01 Noyabr 2018 00:41
648
SİYASƏT
A- A+

Parlament milli inkişaf strategiyasının sürətlə reallaşmasına böyük töhfələr verir


V çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdən ötən 3 il ərzində qəbul edilən qanunlar respublikamızın tərəqqisinə, nüfuzunun yüksəlməsinə və dövlət siyasətinin uğurla həyata keçirilməsinə xidmət edib


Bu gün V çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərin 3-cü ili tamam olur. 2015-ci il noyabrın 1-də keçirilən parlament seçkiləri ölkəmizin demokratik inkişafının növbəti nümayişi oldu.
Seçicilər layiq bildikləri namizədləri dəstəkləyərək hazırki parlamentin formalaşmasına səs verdilər. Ötən 3 ilin mənzərəsi Milli Məclisin öz vəzifələrini uğurla həyata keçirdiyini göstərir.
Mövzu ilə bağlı qənaətlərini bölüşən Milli Məclisin deputatları bildirirlər ki, parlament son 3 illik fəaliyyəti ilə Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının uğurla reallaşmasına, Azərbaycanın tərəqqisinə, beynəlxalq imicinin yüksəlməsinə böyük töhfələr verib.


Milli Məclis vəzifələrinin öhdəsindən layiqincə gəlir


Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
texnika elmləri doktoru, professor:
- Bu gün V çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdən 3 il ötür. 2015-ci il noyabrın 1-də keçirilən seçkilər dövlətimizin və xalqımızın demokratiya yolu ilə inamla irəlilədiyini bir daha nümayiş etdirdi. Ona görə də bu mühüm hadisə bütün parametrləri ilə Azərbaycanın siyasi tarixinə demokratik və azad seçkilərdən biri kimi düşdü.
Parlament seçkilərinin nəticələri dünyanın nüfuzlu siyasi dairələri, o cümlədən populyar xarici KİV tərəfindən də yüksək qiymətləndirildi.
Bütün rəylərdə, informasiyalarda seçkilərin olduqca ədalətli və şəffaf keçirildiyi, ölkəmizin demokratik dəyərlər yolu ilə inkişaf etdiyi birmənalı şəkildə öz əksini tapdı.
Ötən 3 il ərzində parlament üzərinə düşən vəzifələri uğurla yerinə yetirməyə müvəffəq olmuşdur. Bu dövrdə Azərbaycanın inkişafına xidmət edən və Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara hüquqi dəstək verən yüzlərlə qanun və qərar qəbul edilmiş, neçə-neçə qanunlara əlavə və dəyişikliklər olunmuş, beynəlxalq müqavilə və konvensiyalar təsdiqlənmiş, bir sözlə, ölkəmizin qanunvericilik bazası daha da təkmilləşdirilmişdir.
V çağırış parlamentin fəaliyyətinin 3-cü ildönümü tamam olan 2018-ci il sona yaxınlaşır. Bu il xalqımızın yaddaşında, ölkəmizin tarixində növbəti uğurlu mərhələ kimi qalacaq. 2018-ci il həm də yubileylər ilidir. Bu il xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin və müxtəlif dövlət qurumlarının yaranmasının 100 illik yubileylərini təntənə ilə qeyd etdi və bu proses hələ davam edir.
Bu ilin başqa bir fərəh doğuran hadisəsi Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin 15-ci ildönümünün tamam olmasıdır. Ulu öndərin siyasi xəttinin davamçısı Prezident İlham Əliyev 2003-cü ildən ötən dövr ərzində ölkəmizi yeni tərəqqi yoluna çıxarmaqla ilk növbədə Heydər Əliyevin arzularını gerçəkləşdirmişdir. Son 15 ildə Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi uğurların miqyası kifayət qədər genişdir. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edib, ümumi daxili məhsul istehsalı real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, qeyri-neft sənayesi 2,2 dəfə artıb. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 13,5 dəfə çoxalıb. 2004-cü ildən 2018-ci ilin oktyabr ayının 1-dək ölkənin strateji valyuta ehtiyatları 28 dəfə artaraq 45 milyard ABŞ dollarını ötüb. Həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq, orta aylıq əməkhaqqı 2003-cü ildəki 77,4 manatdan 528,2 manatadək yüksəlib, yoxsulluq səviyyəsi 5,4 faizədək, işsizlik səviyyəsi 5 faizədək azalıb. Ölkədə 2 milyondan çox yeni iş yeri açılıb. Son 15 ildə 3000-dən çox məktəbdə, 500-dən çox məktəbəqədər təhsil müəssisəsində və 650-yə yaxın səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib.
Bütün bu işlərdə ölkəmizin birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti ən yüksək ehtirama layiqdir. Birinci vitse-prezident təyin olunana qədər Milli Məclisin deputatı olan Mehriban Əliyeva ölkəmizdə parlament mədəniyyətinin inkişafına çox böyük önəm verib, dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak edib. Bir sıra qanunvericilik aktlarının təşəbbüskarı olub. Milli Məclisdəki fəaliyyəti dövründə Mehriban Əliyeva ABŞ, Fransa parlamentlərarası dostluq qruplarının rəhbəri, Türkiyə, Rusiya parlamentlərarası dostluq qruplarının üzvü kimi Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafında böyük işlər görüb, Azərbaycan parlamentini xaricdə layiqincə təmsil edib. O, xalqımızı düşündürən problemləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mümkün olan hər şeyi edib. Milli Məclisin deputatı adını daşımaq Mehriban Əliyevanın özünün dediyi kimi böyük şərəf idi. Bu mənada Mehriban Əliyevanın Milli Məclisdəki fəaliyyəti hər birimiz üçün nümunədir.
Təmsil olunduğum V çağırış Milli Məclis öz fəaliyyətini əsası ulu öndər tərəfindən qoyulmuş prinsiplər əsasında quraraq və ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüsləri dəstəkləyərək Azərbaycanın hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Bu çağırış Azərbaycan Milli Məclisinin intellektual potensialı onun səlahiyyəti dövründə qanun yaradıcılığı fəaliyyətinin hər cəhətdən uğurlu olacağına əminlik yaradır.


