasən Azərbaycanda sağlam insanlardan donor köçürülür, amma bu, dünyada məqbul görülən, çox xoş qarşılanan variant deyil: "Çünki bu orqanlar böyrək, qaraciyər və sümük iliyi transplantasiyası ilə məhdudlaşır. Biz orqan transplantasiyasına ancaq bu prizmadan yanaşsaq, onda digər orqanlara ehtiyacı olan insanları ölümə tərk etmiş oluruq”.
Deputatın sözlərinə görə, dünyanın inkişaf etmiş ölkələrində böyrəyin, qaraciyərin belə sağlam insanlardan alınıb ailə üzvlərinə köçürülməsinə müsbət baxmırlar. Nə qədər cüt, arta bilən orqan olsa da, bu orqanlardan birinin bədəndən götürülməsi riskdir. O, insanın sağlamlığına öz mənfi təsirini mütləq göstərir. Ona görə də bunu könüllü donorluq məsələsi vasitəsilə dünyada həll ediblər.
"Əgər mənə beyin ölümü diaqnozu qoyularsa, niyə mənim öldüyüm anda orqanlarım bir neçə insanı yaşatmasın?” deyən Qənirə Paşayeva düşünür ki, bunun sayəsində bir insan 6-7 insanı yaşada bilər. Azərbaycanda isə könüllü donorluq etmək üçün kifayət qədər insan var. Sadəcə bu müvafiq qanun Milli Məclisdə qəbul olunmalı və icrasına başlanılmalıdır: "Bu, orqan gözləyən xeyli insanımızı həyata qaytarmağa imkan verəcək və artıq mən özüm bu addımı atmışam”.


Çürüyüb torpağa qarışacaq orqanlarım kimlərəsə yaşam qaynağı olsun


Mövzu ilə bağlı respondentlər arasında apardığımız kiçik rəy sorğusundan sonra belə qərara gəldik ki, sağlığında donor olmaq, yaxud öldükdən sonra orqanlarını bağışlamaqla bağlı qərar vermək məsələsində tərəddüdlü yaşayanlar, bunu humanist addım kimi dəyərləndirənlər, gözünü qırpmadan "hə” deyənlər də var...
"İstəmərəm ki, öldükdən sonra hansısa bir orqanımı çıxarıb başqasına köçürsünlər. Bəlkə də məni xudbin adlandıracaqlar, amma mən belə düşünürəm”, - deyir 22 yaşlı Sevinc xanım.
Vüsal adlı tələbə isə bildirdi ki, ölümündən sonra orqanlarını bağışlayar: "Bədənim onsuz da məndən sonra çürüyüb torpağa qarışacaq, ondansa kimlərəsə bir ümid olsun”.
2011-ci ildə övladına böyrəyini verən Səkinə xanım söyləyir ki, hazırda özünü həm çox sağlam, həm də xoşbəxt hiss edir: "Oğlum şəkərli diabetdir və kəskin böyrək çatışmazlığından əziyyət çəkirdi. Artıq o, özünü yaxşı hiss edir və mən ona azacıq da olsa kömək edə bildiyim üçün Allaha şükür edirəm”.


