03:43 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


01:26 27.11.2021

BİLDİRİŞ


01:25 27.11.2021

BİLDİRİŞ


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlham Əliyevin növbəti qlobal layihəsi
ANA SƏHİFƏ / SİYASƏT
02:09 21.10.2018


"Star” neft emalı zavodunun açılışı ilə Azərbaycan-Türkiyə qardaşlığının rəmzinə çevrilən möhtəşəm ünvanların sırasına biri də əlavə olundu


Azərbaycanla Türkiyənin birgə səyləri ilə ərsəyə gətirilən möhtəşəm infrastruktur sahələrinin sırasına dünən biri də əlavə olundu. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərindən, Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən və "Cənub qaz dəhlizi”ndən sonra "Star” neft emalı zavodu istifadəyə verildi.


Ərazi Türkiyənin, sərmayə Azərbaycanın


"Star” neft emalı zavodu Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, "Petkim” neft-kimya kompleksinin ərazisində yaradılıb. Zavodu inşa edən isə Azərbaycanın neft şirkəti - SOCAR-dır. Şirkət zavodun ərsəyə gəlməsinə nə az, nə çox - 6,3 milyard dollar vəsait yatırıb. Beləliklə, zavodun tikildiyi ərazi Türkiyənin, yatırılan sərmayə Azərbaycanındır. Budur iki qardaş ölkə arasında olan dostluğun, qardaşlığın və milli maraqlara söykənən əməkdaşlığın növbəti bariz nümunəsi. "Star”ın istifadəyə verilməsi ilə Azərbaycan-Türkiyə qardaşlığının rəmzinə çevrilən möhtəşəm ünvanların sırasına biri də əlavə olundu.

"7 il bundan əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla burada - Əliağada "Star”ın təməlini qoyduq və bu gün bu nəhəng layihənin açılışını bərabər edirik. Bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq. Bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır”, - deyə zavodun açılış mərasimində Prezident İlham Əliyev bəyan etdi.

Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, TANAP, "Star” neft emalı zavodu və buna bənzər böyük olduğu qədər də strateji əhəmiyyət daşıyan bu layihələr təkcə Azərbaycan-Türkiyə qardaşlığını inkişaf etdirmir, eyni zamanda, bütün Qafqazın, Orta Asiyanın və hətta Avropanın enerji təhlükəsizliyinə də böyük töhfə verir.


Cəmi 20 illik müstəqillik tarixi olan dövlət milyardlarla dollar sərmayə yatırır


2011-ci ilin oktyabr ayı Azərbaycan üçün başqa mühüm hadisələrlə də əlamətdar idi. Həmin ay ölkəmiz BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdi. Oktyabrın 18-də isə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü tamam olmuşdu. Amma 7 il əvvəl "Star” neft emalı zavodunun təməlinin qoyulmasının başqa bir rəmzi mənası da vardı. Bu da ondan ibarət idi ki, cəmi 20 illik müstəqillik tarixi olan dövlət başqa bir ölkənin ərazisində milyardlarla dollar həcmində ölçülən sərmayə qoymağa hazırlaşırdı.

Bu fakt Azərbaycanda neft gəlirlərindən dövlətin maraqları naminə səmərəli istifadə edilməsini nümayiş etdirməklə yanaşı, həm də qısa müddətdə ölkəmizin qət etdiyi möhtəşəm inkişaf yolunun göstəricisi kimi tarixiləşdi. Bu həm də ondan xəbər verirdi ki, Azərbaycan dövləti perspektivdə dayanıqlı inkişafın təmin olunması üçün aydın və dəqiq proqrama malikdir.

Hazırda Azərbaycan investisiyaları Türkiyəyə qoyulan birbaşa xarici sərmayənin təxminən 51 faizini təşkil edir. Türkiyəyə planlaşdırılan sərmayələrimiz ümumilikdə 19,5 milyard dollar civarındadır. Son doqquz ildə bunun 12,6 milyard dollarlıq hissəsi müxtəlif layihələrə yatırılıb.