Dövlətin daxili və xarici siyasətinin dəstəkçisi


Rafiq MƏMMƏDHƏSƏNOV,
Milli Məclisin deputatı,
tibb elmləri doktoru, professor:
- Bütün zamanlarda ölkədə müstəqilliyin möhkəmləndirilməsində və sürətli inkişafın təmin edilməsində müstəsna rol oynayan Azərbaycan parlamenti demokratik, dünyəvi dövlət quruculuğunun möhkəm hüquqi bazasını yaradıb və təkmilləşdirib. 23 ilə yaxındır ki, Azərbaycan Milli Məclisi qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla həyata keçirir. Ümumiyyətlə, parlament diplomatiyası milli maraqlarımıza xidmət edir.
Konstitusiya ilə səlahiyyətlərinə aid edilmiş məsələləri həll edən Milli Məclisin fəaliyyətinin əsas prinsiplərini aşkarlıq, siyasi plüralizm və çoxpartiyalılıq, məsələlərin sərbəst müzakirə və müstəqil həll olunması təşkil edir. Dövlətin daxili və xarici siyasətini fəal surətdə dəstəkləyən parlamentdə ölkədə uğurla həyata keçirilən siyasi, iqtisadi, hüquqi, sosial islahatların hüquqi mexanizmi daha da təkmilləşdirilir.
Qanunvericilik fəaliyyəti ilə yanaşı, parlament ölkəmizdə və beynəlxalq aləmdə baş verən mühüm siyasi hadisələrə də münasibətini bildirir, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün zəruri tədbirlər görür.
2015-ci il noyabr ayının 1-də keçirilən parlament seçkilərindən 3 il ötür. Bu qısa zamanda görülən işlərə, qazanılan uğurlara görə ali qanunverici orqanın fəaliyyətini yüksək qiymətləndirmək olar.
Öncə vurğulayaq ki, Milli Məclis beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına daim xüsusi diqqət yetirir. Bu məqsədlə parlamentlərarası əməkdaşlığın müxtəlif formalarından istifadə olunur. İndiyədək xarici ölkələrin qanunvericilik orqanları ilə əməkdaşlıq və qarşılıqlı əlaqə haqqında 20-yə qədər saziş bağlanıb. Milli Məclisdə 80-dən çox ölkənin parlamentləri ilə əlaqələr üzrə işçi qrupları yaradılıb. Deputatlarımız iştirak etdikləri bütün beynəlxalq təşkilatların toplantılarında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əllərindən gələni əsirgəməyiblər.
Daxili fəaliyyətə gəldikdə isə deyə bilərik ki, parlament tərəfindən bütün dövlət qurumları ilə sıx əlaqə saxlanılır. Hakimiyyətin müxtəlif qolları arasında iş birliyi ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir. Həmçinin ölkənin ictimai-siyasi həyatına təsir göstərən mühüm qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilir, müxtəlif sahələrin inkişafına dair yeni-yeni qanun layihələri qəbul olunur.