Orqan bağışlanması "Quran”ın ruhuna, Peyğəmbər davranışına zidd deyil


Orqan transplantasiyasına, xüsusilə də ölümündən sonra orqanların bağışlanmasına dinlərin münasibəti də insanlar arasında maraq doğuran əsas məsələlərdən biri, bəlkə də elə birincisidir desək, yanılmarıq.
İlahiyyatçı, "Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin sədri Hacı Şahin Həsənli söyləyir ki, islam dini sağlam insanın öz orqanını bir başqasına hədiyyə etməsinə müsbət baxır, həmçinin bir insanın həyatını xilas etmək üçün ölümündən sonra orqanlarını bağışlamasına icazə verir: "Çünki bu, ölüm təhlükəsi ilə üzləşən insana həyat bəxş etməkdir. Amma burada bir məsələ var ki, orqanlarını bağışlayan sağlam insanın öz sağlamlığına heç bir zərər gəlməməlidir. O cümlədən, meyitdən orqan götürülməsi sağlığında onun özünün razılığı əsasında, yaxud vərəsələrinin razılığı ilə həyata keçirilməlidir”.
Hacı Şahin Həsənliyə görə, orqan transplantasiyası müasir bir məsələ olsa da, dinimizin özəlliyi ondadır ki, bütün zamanlara uyğunlaşır və zamanın tələblərinə uyğun olan bu məsələyə də müsbət yanaşır: "Hər hansı bir yeni mövzu ortaya çıxdıqda "Quran”da birbaşa bununla bağlı hansısa ayə olmaya bilər, çünki bu, müasir məsələdir və həmin zamanlar belə bir təcrübə yox idi. Amma "Quran”ın ruhuna, Peyğəmbər davranışının ziddinə deyilsə, din onu təsdiq edir. Ona görə də prinsip olaraq qəbul edilir ki, din bunu qadağan etmir. Həmçinin dində bu məsələni qadağan edəcək hər hansı bir ayə və hədis də tapmaq olmaz. Din yalnız intiharı qadağan edir və əgər orqanını verməklə bir şəxs öz həyatını itirəcəksə, bunu da tövsiyə etmir”.


Xristianlıqda orqan köçürülməsi əxlaqi cəhətdən qəbulediləndir


"Sağlam və ya həyatını itirmiş insanın orqanlarının köçürülməsinə, donorluğuna xristian dinində icazə verilirmi” sualını cavablandıran Bakıdakı Katolik kilsəsinin keşişi Jozef ata deyir ki, orqanların köçürülməsi donorun razılığı olduğu və onun həyatı üçün həddindən artıq təhlükənin olmadığı halda əxlaqi cəhətdən qəbulediləndir: "Amma burada öz orqanlarını xeyirxah əməl olaraq bağışlamasında donorun vəfatı faktına qəti şəkildə əmin olmaq zəruridir. Həmçinin hansısa digər məqsədlərlə adam oğurluğu, girov götürmə, işgəncə, zorakılıq kimi hallar insan şəxsiyyətinin bütövlüyünə hörmət edilməsi ilə ziddiyyət təşkil edir. İnsanın amputasiya və şikəst edilməsinə yalnız terapevtik məqsədlərlə icazə verilir”.


Müqəddəs "Tövrat” buna Allaha xoş gedən savab kimi baxır


"Bir insanın həyatını xilas edə bilən adam elə bil ki, bəşəriyyəti xilas edir” deyən Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev söyləyir ki, əgər bir adəm övladı digər adəm övladının həyatını xilas edə bilirsə, müqəddəs "Tövrat” buna
Allaha xoş gedən bir savab kimi baxır: "İnsanlar həyata iki dəfə gəlirlər: birincisi müqəddəs analar tərəfindən, ikincisi isə dünya sevgisini anlayandan sonra. İnsanlara əsl sevgi ilə yanaşan adəm övladı lazım olarsa, nəinki bir gözünü, hətta iki gözünü də verməyə hazır olur”. Müqəddəs "Tövrat”a görə, insanlar dünyasını dəyişəndən sonra Allah-taala qarşısında öz ruhları ilə bərabər bütün əzaları ilə də durmalıdırlar. Əgər müəyyən səbəblərə görə insan tam şüurlu şəkildə dünyasını dəyişməmişdən əvvəl əzalarından birini sevdiyi insanlara bağışlayırsa, bu da Allaha xoş gedən bir savab kimi qəbul olunur.
İcma sədri onu da vurğuladı ki, canlı insandan və yaxud da dünyasını dəyişmişdən onların əvvəlcədən razılığı olmadan bədən əzalarından birinin başqasına köçürülməsi müəyyən mənfəət məqsədi daşıyarsa, müqəddəs "Tövrat” bunu heç cürə qəbul edə bilməz.


