Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:17 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dəyişikliklər qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir
Dəyişikliklər qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir
ANA SƏHİFƏ / PARLAMENT
14:48 30.10.2018

Oktyabrın 30-da Milli Məclisin plenar iclası keçirildi. İclasa sədrlik edən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov 5 məsələnin gündəlikdən çıxarıldığını bildirdi.


Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq dairələrin münasibəti dəyişməlidir


Gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl deputatlar cari məsələlərlə bağlı fikirlərini bildirərək müxtəlif təkliflərlə çıxış etdilər. Deputat Fazil Mustafa Stalin repressiyasının qurbanı olan şəxslərə məxsus məzarların tapılması ilə bağlı informasiyalara münasibət bildirdi. Qeyd etdi ki, bu məlumatlar ciddi araşdırılmalıdır. Deputat Sahil bağında, keçmiş "26-lar” abidəsinin yerində repressiya qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq abidə ucaldılmasını təklif etdi.
Deputat Zahid Oruc çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların birbaşa iki ölkə rəhbərliyi arasında aparılmasının doğru olduğunu söylədi. Bildirdi ki, ötən əsrin 90-cı illərində münaqişənin həllində beynəlxalq aləmin dəstəyini qazanmaq üçün ATƏT-in Minsk qrupu təşkil edildi. Ancaq indi münaqişənin həllinin qrupda iştirak edən tərəflərin mənafeyindən asılı hala düşdüyü bəlli olub. Zahid Oruc dedi ki, beynəlxalq dairələrin bu məsələyə qarışmış əllərini bir qədər neytrallaşdırmaq lazımdır ki, danışıqlar aparmaq mümkün olsun.
Deputat Fəzail Ağamalı Türkiyədə "Star” neft emalı zavodunun açılışı ilə bağlı qənaətlərini bölüşərək dedi ki, bu layihə bir daha Azərbaycan və Türkiyə qardaşlığının ifadəsi kimi tarixə düşdü. Bu zavod Türkiyəyə və Azərbaycana ciddi iqtisadi və maliyyə dividendləri gətirəcək, iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayacaq.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda (üçüncü oxunuş) dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında məlumat verdi. Bildirdi ki, təklif edilən dəyişikliklər normativ hüquqi aktların səmərəliliyinin artırılması, vaxt itkisinə yol verilməməsi və çevikliyin təmin edilməsi məqsədi ilə təklif edilir. Layihə qəbul edildi.
"Diplomatik xidmətə verilən töhfəyə görə” medalın təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” və "Təhsil haqqında” qanunlarda, Mülki Prosessual Məcəllədə dəyişikliklər edilməsi haqqında qanun layihələri də üçüncü oxunuşda səsə qoyularaq qəbul edildi.
Deputatlar Vergi Məcəlləsində, Gömrük Məcəlləsində, Mülki Məcəllədə və "Banklar haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihələrə üçüncü oxunuşda müsbət münasibət bildirdilər.


