27 Oktyabr 2018 12:52
501
İQTİSADİYYAT
A- A+

İqtisadiyyat Nazirliyində Beynəlxalq Humanitar Forumun iştirakçıları ilə görüşlər keçirilib


İqtisadiyyat naziri Şahin Mustafayev VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın prezidenti, Meksika Deputatlar Palatasının üzvü xanım Qabriela Baron ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Şahin Mustafayev Azərbaycan-Meksika əlaqələrinın qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını qeyd edib. Diqqətə çatdırıb ki, 2008-si ildə Azərbaycanın Meksikada, 2014-cü ildə isə Meksikanın ölkəmizdə səfirlikləri açılıb. Hər iki ölkənin parlamentlərində qarşılıqlı əməkdaşlıq üzrə parlamentlərarası işçi qrupları fəaliyyət göstərir. 2012-ci ildə Meksika Senatının qərarı ilə Meksika Xocalı soyqırımını tanıyıb. Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi imkanlarından danışan Şahin Mustafayev iqtisadi əməkdaşlığın genişləndirilıməsi üçün möhkəm müqavilə-hüquq bazanın yaradılması istiqamətdə işlər aparıldığını qeyd edib, Azərbaycan və Meksika arasında sənaye, ticarət, investisiya, turizm, humanitar sahələrində əməkdaşlığın inkişafı üçün potensialı diqqətə çatdırıb. Meksika şirkətləri, həmçinin Azərbaycanda yaradılmış sənaye parklarında və sənaye məhəllələrində, aqroparklarda iştirak edə, birgə müəssisələr yarada bilərlər. Azərbaycan və Meksika iş adamları arasında, xüsusilə kiçik və orta sahibkarlıq sahəsində əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımından sərgilərin, biznes forumların, yarmarkaların keçirilməsinin, ticarət evlərinin yaradılmasının önəmini qeyd edən iqtisadiyyat naziri Meksika şirkətlərini Azərbaycanda həyata keçirilən investisiya layihələrində fəal iştiraka dəvət edib.

Parlamentlərarası İttifaqın prezidenti, Meksika Deputatlar Palatasının üzvü xanım Qabriela Baron Meksika və Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün mövcud potensialdan istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini vurğulayıb, Azərbaycana ticarət missiyasının təşkil olunmasını təklif edib.

Görüşdə Azərbaycan və Meksika arasında iqtisadi əlaqələr, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

x x x

Sloveniya Milli Şurasının sədri Aloyz Kovşkanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşdə nazir Şahin Mustafayev 2009-cu ildə ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalandığını qeyd edib, əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin mühüm əhəmiyyətini vurğulayıb. Bildirilib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə indiyədək 12 sənəd imzalanıb. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Sloveniya Respublikasının İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında memoranduma əsasən Azərbaycan-Sloveniya Birgə İşçi Qrupu yaradılıb. Nazir Şahin Mustafayev 2014-cü ilin dekabrında Sloveniya Parlamenti Milli Şurası tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edən sənədin və 2016-cı ilin yanvar ayında Xocalı soyqırımı ilə bağlı sənədin qəbul edildiyini vurğulayıb və Sloveniya tərəfinə minnətdarlıq edib. Azərbaycan və Sloveniya arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, rabitə, xidmət, ticarət və s. sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir. Azərbaycanda 10 Sloveniya şirkəti fəaliyyət göstərir.

Ölkələrimiz arasında energetika, sənaye, kənd təsərrüfatı, əczaçılıq, turizm, humanitar və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. Vurğulanıb ki, Sloveniya şirkətləri Azərbaycanda yaradılan sənaye parklarına və aqroparklara investisiya yatıra, Azərbaycanın tranzit imkanlarından yararlana bilərlər. Bununla yanaşı, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin imkanlarından istifadə oluna bilər. Nazir Şahin Mustafayev Sloveniya nümayəndə heyətinin Azərbaycana səfərinin də əlaqələrin inkişafına müsbət töhfə verəcəyinə əminliyini bildirib. Sloveniya Milli Şurasının sədri Aloyz Kovşka ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb, Sloveniya şirkətlərinin Azərbaycanda qeyri-neft sektorunun müxtəlif sahələrində fəaliyyət göstərməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə iqtisadi əməkdaşlığın genişdirilməsi istiqamətləri, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

x x x

BMT Baş katibinin Yaxın Şərq və Mərkəzi Asiya regionları ilə humanitar tərəfdaşlıqlar üzrə müavini Rəşid Xalikovla görüşdə iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizin BMT ilə əlaqələrinin yüksək səviyyədə olduğunu, Azərbaycanın BMT-nin bir çox təşəbbüs və proqramlarına qoşulduğunu, BMT-nin bir sıra proqram və ixtisaslaşmış qurumları ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirildiyini qeyd edib, Minilliyin İnkişaf Məqsədlərinə, həmçinin Davamlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülən işləri diqqətə çatdırıb. Ölkəmizin BMT-nin fəal üzvlərindən olduğunu vurğulayan Rəşid Xalikov Azərbaycanın qısa müddətdə iqtisadi və sosial sahələrdə böyük uğurlar qazandığını, Azərbaycanın beynəlxalq miqyasda humanitar yardım göstərən ölkəyə çevrildiyini qeyd edib.

Rəşid Xalikov Azərbaycanın davamlı inkişafının humanitar sahədə mövqelərinin daha da möhkəmlənməsinə etibarlı zəmin yaratdığını, VI Bakı Beynəlxalq Humanitar Forumunun əlaqələrin genişlənməsində əhəmiyyətli platforma olduğunu vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video