25 Oktyabr 2018 02:27
1418
Mədəniyyət
A- A+

Əbədi ehtiramın daha bir ünvanı


Evlər o zaman muzeyə çevrilir ki, içərisində yaşamış insanlar tarixdə yeni səhifələr açmış, təzə çığır salmış olurlar. Ömürləri gördükləri nəhəng işlərlə, böyük əməllərlə mənalanır, yaratdıqları ilə yalnız öz adlarını şöhrətləndirmir, həm də mənsub olduqları xalqı bir boy da ucalda bilirlər. Doğma xalqını, vətənini dünyada tanıtdıqca, yüksəltdikcə özləri də əbədiyyət qazanırlar.
Xalqı üçün isə onların xatirəsinə ehtiram həm də mənəvi borca çevrilir. Ev muzeyləri bu ehtiramın bir nümunəsidir. Bu gün belə ünvanlardan birində - Qara Qarayevin ev muzeyindəyik...


Cümhuriyyətin yaşıdı


Yubileylərlə əlamətdar olan bu ildə - Cümhuriyyət ilində onun da yüz yaşı tamam oldu. Görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi təkcə öz vətənində, doğma məmləkətində deyil, dünyanın bir çox ölkələrində geniş şəkildə qeyd edilir. Yubiley ilinin daha bir unudulmaz tədbiri isə Qara Qarayevin ev muzeyinin açılışı oldu. Açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, Baş nazirin müavini Əli Əhmədov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, xalq yazıçısı Anar və bir çox ictimai xadimlər iştirak etdilər.
Mədəniyyət naziri bildirdi: "Qara Qarayevin ev muzeyi yox idi. O, bir neçə yerdə yaşayıb yaradıb. Qara Qarayev burada gəncliyini, tələbəlik illərini keçirib, ilk əsərlərini yaradıb. Buna görə də muzey olaraq bu ev seçilib”.


Şöhrətli bəstəkarın bu evdə keçən illəri...


Bakı şəhərinin mərkəzi küçələrindən biri - Nizami 47... Bəstəkarın ilk evi, ilk ünvanı... O, 1918-1946-cı illərdə ailəsi ilə birlikdə bu evdə yaşadı. Məşhur Qarayevlər nəslinin əziz-xələf övladı kimi böyüyüb boya-başa çatdı. Uşaq yaşlarında musiqi sevdasına düşdü. Gələcəklə bağlı ilk xəyallarını bu doğma evdə qurdu.
1926-cı ildə ilk dəfə bu evdən çıxıb Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə getdi. 1930-cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi oldu. 1935-ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında Leopold Rudolfdan bəstəkarlıq, Üzeyir Hacıbəylidən azərbaycan xalq musiqisinin əsaslarından dərs aldı. Musiqi sahəsində yeni biliklər qazandı, sevdiyi sənəti daha mükəmməl öyrənməyə çalışdı. O illərdə hər gün qəlbini çuğlayan sevinclə, səadətlə bu evə qayıtdı. Burada ilk musiqi əsərlərini yazdı. 1938-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin tələbəsi olmaq üçün ittifaq mərkəzinə getdi. 1946-cı ilədək yenidən Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində oxudu, Dmitri Şostakoviçin tələbəsi oldu. Moskvada davam edən tələbəlik illərində hər gəlişi ilə bu evdəkiləri sevindirdi.
Bakıya qayıtdı. Yenə onun üçün çox əziz olan bu ev Qara Qarayevin yazdığı yeni əsərlərin şahidi oldu...


Divarlar da tarix "danışır”...