İpoteka sahəsində şəffaflıq artırılır


İclasda "İpoteka haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi də üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Komitə sədri Əli Hüseynli bildirdi ki, qanun layihəsi bu sahədə məmur-vətəndaş təmasının minimum səviyyəyə çatdırılması, şəffaflığın artırılması, sağlam və təhlükəsiz elektron informasiya mübadiləsinin təmin edilməsi məqsədilə hazırlanıb. Layihə təsdiq olundu.
İclasda həmçinin "Lotereyalar haqqında” qanunda dəyişikliklər edilməsi barədə (üçüncü oxunuş) layihə də səsə qoyularaq təsdiqləndi. Dəyişikliklər lotereyaların, o cümlədən elektron lotereyaların təşkili və keçirilməsinə nəzarət mexanizmlərinin, bu sahədə hüquqi bazanın daha da təkmilləşdirilməsini, lotereyalar təşkilatçısının təsisçisinə dair tələblərin, lotereyalarda iştirak edən şəxslərin yaş məhdudiyyətinə dair müddəaların qanuna daxil edilməsini, elektron lotereyaların dövlət qeydiyyatına alınmış elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.
"Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” (üçüncü oxunuş), "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (üçüncü oxunuş) qanun layihələri barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, hər iki məcəllədə sanksiyalar sərtləşdirilir. Qanun layihələri səsə qoyularaq təsdiqləndi.
Gündəlikdəki altı sənəd - "İnzibati icraat haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) , "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişikliklər edilməsi barədə (üçüncü oxunuş) , "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə (üçüncü oxunuş) , "Pasportlar haqqında” qanunda dəyişikliklər edilməsi barədə (üçüncü oxunuş), "Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” (üçüncü oxunuş), "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (üçüncü oxunuş) qanun layihələri də səsə qoyularaq qəbul edildi.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə "Bələdiyyələrin statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi haqqında məlumat verərək bildirdi ki, dəyişikliyə əsasən, qəbiristanlıqların salınması və idarə olunması üçün müəyyən edilmiş qaydaları pozanlar Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Qanun layihəsi qəbul olundu.
"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) də səsə qoyularaq qəbul edildi.


Uşaqların zərərli informasiyadan qorunması qanunla tənzimlənəcək


Daha sonra "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi (üçüncü oxunuş) müzakirəyə təqdim edildi. Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirdi ki, bu qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq, uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edəcək və bu sahədə yaranan münasibətləri tənzimləyəcək. Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edildi. Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Gündəlikdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emomali Rahmonun birgə bəyanatının təsdiq edilməsi haqqında qanun layihəsi də səsə qoyularaq təsdiqləndi.
"Dövlət sirri haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə haqqında Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verdi. Dedi ki, dəyişikliklərə əsasən. dövlət sirrinin mühafizəsi ilə bağlı dövlət orqanlarının siyahısı genişləndirilir. Qanun layihəsi təsdiq olundu.
Daha sonra "Avtomobil yolları haqqında”, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda , Mülki Prosessual Məcəllədə və Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi barədə, "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında”, "Prokurorluq orqanlarında qulluqkeçmə haqqında”, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Gündəliyə daxil olan Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi səsə qoyularaq qəbul edildi
İclasda "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə ikinci oxunuşda müzakirəyə çıxarıldı. İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qanun layihəsi barədə fikir bildirərək qeyd etdi ki, ölkəmizdə vəkillər və vəkillik fəaliyyəti ilə bağlı güclü qanuni baza mövcuddur. Siyavuş Novruzov bildirdi ki, mütəmadi olaraq qanunvericilikdə edilən dəyişikliklərlə bağlı vəkillər məlumatlandırılmalıdır. Əksəriyyəti qanunda nələrin dəyişdiyindən xəbərsizdir. Qanun layihəsi qəbul olundu
Milli Məclisin günün birinci yarısında keçirilən iclasında Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, "Dövlət rüsumu haqqında”, "Baytarlıq haqqında”, "Fitosanitar nəzarəti haqqında” və "Yeyinti məhsulları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda qəbul edildi.


Aviasiya təhlükəsizliyi daha da gücləndirilir


Günün ikinci yarısında müzakirələri davam etdirən Milli Məclis bir sıra mühüm sənədlərə əlavə və dəyişiklikləri qəbul etdi.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Aviasiya haqqında”qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) məlumat verərək bildirdi ki, sənədə "Azərbaycan Respublikasının ərazisinə enəcək və ölkə ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların alınması” məzmununda 43-1-ci maddə əlavə edilməsi təklif olunur. Sənəd aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hazırlanıb və daşıyıcılar üçün Azərbaycan ərazisinə enəcək, ölkə ərazisini tərk edəcək hava gəmilərinin sərnişin, eləcə də ekipaj üzvləri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək öhdəliyi müəyyən edir. Sənəd səsə qoyularaq qəbul edildi.
"Dövlət borcu haqqında” qanunda dəyişikliklə bağlı qanun layihəsi (birinci oxunuş) barədə də Ziyad Səmədzadə məlumat verdi. Bildirdi ki, bu sənəd "Kredit büroları haqqında” qanunun tətbiqi ilə əlaqədar hazırlanıb. Dəyişikliyə əsasən, dövlət zəmanəti ilə borc almaq üçün müraciət edən borcalandan "mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış” əvəzinə, "Kredit bürosundan kredit hesabatı” adlı sənəd tələb olunacaq. Deputatlar dəyişikliyə müsbət münasibət bildirdilər.


