24 Oktyabr 2018 01:10
367
SİYASƏT
A- A+

Xankəndi Yerevana hərbi qiyam hazırlayır


Paşinyan iqtidarına qarşı Sarkisyan-Koçaryan koalisiyası dövlət çevrilişi planını işə salıb


Ermənistanda ictimai-siyasi müstəvidə son vəziyyətin təhlili burada Sarkisyan-Koçaryan koalisiyası ilə Nikol Paşinyana bağlı qüvvələr arasında daha böyük qarşıdurmanın olacağını göstərir.
Məsələ bundadır ki, Paşinyan növbədənkənar parlament seçkilərində Sarkisyan-Koçaryan koalisiyasının iştirak etməyəcəyinə dair vədlər alsa da, indi bəlli olur ki, proseslər heç də onun istədiyi kimi getməyəcək. "Jamanak” qəzeti yazır ki, sabiq prezident Serj Sarkisyanın sədri olduğu Respublika Partiyası növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib.
Qəzet partiya siyahısındakı ilk 5-lik barədə təxmini məlumat əldə edib: "Siyahıya keçmiş müdafiə naziri Vigen Sarkisyan başçılıq edəcək. Sonrakı yerlərdə keçmiş ədliyyə naziri Arpine Ovannisyan, 1998-2007-ci illərdə ədliyyə naziri işləmiş David Arutyunyan, parlament sədrinin müavini Eduard Şarmazanov və keçmiş elm və təhsil naziri Armen Aşotyan gəlir”. Nəşr siyahıda Yerevanın keçmiş meri Taron Marqaryanın da yer alacağını ehtimal edir.
Partiyanın belə bir qərar qəbul etməsi fonunda Ermənistan baş prokurorunun keçmiş müavini Armen Danielyan Serj Sarkisyanı məhkəməyə verib. Sabiq müavin işdən azad edilməsi barədə ovaxtkı prezident Serj Sarkisyanın sərəncamını qanunsuz sayır.
İddia edib ki, 2008-ci il martın 1-də prezident seçkilərinin nəticələrinə qarşı keçirilən etiraz aksiyası ilə bağlı qəbul olunan qərarlara, parlamentdə bu siyasi kampaniyanın nəticələrinin təsdiqlənməsinə müxalif olub.
Baş prokurorun keçmiş müavini müraciətində ölkədəki korrupsiyaya qarşı olduğunu da vurğulayıb. Erməni mediası yazır ki, əslində, Armen Danielyan bu addımı Nikol Paşinyanın təhriki ilə atıb və əsas məqsəd Sarkisyanı, ona bağlı qüvvələri seçkilərdən kənarda saxlamaqdır. Lakin məsələ təkcə Sarkisyanla bitmir.
Artıq digər sabiq prezident Robert Koçaryan da Nikol Paşinyanla mübarizəyə başladığını açıqlayıb. O, "RİA Novosti”yə müsahibəsində partiya yaratmaq və müxalifət olmaq niyyətini açıqlayıb. Bildirib ki, hazırda Ermənistanın müxalifət düşərgəsində boşluq hiss etdiyi üçün siyasətə qayıtmağı qərara alıb: "Əgər siyasətə qayıdırsansa, onda bu haqda düşünmək lazımdır. İndi müxalifət düşərgəsində çox ciddi boşluğu görürəm və hesab edirəm ki, ölkənin xeyrinə bu boşluğu doldurmaq lazımdır”.


