30 Oktyabr 2018 12:25
1562
Qəbullar
A- A+

Prezident İlham Əliyev İsveçrənin dövlət katibini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi Mauro Dell’Ambrogionu qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın yeni sahələri əhatə etməsindən məmnunluğunu bildirərək qeyd etdi ki, əgər əvvəllər iqtisadi əlaqələr enerji, investisiya, tikinti materialları sahələrində inkişaf edirdisə, hazırda tərəflər əməkdaşlıq istiqamətlərinin şaxələndirilməsində maraqlıdırlar.

İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammanın ölkəmizə builki səfərinin uğurla keçdiyini vurğulayan Prezident İlham Əliyev Mauro Dell’Ambrogionun Azərbaycana bu səfərinin də əlaqələrimizin inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi. Təhsil, innovasiya istiqamətlərinin ölkəmiz üçün prioritet təşkil etdiyini deyən Prezident İlham Əliyev bu baxımdan dünən Şəki şəhərində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 15-ci mərkəzinin açılışında iştirak etməsini məmnunluqla qeyd etdi.

İsveçrənin texnologiyalar sahəsində çox yaxşı təcrübə qazandığını vurğulayan Prezident İlham Əliyev bu sahədə də əlaqələrimizin inkişafı üçün yaxşı imkanların olduğunu dedi.
İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi Mauro Dell’Ambrogio ölkəmizdə keçirdiyi görüşlər barədə dövlətimizin başçısına məlumat verərək Təhsil Nazirliyində ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığa dair Saziş imzaladıqlarını və ADA Universitetində olduqlarını məmnunluqla qeyd etdi. O, bu səfəri çərçivəsində Azərbaycan-Fransız Universitetində (UFAZ) mühazirəsi zamanı da elm və təhsil sahələrinin inkişafının və bu sahədə əməkdaşlığın önəmi barədə danışdığını dedi. Turizm sahəsində əməkdaşlığa toxunan Mauro Dell’Ambrogio İsveçrə Turizm Təşkilatı ilə Azərbaycan Turizm Agentliyi arasında imzalanan Sazişin mühüm əhəmiyyət daşıdığını vurğuladı, bu sahədə əməkdaşlığın genişləndirilməsində ölkələrimiz arasında birbaşa aviareyslərin açılmasının önəmini qeyd etdi.
Görüşdə iqtisadiyyat, turizm, təhsil, o cümlədən peşə təhsili sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıldı.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video