Son illər ölkəmizdə dövlət hakimiyyətinin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq münasibətləri bərqərar olub. Prezident İlham Əliyev Konstitusiyada təsbit edilmiş qanunvericilik təşəbbüsü hüququna əsaslanaraq müasir dünya standartlarına uyğun qanun layihələrinin hazırlanmasını və parlamentə təqdim olunmasını təmin edir. Parlamentin qəbul etdiyi qanun layihələrinin 80 faizindən çoxu dövlət başçısının təşəbbüsü ilə müzakirəyə çıxarılır. Bir sözlə, Milli Məclis Konstitusiyada nəzərdə tutulan nəzarət funksiyasını uğurla həyata keçirir.
Parlamentin üç illik fəaliyyətindən söhbət açarkən əlbəttə ki, ilk növbədə bu müddətdə üzvü olduğum səhiyyə komitəsi tərəfindən müzakirəyə çıxarılan sənədləri və qanunlara edilən mühüm dəyişiklikləri qeyd etmək yerinə düşər. Azərbaycanın tibb sahəsində mühüm yeniliklərə səbəb ola biləcək "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, "Dərman vasitələri haqqında” qanunlara edilən mühüm dəyişikliklər, "Psixoloji yardım haqqında” yeni qanun layihəsi, eləcə də digər sənədləri göstərmək olar.
Bu müddət ərzində yaşanan ən mühüm tarixi hadisə isə sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli iclasın keçirilməsidir. Bu iclasda 44 xarici ölkənin nümayəndə heyəti, 10-a yaxın beynəlxalq təşkilatın və ölkəmizdəki diplomatik korpusların təmsilçiləri iştirak etdi.
Prezident İlham Əliyev milli parlamentimizin bir əsrlik yubileyinə toplaşmış qonaqlar qarşısında çıxış edərək bildirdi ki, Azərbaycan uğurla inkişaf edir və bu yolda Azərbaycan parlamentinin rolu xüsusilə qeyd edilməlidir. Parlament həm ulu öndər Heydər Əliyevin dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, sürətli inkişafını təmin edir, bu inkişafa öz töhfəsini verir. Milli Məclis tərəfindən həyatımızın bütün sahələrini əhatə edən bir çox qanunlar qəbul edilir. Azərbaycanın qanunvericilik bazası ən yüksək meyarlara cavab verir.
Milli Məclis ölkəmizdə çoxpartiyalı sistemin təkmilləşdirilməsində önəmli rol oynayır. Parlamentdə bir çox partiyaların nümayəndələri fəaliyyət göstərir və əlbəttə ki, onların müxtəlif məsələlərə fərqli baxışları var. Cənab Prezidentin söylədiyi kimi milli maraqlarla bağlı məsələlərdə deputatlarımız bir nöqtəyə vurur və vətənpərvərlik göstərərək Azərbaycan dövlətinin maraqlarını beynəlxalq müstəvidə müdafiə edirlər. Parlament diplomatiyası Azərbaycanda diplomatik sahədə önəmli rol oynayır.
Əminliklə söyləyə bilərik ki, Azərbaycan parlamenti bundan sonra da həm ölkə daxilində gedən proseslərin sürətləndirilməsinə, həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə öz müsbət töhfəsini verəcək.


