27 Oktyabr 2018 01:27
992
Təhsil
A- A+

Hərəkətli təlimlə maraqlı tədris


"Sağlam təhsil” siniflərində şagird masaları həm oturaraq, həm də ayaq üstə çalışmaq imkanı verir


Sağlamlıq şəxsiyyətin hərtərəfli formalaşmasının təməlini təşkil edir. Məktəblilərin sağlamlığının qorunması da çox vacib prosesdir. Onların sağlıq durumunun yaxşılaşdırılması yalnız təhsil mühitinin deyil, bütövlükdə cəmiyyətin sağlamlaşdırılması üçün seçilən ən perspektivli formadır.


Bakının 15 məktəbində 21 "Sağlam təhsil” məktəbə hazırlıq qrupu var


2013-2014-cü tədris ilində 2500 məktəbli ilkin tibbi monitorinqlərə cəlb edildi. Məlum oldu ki, ibtidai siniflərdə şagirdlərin 29 faizinin, məktəbi bitirənlərin 45 faizinin görmə problemləri olduğunu, yuxarı sinif şagirdlərinin 41 faizinin məktəbi qamət problemləri ilə başa vurduğunu göstərdi. Əldə olunan nəticələrə əsasən, 2014-2015-ci dərs ilindən etibarən ölkəmizdə "Sağlam Təhsil-Sağlam Millət” layihəsi həyata keçirilməyə başlanıldı.
Bu dərs ilində layihə məktəbə hazırlıq mərhələsində də fəaliyyətə başlayıb. Hazırda Bakı şəhəri üzrə 15 məktəbdə 21 "Sağlam təhsil” məktəbə hazırlıq qrupu təşkil edilib. Bakı şəhəri 26 saylı tam orta məktəb də bu siyahıdadır.
Təhsil Nazirliyi tərəfindən təşkil olunan mediaturun məqsədi də adı çəkilən məktəbdə yeni yaradılmış "Sağlam təhsil” məktəbə hazırlıq qrupları ilə tanışlıq idi.


Orta məktəbdə yeni layihə


Məktəbə daxil olarkən bizi ilk qarşılayan məktəbin pedaqoji heyəti oldu. Məktəbin direktor əvəzi Yaqut Məmmədova bildirdi ki, hazırda məktəbdə ibtidai sinif təhsil pilləsi üzrə 11 "Sağlam təhsil” sinifləri fəaliyyət göstərir.
Məktəbdə layihə üzrə həyata keçirilən tədbirlərdən danışan Y.Məmmədova dedi ki, layihənin tətbiq olunduğu I-IV siniflərdə 228, 9 məktəbə hazırlıq qruplarında ümumilikdə 178 şagird təhsil alır. Onların 72-si bu ildən yaradılmış "Sağlam təhsil” qruplarındadır. Məktəbə hazırlıq qruplarının 7-də Azərbaycan dilində, 2-də isə rus dilində tədris aparılır. "Sağlam təhsil - sağlam millət” layihəsi isə ancaq Azərbaycan bölməsində tətbiq olunub.
Layihənin məktəbə hazırlıq qruplarının tətbiqində əsas məqsəd beş yaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların fiziki inkişafıdır, təlim və təhsili prosesinin təşkilidir. Sağlam təhsil elementlərinin məktəbə hazırlıq dövründən başlayaraq tətbiqi uşaqlarda məktəbə müsbət emosional münasibətin möhkəmləndirilməsinə və inkişafına kömək göstərəcək, məktəb təliminə hazırlıqla bağlı psixoloji dayanıqlığı artıracaq.
Bu siniflərdə fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik birmənalı gözlənilir. Uşaqlarda riyazi və məntiqi təfəkkür yüksək səviyyədə inkişaf edir, estetik sənət bacarığı formalaşır. Ətraf aləmlə tanış olurlar.


39 məktəb üzrə 182 "Sağlam təhsil” sinfi təşkil edilib


"Sağlam təhsil - sağlam millət” layihəsi çərçivəsində ümumilikdə 39 məktəbdə 182 "Sağlam təhsil” sinfi təşkil edilib.
"Sağlam təhsil” siniflərində tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Şagird masaları həm oturaraq, həm də ayaq üstə çalışmaq imkanı verir. "Sağlam təhsil” siniflərində aparılan tibbi monitorinq tətbiq edilən texnologiyaların uşaqların sağlamlığına müsbət təsir etdiyini aşkara çıxarıb. Eyni zamanda, belə siniflərdə təhsil alan şagirdlərin fiziki və intellektual cəhətdən daha yaxşı inkişaf etdiyi, onların öyrənmə qabiliyyətinin, habelə emosional-psixoloji durumunun yüksəldiyi müəyyən edilib.


Həm ciddi dərs ortamı, həm də oyun zalı...


