27 Oktyabr 2018 01:40
358
SİYASƏT
A- A+

Ölkəmiz dünyaya örnək göstərir


İlham Əliyevlə Vladimir Putinin 8 il öncə irəli sürdükləri təşəbbüs ölkəmizi beynəlxalq humanitar əməkdaşlıq və dialoq mərkəzinə çevirib


90-dan çox ölkədən, 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndəni "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusu ətrafında bir araya gətirən VI Bakı Beynəlxalq Humanitar Forumu başa çatdı. Ümumilikdə 2 gün ərzində müxtəlif sessiya və panellərdə 150-dən çox məruzə dinlənildi.
Gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalara və onların həyata keçirilməsi yollarının axtarılmasına həsr olunan forumda humanitar əməkdaşlıq üçün çox önəmli məsələlər müzakirə olundu. Yekunda isə Bakı Bəyannaməsi qəbul edildi.


Dünyanın siyasi, elmi elitasının nümayəndələrini bir araya toplayan forum


2010-cu ildən etibarən Prezident İlham Əliyevin və Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinin təşəbbüsü ilə keçirilən forum bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını, dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayır.
Forum təşkilatçılarının və iştirakçılarının, təbiət, sosial və humanitar elmlərin, o cümlədən dünya mədəni elitasının nümayəndələrinin qarşıya qoyduqları iddialı məsələ gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədi ilə yeni humanitar proqramın formalaşdırılmasıdır. Keçirilən forumlarda sosial və humanitar fəaliyyətin bütün sahələrində çalışan mütəxəssislər bir araya gələrək bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını araşdırırlar. Forumun konsepsiyasında BMT-nin Baş katibinin tərəfdaşlığa, vətəndaş cəmiyyətinin həmrəyliyinə, milli hökumətlər və beynəlxalq təşkilatların əməkdaşlığına çağırışı əsas yer tutur.
Bütün bunlar əlbəttə ki, Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə gerçəkləşən foruma marağı getdikcə daha da artırır. Artıq Bakı Beynəlxalq Humanitar Forumu qısa müddət ərzində dünyada çox önəmli beynəlxalq tədbirə çevrilib.


Böhranların həlli üçün səylər birləşdirilməlidir


Forumda bu qədər ölkənin nümayəndələrinin toplaşması və onun sivilizasiya, mədəniyyətlərarası, millətlərarası, dinlərarası münasibətlərin inkişafına dair dünya miqyasında dialoqun tərəqqisi üçün ən əhəmiyyətli məkanlardan birinə çevrilməsi, əlbəttə ki, Azərbaycan Prezidentinin xidmətidir.
Eyni zamanda, bu forum dünyadakı humanitar böhranların həllində aktorları birləşdirmək istiqamətində irəli sürülmüş mühüm təşəbbüsdür. Azərbaycan Prezidenti İlham Əliyev də forumda son illər dünyada baş verən problemli məsələlərə toxunaraq çoxsaylı münaqişələrin gündən-günə artdığını vurğulayıb.
2018-ci ildə 134 milyon insan qlobal səviyyədə humanitar yardıma ehtiyac duyur. BMT və onun tərəfdaşları böhrana məruz qalmış insanların təxirəsalınmaz həyati tələblərini dəstəkləmək üçün 25,3 milyard dollar ayrılmasını xahiş ediblər. Münaqişələr humanitar ehtiyacların ən böyük səbəbi olaraq qalır. Əlavə olaraq, qaçqınların sayı artır və onlar daha uzun müddətdə öz doğma ölkələrindən uzaqda qalırlar.
Məhz bu səbəbdən də bütün aktorlar, tərəfdaşlar durmadan artan humanitar böhranların həlli üçün səylərini birləşdirməlidirlər. Çünki bu cür münaqişələr fəlakətlə nəticələnir, bütün bəşəriyyət üçün böyük təhlükə törədir.


