30 Oktyabr 2018 00:58
443
İQTİSADİYYAT
A- A+

Balakəndə növbəti dəfə keçirilən beynəlxalq xurma festivalı yaddaşlara iz saldı


Balakənə payız başqa yaraşıq verir. Bu fəsil şəxsi təsərrüfatlarda, həyətlərdə, yol kənarlarında olan ağacların üzərinə sanki sarı xalı sərib. Sözsüz ki, Balakəndə olan və bu yerlərin nemətlərindən xəbəri olanlar söhbətin nədən, hansı meyvədən getdiyini bilirlər. Bəli, xurmanı nəzərdə tuturuq. Əsrlərdən bəri xurma balakənlilərin gəlir mənbəyi, çörək ağacı olub və əslində, bu gün də belədir.

2015-ci ilin elə bu vaxtları idi. Rayonda "Məhsul bayramı” keçirilirdi. Hər kəsin çöhrəsindən təbəssüm süzülürdü. İnsanlar ilin əvvəlindən çəkdikləri əziyyətin bəhrəsini gördüklərinə və bunun el birliyi ilə bayram edilməsinə sevinir, şənlənirdilər. Əvvəldən tədbirin Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında keçirilməsi planlaşdırılmışdı. Lakin payız bu dəfə də şıltaqlığından qalmadı. Güclü leysan səbəbindən bayram mədəniyyət sarayında keçirildi.

Xurma Balakəndə ən çox istehsal olunan meyvələrdən biridir. Balakən xurması dadına, növlərinin sayına, keyfiyyətinə görə həmişə fərqlənib. Hazırda rayonda 812 hektar xurma bağı var. 2017-ci ildə bağlardan 14,5 min ton xurma toplanıb. Cari ildə bu rəqəmin 15 min tona çatdırılması proqnozlaşdırılır.

Onu da qeyd edək ki, keçən ildən etibarən Balakəndə beynəlxalq xurma festivalı da keçirilir. İkinci belə tədbir isə oktyabrın 27-28-də keçirildi. Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda keçirilən festivalda "Xurmanın əhəmiyyəti və ölkə iqtisadiyyatında rolu” mövzusunda konfrans da təşkil olunmuşdu. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə reallaşan tədbirdə Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları və digər qonaqlar iştirak edirdilər.

Festivala dəvət olunan qonaqlar əvvəlcə ulu öndərin parkda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirdilər. Sonra qonaqlar "Balxurma” MMC-nin Katex kəndində yerləşən meyvə və giləmeyvələrin quru və yarımquru emalı müəssisəsində istehsal prosesi ilə tanış oldular. 2017-ci ildə fəaliyyətə başlayan bu müəssisə avtomatlaşdırılmış texniki avadanlıqla təchiz edilən, nəzdində yuyulma, soyutma və qablaşdırma sexləri olan, müasir standartlara cavab verən istehsal sahəsidir. Xammalı sakinlərin şəxsi bağlarından yığılan müəssisədə gigiyenik və ekoloji cəhətdən təmiz məhsul istehsal edilir. Xurma qablaşdırılaraq daxili bazara, həmçinin MDB, Avropa və ərəb ölkələrinə göndərilir. Müəssisənin fəaliyyətə başlaması yerli əhalinin xurma ağaclarının əkininə marağını da xeyli artırıb.

Müəssisə ilə tanışlıqdan sonra qonaqlar festivalın keçirildiyi mədəniyyət və istirahət parkının ərazisində xurma ağacları əkdilər. Sonra tədbirin rəsmi açılış mərasimi oldu. Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev açılışda çıxış edərək festival iştirakçılarını bayram münasibətilə təbrik etdi. O, ölkəmizdə qeyri-neft sektorunun inkişafının təmin edilməsinin və bu sahəyə investisiya qoyuluşunun Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq bildirdi ki, son illər Balakən rayonunda kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı, torpaqlardan səmərəli istifadə, əhalinin məşğulluğunun təminatı istiqamətində mühüm tədbirlər həyata keçirilir. "Hazırda rayonda kənd təsərrüfatının bütün sahələrində, o cümlədən meyvəçilikdə dinamik inkişaf var. Sahibkarlar və təsərrüfatçılar üçün yaradılan əlverişli şərait sayəsində rayonda meyvə bağlarının sahəsi genişlənir. Balakənin mövcud iqlim, təbiəti, torpağı burada meyvəçiliyin inkişafı üçün hər cür imkan yaradır”, - deyən RİH başçısı qeyd etdi ki, bu gün ölkəmizdə qeyri-neft məhsulları ixracının artırılmasında meyvəçilik mühüm rol oynayır: "Azərbaycandan xarici bazarlara ixrac olunan məhsullar sırasında xurma xüsusi yer tutur. Xurma istehsalı Balakən rayonunun kənd təsərrüfatında ənənəvi sahələrdən sayılır. Təsadüfi deyil ki, Balakəndə bu gün ən çox istehsal olunan və bol məhsul verən meyvəçilik sahələrindən biri xurmaçılıqdır”.

Açılışdan sonra festival iştirakçıları bayramsayağı bəzədilmiş parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgisinə baxdılar. Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, arıçılıq, ət, süd, tərəvəz məhsulları, "Azəryem Sənaye” MMC-nin, Konserv Zavodunun istehsal etdiyi müxtəlif çeşiddə məhsullar festival iştirakçılarının böyük marağına səbəb oldu.

Qonaqlar yundarayan, ipəyirən, xalçatoxuyan xanımların əl işləri ilə də tanış oldular, Balakən mətbəxinin nümunələrindən daddılar. Folklor kollektivlərinin çıxışı, pəhləvanların məharəti, əyləncəli yarışlar festivalın ab-havasına xüsusi rəng qatdı. Tədbir iştirakçıları Balakən mətbəxi üçün xarakterik olan süd çörəyinin - maxaranın bişirilməsi prosesini də izlədilər.

II beynəlxalq xurma festivalı mədəniyyət və istirahət parkının ərazisindəki meydanda konsert proqramı ilə yekunlaşdı.

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video