26 Oktyabr 2018 02:34
908
Təhsil
A- A+

Müasir tipli məktəblərin sayı artır


Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə dünya standartlarına uyğun müasir tipli məktəblərin sayı ildən-ilə artır. Ölkə başçısı bölgələrə səfəri zamanı mütəmadi olaraq məktəblərin tikintisi, əsaslı təmirdən sonra binaların vəziyyəti ilə maraqlanır, tövsiyə və tapşırıqlarını verir, ya da inşası başa çatmış müasir tipli məktəb binalarının açılışını edir. Bütün bunlar ölkədə təhsilin inkişafına dövlət səviyyəsində olan yüksək qayğıdan xəbər verir.
Təkcə oktyabr ayının birinci yarısında Prezident İlham Əliyev bölgələrdə üç orta ümumtəhsil məktəbin - Quba rayonunun Alekseyevka, Ağcabədi rayonunun Salmanbəyli, Lənkəranın Şıxakəran, həmçinin Lerikin Qrand kəndlərində yeni ümumtəhsil məktəblərinin tikintisi barədə sərəncam imzalamışdır. Sərəncamlara əsasən Quba rayonunun Alekseyevka və Lənkəran rayonunun Şıxakəran kəndlərində tikiləcək məktəblərin hər biri üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Təhsil Nazirliyinə 2 milyon manat, Ağcabədi rayonunun Salmanbəyli kəndində və Lerik rayonunun Qrand kəndində inşa ediləcək yeni ümumtəhsil məktəblərinin tikintisi üçün hər birinə 1 milyon manat vəsait ayrılmışdır. Ümumiyyətlə, ölkəmizdə yeni məktəb binalarının tikintisi cari ilin əvvəlindən intensiv şəkildə davam etdirilir. Dövlət proqramları çərçivəsində son 15 il ərzində Bakıda və şəhərətrafı qəsəbələrdə, həmçinin respublikanın bölgələrində 3 mindən çox məktəb tikilib və ya əsaslı təmir edilib. Yeni təhsil müəssisələrinin inşası, yaxud əsaslı şəkildə yenidən qurulması sayəsində 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, o cümlədən birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı artıb.
Ölkəmizdə ötən il 133 yeni məktəb tikilib, 14-ü əsaslı təmir edilib, 500-ə yaxın təhsil ocağında isə cari təmir işləri aparılıb. Yeni məktəb binalarının inşası 2018-ci ildə də uğurla davam etdirilir, ölkə üzrə indiyədək 200-dən çox təhsil müəssisəsi tikilib və təmir olunub.
Yeni dərs ilinin ilk günündə Şəki rayonunun Baş Zəyzid kənd tam orta məktəbinin müəllim və şagirdləri ikiqat bayram sevinci yaşadılar. Belə ki, həmin gün 624 şagird yerlik yeni məktəb binası onların istifadəsinə verilmişdi. 2012-ci ildə bölgədə baş vermiş güclü zəlzələ zamanı qəzalı vəziyyətə düşən bu məktəb indiyədək uyğunlaşdırılmış binalarda fəaliyyət göstərirdi. Müasir standartlara uyğun inşa olunan üçmərtəbəli binada indi 25 sinif otağı, 6 fənn kabineti, laboratoriyalar, kompüter otağı, kitabxana, bufet, akt və idman zalları yerləşir. Cari ildə bu məktəbə 600-dən çox şagird cəlb olunub. Onların 67 nəfəri ilk dəfə məktəb partası arxasında əyləşib. Şagirdlərin təlim-tərbiyəsi ilə 102 müəllim məşğul olur.
Sabirabadın Yaxadəllək kənd tam orta məktəbi üçün tikilən yeni məktəb binası da cari ildə istifadəyə verilib. 360 şagird yerlik ikimərtəbəli məktəb binasında 16 sinif otağı, fənn kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, kompüter otağı, kitabxana, akt və idman zalları, yeməkxana və digər yardımçı sahələr fəaliyyət göstərir. Təhsil ocağında havalandırma, soyutma və istilik sistemləri qurulub, su və elektrik xətləri çəkilib, həyətdə abadlıq işləri görülüb. Müasir tələblər əsasında tikilən binada tədris prosesini yüksək səviyyədə aparmaq üçün hər cür şərait yaradılıb.
İsmayıllı rayonunun Lahıc qəsəbəsi bu gün yeni dövrünü yaşayır. Bir vaxtlar lahıclıların arzusunda olduqları yeni məktəb binası artıq müəllim və şagirdlərin istifadəsindədir. 400 yerlik yeni təhsil ocağı Prezident İlham Əliyevin Lahıc məktəblilərinə, pedaqoji kollektivə, sakinlərə böyük hədiyyəsi olmuşdur. Təhsilin müasir standartlar səviyyəsində təşkili üçün hər cür şəraiti olan bu məktəb binasının açılışının Lahıc məktəbinin 100 illiyinin qeyd ediləcəyi 2018-ci ilə təsadüf etməsi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.
