27 Oktyabr 2018 01:39
1075
İQTİSADİYYAT
A- A+

Azərbaycan sosial infrastruktur cəhətdən inkişaf etmiş ölkələrdən geri qalmır


Məlum olduğu kimi, dünya ölkələri iqtisadi inkişaf göstəricilərinə görə üç kateqoriyaya bölünür - inkişaf etmiş, inkişaf edən və geridə qalan ölkələr. Ölkələrin bu cür kateqoriyalara bölünməsi bir sıra faktorlarla ölçülür. Əsas faktorlardan biri kimi isə infrastrukturun inkişafı nəzərdə tutulur. Yəni, inkişaf etmiş və inkişaf edən kateqoriyaya daxil olmaq üçün ölkənin bütün, yaxud əksər sahələr üzrə mükəmməl infrastrukturun olması vacibdir.
Bu baxımdan Azərbaycan daxil olduğu inkişaf edən ölkələr sırasında daha irəli gedib. Uğurla icra edilən infrastruktur layihələri nəticəsində ölkəmiz bu gün beynəlxalq tranzit ölkəsi kimi tanınır. Xüsusilə, Asiyadan Avropaya və şimaldan cənuba gedən tranzit xətlərin Azərbaycandan keçməsi ölkəmizə tranzit qovşağı kimi əlavə üstünlük verir. Qətiyyətlə deyə bilərik ki, yaxın gələcəkdə tranzit imkanlarımızın daha da genişlənməsi hesabına Azərbaycan bu sahədə dünyanın vacib ölkəsinə çevriləcək.
Ölkəmizdə ardıcıl olaraq həyata keçirilən infrastruktur siyasəti özünün mahiyyətinə görə həm iqtisadi, həm də sosial xarakter daşıyır, yəni, infrastruktur layihələri əsasən bu iki istiqamətdə paralel olaraq reallaşdırılır. Çünki iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihələri ölkəmizin inkişafı üçün nə qədər önəmlidirsə, sosial layihələr də əhalinin rifah halının yaxşılaşması üçün bir o qədər əhəmiyyətlidir.
Prezident İlham Əliyev oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində ölkədə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətini qeyd edərək demişdir: "Biz son illərdə görülən işlərin əyani nəticələrini görürük. Çünki həm keçən il, həm də bu il 100 min hektar torpağa su gətirilib. Bu, dərhal özünü iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında göstərir.
Mənə verilən məlumata görə, bu il 101 min hektar torpağa suyun verilməsi təmin edilib. Bunun 53 min hektarı Araz çayının yeni qolunun çəkilişi nəticəsində mümkün olacaq”.
Dövlət başçısının bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasət sayəsində son illər ölkəmizdə mühüm işlər görülüb. Bu illər ərzində 4 min kilometrə yaxın yeni suvarma kanalları, 2700 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələri çəkilib. Həmin dövrdə Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarlarının istifadəyə verilməsi nəticəsində 390 min hektar ərazinin su təchizatı, eləcə də 261 min hektar sahənin meliorasiya vəziyyəti yaxşılaşıb, 150 min hektara yaxın su dəyməyən torpaqlar əkin dövriyyəsinə daxil edilib.
Bu gün ölkəmizdə elektrik enerjisi ilə bağlı həyata keçirilən infrastruktur layihələri də uğurla icra olunur. Təkcə son illər minlərlə kilometr elektrik xətləri təmir edilib, yenidən qurulub və ya yeniləri çəkilib, əlavə transformatorlar quraşdırılıb, yarımstansiyalar tikilib. Bunun sayəsində elektrik verilişində əvvəl mövcud olan problemlər əsasən aradan qaldırılıb.
Lakin bu sahədə hələ görülməli işlər də var və onların həlli üçün təxirəsalınmaz tədbirlər görülür. Həmin sırada cari ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulan "Şimal-2” elektrik stansiyasını göstərmək olar. Bu stansiyanın istismara verilməsi ölkəmizə əlavə 400 meqavat enerji istehsal etməyə imkan yaradacaq. Həmçinin cari və gələn il dövlət tərəfindən elektrik enerjisi təsərrüfatına əlavə vəsait ayrılacaq. Məqsəd həm enerjinin generasiya gücünü artırmaq, həm də ötürücü xətləri, yarımstansiyaları tam dayanıqlı vəziyyətə gətirməkdir. Çünki illər öncə tikilmiş stansiyalar bu gün tam gücü ilə işləmədiklərindən onların gücünü artırmaq üçün yenidən qurulmasına, müasir avadanlıqlarla təchiz edilməsinə ehtiyac var. Bu işlər başa çatdıqdan sonra ölkəmizin enerji təminatı və ixrac imkanları xeyli artacaq.
Yol abadlıq və rahatlıqla yanaşı, həm də iqtisadi və sosial mahiyyət daşıyır. Təsadüfi deyil ki, dünyada ölkələrin inkişaf səviyyəsinə qiymət verilərkən bu amilə xüsusi diqqət yetirilir. Həm də bu səbəbdən Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində yol tikintisinə xüsusi fikir verilir. Təkcə bu il 1200 kilometr yol çəkilib və daha 800 kilometr yolun çəkilməsi gözlənilir. Cari ildə 600 kəndin yolları abadlaşdırılaraq həmin kəndlərdə yaşayan əhalinin gediş-gəlişi asanlaşıb. Eyni zamanda, bölgələrə, xüsusilə dağ və dağətəyi ərazilərə çəkilən abad yollar turizmin inkişafına təkan verib.
Ən mühüm sosial infrastruktur layihələrdən biri də qazlaşmadır. Bu sahədə həyata keçirilən layihələr sosial-iqtisadi mahiyyəti ilə bərabər, ölkənin ekologiyasının, meşə və torpaq örtüyünün qorunmasında önəmli rol oynayır. Onu da qeyd edək ki, ölkənin qazlaşdırılması prosesi xüsusən son dövrlər daha sürətlə aparılır. Bunun nəticəsində qazlaşmanın səviyyəsi 94 faizə çatıb. İlin sonuna isə həmin göstəricinin 95 faizə çatdırılması nəzərdə tutulub.
Sosial layihələrin içərisində əhatə dairəsinə görə təhsil və səhiyyə sahələri önəmli rol oynayır. Danılmaz faktdır ki, son dövrlər ölkədə yüzlərlə yeni məktəb binası tikilib, ucqar dağ kəndlərində məktəblərin səviyyəsinin müasir tələblərə cavab verməsi üçün modul tipli məktəblərin inşasına başlanıb. Yeri gəlmişkən qeyd edək ki, modul məktəb binaları məkana görə yığcam şəkildə yığılmaq və yerində quraşdırılmaqla təhsil sahəsinin tələbatının çevik ödənilməsinə geniş imkanlar açır.
Bu gün səhiyyə sahəsində həyata keçirilən tədbirlər sayəsində bölgələrimizdə hətta ən çətin əməliyyatları keçirmək mümkündür. Artıq nəinki hər regionda, hətta demək olar hər rayonda müasir şəraiti olan tibb ocaqları var. Eyni zamanda, müasir avadanlıqlarla təchiz olunan diaqnostika mərkəzləri də regionlarımızda yaşayan əhaliyə xidmət edir. İndi bir çox kəndlərimizdə müasir ambulator məntəqələri də fəaliyyət göstərir.

Rüstəm KAMAL,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video