24 Oktyabr 2018 00:53
365
İQTİSADİYYAT
A- A+

Vergiyə və vergi ödəyənlərə münasibət dəyişir


İstənilən ölkənin iqtisadi inkişafı üçün görülən işlərin dərin analizi, çatışmazlıqların hərtərəfli təhlili, düzgün və optimal çıxış yollarının tapılması zəruridir. Azərbaycanda iqtisadi, humanitar, beynəlxalq münasibətlər sahəsində əldə edilən uğurlar elə rəngarəng və müxtəlifdir ki, müəyyən çatışmazlıqlara məhəl qoymadan qazanılan nailiyyətlərdən günlərlə danışmaq mümkündür.

Oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə iqtisadiyyatında, o cümlədən aqrar sektorda, hərbi və humanitar sahələrdə qazanılan uğurlar nə qədər ətraflı və dərindən təhlil edilsə də, Prezident İlham Əliyev tənqidi məqamlara da islahatçı lider kimi yanaşdı, ölkənin gələcək inkişafi, güclənməsi üçün göstərişlərini verdi, zəruri təkliflərini diqqətə çatdırdı. Biz bu dəfə vergilər naziri Mikayıl Cabbarovun hökumətin qeyd olunan iclasındakı çıxışına istinad edib ölkənin vergi sistemində aparılan islahatlar və onların nəticələrindən bəhs edəcəyik.
Əvvəlcə onu qeyd edək ki, ölkə iqtisadiyyatında müşahidə olunan müsbət trendlər fonunda cari ilin 9 ayında 5 milyard 298 milyon manat proqnoza qarşı 5 milyard 306 milyon manat vergi toplanılmış və proqnoza 100,2 faiz əməl olunmuşdur. Ödənilən vergilərin 65,8 faizi qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektorunun özəl bölməsındən vergi yığımları isə 7 faiz artmışdır. Hesabat dövründə həmçinin regionlardan vergi daxilolmaları 500 milyon manatı keçərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxalmışdır.
Amma Nazirlər Kabinetinin iclasında vergilər naziri çıxışını belə müsbət rəqəmlərin üzərində yox, dövlət başçısının vergi orqanları qarşısında "gizli iqtisadiyyat”ın səviyyəsinin azaldılması, şəffaflığın və bərabərliyin təmin edilməsi, vergi mədəniyyətinin yüksəldilməsi kimi mühüm tapşırıqların icrası üzərində qurdu.
Azərbaycanda yaradılmış əlverişli iqtisadi mühitin və daxili istehlak bazarının mövcudluğu, ixracın təşviqi üçün görülən tədbirlər sahibkarlıq fəaliyyətini stimullaşdırır, biznesə qoşulmaq istəyən fərdlərin qarşısında yeni imkanların açılmasına şərait yaradır. Bu baxımdan yanaşanda sahibkarlıq fəaliyyətində şəffaflığın tam təmin edilməsi bir nömrəli məsələyə çevrilir. Biz hələ də uçotsuz fəaliyyət, qeyri-rəsmi məşğulluq, real dövriyyənin gizlədilməsi və vergidən yayınma cəhdlərinin geniş yayılmasını etiraf etmək məcburiyyətindəyik. Belə mənfi halların qarşısının alınması vergi yığımı üçün böyük potensial olmaqla yanaşı, büdcə gəlirlərinin artırılması üçün də əhəmiyyətlidir. Amma ən vacibi odur ki, qanunauyğun fəaliyyət göstərən vergi ödəyənlərin mənafeləri haqsız rəqabətdə sıxışdırılmasın, ədalətli biznes fəaliyyətinin əsas meyarı olan qanun qarşısında bərabərlik təmin edilsin. Dövlətin tətbiq etdiyi geniş güzəştlər də bu məqsədə xidmət edir.
Lakin sadələşdirilmiş verginin əhatə dairəsinin hər il genişləndirilməsini təhlil edərkən Vergilər Nazirliyi belə qənaətə gəlir ki, verilən bu dəstəkdən sui-istifadə halları hələ də qalır, böyük əməliyyatlar aparan bir sıra iri vergi ödəyənlər müxtəlif yollarla sadələşdirilmiş vergitutma rejimində qalmaqla vergidən yayınmağa cəhdlər edirlər. Əslində isə müəyyən sahələrin inkişafı üçün tətbiq olunan vergi güzəştləri iqtisadiyyatın lokomotivi funksiyasını daşımalı, sahibkarları həvəsləndirmək missiyasını yerinə yetirməlidir.
Nazirin çıxışında o da etiraf olundu ki, vergi ödəyənlərin fəaliyyətində uçot sisteminin zəifləməsi müəyyən qədər vergi orqanlarının da günahıdır. Nəticə etibarilə illərlə yaranmış artıq ödəmələr cari ilin vergi proqnozunun icrasında obyektiv çətinliklər yaradır. Uzun müddət formalaşmış vergiödəmə vərdişlərinin dəyişdirilməsi o qədər asan olmasa da, problemin həllinin tapılması vacibdir. Nazirliyin apardığı təhlildən belə çıxır ki, vergi mühitinin şəffaf, bərabər, hamı üçün eyni və əvvəlcədən təxmin edilən prinsiplər əsasında qurulması davam etdirilməlidir. Yeri gəlmişkən qeyd edək ki, dövlət başçısı da yekun nitqində bir çox sahibkarların bəzi dövlət məmurlarına arxalanmalarının artıq keçmişdə qaldığını bəyan etdi: "Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq. Bütün müvafiq qurumlara göstəriş verildi, ilk növbədə Vergilər Nazirliyinə. Bu nazirlik heç nəyə baxmadan, dövlət maraqlarını rəhbər tutaraq öz siyasətini aparmalıdır. Bütün dövlət qurumları, o cümlədən sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Dəstək verməyən isə cəzalandırılacaq”.