Dövlət başçısının ölkənin təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr qəzalı vəziyyətdə olan məktəbləri də əhatə edir. Son 15 ildə qəzalı vəziyyətdə olan məktəb binaları ya əsaslı təmir edilərək normal vəziyyətə gətirilib, ya da onların yerində təzə müasir tipli məktəb binaları tikilib. Dövlət başçısının qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların tikilməsi və bir çoxunda isə əsaslı təmir işlərinin aparılması barədə verdiyi sərəncamlara əsasən respublikamızda təhsil sisteminin ağrılı yerlərindən olan qəzalı məktəblər problemi tədricən həllini tapır. Xüsusilə regionlarda uşaq sayı az olan təhsil ocaqları üçün modul tipli məktəblərin quraşdırılıb istifadəyə verilməsi daim gündəmdədir. 2017-ci ildə respublikanın 40 rayonunda təxminən beş min şagirdi əhatə edən 100 modul tipli məktəb inşa edilib.
Quraşdırılması asan başa gələn modul tipli məktəblərin inşası 2018-ci ildə də davam etdirilir. Cari ildə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında 1332 şagirdlik 22, Lənkəran, Lerik və Astara rayonlarında 860 şagirdlik 16, Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında 824 şagird yerlik 12 məktəbin modul tipli inşası nəzərdə tutulub. İndiyədək respublikanın ucqar kəndlərində 137 belə məktəb quraşdırılıb. Ölkə ərazisində qəzalı məktəblərin sökülməsi və müasirlərinin tikintisi proqramı gələn il başa çatdırılacaq.
Bu il Cəlilabadın 3 kəndində yeni modul tipli məktəb istifadəyə verilib. Rayonun Fərzili kənd orta məktəbi üçün inşa edilmiş 56, Çinar kənd orta məktəbi üçün tikilmiş 80 və Kürdlər kənd tam orta məktəbi üçün inşa edilmiş 96 şagirdlik yeni məktəblər artıq müəllim və şagirdlərin istifadəsindədir. Ümumiyyətlə, Cəlilabadda son 15 ildə 30-dan çox məktəb binası tikilərək istifadəyə verilib.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə müvafiq olaraq Astara rayonunun Siyatük kəndində inşa edilmiş 56 şagirdlik modul tipli yeni ibtidai məktəb binası cari ildə müəllim və şagirdlərin ixtiyarına verilib. İnşa edilən yeni təhsil ocağı 6 otaqdan ibarətdir. Xatırladaq ki, 15 ildə Astarada 40-dan çox yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Bu il Süvi kənd tam orta və Deqədi kənd ümumi orta məktəblərindən sonra üçüncü yeni məktəb binası istifadəyə verilib. Hazırda Burzubənd kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə başlanılıb, Doli və Şəmətük kənd ibtidai məktəblərinin yeni binasının tikintisi layihələndirilib.
Respublikamızın hər yerində olduğu kimi, Bərdə rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür. Cari ildə rayonun Qaratəpə və Hacılar kəndlərində tikilmiş modul tipli məktəblər müəllim və şagirdlərin istifadəsinə verilib. Bərdədə təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, rayon üzrə ali məktəblərə qəbul olunan gənclərin sayı ildən-ilə artıb. Təkcə bu il rayonun orta ümumtəhsil məktəblərini bitirən 1159 nəfər məzundan 729 nəfəri ali məktəblərə sənəd verib, 533 nəfər ali, 213 nəfər isə orta-ixtisas məktəblərinə qəbul olunub.
Ölkəmizdə dövlətin təhsil siyasətinə Heydər Əliyev Fondu böyük dəstək göstərir. Fondun təhsil sahəsindəki layihələri çərçivəsində ölkəmizdə 400-dən çox məktəb binası inşa olunub. "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi və bu layihə çərçivəsində görülən işlər təhsilimizə, gələcəyimizə göstərilən yüksək qayğının nəticəsidir.

Rəhman SALMANLI,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video