Parlamentin son 3 illik fəaliyyəti çox zəngin olub


Asim MOLLAZADƏ,
Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri:
- Azərbaycan Respublikası V çağırış Milli Məclisinin 3 illik fəaliyyətini yüksək qiymətləndirmək üçün kifayət qədər əsaslarımız var. Öncə onu qeyd etmək istərdim ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də ilk parlamentimizin yaradılmasının 100 illiyi həm ölkəmizdə, həm də azərbaycanlıların yaşadığı xarici ölkələrdə xüsusi tədbirlərlə qeyd olundu. Biz bununla da Azərbaycanın türk-müsəlman Şərqində oynadığı əvəzsiz tarixi rolu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdıq.
Bu gün bizim müstəqil dövlətimiz, milli qanunvericiliyimizin yaradılması, ölkənin qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində çalışan, bunun üçün dünyanın ən təkmil qanunlarına istinad edən parlamentimiz var. Həmişə olduğu kimi, ötən üç il ərzində də Milli Məclis ölkə üçün çox vacib qanunları qəbul edib. Bu sırada dövlət üçün prioritet olan təhsil sahəsinin hüquqi bazasının yaradılması istiqamətində atılan addımları xatırlatmaq istəyirəm.
Son dövrlərə qədər təhsil sistemimiz sadəcə "Təhsil haqqında” çərçivə qanunu əsasında fəaliyyət göstərirdi. Lakin biz bu üç il ərzində "Məktəbəqədər təhsil haqqında”, "Peşə təhsili haqqında” qanunları qəbul etdik. Bu qanunlar olduqca vacib sənədlərdir. Eyni zamanda, son üç ildə "Təhsil haqqında” qanuna 60-dan çox zəruri dəyişikliklər edilib və 2 yeni maddə əlavə olunub. Bundan əlavə son dövrlərdə qəbul edilmiş "Əmək pensiyaları haqqında”, "İşsizlikdən sığorta haqqında” qanunlar da önəmli sənədlərdir.
Prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamından sonra Milli Məclis qanunvericiliyə bu sərəncamdan irəli gələn müvafiq dəyişiklikləri edib. Bu dövrdə Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilib. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllərin dekriminallaşdırılması, məcəlləyə "azadlığın məhdudlaşdırılması” cəzasının əlavə edilməsi və cəza siyasətinin humanistləşdirilməsi istiqamətində digər dəyişikliklərin qəbulu 3 illik fəaliyyətin nəticəsidir.
Bundan əlavə, ölkədə köklü iqtisadi islahatlara təkan verəcək sənədlərin, vergi sistemini tənzimləyən qanunların qəbulu, ölkədə qeyri-neft sektorunun inkişafına hədəflənmiş yol xəritələrinin, enerji layihələrinin şaxələndirilməsinə yönəlmiş normativ aktların, bir sıra digər önəmli sənədlərin ratifikasiyası da mühüm addımlardandır. Bu sırada regionumuz üçün çox vacib olan enerji, nəqliyyat layihələrinin, ölkənin müxtəlif sahələr üzrə infrastrukturunun genişləndirilməsinə, yenidən qurulmasına yönəlmiş sənədləri də qeyd etmək lazımdır.
26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı Milli Məclis qarşısında bir sıra öhdəliklər qoymuşdu. Bu öhdəliklər ölkə qanunvericiliyini yeni Konstitusiyanın tələblərinə uyğunlaşdırmaqdan ibarət idi. Milli Məclis bu öhdəlikləri yerinə yetirərək qanunlara müvafiq dəyişiklikləri həyata keçirməkdədir.
Son üç ildə Azərbaycan parlamentində beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr sahəsində də mühüm irəliləyişlər olub. Milli Məclisdə bir sıra xarici dövlətlərin parlamentləri ilə əlaqələr üzrə işçi qrupları yaradılıb. Bu, deputatların xaricdəki həmkarları ilə müvafiq əlaqələr qurmasına, səmərəli əməkdaşlıq və dostluq münasibətləri saxlamasına imkan verib. Məhz bu isti münasibətlər sayəsində biz bir sıra ölkələrin parlamentlərində Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı Azərbaycanın mənafeyinə uyğun sənədlərin qəbul edilməsinə nail olmuşuq. Xaricdəki həmkarlarımızın dəstəyi ilə Azərbaycan həqiqətlərini onların ölkələrinin ictimaiyyətinə çatdıra bilmişik.
Bu dövr yerli və xarici parlamentarilərin qarşılıqlı səfərləri ilə də yadda qalıb. Eyni zamanda, Milli Məclis çoxsaylı mühüm xarici qonaqları, dünya siyasətində önəmli rol oynayan şəxsiyyətləri, bir sıra dövlət və hökumət başçılarını qəbul edib. Onlarla faydalı fikir mübadiləsi aparılıb.
Bir sözlə, Milli Məclisin son 3 illik fəaliyyəti çox zəngin olub və qarşıdakı 2 il ərzində də bu templə öz işini davam etdirəcəyinə şübhə yoxdur.


