02 Noyabr 2018 00:58
376
SİYASƏT
A- A+

Dünya Bankı da Azərbaycanın MDB-də liderliyini təsdiqlədi


Yeni hesabata əsasən ölkəmiz 32 pillə irəliləyərək ən çox islahat aparan dövlət statusuna sahiblənib


Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2019” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə sırasında 25-ci yerə yüksəlib.
Ölkəmiz dünyanın bir çox dövlətlərini geridə qoymaqla MDB-də lider mövqeyə yüksəlib. Ümumiyyətlə, son illər ölkəmizdə aparılan islahatlar Azərbaycanın dünyanın ən aparıcı hesabatında mövqeyinin kəskin möhkəmlənməsinə şərait yaradıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı iqtisadi islahatların məntiqi nəticəsi olaraq, Azərbaycan bu gün dünyanın ən islahatçı ölkəsi kimi tanınır.
Elə iqtisadi ekspertlər, deputatlar da bu hesabatı şərh edərkən ölkəmizin bugünkü uğurunun Prezident İlham Əliyevin məqsədyönlü və düşünülmüş siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirirlər.


Göstəricilərini yaxşılaşdıran dünyanın 10 ölkəsindən biri


İqtisadiyyatın sağlam özəl sektor olmadan inkişaf edə bilməyəcəyini söyləyən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişilinin fikrincə, özəl sektor inkişaf etdikcə yeni iş yerləri açılır, ölkə daxilində xərclənən və investisiya qoyula biləcək gəlir formalaşır.
Onun sözlərinə görə, iqtisadi cəhətdən inkişafa diqqət yetirən hər bir ölkədə kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına təsir edə biləcək qanunların qəbul olunmasına, tənzimləmələrin tətbiqinə xüsusi diqqət yetirilir. Səmərəli biznes tənzimləmələri mikro və kiçik sahibkarlara böyümək, innovativ fəaliyyət göstərmək, qeyri-qanuni fəaliyyətdən qanuni fəaliyyətə keçmək üçün imkan və stimul yaradır.
Deputat vurğulayıb ki, Dünya Bankının dərc etdiyi "Doing Business 2019” hesabatı 190 ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı olan qanunverici aktların və onların tətbiq olunmasını obyektiv olaraq qiymətləndiməyə imkan verir: "Hesabat 11 indikator üzrə ölkələri təhlil etsə də, reytinq cədvəlində 10 indikatorun (əmək bazarının tənzimlənməsi indikatoru istisna olmaqla) göstəricilərindən istifadə olunur. "Doing Business 2018” hesabatında 57-ci yerdə qərarlaşan Azərbaycan "Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşıb. Qeyd etmək lazımdır ki, Azərbaycan hesabat indikatorları üzrə göstəricilərini ən çox yaxşılaşdıran dünyanın 10 ölkəsindən biri olub. Bu TOP 10 ölkələr əsasən biznesə başlama, kredit əldə etmək və vergi ödəmək sahələrində 62 islahat həyata keçirib. Bundan əlavə, Azərbaycan hesabatın 10 indikatorundan 8-də islahatlar həyata keçirərək öz mövqeyini yaxşılaşdırıb və islahatların sayına görə dünyada 1-ci olub”.
Bakı İcra Hakimiyyətində tikintiyə icazələrin "bir pəncərə” prinsipi ilə verilməsi, elektrik şəbəkəsinə qoşulmaları azaldan "ASAN Kommunal” mərkəzlərinin açılması, yeni kredit bürosunun yaradılması kimi tədbirlərə toxunan Tahir Mirkişili qeyd edib ki, bütün bunlar ölkəmizin hesabatda mövqeyini xeyli yaxşılaşdırıb: "Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və institutsional islahatlar ölkəmizdə sahibkarlıq mühitini getdikcə daha əlverişli etməkdədir. Dünya Bankının apardığı təhlillərin nəticələri bunu bir daha göstərir. İslahatların dərinləşməsı və əhatəliliyinin artması ölkəmizdə biznes mühitini daha da inkişaf etdirməklə əhalinin rifah halının yaxşılaşmasına imkan yaradacaq”.