Avrasiyanın əməkdaşlıq məkanı


Cəmi 27 ildir ki, müstəqil dövlət kimi yaşayan Azərbaycanın belə bir mötəbər toplantıya evsahibliyi etməsi, sözün əsl mənasında, böyük uğurdur. Bununla yanaşı, ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya Dinləri Liderlərinin Zirvə görüşü, Mədəniyyətlərarası Dialoq Forumu da var. Bu forum və görüşlərin keçirilməsi onu göstərir ki, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilib.
Onu da xatırladaq ki, bu il Azərbaycan "Bakı Prosesi”nin 10 illiyini qeyd edir. Forumda çıxış edən Prezident İlham Əliyevin də söylədiyi kimi, "Bakı Prosesi” beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir, o cümlədən BMT bu prosesə çox yüksək qiymət verir. Azərbaycan dövlətinin təşəbbüsü ilə 10 il bundan əvvəl Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət edildi. Beləliklə, ilk dəfə olaraq 100-dən çox ölkənin nümayəndələri - müsəlman aləmini və Avropanı təmsil edən vəzifəli şəxslər bir araya gələrək humanitar məsələləri, mədəniyyət əlaqələrini, dinlərarası münasibətləri müzakirə etdilər. Ondan bir il sonra bu format təkrarlandı, Bakıda İslam Əməkdaşlıq Təşkilatının xətti ilə keçirilmiş tədbirə Azərbaycan dövləti Avropa nümayəndələrini dəvət etdi.
Həm İslam Əməkdaşlıq Təşkilatına, həm Avropa Şurasına üzv olan dövlət kimi Azərbaycan bu imkanlarından yararlanaraq sivilizasiyalararası dialoqa öz töhfəsini verməyə çalışır. Çünki bu gün həm müsəlman aləmində, həm Avropada multikulturalizmlə, islam həmrəyliyi ilə bağlı gedən proseslər müəyyən mənada narahatlıq doğurur. Ona görə Bakı Beynəlxalq Humanitar Forumunun ənənəvi olaraq keçirilməsi göstərir ki, belə tədbirlərə dünyada çox böyük ehtiyac var.
Forumda çıxış edən qonaqlar da bunu bir daha təsdiqləyərək Azərbaycanın toplantıya yüksək səviyyədə evsahibliyi etdiyini də söyləyiblər. Azərbaycanın qlobal səviyyədə humanitar yardım göstərən nəzakətli addımlarını alqışlayan BMT Baş katibinin müavini Rəşid Xalikov bildirib ki, Azərbaycan BMT-nin müxtəlif qurumları vasitəsilə qlobal səviyyədə humanitar yardımı milyonlarla dollar səviyyəsində artırıb.
ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri forumun keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirərək qeyd edib ki, dövlət başçısı ölkəyə uzaqgörənliklə, müdrikliklə rəhbərlik edir, sülh və təhlükəsizliyi bütün dünyada təşviq edir. Forumun uğurlu olması isə onu göstərir ki, Azərbaycan problemlərə, ərazi bütövlüyü ilə bağlı çətinliklərə baxmayaraq, irəliyə doğru gedir, inkişaf edir və bütün dünyaya örnək göstərir.


Milli-mənəvi dəyərlər üzərində qurulan ölkə


Forumda Azərbaycanın son 15 ildə bütün sahələrdə qazandığı uğurlardan söz açan İlham Əliyev ölkəmizin Cənubi Qafqaz regionundakı rolu, həyata keçirdiyi transmilli layihələr və ən nəhayət, yürüdülən tam müstəqil siyasətlə dünya birliyinin etibarlı tərəfdaşına çevrildiyini söylədi.
Prezident forumda ilk dəfə iştirak edən qonaqların diqqətinə çatdırdı ki, Azərbaycan həm də tolerantlıq və multikulturalizm məkanıdır. Əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri ölkəmizdə bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayıblar və bu siyasət bu gün də davam etdirilir. Odllar yurdu müxtəlif dinlərin nümayəndələri üçün doğma diyar, doğma məkandır.
Ənənəvi dinlərin məbədlərinin - katolik, pravoslav kilsələrinin, sinaqoqların bərpası və tikintisi Azərbaycanda reallıqdır. Bu reallıq ölkəmizdə çox gözəl ictimai iqlim yaradır. Müasir Azərbaycan dövləti çox dərin milli-mənəvi dəyərlər üzərində qurulub. Eyni zamanda, Azərbaycan dünyaya açıq bir dövlətdir və onun multikulturalizmin ünvanlarından birinə çevrilməsi, bu şərəfli statusu dünya birliyi tərəfindən tanınır.


Bəşəriyyətin rifahına xidmət edən humanitar təşəbbüs


Bakıda keçirilən 2 günlük forumda müzakirə olunan məsələlərə gəlincə, birinci gündə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi mövzusunda müzakirələr aparılıb. Dayanıqlı İnkşafa dair Bakı Konfransı keçirilib. Bununla yanaşı, 1-ci plenar sessiyada "Təhsil və elm insan kapitalının inkişafı kontekstində”, 2-ci sessiyada "İnnovasiyalar yaradıcı iqtisadiyyatın yeni mənbəyi kimi”, işçi sessiyada isə "Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi” mövzuları ətrafında geniş müzakirələr olub.
Forumun ikinci günündə "Gələcəyimizə sərmayə: davamlı və inklüziv inkişafa doğru” mövzusu ilə bağlı ADA Universitetində Azərbaycanda təhsil alan məzunların ilk görüşü keçirilib.
İşçi sessiyada "Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid”, 3-cü plenar sessiyada isə "Bakı Prosesi - İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri” mövzusunda mühüm müzakirələr, dialoqlar olub.
Ümumiyyətlə, VI Bakı Beynəlxalq Humanitar Forumu dünyada yüksək qiymətləndirilən və bəşəriyyətin rifahına xidmət edən humanitar təşəbbüsdür. Forumda 90-dan çox ölkənin nümayəndələrinin iştirakı isə o deməkdir ki, müzakirə edilən bütün mövzular və Azərbaycan həqiqətləri həmin ölkələrə çatdırılacaq.
Bir sözlə, dünya üçün böyük əhəmiyyət daşıyan və altıncı dəfədir keçirilən forumda humanitar sahə üzrə müxtəlif əhəmiyyətli mövzular müzakirə edilib. Mütəxəssislər hesab edirlər ki, dünyanı yalnız humanizm qoruya və xilas edə bilər. Bakı forumu isə problemlərin həllinin, inkişafın yollarının müzakirə edilməsi üçün mühüm platformadır.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video