Milli Məclis milli maraqlara fədakarlıqla xidmət edir


Zahid ORUC,
Milli Məclisin deputatı:
-1995-ci ildə referendum yolu ilə qəbul olunmuş Konstitusiyaya görə, Azərbaycanda dövlət hakimiyyəti, hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir, qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir.
İndi fəaliyyət göstərən V çağırış Milli Məclis yüksək beynəlxalq standartlara və demokratik şərtlərə uyğun şəkildə 2015-ci il noyabrın 1-də keçirilmiş seçkilər nəticəsində formalaşıb. Bir palatadan ibarət olan 125 nəfərlik parlamentdə 11 siyasi partiya təmsil olunur. Əlbəttə ki, öncə onu deyə bilərik ki, 2015-ci ildən davam edən parlamentin fəaliyyəti dövlətin beynəlxalq və daxili siyasətinin çağırışlarına uyğun qurulub. Müstəqillik dövründən formalaşan qanunvericilik bazası isə özü-özlüyündə bütün sahələri əhatə etməkdədir. Elə bir sektor yoxdur ki, orada hüquqi münasibətləri tənzimləmək üçün gərəkən normativ bazalar hazırlanmamış olsun. Bir sözlə, dövlət hakimiyyət qolu kimi Milli Məclis öz üzərinə düşən vəzifəni uğurla yerinə yetirir. Parlamentin fəaliyyəti açıqlıq və aşkarlıq prinsipləri üzərində qurulub.
2015-ci ildən keçən dövr ərzində Milli Məclis həm ölkənin daxili, həm də xarici siyasətinin uğurlarını əks etdirən çox mühüm sənədlər qəbul edib. Bunların sırasında beynəlxalq sazişlərin ratifikasiya edilməsini, siyasi diplomatik razılaşmaları, əməkdaşlıq protokollarını da göstərmək olar.
Prezident İlham Əliyevin qonşu ölkələr - Rusiya Federasiyası və İran İslam Respublikası, eləcə də Avropa dövlətləri ilə fəal əməkdaşlıq siyasətində Milli Məclis daim dövlət başçısının yanında olub. Bütün bunlar Azərbaycan xalqının milli maraqlarına xidmət edir.
Parlamentin son 3 illik fəaliyyətində qabarıq görünən tendensiyalardan biri də iqtisadi sektorda yaranan müəyyən problemlərlə, xüsusən də maliyyə-bank sektorundakı məlum çətinliklərlə bağlı idi. Yəni manatın devalvasiyası fonunda iqtisadiyyatdakı qeyri-sabitlik, xarici valyutaya tələbatın artması zamanı iki mühüm addım atıldı. Bunlar xaricə valyutanın çıxarılması ilə bağlı tənzimlənmə rejimi və idxalla ixracın ümumi xarakterini nəzərə alan dövlət satınalmaları ilə əlaqədar prosesin müəyyən qədər şəffaflaşması, həmçinin onun dəqiq mexanizmlərinin yaranması idi. Bu, həqiqətən çox önəmli qərarlar hesab olunurdu.
Prezident İlham Əliyevin irəli sürdüyü bu təkliflər Milli Məclis tərəfindən hüquqiləşdirildi və bu gün Azərbaycanın sosial-iqtisadi inkişafı dövlət başçısının nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha təsdiqləyir.
Bütövlükdə götürdükdə Milli Məclis ötən müddət ərzində həm ölkə daxilində, həm də yaşadığımız region və beynəlxalq əlaqələrin inkişafında öz səlahiyyətləri çərçivəsində aktiv rol oynayıb.
Onu da qeyd etməliyik ki, parlamentarizmin dünya miqyasında öz mövqeyi, öz çəkisi var. Avropa Şurası, Avropa Parlamenti, ATƏT, NATO və digər beynəlxalq təşkilatlarla, ölkələrin parlamentləri ilə ikitərəfli münasibətlər, spikerlər səviyyəsində keçirilən görüşlər, beynəlxalq konfranslar, forumlar onu sübut edir ki, Milli Məclis Azərbaycanın dövlət quruculuğunda öz üzərinə düşən vəzifələri layiqincə həyata keçirir.
Azərbaycan parlamentinin bu fəaliyyətini Prezident İlham Əliyev də yüksək qiymətləndirib. Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli iclasda dövlət başçısı Azərbaycanın uğurla inkişafında Milli Məclisin rolunun xüsusilə qeyd edilməli olduğunu bildirərək dedi ki, parlament həm ulu öndər Heydər Əliyevin dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, sürətli inkişafını təmin edir, öz töhfəsini verir.
Bu fikirlər Azərbaycan parlamentinin fəaliyyətinə 2018-ci ildə verilən böyük dəyər idi. Çünki 100 il əvvəlki parlamentin fəaliyyəti, atılan mühüm addımlar və bugünkü Milli Məclisin gördüyü işlər bir daha təsdiq edir ki, həqiqətən bu müddət ərzində böyük bir yol keçmişik. Hesab edirəm ki, Milli Məclisin 6-cı, 7-ci çağırış dönəminin parlamentariləri də bu istiqamətdə mühüm addımlar atacaq və parlament Azərbaycanın gələcək uğurlarına mühüm töhfələrini verəcək.


