02 Noyabr 2018 00:39
515
İQTİSADİYYAT
A- A+

Qabaqcıl pambıqçı fermer həm də nümunəvi hami-tərbiyəçidir


Rauf Cəfərov Neftçala rayonunun Dördlər kəndində doğulub, boya-başa çatıb. 21 yaşı var. 2015-ci ildə qonşu Astanlı kəndindəki tam orta məktəbi bitirərək sənədlərini ali məktəbə verib. Arzusu aqronom olmaq idi. Birinci il Gəncədəki Kənd Təsərrüfatı Akademiyasının Energetika fakültəsinə qəbul olunsa da, qərara gəlir ki, hazırlaşıb ikinci il də imtahan versin. Elə də edir və aqronomluq fakültəsinə daxil olur. Hazırda qiyabi yolla ikinci kursda təhsil alır.
Ot kökü üstə bitər, deyiblər. R.Cəfərov Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Cəfərovun nəticəsidir. Bu qəhrəman haqqındakı şirin söz-söhbətlər dildə-ağızda gəzir. Deyirlər ki, müharibədən sonra A.Cəfərova hörmət əlaməti olaraq kolxoz sədri işləməyi təklif ediblər. Bir neçə gün işlədikdən sonra raykom katibinin yanına gəlib deyir ki, kolxoz sədrliyi onun işi deyil: "Xahiş edirəm, mənə öz peşəm üzrə bir iş verəsiniz”. Bundan sonra o, uzun müddət "Neftçalaneft” NQÇİ-də buldozerçi işləyib.1971-ci ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Neftçalaya gələrkən onu qarşılayanlar arasında A.Cəfərov da olub. Söhbət zamanı Heydər Əliyev A.Cəfərovdan çətinliyi, ehtiyacı barədə soruşanda bildirib ki, buldozeri köhnəlib, mümkünsə, ona təzəsini versinlər. Heydər Əliyev gülümsəyərək: "Mən elə bilirdim ki, sən də başqaları kimi məndən "QAZ-24” və ya Bakıda ev istəyəcəksən” - deyib.
Bunları eşitdikcə düşünürsən ki, belə bir kişinin ocağından çıxan gənc də zəhmətə, torpağa bağlı olmalıdır. Rauf Cəfərov respublikamızda gedən inkişafı, ölkə rəhbəri İlham Əliyevin pambıqçılığa göstərdiyi diqqət və qayğını görüb seçdiyi peşədə yanılmadığını yəqin edib. Digər tərəfdən, 2017-ci ilin nəticələrinə görə, yaşadığı inzibati ərazi nümayəndəliyinin Boyat kənd sakini, təcrübəli pambıqçı Əlihüseyn Hacıyevin 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilməsi ürəyində yeni arzular oyadıb. Ailələrinin 7 hektar pay torpağında pambıq əkmək istədiyini atası Telman Cəfərova bildirib. Telman ani olaraq fikrə gedəndən sonra: "Etirazım yoxdur, seçdiyin işin, peşənin dalınca gedirsən. Amma təcrübəli adamlarla məsləhətləşsək, lap yaxşı olar”, - cavabını verib.
Ertəsi gün ata-bala ərazi inzibati nümayəndəsi Asif Qəfərovun yanına gəliblər. İdarədə görüşüb hal-əhval tutduqdan sonra atası gəlişlərinin məqsədini bildirib. Ərazi nümayəndəsi 21 yaşlı Raufun təşəbbüsünü bəyənib: "Mən özüm də 1982-ci ildə Gəncədəki Kənd Təsərrüfatı Akademiyasının İqtisadiyyat fakültəsini bitirmişəm. Buna baxmayaraq, kəndçi balası, keçmiş briqadir oğlu kimi pambıqdan az-çox başım çıxır. Sizin pay torpaqlarınıza da yaxşı bələdəm, məhsuldar yerlərdir. Amma bir təklifim var. Gəlin bu məsələni Əlihüseyn kişi ilə məsləhətləşək. Bilirsiniz ki, indi nəinki bizim ərazidə, hətta bütün Neftçalada pambığın dilini onun kimi bilən yoxdur. Keçən il Prezident rayonumuza gələrkən onun sahələrində oldu, işini bəyəndi. Qazandığı nailiyyətə görə onu "Əmək” ordeni ilə təltif etdi”.
- Biz də elə onunla görüşmək istəyirik. Yanına gəldik ki, bir yerdə Əlihüseyn kişidən məsləhət alaq.