Azərbaycan dünyada ən çox islahat aparan ölkə sırasını qoruyub saxlayıb


İqtisadçı ekspert Vüqar Bayramov da Azərbaycanın "Doing Business 2019” hesabatında əldə etdiyi göstəricini yüksək qiymətləndirir.
Hesabatda Qazaxıstanın 28-ci, Rusiyanın 31-ci, Belarusun 37-ci, Ermənistanın 41-ci, Moldovanın 47-ci, Qırğızıstanın 70-ci, Ukraynanın 71-ci, Özbəkistanın 76-cı, qonşu Türkiyənin isə 43-cü yerdə qərarlaşdığını sadalayan Vüqar Bayramov ölkəmizin MDB dövlətləri ilə müqayisədə ən yaxşı göstəriciyə malik olduğunu qeyd edib.
Ekspert əlavə edib ki, Azərbaycan 2017-2018-ci illərdə ən çox islahat aparmış on ölkədən biridir və həmin dövrdə islahatların sayına görə dünyada birinci yerdədir. Sözügedən dövrdə Azərbaycanda 8, hesabatda ikinci yerdə gələn Türkiyədə isə 7 islahat aparılıb. Bununla da Azərbaycan dünyada ən çox islahat aparan ölkə sırasını qoruyub saxlayıb.
Vüqar Bayramovun fikrincə, Bakı Şəhər İcra Hakimiyyətində inşaat üçün icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi və "bir pəncərə” sisteminin tətbiqi Azərbaycanın mövqeyinin güclənməsini şərtləndirən amil sayılır: "Praktik olaraq "bir pəncərə” sisteminin tətbiq edilməsi qısa zamanda icazələrin əldə edilməsinə imkan verir ki, bu da lisenziyaların sayının 80 gün, icazə üçün tələb olunan məbləğin isə 12 min 563 manat və ya təxminən 7 min 500 dollar azalmasına gətirib çıxarıb”.
Digər islahatın "ASAN xidmət” vasitəsilə elektrik enerjisinə çıxış imkanlarının artırılması ilə bağlı olduğunu deyən Vüqar Bayramov vurğulayıb ki, bu da öz növbəsində Azərbaycanın mövqeyinin möhkəmlənməsinə təsir göstərən amillərdən biridir.
İqtisadçının sözlərinə görə, ölkəmizdə daşınmaz əmlakın qeydiyyatı prosesinin asanlaşdırılması, şəffaflığın gücləndirilməsi, kreditə çıxış imkanlarının gücləndirilməsi, xüsusən kredit bürolarının yaradılması, müflisləşmə ilə bağlı prosedurların sadələşdirilməsi və əmək bazarında yeni qaydalar birbaşa Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasına təsir göstərən amillərdir. Bundan başqa, investorların hüquqlarının qorunması ilə bağlı qaydaların təkmilləşdirilməsi, kiçik paya malik olan səhmdarların hüquqlarının qorunması mexanizminin işlənməsi də aparılan islahatlardandır. Həmçinin Azərbaycanın xarici ticarət əməliyyatlarında "Yaşıl dəhliz”in tətbiqi mövqeyimizin möhkəmlənməsinə təsir edir.
Vüqar Bayramov əlavə edib ki, Azərbaycan adı çəkilən hesabatda biznesə başlamağa görə dünyada 9-cu, daşınmaz əmlakın qeydiyyatına görə 17-ci, kreditdə əlçatanlığın təmin edilməsinə görə 22-cidir: "Bu, kifayət qədər ciddi rəqəmdir. Xüsusən, leqal hüquqların qorunması sahəsində ölkəmizin mövqeyinin güclənməsi diqqət çəkən məqamlardandır. Az səhmə malik olan investorların hüquqlarının qorunmasına görə ölkəmiz 2-cidir. Bu göstərici üzrə Azərbaycanın balı 100 ballıq sistemdə 81,67 bal kimi göstərilir. Vergi ödənişlərinə görə 28-ci yerdədir”.

Fərizə ƏHMƏDOVA,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video