Parlamentin ötən 3 illik işi məhsuldarlığı ilə əlamətdardır


Fazil MUSTAFA,
Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı:
- V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin fəaliyyətinin ötən 3 ili məhsuldarlığı ilə yaddaşlarda qaldı. Bu müddətdə qanunverici orqanda bir-birindən əhəmiyyətli qanunlar qəbul edildi, cəmiyyət həyatının ən aktual məsələlərinə dair ciddi müzakirələr aparıldı, xeyli maraqlı təkliflər gündəmə gətirildi. Xüsusilə, 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər layihəsinin Milli Məclisdə müzakirəsi və yeni müddəaların təsbit olunaraq referenduma çıxarılması ölkənin ictimai-siyasi həyatında fərqli bir canlanma yaratmış oldu. Prezidentlik müddətinin beş ildən yeddi ilə qaldırılması, vitse-prezidentlik institutunun təsis olunması, insan hüquqlarının genişləndirilməsi istiqamətindəki yeniliklərin nəzərdə tutulması və Milli Məclisin səlahiyyətlərinə aid məsələlərin gündəmə gətirilməsi son üç ilin bəlkə də ən məhsuldar qanunvericilik fəaliyyəti dövrü sayıla bilər. Bu dəyişikliklərdən sonra Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması, Azərbaycan Respublikasının prezident seçkilərində Milli Məclisin üzvü olan bir neçə şəxsin namizəd olaraq seçki marafonunda iştirak etməsi ən diqqətçəkən məqamlar olaraq xatırlana bilər.
Bu ilin aprel ayının 11-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin andiçmə mərasimini məhz Milli Məclisdə keçirməsi və vəzifəsinin icrasına başlaması ən ciddi tarixi hadisələrdən biri sayıla bilər. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100 illiyi tədbirinin bu ilin sentyabr ayının 21-də Milli Məclisdə çoxsaylı xarici qonaqların iştirakı ilə keçirilməsi də yaddaşlarda qalan möhtəşəm bir tədbir oldu. Son 3 ildə Milli Məclisin qanunvericilik fəaliyyəti cəmiyyət həyatında yeni qanunların qəbul olunması baxımından da məhsuldar oldu. "Ələt azad iqtisadi zonası haqqında”, "Vəkillər və vəkillik fəaliyyəti haqqında”, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, "Uşaqların zərərli informasiyadan qorunması haqqında” və sair qanunlar böyük ictimai müzakirələrdən keçərək qəbul olunmuş və cəmiyyətimizin həyatına yeni tənzimləyici normativ müddəaları daxil etmişdir. Fikrimcə, V çağırış Milli Məclisin fəaliyyəti öncəki çağırışlarla müqayisədə daha təkmilləşmiş və peşəkar məzmunda olmuşdur.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video