Muzeylə tanışlığa Qara Qarayevi yalnız Azərbaycanda deyil, bütün dünyada məşhurlaşdıran, onu XX əsrin görkəmli bəstəkarları ilə bir sırada tutan əsərləri barədə geniş məlumatların əks etdirildiyi otaqdan başlayırıq. Bələdçimiz Qara Qarayevin ev muzeyinin şöbə müdiri Zivər Məmmədovadır. Deyir: "Bu muzeyin dzaynı avstriyalı Hors tərəfindən işlənib. O, bütün janrları rənglərə ayırıb. Muzeyin bu otağı Qara Qarayevin əsərlərinə həsr edilib. Əvvəllər iki otaqdan ibarət olan, sonradan ara divar götürüldüyü üçün genişlənən bu otaqda həm də tədbirlər təşkil edilir”.
Z.Məmmədova bildirir ki, bu müzeydə ekspozisiyalar haqqında bütün məlumatlar divarlarda əks olunub. Bəstəkarın əsərlərinin əsas nüsxələri isə divarlardakı rəflərdə yerləşdirilib.
Burada ayrı-ayrı guşələrdə sənətkarın dünya şöhrətli əsərləri - "Yeddi gözəl”, "İldırımlı yollarla”, "Leyli və Məcnun”, "Don Kixot” baletləri, Cövdət Hacıyevlə birgə bəstələdiyi "Vətən”, "Zəriflik” operaları, vokal-simfonik, orkestr üçün yazdığı kamera vokal əsərləri, onların ilk ifaçıları haqqında və digər məlumatlar əksini tapıb. Bir guşədə isə həmin əsərlərin ayrı-ayrı illərdə çıxan afişaları vurulub. Afişalar Qara Qarayevin əsərlərinin uzun illərdən bəri Azərbaycanda və bir çox ölkələrin teatrlarında tamaşaya qoyulduğunu təsdiq edir.
Burada səslənən, muzeyə bir başqa ab-hava, ovqat gətirən Qara Qarayevin müxtəlif filmlərə - "Uzaq sahillərdə”, "İnsan məskən salır”, "Onun böyük ürəyi”, "Dənizi fəth edənlər”, "Əsl dost”, "Nizami”, "Bakının işıqları”, "Don Kixot” (Rusiya) və başqa ekran əsərlərinə bəstələdiyi musiqilərdir.


İstedadlı bəstəkar, sevimli və tələbkar müəllim...


Muzeyin digər otağında Qara Qarayevin təhsil illəri, əmək fəaliyyəti ilə tanış olmaq mümkündür. Bəstəkarın dərs aldığı və ömrünün sonunadək ehtiramla yad etdiyi müəllimləri - Üzeyir Hacıbəyli, Dmitri Şostakoviç və başqalarının rəsmləri vurulub. Bəstəkarın babası İsgəndər bəy Axundov, nənəsi Züleyxa xanım Bayraməlibəyova, atası Əbülfəz bəy və anası Sona xanımın, özünün və qardaşının uşaqlıq illərinin yadigarı olan rəsmlərin də xeyli hissəsi bu guşədədir.
Bir tərəfdə də Qara Qarayevin tələbələri - Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli, Sevda İbrahimova və başqaları ilə çəkilmiş fotolar asılıb. Buradakı Pyotr İlyiç Çaykovskinin büstü isə Qara Qarayevə qayınanası Yelezaveta Mixaylovnanın hədiyyəsidir.
Bəstəkarın əlyazmalarının əsl nüsxələri də bu otaqda saxlanılır. Zivər Məmmədova məlumat verir: "Qara Qarayevin ev muzeyi Muzeylər Mərkəzinin filialıdır. Bu muzey yaradılanadək eksponatlar, eləcə də Qara Qarayevin əlyazmaları Muzeylər Mərkəzinin fondunda yerləşirdi”.
O, dövrünün bütün ali mükafatlarına, fəxri adlarına layiq görüldü. SSRİ xalq artisti, Stalin, Lenin mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Lenin, Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenlərinin laureatı, SSRİ Ali Sovetinin deputatı, AMEA-nın akademiki oldu. Həmin mükafatlar - ordenlər, fəxri adların vəsiqələri də burada nümayiş etdirilir.


Bəstəkarın hobbiləri...


