30 Oktyabr 2018 01:05
1258
SİYASƏT
A- A+

Azərbaycanı tanıdan platforma


İlham Əliyevin təşəbbüsü ilə yaranan Bakı Beynəlxalq Humanitar Forumu ölkəmizin təbliğində mühüm rol oynayır


Dinamik inkişaf edərək regionun lider dövləti statusunu təmin edən Azərbaycan siyasi, iqtisadi, idman, sosial və sair tədbirlərin keçirildiyi məkan kimi tanınır. Təbii, bütün bunlar respublikamızın beynəlxalq səviyyədə artan nüfuzundan və imicindən xəbər verir. Azərbaycan bu gün həm də mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə bir mərkəz kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Xüsusilə ölkəmizin humanitar əməkdaşlığın gündəliyini müəyyənləşdirən təşəbbüslər irəli sürməklə və bu istiqamətdə genişformatlı tədbirlər keçirməklə multikulturalizmə böyük önəm verən məkana çevrilməsi dünyanın qəbul etdiyi reallıqdır.


Nüfuzlu beynəlxalq tədbirə çevrilən forum


Bu gün qloballaşan və dəyişən dünya nizamında sivilizasiyalar arasında münasibətlərin yeni formaları yaranır, dəyərlər sisteminin arxitekturasında dəyişikliklər baş verir, fərqli düşüncə mədəniyyəti formalaşır. Bütün bu amillər humanist məsələlərin müzakirəsi istiqamətində də yeni platformanı formalaşdırmaq zərurətini yaradır. Bu zərurəti nəzərə alan Azərbaycan humanitar əməkdaşlığın gündəliyini müəyyənləşdirən təşəbbüslərlə çıxış edir. Bu baxımdan 2011-ci il oktyabrın 10-11-də Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin təşəbbüsü və himayəsi ilə "XXI əsr: ümidlər və çağırışlar” devizi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu ölkəmizin humanitar dialoqda əsasını qoyduğu mühüm beynəlxalq platformadır. Bu tədbirin təşkil edilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumunda qəbul olunmuşdu. Humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərin müzakirəsi üçün nüfuzlu bir platforma kimi nəzərdə tutulmuş Bakı Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.
İndiyədək altıncı dəfə Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Sonuncu forum oktyabrın 25-26-da "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirildi. 90-dan artıq ölkənin və 24 beynəlxalq təşkilatın təmsilçilərinin iştirak etdiyi forumda bu mövzu ətrafında kifayət qədər maraqlı plenar sessiyalar və işçi sessiyalar təşkil olundu.
Forumun mövzusu məhz ölkəmizin iqtisadi inkişafının insan kapitalına çevirmə modelini və strategiyasını həm milli, həm beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı verdi.
VI Bakı Beynəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdıracaq kreativ ideyaları və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxladı. Forumda, həmçinin insanların dövrümüzün ən mühüm çağırışlarını qarşılamaq bacarıqlarına dərin inamı, humanizm və bəşəri məsuliyyətin zəruriliyi məsələsi önə çəkildi. Bütün bu təşəbbüslər insanların həyatını xilas edən, iztirabları yüngülləşdirən, kəskin və gərgin dəyişikliklər dövründə insan ləyaqətini qoruyan, habelə antropogen böhranlar və fəlakətlərə bənzər situasiyaların önlənməsini təmin edən humanizm aktlarıdır. Forum bu addımları humanizmin bütün dünya üçün vacib əhəmiyyət kəsb edən təməl prinsipləri çərçivəsində - neytrallıq, müstəqillik və obyektivlik şərtləri altında nəzərdən keçirdi.


Azərbaycan humanitar əməkdaşlığa xidmət edən çox önəmli ölkədir


Humanitar mövzulu forumların keçirilməsi üçün də Azərbaycanın seçilməsi təsadüfi deyil. Çünki qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün həqiqətən də əvəzsiz məkandır. Xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya dinamik inkişafın nəticəsi olaraq Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və onun artan nüfuzunun şahidinə çevrilir. Elə bu amillər də humanitar dialoqa mühüm töhfə verən ölkə statusunu daha da möhkəmləndirir və bu mövzuda dünyanı düşündürən məsələlərin müzakirə edildiyi beynəlxalq tədbirlərin məhz ölkəmizdə keçirilməsini şərtləndirir.
Prezident İlham Əliyev VI Forumun açılışında etdiyi çıxışda bu məsələyə toxunaraq deyib: "Humanitar məsələlərin müzakirəsi çox önəmlidir. Çünki biz müasir dünyada bu sahədə həm nailiyyətləri, həm də problemləri görürük. Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələrdən biridir. Ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu xüsusilə qeyd etmək istərdim. Bu, çox önəmli beynəlxalq tədbirdir. Eyni zamanda, Bakıda dünya dinləri liderlərinin Zirvə görüşü keçirilmişdir. Dörd dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Altıncı dəfə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi onu göstərir ki, doğrudan da Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilmişdir”.
Bakı Forumu göstərdi ki, ölkəmiz artıq öz əhəmiyyətinə görə lokal və regional münaqişələrin müzakirəsi çərçivəsindən çıxaraq bütün dünyada gedən proseslərə münasibət bildirən, qlobal problemlərin həlli yollarının müzakirəsinə yol açan bir mərkəzə çevrilib. Ən əsası, bu forum Azərbaycan həqiqətlərinin təbliğində və ölkəmizə yeni dostlar qazandırmaqda əhəmiyyətli rola malikdir. Bu mənada reallıq ondan ibarətdir ki, Bakı Beynəlxalq Humanitar Forumunun nümunəsində ölkəmizi tanıtmaq, onun həqiqətlərini dünyaya çatdırmaq üçün çox əlverişli bir platforma yaradılıb.
Forum iştirakçıları tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib, ölkəmizin multikultural dəyərlərin inkişafı və təbliği işinə töhfəsini xüsusi vurğulayıblar. Eyni zamanda, Azərbaycanın ildən-ilə sürətlə inkişaf etdiyini qeyd edən qonaqlar belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin nümayəndələrinin iştirakını ölkəmizin regionda və dünyada getdikcə artan nüfuzuna bariz nümunə olduğunu qeyd ediblər.
VI Bakı Beynəlxalq Humanitar Forumu artıq tarixə qovuşdu. Bu forum qaldırılan məsələlərin aktuallığına və əhəmiyyətinə görə fərqlənir. Getdikcə daha da qloballaşan dünyada belə tədbirlərin keçirilməsi təbiidir və buna ehtiyac gündən-günə artır. Bu mənada forum başa çatsa da, onun insanlara çatdırmaq istədiyi qayə və amal get-gedə daha böyük miqyas alacaq, millətlərə və xalqlara, ölkələrə və dövlətlərə qloballaşan dünyada bir-birinə kömək durmaq, yardımçı olmaq işində öz əvəzsiz rolunu oynayacaq, bəşərin ümidlərinə, arzularına dəstək verəcək.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video