Paşinyan Koçaryana inanmır


"İrs” partiyasının sədri Armen Martirosyan bildirir ki, Koçaryanın dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi ilə bağlı bəyanatı Nikol Paşinyanı arxayın etməyib. Koçaryan hələlik buna hazır olmadığını bildirsə də, vəziyyət pisləşəcəyi təqdirdə fikrindən dönəcəyini də qeyd edib. Bu isə onu təsdiqləyir ki, sabiq prezident hələ də qəti qərar qəbul etməyib. Vəziyyət isə iki ay ərzində hər an dəyişə, hətta qanlı qarşıdurmaya keçə bilər.
Bundan narahat olan Paşinyan yenidən Koçaryana və ona yaxın adamlarına qarşı hücuma keçib. Bu fonda Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyana ölkəni tərk etmək qadağan olunub. "Joxovurd” qəzeti yazır ki, Oskanyanın adı ölkənin ən iri iş adamlarından biri Samvel Mayrapetyanın cinayət işində hallanır: "Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan hüquq-mühafizə orqanlarının maraq dairəsinə düşüb. İş adamı Samvel Mayrapetyanın tutulmasından bir neçə gün sonra Oskanyan ölkəni tərk etməyə cəhd edib, lakin bu ona qadağan olunub”.
Samvel Mayrapetyan Robert Koçaryana yaxın adam hesab edilir. Erməni mediası yazır ki, o, Oskanyanla birgə çoxsaylı işlər görüb və Koçaryanın ən yaxın ətrafına daxildir. Belə şəxslərin tutulması ilə Paşinyan Koçaryanı zəiflətməyi düşünür. Bütün bunlar isə Ermənistanda siyasi gərginliyi daha da artırır və seçkilərin də gərgin mühitdə keçəcəyini göstərir.


Sabiqlər Paşinyanla savaşa Xankəndidən başlayırlar


Bir məqamı da qeyd edək ki, Nikol Paşinyanı narahat edən əsas məqamlardan biri də Sarkisyan-Koçaryan koalisiyasının Qarabağ separatçılarından dəstək ala biləcəyidir. Hətta 2 ay öncə bu təhlükəni sovuşdurmaq üçün Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə getmiş, separatçıların lideri Bako Saakyanla görüşmüşdü. Görüşün detalları bəlli olmasa da, vurğulanırdı ki, Paşinyan Qarabağ separatçılarının Koçaryana dəstək verməsinə qarşı çıxıb.
Bununla da sabiqlər əslində uzaqgedən məqsədlər güdərək separatçı rejimin dəstəyi ilə yenidən Ermənistanda hakimiyyət başına qayıtmağı düşünürlər. Əvvəlki illərin təcrübəsini nəzərə alaraq Koçaryan bu xüsusda separatçı rejimin dəstəyinin onun üçün həyati əhəmiyyət kəsb etdiyini yaxşı başa düşür. Bu mənada onun separatçı rejim təmsilçiləri ilə əlaqələrini genişləndirməsi, intensivləşdirməsi heç də təsadüfi xarakter daşımır. Əsas niyyət separatçı rejimin köməyi ilə Yerevana qarşı müqavimət və itaətsizlik təşkil etmək, bununla xaotik durumun yaradılmasına nail olub, güc yolu ilə olsa belə hakimiyyəti qəsb etməkdir. Qarabağ separatçıları arasında dəstəyə malik Koçaryanın, eləcə də Sarkisyanın sərt formada müqavimət göstərməsi gözlənilir və bu da Ermənistanda qarşıdurmanın dərinləşməsi deməkdir.


Seçki Məcəlləsinə dəyişikliklər təsdiqlənmədi


Bu arada Paşinyan Ermənistan parlamentinin Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında qanun layihəsini qəbul edə bilməməsinə münasibət bildirib. Qanun layihələri zərfinin qəbul edilməsi üçün 63 səs tələb olunurdu ki, bunu da toplamaq mümkün olmayıb. Qanun layihəsinin lehinə 56, əleyhinə isə 3 deputat səs verib. Ermənistan Respublika Partiyasının, o cümlədən Daşnaksütyunun deputatları iclas salonuna qəsdən gəlməyiblər
Paşinyan qeyd edib ki, Ermənistan parlamentinin Seçki Məcəlləsinə dəyişiklikləri təsdiqləməkdən imtina etməsi sabotajdır: "Ölkə parlamentində səsvermə bir daha göstərdi ki, ölkənin qanunvericilik orqanının növbədənkənar seçkilərinə alternativ yoxdur. Parlament çoxluğu və onun tərəfdarları sabotaj siyasətinin davam etdirilməsi üçün əllərindən gələni edirlər. Lakin bu o demək deyil ki, parlament seçkiləri dekabrda keçirilməyəcək”


