21 Oktyabr 2018 20:34
1231
Qəbullar
A- A+

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqı qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq səviyyəsindən çox məmnun olduğunu qeyd edərək bankın Azərbaycanın iqtisadi layihələrinə göstərdiyi dəstəyin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev bu layihələr sırasında böyük önəm daşıyan Cənub Qaz Dəhlizinə Asiya İnkişaf Bankı tərəfindən 1 milyard dollardan çox kredit ayrıldığını qeyd etdi və bankın bu layihəyə maliyyə dəstəyi göstərən ilk beynəlxalq bank olduğunu xüsusi vurğuladı. Dövlətimizin başçısı bununla yanaşı, bank tərəfindən bir sıra digər infrastruktur layihələrinə, o cümlədən elektrik enerjisi layihələrinə təqribən 250 milyon dollar, dəmir yolu layihələrinə 400 milyon dollar həcmində kreditlərin ayrılmasını yüksək qiymətləndirdi.

2016-cı ildə makroiqtisadi sabitliyin dəstəklənməsi məqsədilə bankın qısa müddətdə ayırdığı 500 milyon dollar məbləğində kontrsiklik krediti ölkəmizin artıq bu il vaxtından xeyli əvvəl qaytardığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Asiya İnkişaf Bankının etibarlı tərəfdaşı olduğunu nümayiş etdirdiyini dedi. Dövlətimizin başçısı Azərbaycanın Asiya İnkişaf Bankı ilə 2019-2023-cü illər üçün əməkdaşlıq strategiyasının hazırlanmasının əhəmiyyətini qeyd edərək bankın özəl sektora dəstək verilməsi istiqamətində fəaliyyətinin önəmini vurğuladı. Prezident İlham Əliyev Asiya İnkişaf Bankının istiqrazlarının Azərbaycanda manatla buraxılması təşəbbüsünü müsbət qiymətləndirərək həmin vəsait hesabına Azərbaycanda özəl sektor layihələrinin həyata keçirilməsi üçün kreditlər veriləcəyini dedi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan irriqasiya sistemlərinin qurulmasında yeni, müasir texnologiyaların tətbiqi məsələləri ilə bağlı Asiya İnkişaf Bankının dəstəyində maraqlıdır.

Dövlətimizin başçısı Asiya İnkişaf Bankının regional əməkdaşlıqda rolunu qeyd edərək bu qurumun gələcəkdə ölkələr arasında nəqliyyat və logistika sahələrində əlaqələrin qurulması işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Əməkdaşlığımızın uğurlu inkişafına toxunan Prezident İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 2015-ci ildə Azərbaycanda keçirilən 48-ci illik toplantısının əlaqələrimizin genişlənməsində mühüm hadisə olduğunu bildirdi və Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın səfərinin görülən işlərin və gələcək layihələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Vençay Janq Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun salamlarını dövlətimizin başçısına çatdırdı.

Asiya İnkişaf Bankının vitse-prezidenti bildirdi ki, Azərbaycan 1999-cu ildən bu banka qoşulduğu vaxtdan keçən dövr ərzində əməkdaşlığımız uğurla inkişaf edir və o, bu əməkdaşlığı böyük tərəfdaşlıq əlaqələri kimi dəyərləndirdi. Vençay Janq bu dövrdə Asiya İnkişaf Bankı tərəfindən Azərbaycana 4 milyard dollardan yuxarı kreditlər və maliyyə zəmanətləri verildiyini və bundan başqa, texniki dəstəyin göstərildiyini qeyd edərək əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğuladı. O, bu baxımdan bankın 2019-2023-cü illər üçün əməkdaşlıq strategiyasının işlənib hazırlanmasının önəmini vurğuladı.

Azərbaycanın son illərdə makroiqtisadi sabitliyin gücləndirilməsi istiqamətində əldə etdiyi nailiyyətləri vurğulayan Vençay Janq dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə yönəlmiş Strateji Yol Xəritəsinin həyata keçirilməsinə Asiya İnkişaf Bankı tərəfindən hərtərəfli dəstək verilməsinə hazır olduqlarını bildirdi.

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını bankın prezidentinə çatdırmağı xahiş etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video