Ölkəyə ekstradisiya edilən təqsirləndirilən şəxs çəkilən xərcləri də ödəyəcək


"Cinayət Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi.
Bildirdi ki, hazırda Azərbaycan ərazisindən kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana ekstradisiyası ilə əlaqədar çəkilmiş xərclər bu günə qədər dövlətin hesabına həyata keçirilir. Qanun layihəsinə edilən dəyişiklik bu xərclərin təqsirləndirilən şəxsdən tutulmasını nəzərdə tutur. Dəyişiklik səsə qoyularaq qəbul edildi.


Milli Məclis hansı hallarda buraxıla bilər


İclasda Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri də (hər üçü birinci oxunuş) müzakirəyə çıxarıldı.
Komitə sədri Əli Hüseynli hər üç sənədə nəzərdə tutulan dəyişiklikləri şərh etdi. İlk sənədə edilən dəyişikliklərdə Milli Məclisin buraxılması, deputatlıqdan məhrumetmə, komitələrin fəaliyyəti, qanun layihələrinin hazırlanması və müzakirələri, oxunuşları, həmçinin digər vacib məsələlər öz əksini tapıb.
Milli Məclisin buraxılması ilə bağlı Daxili Nizamnaməyə yeni 23-2 maddəsi (Milli Məclisin buraxılması) əlavə olunur. Maddəyə görə Milli Məclis bu hallarda buraxıla bilər: Azərbaycan Konstitusiyasının 98-ci maddəsinin I hissəsinə uyğun olaraq, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bank İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, bu, Daxili Nizamnamənin 26-cı maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Konstitusiyasının 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddədə göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə ölkə Prezidenti Milli Məclisi buraxır.


İntizam Komissiyasının səlahiyyətləri genişləndirilir


Milli Məclisin Daxili Nizamnaməsinin 23-cü maddəsinə edilən dəyişiklikdə isə deputat səlahiyyətlərinin itirilməsi məsələsi əksini tapır. Dəyişikliklərə görə, Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin birinci bəndinin 4-cü, 6-cı və 7-ci yarımbəndlərində göstərilən əsaslar olduqda Milli Məclisin Sədri həmin deputat haqqında məsələni parlamentin İntizam Komissiyasına göndərir. İntizam Komissiyası bu məsələyə mandatından məhrum edilməsi nəzərdə tutulan deputatın iştirakı ilə iki həftə müddətində baxıb müvafiq rəy qəbul edərək Milli Məclisin Sədrinə təqdim edir. Pozuntu halları rəydə öz əksini tapdıqda, Milli Məclisin Sədri həmin deputatın mandatdan məhrum edilməsi ilə bağlı İntizam Komissiyasının rəyini Mərkəzi Seçki Komissiyasına göndərir.
Milli Məclisin deputatı parlamentin iclasında mandatdan imtina etdikdə və həmin imtina iclasın stenoqramına daxil edildikdə, deputat bu imtinasını geri götürə bilməz. Bu halda Milli Məclisin Sədri həmin deputatın mandatdan imtina etdiyi iclasın stenoqramını və ya stenoqramdan çıxarışı Mərkəzi Seçki Komissiyasına göndərir.
"Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanuna isə yeni 10.3-cü maddə təklif edilir. Təklif olunan maddəyə görə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və güzəştlər təklif olunduğu hallarda deputat onlardan imtina etməlidir.Yəni, bu dəyişikliklər deputatlara hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər yaradır.
Qanunun 10-cu (Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər) maddəsinə əlavə edilən 10.1-1 bəndinə əsasən, deputat xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı fiziki və hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz.
Bütün bunlar deputata ondan asılı olmayan səbəbdən verilərsə, o, bu barədə Milli Məclisin İntizam Komissiyasına məlumat verməlidir.