Cari ildə nazirlik tərəfindən vergi ödəyənlərlə şəffaf münasibətlərin qurulmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi hesabına qeyri-neft sektorunda dövriyyələr 7,1 faiz artaraq 44 milyard manatı ötmüş, ticarətdə dövriyyə 18,4, o cümlədən pərakəndə ticarət dövriyyəsi 27,9 faiz artmışdır. Vergi ödəyənlərə öz uçot sənədləşmə işlərini qaydaya salmağa imkan yaratmaq üçün səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılmışdır.
Dövlət Gömrük Komitəsi ilə birlikdə idxal-ixrac əməliyyatlarına səmərəli nəzarət sisteminin qurulması məqsədilə Vahid Risk Platforması tətbiq edilmişdir. Bu ayın əvvəlində isə hər iki qurumun keçirdiyi birgə kollegiya iclasında açıq qalan məsələlərin həlli yolları müzakirə olunmuş, ilin sonunadək çox müsbət fiskal nəticələrə gətirən birgə tədbirlərin reallaşdırılmasına qərar verilmişdir. Həmçinin aksizli malların dövriyyəsinə vergi nəzarəti gücləndirilmiş, ən iri 30 istehsalçıda bu il avqustun 1-dən aksiz postları qurulmuşdur. Faktiki olaraq bir məhsul növünün adı altında digərinin istehsalının, saxta aksiz markalarından istifadənin və aksiz markası olmadan məhsul satışının qarşısı alınmışdır. Bircə fakta diqqət yetirək: bu addım sayəsində avqust və sentyabr ayları üzrə araq istehsalı və onun daxili bazarda satış həcmi cari ilin ötən dövrü ilə müqayisədə orta hesabla 3 dəfə artmışdır. Aksizsiz tütün məhsullarının daxili bazarda satışının qarşısının alınması üçün atılan addımlar sayəsində isə daxili bazarda qaçaq malın payı cari ilin əvvəlindəki 19 faizdən 3 faizə enmişdir. Qanunsuz olaraq daxili bazara yol tapmış tütün məhsullarına qarşı mübarizə yerli məhsulların istehsalında canlanma yaratmışdır. Yerli istehsalçıların daxili bazarda satış həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə cari ilin müvafiq dövründə 75 faiz artmışdır.
Aparılan islahatların daha bir mühüm qolu vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı keçirilən intensiv görüşlərdə sahibkarları narahat edən məsələlərin həlli yollarının birgə müzakirə edilməsi olmuşdur. Bu təmasların zəminində hazırlanmış dəyişikliklər paketi vergidən yayınmanın və "gizli iqtisadiyyat”ın miqyasının azaldılması, iqtisadi artımın və sahibkarlığın effektiv dəstəklənməsi, vergitutma rejiminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi, inzibatçılığın və nəzarətin gücləndirilməsindən ibarətdir. Məhz bu görüşlərdə sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi, pərakəndə ticarət və iaşədə nağdsız ödənişlər üzrə müddətli vergi güzəştlərinin verilməsi, gəlir və xərcin uçotunu aparan kiçik sahibkarların dividend gəlirlərinin vergidən azad olunması, vergi ödəyənlər tərəfindən çəkilən qeyri-kommersiya xərclərinin, o cümlədən səhiyyə, təhsil, mədəniyyət və idman sahələrinə ayrılmış ianələrin müəyyən hissəsinin gəlirdən çıxılması təklif edilmişdir. Bundan əlavə, qeyd olunmuşdur ki, bir çox hallarda əməkhaqqı üzrə sosial sığorta və vergi yükünün yüksək olması sahibkarları qeyri-rəsmi əməkhaqqı ödənilməsi praktikasına sövq edir və nəticədə "gizli iqtisadiyyat”ın genişlənməsinə zəmin yaranır. Hətta inzibati tədbirlər belə problemi tam aradan qaldırmağa imkan vermir. Müzakirələr zamanı təklif edilmişdir ki, sahibkarlarda iqtisadi motivasiyanın yaradılması üçün qeyri-neft sektorunda əməkhaqqı ilə əlaqəli olan ödənişlərə uzunmüddətli vergi güzəşti və vahid inzibatçılığın tətbiqi fayda verə bilər, qeyri-rəsmi məşğulluğun səviyyəsi azalar.
Bir sözlə, biz onun şahidi oluruq ki, vergi sistemində ciddi islahatlar aparılır. Dövlət başçısı da bu islahatları dəstəkləyir və bir daha qeyd edir ki, əsas vəzifə "gizli iqtisadiyyat”ın aradan qaldırılması olmalıdır: "Düzdür, heç bir ölkədə buna 100 faiz nail olunmayıb, hər bir ölkədə "gizli iqtisadiyyat” var, amma bunun dərəcəsi var. Azərbaycanda "gizli iqtisadiyyat”ın kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır. Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu, əlbəttə, imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər. Müvafiq göstərişlər verilir. Vergidən yayınmaya son qoyulmalıdır. Bu, həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”.

Bahadur İMANQULİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video