Qara Qarayev həyatı çox sevirdi. Yəqin ona görə bəstələrində ölməz sevginin nəfəsi var. Musiqi bəstələmək Qara Qarayevin ən böyük işi, ən sevimli məşğuliyyətiydi. Ömrünün böyük hissəsini ölməz əsərlərinə bağışladı. Ancaq o, həm də qayğıkeş ailə başçısı, gözəl dost, yaxşı müəllim idi.
Bir də özünəməxsus maraqları, hobbiləri var idi. Onlardan biri fotoqraflıq idi. Fotoşəkillər çəkməyi çox sevirdi. Muzeydəki rəflərdən biri elə belə də adlandırılır - Bəstəkarın hobbiləri. Rəflərdə Qara Qarayevin fotoaparatları qoyulub. Çəkdiyi fotoşəkillər asılıb.
Bəstəkarın motosikillərə həvəsi böyük olub. Burada həmin hobbisi də əksini tapıb.


Qarayevlər nəsli...


"Qarayevlər nəsli” adlandırılan guşədə bu nəslin tanınmış övladlarının rəsmlərinə yer verilib. Müxtəlif sahələrdə çalışsalar da, fərqli sənət sahibi olsalar da, onları birləşdirən ümumi cəhətlər var. Bu məşhur insanların hər biri Azərbaycanı çox sevib, onun tərəqqisi yolunda könüldən, var-qüvvələri ilə çalışıblar.
Hər başlanğıcın bir sonu var. Eksponatlarla olduqca zəngin olan bu muzeyə də "Qarayevin xatirəsinə” adlı guşə ilə yekun vurulub. Burada bəstəkar haqqında nekroloq, dəfn günündən fotoşəkillər yer tapıb.
Bəstəkarın iki övlad yadigarından biri - qızı Züleyxa xanım Qarayeva muzeyə rəhbərlik edir. Onun danışdığı xatirələr də bu muyzeyin eksponatları qədər maraqlıdır: "Mən bu evdə doğulmamışam. Burada məndən yaşca böyük olan qardaşım dünyaya gəlib. Sonralar atamgil başqa evə köçmüşdülər. Ancaq uşaqlıq illərimizdə biz bütün bayramları qeyd etmək üçün bura, nənəmgilə gəlirdik. O gördüyünüz pəncərənin məhəccərinə söykənib ətrafı seyr edirdik. Onda hələ Daxili İşlər Nazirliyi qonşuluqdakı binada yerləşmirdi. Orada böyük çörək sexi var idi. Bişirilən təzə çörəyin ətrini duyurduq. Arabir üstündə "Çörək” yazılmış böyük maşınların gəldiyini, taxta yeşiklərə çörəklərin yükləndiyini izləmək bizim üçün olduqca maraqlı idi. Bu otaqda oynamaq da çox xoşumuza gəlirdi. Stullardan gəmi düzəldir, öz aləmimizdə dünya səyahətinə çıxırdıq...”
Züleyxa xanım deyir ki, eksponatlar həddindən artıq çoxdur: "Məndə bəzi əşyalar var ki, hələ bura gətirməmişəm. Çünki həmin əşyalar başqa ölkədədir. Onları gətirdikdən sonra eksponatlar tamamlanacaq”.
Ömründən ötən illərin işıqlı xatirələri Züleyxa xanımın üzündə təbəssümə dönür. Fotoaparatı həyatı boyu özünə yolyoldaşı edən atasının çəkdiyi hər şəkillə bağlı bir hadisə danışmağı düşür yadına.
Bu da Züleyxa xanım üçün o əziz günlərin daha bir unudulmaz mənzərəsi... Atası evdədir. Yenə musiqi bəstələyir. Anası həmişəki kimi Züleyxa xanımgilə deyir: "Atanız çalışır, mane olmayın”...

Zöhrə FƏRƏCOVA,
Ağaəli MƏMMƏDOV (foto),
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video