A.Qəfərov Əlihüseyn kişiyə zəng edəndən sonra maşına oturub fermerin sahəsinə yollandılar. Təcrübəli pambıqçı onları söyüd ağacının kölgəsində qarşılayıb hal-əhval tutandan sonra dedi:
- Asif müəllim, mən Telmanı yaxşı tanıyıram, amma bu cavan oğlanı birinci dəfədir görürəm.
- Rauf Telmanın oğlu, Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Cəfərovun nəticəsidir.
Sonra məsələni təfsilatı ilə ona danışdı.
Əlihüseyn kişi oğlanı başdan-ayağa süzəndən sonra dedi:
- Vətən yolunda canını əsirgəməyən bir kişinin ocağından belə oğullar çıxar.
Ardınca üzünü oğlanın atası Telmana tutub sözünə davam etdi:
- Sən də sağ ol ki, belə bir övlad yetişdirmisən. Mənim də nəvəm Lənkəran Dövlət Universitetində aqronomluq şöbəsində əyani təhsil alır. Sevinirəm ki, işimizi davam etdirəcək belə gənclərimiz var. Mən kömək etməyə hazıram. Nə vaxt, harada istəsən, yaxınlaşıb, bilmədiyini soruşmaqdan çəkinmə. Çünki sən mənim həmkarım, aqronom olacaqsan. Aqronomluq isə şərəfli peşədir və bilavasitə məhsul istehsalı ilə, əməklə məşğul olmaq deməkdir. Bir vaxtlar "Aqronom oğlan” adlı bir mahnı da qoşmuşdular, tez-tez radioda səslənirdi.
Atanın söhbətindən məlum oldu ki, təzə evlənmisən. Sənin üçün qiyabi oxumaq əlverişlidir. Həm ailənin yanında olarsan, həm də işləyib çörək qazanarsan. Gələn ildən pambıq əkmək fikrini də bəyənirəm. Pambığın zamanı təzədən gəlib. Sağ olsun dövlətimiz! Kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafına hər cür diqqət və qayğı göstərilir. Qiymətlər çox münasibdir. Bir kiloqram xam pambığın qiyməti 65 qəpikdir. Bu yaxınlarda qiymətini yenə artırıblar. Bundan əlavə, yekunda hər kiloqram üçün dövlət 10 qəpik subsidiya verir. Üstəgəl mineral gübrələr güzəştli qaydada satılır. Toxum, texnika sarıdan da heç bir çətinlik yoxdur. Yəqin, qiyməti çox baha olan, Amerikadan alınmış pambıqyığan maşınları görmüsən. Şum traktorlarını, toxumsəpən aqreqatları, kultivatorları və digər texnikanı da bu sıraya əlavə etmək olar. Ən mühüm cəhətlərdən biri odur ki, pambıq həm də əməktutumlu sahədir, kənd adamı üçün iş yeridir, ailələrin qazanc yeri, dolanışığıdır. İndiki dövrdə kim narazılıq edirsə, özündən küsməli, papağını qabağına qoyub yaxşı-yaxşı fikirləşməlidir. Bir də məsləhətim odur ki, müəllimlərinin sözünə yaxşı-yaxşı qulaq as, keçdiyin hər bir fənni dərindən öyrənməyə çalış. Onlar sənə hər bir zaman gərək olacaq. Torpaq sirli aləmdir. Onun dilini, xüsusiyyətlərini bilsən, səndən heç vaxt səxavətini əsirgəməyəcək, bol məhsul yetişdirəcək. Nəticədə sənin, ailə üzvlərinin də gün-güzəranı yaxşı keçəcək. Qiyabi oxumağının digər bir yaxşı cəhəti ondadır ki, oxuya-oxuya həm də təcrübə qazanırsan.
"Hami-tərbiyəçi” sözünü eşidəndə, ola bilsin ki, bəziləri keçmişə qayıtmağımızı əsas gətirib, bizi qınayacaq. Əvvəla, dövrdən asılı olmayaraq, yaxşı, mütərəqqi, yəni cəmiyyətin, insanların xeyrinə olanları qoruyub saxlamaq pis deyil. İkincisi, bilmədiyini öyrənməmək, bildiyini öyrətməmək qəbahətdir. Bu mənada yenə də pambıqçılıqda yüksək nəticələr əldə edən (o, bu mövsüm hər hektardan 60,3 sentner məhsul toplayıb) Əlihüseyn Hacıyevin hami-tərbiyəçi olması xeyirxah işdir.

Seyran CAVADOV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video