"Seçkilərə təkcə erməni siyasi qüvvələri yox, həm də Moskva hazırlaşır”


Beynəlxalq təşkilatlar da Paşinyanın tələsik seçki keçirməsindən narazıdır. Avropa Şurası Parlament Assambleyası Ermənistandakı siyasi qüvvələri demokratiya və qanunun aliliyi prinsiplərinə tam şəkildə hörmət etməyə, növbədənkənar parlament seçkilərinə hazırlaşarkən tələskənliyə yol verməməyə çağırıb. Bildirilir ki, Ermənistanda Seçki Məcəlləsinə istənilən dəyişiklik Venesiya Komissiyasının təlimatlarına tamamilə uyğun gəlməlidir. Lakin indilikdə bu müşahidə olunmur.
İndi əksər yerli və xarici ekspertlər isə belə hesab edirlər ki, Haqik Tsarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan” partiyası, eləcə də "Daşnaksütyun”un da Paşinyana qarşı olması sonuncunun durumunu ağırlaşdırır.
Erməni şərhçi Qarnik Qevorkyan yazır ki, onlar Paşinyana qarşı Moskvadan da dəstək alırlar: "Maraqlıdır ki, Tsarukyanın Moskvaya qəfil səfərləri son dövrlərdə xeyli intensivləşib. Ümumiyyətlə, Ermənistandakı inqilab təkcə Serj Sarkisyanı hakimiyyətdən məhrum etmədi, həm də Rusiya təsirini azaltdı. O üzdən indi növbədənkənar parlament seçkilərinə təkcə erməni siyasi qüvvələri yox, həm də Moskva hazırlaşır. Yaxın vaxtlarda Ermənistandakı Rusiyayönümlü qüvvələrlə əməkdaşlıq güclənəcək. Bu baxımdan, Tsarukyanın tez-tez Moskvaya getməsi təsadüfi deyil. Onun Rusiya rəhbərliyi, eləcə də Belarus Prezidenti Aleksandr Lukaşenko ilə yaxşı münasibətləri var. Həmçinin, o, Robert Koçaryan kimi, hakimiyyətin dayaqlarından biridir. Yəni Tsarukyan Ermənistanda Rusiyanın dayaqlarından biri hesab olunur”.
Qevorkyan Tsarukyanın Moskva səfərindən sonra Ermənistanın daxili siyasətində dəyişikliklərin olacağını qeyd edib: "Həmçinin görünən odur ki, Moskva təkcə Tsarukyan və Respublika Partiyası ilə deyil, ölkə daxilində bir neçə subyektlə işləyəcək. Ötən illərin təcrübəsi bunu təsdiqləyir. Sadəcə olaraq, Rusiya seçkilərə qədər mövcud Paşinyan hakimiyyəti ilə işləyəcək, seçkilərdə isə öz qüvvələrinə dəstək verəcək”.
Ermənistan daxilində artan narazılıq da Paşinyan üçün seçkilər ərəfəsində problemə çevrilir. İşğalçı ölkədə siyasi gərginliklə yanaşı, etirazlar da səngimir. Müxtəlif şəxslərin istefası, sosial tələblər əsasında baş tutan aksiyalar cəmiyyətdə Paşinyandan narazılıqların artdığını üzə çıxarır. Nikol Paşinyan isə indi, istefa verməsinə baxmayaraq, hələlik baş nazirlik səlahiyyətlərini icra edir. Amma belə görünür ki, parlament seçkilərindən sonra o, bu vəzifəni müvəqqəti olsa da icra etməyə bilər.

Elçin CƏFƏROV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video