Donorluğa ehtiyacı olan insanların çoxu bu yardımı ala bilmir


Hazırda Milli Məclisdə "Orqan donorluğu və transplantasiya haqqında” qanun yenidən işlənir və sənəddə mühüm yeniliklər var. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyir ki, mövcud qanun 20 il bundan əvvəl qəbul olunub və o dövrdən indiyə qədər istər dünyada, istərsə də Azərbaycanda orqan donorluğu və transplantasiya xeyli inkişaf edib. Meyitdən orqan köçürülməsi məsələsi isə hazırkı qanunda təsbit olunmayıb. Adıçəkilən qanuna əlavə və dəyişikliklər edilməsində əsas mahiyyət ondan ibarətdir ki, ölkədə meyitdən orqan götürülməsi və köçürülməsi işi təşkil olunsun.
"Dünyada orqan donorluğunun 85-90 faizi meyit donorluğu hesabına həyata keçirilir” deyən Musa Quliyev vurğulayır ki, Azərbaycanda bu sistem qurulmadığına görə donorluğa ehtiyacı olan insanların çoxu bu yardımı ala bilmir: "Məsələn, hansı halda meyitdən orqanları köçürmək olar? Kimlər götürə bilər? Götürəndən sonra orqanın saxlanılması qaydaları nədən ibarətdir? Digər bu kimi suallar hüquqi cavab gözləyir. Həmçinin orqan köçürüldükdən sonra onun saxlanılması üçün immunodepressantlarla təchizat necə həyata keçirilməlidir, onu həyata keçirən klinikalara olan tələbatlar nədən ibarətdir?
Yeni qanunda beyin ölümü kriteriyalarının təsbit olunması Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən müəyyənləşdiriləcək və Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Bu diaqnozun qoyulması üçün xəstənin yanında ən azı 2 həkim olmalıdır: anestezioloq-reanimatoloq və nevropatoloq və ya neyrocərrah. Amma bu prosesdə transplantoloq iştirak edə bilməz, çünki o, maraqlı şəxsdir”.


Orqan donorluğu və transplantasiyanın reklamı qadağandır


Deputat söyləyir ki, qanunda əksini tapacaq məsələlərdən biri də donor orqan bankının yaradılması, eyni zamanda orqan köçürüləcək şəxslərin, donorların və bu sahədə ixtisaslaşan klinikaların, həkimlərin ümumrespublika reyestr sisteminin yaradılmasıdır:
"Tutaq ki, Qazaxda bir qəza hadisəsi baş verib, Bakıda da bir xəstə donor orqan gözləyirsə, dərhal elektron məlumat sistemi vasitəsilə məlumatlar alınır və uyğunluq olarsa, köçürülmə işi təşkil olunur. Burada etika məsələləri də öz əksini tapmalıdır: məsələn, qohum olmayan şəxslər necə donor ola bilərlər? Onlar donor olduqları halda yaradılacaq komissiya müəyyənləşdirməlidir ki, burada orqan alverindən söhbət getmir ki? Qanunda da birmənalı olaraq göstərilib ki, Azərbaycanda orqan donorluğu pulsuz, humanist addım kimi həyata keçirilir və gələcəkdə icbari tibbi sığorta yarandıqda onun hesabına olacaq”.
Musa Quliyev onu da diqqətə çatdırdı ki, orqan donorluğunun və transplantasiyanın reklamı qadağandır, amma maarifləndirmə işinin aparılması məqbul sayılır, hətta müəyyən təşkilatların, o cümlədən səhiyyə təşkilatlarının üzərinə məsuliyyət də qoyur.


Bizə tanınan bu ilahi şansı qaçırmayaq...


Araşdırmadan da göründüyü kimi, hazırda orqan transplantasiyası və meyitdən orqan götürülməsi günümüzün zərurətinə çevrilib. Artıq məsələnin yaxınlarda qanuni müstəvidə də öz həllini tapacağı gözlənilir. Amma bu problemin sadəcə qanunlarla həllinə nail olunması mümkün deyil. Bu humanist addım hər birimizin mənəvi borcuna çevrilməyincə, keçən hər saniyə donor gözləyən bir insanın "ölüm hökmü”nə imza atmış olacağıq. Halbuki bizə İlahi tərəfindən verilən bu şansı qaçırmayaraq, insanlığın yaşamasına qiymətli bir töhfə verə bilərik.
Hər orqan bir can, hər can isə insanlığın yaşaması, var olması anlamını daşıyır...

Yasəmən MUSAYEVA,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video