26 Oktyabr 2018 16:06
153
SİYASƏT
A- A+

Humanitar Forum çərçivəsində “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiya keçirilir


Oktyabrın 26-da VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə "Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiyanın birinci hissəsi başa çatıb.

Sessiyada Azərbaycan Prezidenti Administrasiyasının rəsmiləri, Milli Məclisin deputatları, yerli və xarici KİV-lərin rəhbərləri, tədqiqatçılar, beynəlxalq və regional media qurumlarının rəhbərləri və nümayəndələri, tanınmış ekspertlər iştirak edirlər. Sessiyanın işinə 21 ölkədən nümayəndə, 14 xarici media rəhbəri qatılıb.

İki hissədən ibarət sessiyanın AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın prezidenti Aslan Aslanovun və Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının vitse-prezidenti Mixail Qusmanın moderatorluğu ilə keçən birinci hissəsində cəmiyyətin yanlış məlumatlandırılmasının ağır fəsadları, bunun bütün dünyada sülh və sabitlik üçün yaratdığı təhlükələrlə bağlı məruzələr dinlənilib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov qonaqları salamlayaraq bildirib ki, ənənəvi Bakı Beynəlxalq Humanitar Forumu ən aktual məsələlərin, bəşəriyyəti düşündürən problemlərin müzakirə olunduğu qlobal bir platformadır: "Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə yaranan Forum indi dünyanın hər yerindən alimlərin, ictimai xadimlərin, ekspertlərin, siyasətçilərin, iqtisadçıların, jurnalistlərin toplaşdığı bir məkandır. Forumun məqsədi texnoloji əsrdə bəşəriyyətin qarşısında duran qlobal məsələlərin müzakirə edilməsi üçün dünyanın parlaq beyinlərini bir araya toplayaraq nüfuzlu beynəlxalq platforma yaratmaq idi. Artıq altıncı Forumun baş tutması bu məqsədə uğurla nail olunduğunu deməyə əsas verir”.

Sessiyanın mövzusuna toxunan Aslan Aslanov qeyd edib ki, müasir dövrdə yalan xəbərlər siyasi proseslərin gedişatını dəyişdirmək gücünə malikdir. Bunu nümayiş etdirən kifayət qədər misallar çəkmək olar. Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan ölkəmiz haqqında daim yalan xəbərlər yayır, münaqişənin mahiyyəti ilə bağlı dünya ictimaiyyətini çaşdıran məlumatlar tirajlayır. İşğal faktını ört-basdır etmək üçün erməni informasiya mənbələri buna azadlıq müharibəsi adı verirlər. Amma sözsüz ki, onların bu cəhdləri heç bir fayda vermir. Çünki artıq bütün dünya həqiqəti çox yaxşı bilir.

Jurnalistika indi çox mürəkkəb dəyişikliklərdən keçir, deyən AZƏRTAC-ın İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, hazırda jurnalistika qarşısında çeviklik və düşünülmüş addımlar tələb edən çağırışlar dayanır. "Əvvəllər də yalan informasiyalar var idi. Lakin indi onun formaları və yayılma sürəti elə dəyişib ki, hərdənbir media qurumu kimi biz özümüzü də qorumalı oluruq. Sosial şəbəkələr informasiya məkanını çox dəyişdi. Bizə xəbərlərimizi auditoriyaya rahat və operativ çatdırmaqla yanaşı, bizi həm də yeni problemlərlə üz-üzə qoydu. Feyk xəbərlər problemi də onlardan biri və hətta daha təhlükəlisidir”, - deyə A.Aslanov bildirib.

Yalan xəbərlərin sosial bəla olduğunu deyən Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bu problemin bütün dünyanı əhatə etdiyini söyləyib. O vurğulayıb ki, feyk xəbərlərin yayılmasının qarşısının alınması üçün ənənəvi KİV-lər sıx birləşməli, daha çox düzgün informasiya yaymağa çalışmalıdır.

Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev çıxışında bildirib ki, informasiya müharibəsinin məqsədi dünyanın mənzərəsini və təsir obyektinin məqsədlərini dəyişməkdir. Bu halda əlyetərli kommunikasiya kanallarından istifadə edilməklə mənbə üçün zəruri ictimai rəy yaradan informasiya translyasiya edilir.

Rusiyalı deputat qeyd edib ki, tarixdə informasiya müharibələri aparılması nümunələri çoxdur. Bu nümunələri diqqətlə öyrənmək və onlardan dərs almaq lazımdır. Dmitri Savelyev deyib: "2016-cı ilin aprelində Qarabağ münaqişəsi kəskinləşən dövrdə buna çox oxşar vəziyyət yaranmışdı. O vaxt Ermənistan və Qarabağ separatçıları eynilə 2008-ci ildə Gürcüstanda separatçıların etdiyi kimi hərəkət edirdilər. Erməni lobbisi Qərb ölkələrinin isteblişmenti ilə fəal iş aparır, Ermənistanın xeyrinə təhrif olunmuş informasiya yayır və dövlət səviyyəsində bu cür fikir formalaşdırırdı”.

Rusiya Dövlət Dumasının deputatı qeyd edib ki, Azərbaycan da Qərb KİV-ləri ilə ciddi iş aparırdı. Bunun nəticəsində aparıcı beynəlxalq kütləvi informasiya vasitələrinin çoxunun redaksiya məqalələrində tədricən hadisələrə adekvat baxış üstünlük təşkil etməyə başladı. Vəziyyəti dəyişmək və dünya birliyinə obyektiv informasiyanı çatdırmaq üçün xeyli vaxt və qüvvə sərf etmək tələb olunurdu. Bu faktlar göstərir ki, "qaynar” münaqişələr informasiya hücumları ilə müşayiət olunanda kütləvi informasiya vasitələri ilə işin operativ təşkil edilməsi çox vacibdir.

Rumıniyanın AGERPRESS agentliyinin baş direktoru, Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandru Giboi qeyd edib ki, feyk xəbərlərlə mübarizədə informasiya agentliklərinin böyük rolu var. Lakin bunun üçün agentliklər daim inkişafda olmalı və yalan məlumatlar yayan resurslardan bir addım irəlidə getməlidir.

"Yalan informasiya aldadıcı, müəyyən maraqlara xidmət üçün istifadə olunur. Feyk xəbər insanların həyatına və hətta dövlətlərin işinə təhlükə yaradır. Müasir dövrdə KİV-lərə etibar azaldıqca xəbər standartları da aşağı düşür. Yalan xəbərlərin yayılmasında videolardan da istifadə olunur. Onların qarşısının alınmasında xəbər agentliklərinin çox vacib rolu var”, - deyə baş direktor bildirib.

Aleksandru Giboi deyib ki, yalan məlumatların qarşısını almaq üçün məlumatın açıqlığından istifadə etmək, auditoriyanı feyk xəbəri necə ayırd etməyi öyrətmək lazımdır.

Estoniya parlamentinin sədr müavini Kaale Laanet qeyd edib ki, insanlar yalanı doğrudan ayırmağı bacarmalıdır. O deyib: "Qarşımızda belə bir sual yaranır ki, biz bu cür informasiyaları bloklamalıyıqmı? Senzura tətbiq etməliyikmi? Demokratik cəmiyyətdə bu, mümkün deyil. Biz çox sayda düzgün informasiya yaymalıyıq ki, feyk xəbər görünməsin. Bunun üçün böyük resurslar lazımdır, həm insani, həm də maliyyə”.

Kaale Laanet əlavə edib ki, yalan xəbərləri təkzib etmək olar. Lakin birinci xəbər düz və ya yalan olmasından asılı olmayaraq daha təsirlidir. Onu təkzib etmək səmərə vermir, əksinə, o xəbəri daha da aktuallaşdırır. Ən yaxşısı özümüzə aid olan xəbəri yaymaqdır. Öz baxışımızı əks etdirməkdir.