Yeni dəyişikliklər deputatların əleyhinə yönəlməyib


Müzakirələr zamanı çıxış edən deputatlar Qüdrət Həsənquliyev, Musa Quliyev, Fazil Mustafa, Aqil Abbas, Zahid Oruc, Rasim Musabəyov və Aydın Hüseynov əsasən İntizam Komissiyasının rəyi ilə deputat mandatının ləğv edilməsi məsələsinə diqqət çəkdilər. Bildirildi ki, bu, deputatların xeyirinə hazırlanan dəyişikliklər deyil. Çünki İntizam Komissiyanın qərarı ilə xalqın seçdiyi deputatın mandatından məhrum edilməsi düzgün hal deyil.
İclası aparan Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov deputatların bu narahatçılıqlarını görüb məsələyə öz münasibətini bildirdi. Dedi ki, bu qanun layihələrinə edilən dəyişikliklər heç bir halda deputatların əleyhinə yönəlməyib. Bunun səbəbləri ikinci oxunuşda bəlli olacaq.
Bundan sonra hər üç sənəd ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edildi.


"Psixoloji yardım haqqında” qanun layihəsi ilk oxunuşda təsdiq edildi


İclasda "Psixoloji yardım haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sənədlə bağlı məlumat verərərk bildirdi ki, respublikamızda əhaliyə göstərilən psixoloji yardımın sistemləşdirilməsi, qanuni əsaslarının yaradılması, psixoloji yardımın kim tərəfindən göstərilə bilməsi, psixoloji yardım göstərən və yardım alan şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və s. sahədə münasibətlərin tənzimlənməsi zərurəti bu qanun layihəsinin hazırlanmasının vacibliyini sosial sifariş kimi ortaya qoyub.
Yeni qanun layihəsi 6 fəsil 22 maddədən ibarətdir. Layihdə ümumi müddəalar, psixoloji yardımın növləri və formaları, bu sahədə dövlət siyasəti, psixoloji yardım iştirakçılarının hüquq və vəzifələri öz əksini tapıb.
Komitə sədri dedi ki, Milli Məclis Sədri Oqtay Əsədovun göstərişinə əsasən qanun layihəsinin hazırlanması ilə bağlı 2015-ci ildə işçi qrupu yaradılıb. İşçi qrupu qanun layihəsi hazırlayarkən bir çox ölkələrin bu istiqamətdə qəbul etdikləri sənədləri nəzərdən keçirib.
Müzakirələr zamanı deputatlardan Qüdrət Həsənquliyev, Tahir Rzayev, Nizami Cəfərov, İlham Məmmədov, Zahid Oruc, Ülviyyə Həmzəyeva, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli çıxış edərək bildirdilər ki, bu gün dünyada minlərlə insan psixi xəstəlikdən əziyyət çəkir. Ona görə də bu qanun layihəsi günün sifarişidir. Sənədin hazırlanmasında çox mühüm işlər görülüb və beynəlxalq təcrübə nəzərdən keçirilib. Bu da mükəmməl bir sənədin ortaya çıxması ilə nəticələnib. Qeyd edildi ki, bu sənədin qəbulu bəzi yalançı psixoloqların, falçıların "bazarını” bağlayacaq.
Deputatlar həmçinin sənədə əlavə və təkliflərini səsləndirdilər və qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi. Bununla da Milli Məclisin plenar iclası başa çatdı.

Fərizə ƏHMƏDOVA,
Rəşad BAXŞƏLİYEV,
Fərman BAĞIROV (foto),
"Azərbaycan”

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM