30 Oktyabr 2018 15:03
352
İQTİSADİYYAT
A- A+

Mərkəzi Bank uçot dərəcəsini azaldıb


Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot dərəcəsinin aşağı salınması haqqında qərarı şərh edib


Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti oktyabrın 30-da uçot dərəcəsinin 10 faizdən 9.75 faizə endirilməsi haqqında qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri isə uçot dərəcəsinə ±2 faizlik dəhlizdə (yuxarı hədd 11.75 faiz, aşağı hədd 7.75 faiz) müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov oktyabrın 30-da keçirdiyi mətbuat konfransında İdarə Heyətinin qərarını şərh edib.
Qeyd edilib ki, İdarə Heyətinin son toplantısından keçən dövr ərzində inflyasiya azalmaqda davam edib. Doqquz aylıq orta illik inflyasiya (2.6 faiz) Mərkəzi Bankın cari ilə hədəf dəhlizindən (6-8 faiz) aşağıda formalaşıb. İnflyasiyanın həm xarici, həm də daxili risk amillərinin yumşalması fonunda Mərkəzi Bank cari ilə inflyasiyanın 3-4 faiz ətrafında olacağını proqnozlaşdırır.
Uçot dərəcəsinin gələcəkdə dəyişdirilməsi proqnozlaşdırılan inflyasiyanın elan olunan hədəf intervalına uyğunluğundan asılı olacaq.

İnflyasiya prosesləri

Son 3 ayda orta illik inflyasiyada azalma meyilinin davam etdiyini deyən Mərkəzi Bankın sədri bildirib ki, bu ilin 9 ayında orta illik inflyasiya 2.6 faiz təşkil edib, üçüncü rüb ərzində ritmik templə azalıb.
İnflyasiyanın xarici və daxili amillərində əhəmiyyətli dəyişiklik baş verməyib. Nəqliyyat tariflərinin yüksəlməsi hesabına xidmətlərin bahalaşmasının bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin aşağı düşməsi və bütövlükdə monetar amillərin təsiri ilə neytrallaşdırılması inflyasiyanın azalma meyilini müəyyən edib.

İnflyasiya üzrə gözləntilər və proqnozlar

"Biznes sektorunun inflyasiya gözləntiləri ticarət və xidmət sektorunda qiymət artımı gözləntilərinin azalması hesabına aşağı düşür. İstehlak qiymətlərinin cari dinamikası ev təsərrüfatlarının da inflyasiya gözləntilərinin stabilləşməsini şərtləndirir. Son makroiqtisadi proqnozlar 2018-ci ilin sonuna 3-4 faiz səviyyəsində qərarlaşacağını göstərir", - deyə Elman Rüstəmov diqqətə çatdırıb.

Xarici şərait

Beynəlxalq konyunkturun son 3 ayda da Azərbaycan üçün əlverişli olaraq qaldığını qeyd edən Mərkəzi Bankın sədri deyib: "Ümumilikdə 9 ayda neftin orta qiyməti ötən ilin eyni dövrünə nəzərən 38 faizə yaxın artıb. Bu şəraitdə tədiyə balansının profisiti artmaqda davam edir. 2018-ci ilin 9 ayında xarici ticarət balansında ÜDM-in təxminən 19 faizi səviyyəsində müsbət saldo yaranıb. Qeyri-neft ixracı ötən ilin eyni dövrünə nəzərən 13 faiz artıb".
E.Rüstəmov vurğulayıb ki, xarici maliyyələşmə şərtlərinin dəyişməsi ilə kapital çıxışı və geosiyasi gərginliklər fonunda ticarət tərəfdaşı olan bəzi ölkələrdə milli valyutaların kəskin ucuzlaşması Azərbaycanın xarici ticarət balansına əhəmiyyətli təsir göstərməyib. Bu ölkələrdə mərkəzi banklar tərəfindən qəbul edilmiş pul siyasəti qərarları, o cümlədən faiz dərəcələrinin yüksəldilməsi maliyyə bazarlarını stabilləşdirib.
Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində daxili valyuta bazarında tarazlıq qorunub və ölkənin strateji valyuta ehtiyatları 45 milyard ABŞ dollarına çatıb.
Proqnozlara görə xarici mühitdə pozitiv meyillərin 2018-ci ilin qalan dövründə də davam edəcəyi gözlənilir.

İqtisadi aktivlik

Mətbuat konfransında diqqətə çatdırılıb ki, iqtisadi artım ardıcıl 4-cü rübdür ki, pozitiv zonada olsa da potensialdan aşağıdır. 2018-ci ilin yanvar-sentyabr aylarında iqtisadi artım 0.8 faiz olub, o cümlədən qeyri-neft sektorunda 1.1 faizlik artım baş verib. İqtisadi artım qeyri-neft sənayesində 10.7 faiz, kənd təsərrüfatında 4.3 faiz təşkil edib.
Mərkəzi Bankın apardığı sorğular əsasında hesablanan biznes inam indeksi tikinti istisna olmaqla bütün sahələrdə iqtisadi aktivliyin nisbətən yüksəldiyini göstərir.
İqtisadi artım həm xarici, həm də daxili tələblə dəstəklənir.
Aşağı inflyasiya şəraitində əhalinin real gəlirlərinin artımı və istehlak kreditləşməsinin bərpası istehlakın artımı ilə müşayiət olunur. İstehlakçı inam indeksi ardıcıl olaraq 4-cü rübdür ki, pozitiv zonadadır.
Xarici tələbin həm neft, həm də qeyri-neft ixrac komponentlərinin iqtisadi artımı stimullaşdırması fonunda ümumi investisiya aktivliyinin azalması iqtisadi artıma mənfi təsir göstərir.

İnflyasiya riskləri

Qısamüddətli dövrdə inflyasiya riskləri balansında azaldıcı və sabitləşdirici amillərin üstünlük təşkil etdiyini deyən Elman Rüstəmov deyib: "Bu amillərə əlverişli neft qiyməti, tədiyə balansının profisiti və kifayətlik normalarını üstələyən valyuta ehtiyatları aiddir. Qeyd olunanlar valyuta bazarındakı mövcud tarazlığı dəstəkləyir. Lakin daxili inflyasiyanın ticarət tərəfdaşı ölkələrində yüksək məzənnə və qiymət volatilliyinə, habelə dünya ərzaq qiymətlərinin dəyişkənliyinə həssaslığı qalır. Ortamüddətli dövrə makroiqtisadi sabitlik və dayanıqlıq optimal monetar və konservativ fiskal siyasət əsasında formalaşdırılan makroiqtisadi çərçivədən, maliyyə sektorunda olan problemlərin bu çərçivə daxilində tənzimlənməsindən asılı olacaq".

Monetar şərait

Mərkəzi Bankın sədri bildirib ki, faiz dəhlizinin yeni parametrləri aşağı inflyasiya şəraitində milli valyutada yığımların cəlbediciliyini saxlamaqla digər amillərin də təsirinin neytrallaşdırılması ilə kredit faizlərinə azaldıcı təsir edən siqnal olacaq.
Monetar şəraitin bundan sonrakı normallaşması proqnozlaşdırılan inflyasiyanın hədəf intervalına uyğunluğundan asılı olacaq.
Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin dekabr ayının sonunda müzakirə ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video