İranın İRNA agentliyinin baş direktoru Seyid Ziya Haşemi onlayn media ilə yanaşı, sosial şəbəkələrin də fərqli özəllikləri olduğunu söyləyib. Birinci özəllik ondan ibarətdir ki, onlar hər yerdə əlçatandır. Burada xəbərlər qısalığı və sürətlə yayılması ilə seçilir. Lakin sosial şəbəkələrin digər tərəfi isə orada əsasən sensasiya üçün istifadə edilməsi, obyektiv xəbərlərə az yer verilməsi ilə bağlıdır.

"Yalan istənilən doğru xəbərdən qat-qat sürətlə yayılır”, - deyən Seyid Ziya Haşemi bunun tez bir zamanda siyasi çaxnaşmalar və hətta böhranlar yarada biləcəyini söyləyib. Buna görə də insanlara hələ aşağı yaşlardan yalan və doğru informasiyaları ayırd etməyi öyrətmək lazımdır. İranda artıq bu təcrübədən istifadə olunmağa başlanılıb.

Sosial şəbəkələrin fəaliyyəti, onların əhatə dairəsinin genişlənməsi məsələlərinə toxunan ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva Facebook-un insanlara xəbər çatdırılmasında daha geniş imkanlara malik olduğunu deyib. Sosial media hər kəsə istənilən xəbəri istənilən vaxt oxumaq imkanları yaradır. Ənənəvi media öz xəbərlərini yaymaq üçün bu imkanlardan geniş istifadə edir. Məsələn, AZƏRTAC-ın informasiya məhsullarına sosial şəbəkələrdə hər ay 4-5 milyona yaxın baxış olur. Agentlik gün ərzində sosial mediada baxış üçün münasib olan 50-60 video istehsal edir. Onun auditoriyasının böyük hissəsini 25-34 yaş arası şəxslər təşkil edir.

ADA Universitetində bu istiqamətdə geniş işlər aparıldığını söyləyən Şəfəq Mehrəliyeva "ASAN Radio” ilə birgə radioproqram hazırlandığını deyib. Burada biz universitetdəki Mükəmməllik Mərkəzindəki akademik təlimləri Avropa-Azərbaycan əlaqələri haqqında ictimaiyyəti məlumatlandıran bir həftəlik informasiya axınına çeviririk. ADA Universitetində media ilə bağlı təlimlərə xüsusi diqqət ayrılır. Media və kommunikasiya fakültəsində biz tələbələrə internetdən istifadə, informasiyanın düzgün istehlakı, etik qaydalar, jurnalistika ənənələri kimi məsələləri öyrədirik.

"Belarus Seqodnya” media holdinqinin baş direktoru Dmitri Juk bildirib ki, XXI əsrin əvvəllərindən başlayaraq bəşəriyyətin üzərinə yeriyən yalan informasiya axını "dürüst xəbər”, "jurnalistika etikası kodeksi” kimi anlayışların dəyişməsinə səbəb olub. Son vaxtlar kimi jurnalist saymaq olar bilinmir. Hər kəs özünə sayt açıb uydurma və ya özünün şərhləri ilə başqalarının xəbərlərini yaya bilir. Yəni, bu saytlarda nə cür istəsələr xəbər, foto və video yerləşdirmək mümkündür. Bu da dezinformasiya siyasətinin bir hissəsidir. Çünki belə adamlar məsuliyyətdən qaçırlar.

"Hoy Los-Angeles” qəzetinin baş redaktoru Alexandro Masiel rəhbəri olduğu nəşrin obyektiv xəbərlərin istehsalı və yayılması ilə bağlı təcrübəsini bölüşüb. O qeyd edib ki, ABŞ-da qeyri-düzgün informasiyaların yayılması hallarına tez-tez rast gəlinir. Biz gündəlik fəaliyyətimizdə etibarlı mənbələrə istinad etməyə, mütəmadi olaraq mətbuat mərkəzləri ilə əlaqədə işləyərək dəqiqləşdirmələr aparmağa üstünlük veririk. Əks təqdirdə ehtiyatsızlıqdan da həqiqəti əks etdirməyən informasiyaların yayılması halları qaçılmaz olar.

İclasın ilk sessiyası geniş müzakirələrlə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video