25 Oktyabr 2018 02:59
310
SİYASƏT
A- A+

Dünya bu gün yenidən Bakıda toplaşır


VI Bakı Beynəlxalq Humanitar Forumunda 86 ölkənin və 24 beynəlxalq təşkilatın təmsilçiləri iştirak edirlər


Bakı növbəti beynəlxalq tədbirə evsahibliyi edir. Bu gün paytaxtımızın ən möhtəşəm ünvanlarından olan Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır. İki gün davam edəcək Forumda 86 ölkədən və 24 beynəlxalq təşkilatdan 581 nəfər təmsilçi iştirak edir.


Humanitar Forumun beynəlxalq mötəbər tədbirlər arasında xüsusi yeri var


Azərbaycan neçə illərdir ki, qlobal səviyyəli tədbirlərə evsahibliyi edən, dünyanın diqqətində olan məsələlərin müzakirə edildiyi siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır. Humanitar mövzulu forumların keçirilməsi üçün Azərbaycanın seçilməsi də təsadüfi deyil. Çünki qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün həqiqətən də əvəzsiz məkandır. Xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya Azərbaycanı dinamik inkişafı nəticəsində ildən-ilə daha yaxından tanıyır və onun artan nüfuzunun şahidinə çevrilir. Elə bu amillər də humanitar dialoqa mühüm töhfə verən ölkə statusunu daha da möhkəmləndirir və bu mövzuda dünyanı düşündürən məsələlərin müzakirə edildiyi beynəlxalq tədbirlərin məhz ölkəmizdə keçirilməsini şərtləndirir.
Bu baxımdan ilk dəfə 2011-ci ilin oktyabrında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu ölkəmizin humanitar dialoqda əsasını qoyduğu mühüm beynəlxalq platformadır. Bu tədbirin təşkil edilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumunda qəbul olunmuşdu. 2010-cu ildə Azərbaycan və Rusiya prezidentlərinin qərarı ilə yaradılan və artıq ənənə halı alan bu Forum tanınmış ictimai-siyasi xadimləri, görkəmli elm, mədəniyyət və incəsənət nümayəndələrini Bakıda birləşdirir. Bakı Forumunun tribunalarından və onun kuluarlarında müxtəlif ölkələrin, regionların və nəsillərin nümayəndələri ünsiyyət saxlayır, diskussiya aparır və ümumi nəticələrə gəlirlər. Əlamətdar haldır ki, bu, məhz Bakıda baş verir.
Çünki Azərbaycan torpağı bütün dövrlərdə tolerantlığı və qonaqpərvərliyi, Azərbaycan xalqı isə yaratmaq və birləşdirmək bacarığı ilə məşhur olub.
V Bakı Beynəlxalq Humanitar Forumunun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Forum son illər ərzində beynəlxalq aləmdə böyük hörmət qazanıb. Bu Forumun beynəlxalq mötəbər tədbirlər arasında xüsusi yeri var. Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa həmişə çox böyük diqqət verib. Biz hesab edirik ki, dünyada müsbət meyillər güclənməlidir. Beynəlxalq əməkdaşlıq ölkələrarası əlaqələrin inkişafı üçün xüsusi rol oynayır. Son illər ərzində biz bu məqsədlə ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirmişik. Onların arasında əlbəttə ki, Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur”.


VI Forum ölkəmizin inkişaf xüsusiyyətlərini nümayiş etdirmək imkanı verəcək


Xatırladaq ki, iki il əvvəl keçirilən V Forumda 80-ə yaxın ölkədən 400 nəfərdən artıq nümayəndə iştirak etdi. Forum çərçivəsində 6 "dəyirmi masa” keçirildi. İştirakçılar "Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, "Davamlı inkişaf və ekoloji sivilizasiya”, "Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər”, "Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzularında fikir mübadiləsi apardılar.
VI Bakı Beynəlxalq Humanitar Forumu isə "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusuna həsr olunub. Bu mövzu ətrafında kifayət qədər maraqlı plenar sessiyalar və işçi sessiyalar təşkil olunacaq. Forumun mövzusu məhz ölkəmizin iqtisadi inkişafının insan kapitalına çevirmə modelini və strategiyasını həm milli, həm beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı verəcək.
BMT-nin baş katibinin iki müavini, ISESCO, IRCICA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Parlamentlərarası Birlik, BMT-nin İqtisadi və Sosial Şurası kimi təşkilatların rəhbərləri, UNESCO-nun, MDB İcraiyyə Komitəsinin rəhbərlərinin müavinləri Forumda iştirak edəcəklər. Həmçinin Sudanın vitse-prezidenti, Rusiya və Slovakiya baş nazirlərinin müavinləri, Sloveniya, Uruqvay, Rusiya, Misir, Belarus, İtaliya və Estoniya parlamentlərinin sədr və sədr müavinləri, Gürcüstan, Monteneqro, Özbəkistan, Bolqarıstan, Türkiyə, Sudan, Tacikistan, Qazaxıstan, Ukrayna, Əfqanıstan, Filippin və Bolqarıstandan nazirlər və nazir müavinləri, Qazaxıstan, Türkiyə, Tacikistan və Özbəkistandan ombudsmanlar, 15 ölkədən 40-dan çox deputat, 46 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri, çoxsaylı ölkələrdən şirkət rəhbərləri, elm xadimləri, ekspertlər tədbirin iştirakçıları arasında yer alıblar.
Forumda açılış nitqini Prezident İlham Əliyev edəcək. Daha sonra Rusiya baş nazirinin müavini Olqa Qolodets, BMT baş katibinin müavini Rəşid Xalikov, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-tüveycri, UNESCO baş direktorunun müavini Qu Xing və Beynəlxalq Parlamentlərarası Birliyin prezidenti Qabriela Kuevas Barronun çıxışları nəzərdə tutulur.
VI Bakı Beynəlxalq Humanitar Forumunda maraqlı müzakirələr aparılacaq, dünyada sülhün təmin olunması üçün təşəbbüslər səslənəcək. Bu tədbir həm də növbəti dəfə Azərbaycanı dünyaya tanıdacaq. Bakıya gələn hər bir xarici qonaq paytaxtımızın modern yüksəlişinin və ölkəmizin inkişafının şahidi olacaq.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video