"Sağlam təhsil” məktəbə hazırlıq qruplarında tədris prosesi ilə tanış olduq. Qarşılaşdığımız mühit çox maraqlı idi. Bir-birinə qaynayıb-qarışan balacalar, rəngli kağızlardan hazırlanmış atributlar, musiqi alətləri, fərqli formalarda kəsilmiş və asılqandan asılan hərflər, süni meyvələr və təbii ki, bu balacaların nazı ilə oynayan, dərsi maraqlı etmək üçün əlindən gələni edən müəllim...
Geniş və işıqlı, müasir avadanlıqla təchiz edilmiş sinif otaqlarında uşaqların maraqla dərsi izləməsi üçün hər cür şərait yaradılıb. Müəllim uşaqlara "Ə” hərfini öyrədir. Uşaqlar "ə” hərfi olan hansısa bir əşyanı göstərirlər. Bir sözlə, hər şey çox maraqlıdır.


"Sağlam təhsil” siniflərində uşaqların adaptasiya dövrü asan olur


Sevinc Həşimova artıq 27 ildir ki, ibtidai sinif müəllimi işləyir. "Sağlam təhsil” siniflərində isə 4-cü ildir dərs deyir. "Sağlam təhsil” siniflərinin təhsil sisteminin keyfiyyətli olması ilə yanaşı, uşaqların fiziki, gigiyenik cəhətdən sağlam ruhda böyüməsində əhəmiyyətli olduğunu deyən müəllim layihəyə qoşulmazdan əvvəl təlimdə iştirak edib. Təlimi müvəffəqiyyətlə başa vurub sertifikat aldıqdan sonra bu sinifdə işləməsi üçün icazə verilib.
Müəllimin fikrincə, uşaqların dərsə tez vərdiş etməsi dərs prosesinin qurulmasından asılıdır: "Sağlam təhsil” siniflərində uşaqların adaptasiya dövrü asan olur. Çünki hərəkətlidirlər”.


Bura çox maraqlıdır, dərsə "qaça-qaça” gəlirəm


Yaxınlaşdığım 5 yaşlı Əli bacısı Mələklə eyni partada oturur. Əlinin adını soruşan kimi Mələk kənardan "biz əkizik” deyir. Dediklərinə görə, evdə dərslərini birgə hazırlayırlar. Mələyin dediyi ilə razılaşsaq, o, dərslərini qardaşından da yaxşı bilir.
Sinifdən çıxıb daha sonra qonşu otağa daxil oluruq. Burda isə uşaqlar meyvələri öyrənirlər. 5 yaşlı Atilla almadır. Evdə dərslərini hazırlamaqda anası ona kömək edir. Aktiv uşağa bənzəyir. Ortalıqda elə hey ora-bura gedir. Deyir ki, dərsə "qaça-qaça” gəlir.
Müəllim İlhamə Səfərova da artıq 4 ildir ki "Sağlam təhsil” sinfində çalışır. Ənənəvi və bu tip siniflər arasında çox böyük fərq olduğunu deyir: "Əvvəl ənənəvi siniflərdə dərs demişəm. Uşaqların fiziki, intellektual inkişafında "Sağlam təhsil” sinifləri daha irəlidədir. Dərs prosesləri çox aktiv keçir. Hərəkətlilik onların düşünməsinə, məntiqinə çox gözəl təsir edir. Skolioz, sümük problemlərinin aradan qaldırılmasında çox faydalı rol oynayır. Valideynlər də uşaqları bu siniflərdə oxusun deyə, çox müraciət edirlər”.


Siniflərdə tədris hərəkətli təlim əsasında keçirilir


"Sağlam təhsil - sağlam millət” layihəsi barədə məlumat verən Azərbaycan Tibb Universitetinin kafedra müdiri, layihənin tibbi-gigiyenik blokunun rəhbəri Şəhla Balayeva "Sağlam təhsil” siniflərində tədrisin hərəkətli təlim şəraitində həyata keçirildiyini qeyd etdi.
Onun sözlərinə görə, həmin siniflərdə təhsil alan şagirdlərin fiziki və intellektual cəhətdən daha yaxşı inkişaf etdiyi, onların öyrənmə qabiliyyətinin, habelə emosional-psixoloji durumunun yüksəldiyi müəyyən olunub. "Sağlam təhsil” mühiti uşaqların məktəbə daha asan adaptasiya olunmasına, onlarda psixoloji gərginliyin yaranmamasına kömək edir. Bu ildən yaradılmış məktəbə hazırlıq siniflərində də daim monitorinq aparılacaq.
Məktəbin psixoloqu Banu Məmmədova da "Sağlam təhsil” siniflərini yüksək qiymətləndirdi. O, siniflərin tərtibatı, əyani vəsaitlərdən istifadənin uşaqların məktəbə öyrəşməsində kömək etdiyini vurğuladı.
Mediaturun sonunda belə qənaətə gəldik ki, təhsil alanların fiziki sağlamlığına, psixoloji dayanıqlığına və təlim nailiyyətlərinin yüksəldilməsinə yönəlmiş bütün bu addımlar çox yüksək qiymətləndirilməlidir.”Sağlam təhsil” siniflərində 4 il ərzində şagirdlərə aşılanan sağlam vərdişlər öyrənmə prosesinə olan marağın davamlılığını da təmin edir. Onu da deyək ki, "Sağlam təhsil - sağlam millət” layihəsinin əsas məqsədi təhsil alanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaqdan, onların sağlamlığını qorumaqdan ibarətdir. İndiyədək layihə 3500-ə qədər məktəblini əhatə edib.

Fərizə ƏHMƏDOVA,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video