Türkiyənin enerji bazarını dəyişən zavod


Türkiyənin ilk və yeganə neft-kimya kompleksi olan "Petkim-Petrokimya Holdinq”in təməli 1965-ci ildə qoyulub. 1984-cü ildə bu qurum İzmir şəhərinin Əliağa qəsəbəsində ikinci kompleksini qurub. 2008-ci ildə SOCAR Türkiyənin "TURKAS” şirkəti ilə birlikdə "Petkim”ə məxsus neft-kimya zavodunun 51 faizinə sahib olub. Hazırda holdinqin 11 zavodunda 50 növdən çox neft-kimya xammalı hazırlanır.

Bununla belə, Türkiyədə neft-kimya və neft-emalı müəssisələrinin sayı ölkənin potensialına cavab vermir. Neft məhsullarını əsasən ixrac etdiyi üçün Türkiyənin xarici ticarətində kəsiri də yüksəkdir. Bu mənada, Azərbaycanın tikdiyi bu zavod Türkiyə üçün strateji əhəmiyyətə malikdir. Ona görə də "Star” neft emalı zavodunun istifadəyə verilməsi holdinqin fəaliyyətində tamamilə yeni səhifə açır. Belə ki, "Star” hər il 10 milyon ton xam neft emal edəcək. "Star”ın Türkiyənin təyyarə yanacağı ehtiyacını tam təmin edəcəyi gözlənilir. İstanbulda yeni hava limanının açılması və turizm sektorundakı artım səbəbindən Türkiyənin təyyarə yanacağı istehlakının sürətlə artacağı proqnozlaşdırılır. "Star” zavodu illik 1,6 mln. tonluq istehsalla Türkiyənin təyyarə yanacağına olan tələbatını ödəyəcək.

2017-ci ildə Türkiyədə dizel yanacağı istehlakının həcmi 24 mln ton təşkil edib, 2019-cu ildə isə istehlakın 25 mln ton olacağı gözlənilir. "Star zavodu” 5 mln. ton dizel yanacağı istehsal etməklə Türkiyədə ümumi istehlakın 20 faizini təmin edəcək. Bununla da qardaş ölkənin dizel yanacağı idxalı 40 faizə enəcək.


Zavodda ildə 1,6 milyon ton nafta istehsal olunacaq. Bu isə əsas payı


SOCAR-a məxsus "Petkim”i xammalla təmin etməyə imkan yaradacaq. Bununla da "Petkim”in həm idxaldan olan asılılığı, həm də nəqliyyat xərcləri aradan qalxacaq və "Petkim” ucuz xammal ilə təmin olunaraq bazarda rəqabət üstünlüyünü artıracaq.


Hər il 864 milyon dollar gəlir


"Star” zavodunun istifadəyə verilməsindən sonra Türkiyəyə idxal olunan neft məhsulları azalacaq. Bu isə Türkiyəyə xarici ticarət balansındakı cari kəsirini 1,5 mlrd. dollar azaltmağa imkan verir. Ona görə bu zavod son vaxtlarda iqtisadi baxımdan çətin dövrdən keçən, məzənnəyə bağlı olaraq inflyasiya artımı yaşanan Türkiyəyə maddi və eləcə də mənəvi cəhətdən dəstək olacaq.

Azərbaycana gəldikdə isə "Star” neft emalı zavodundan ilk 5 ildə hər il respublikamızın iqtisadiyyatına 614 milyon dollar gəlir gələcək. Növbəi 10 il ərzində isə "Star”dan hər il 864 milyon dollar əməliyyat gəliri gələcəyi gözlənilir. Bu da öz növbəsində, Azərbaycan iqtisadiyyatına böyük töhfə olacaq və ölkəyə xarici valyuta axınını təmin edəcək.

"Star” zavodunun inşası Türkiyədə özəl sektorun bir sahəyə yatırdığı ən böyük sərmayədir. Azərbaycanın təşəbbüsü ilə inşa edilən zavod qardaş ölkədə enerji və neft sektorunun inkişafına, həmçinin Türkiyə və Azərbaycan arasındakı qardaşlıq və dostluğun daha da möhkəmlənməsinə töhfə verəcək. Eyni zamanda, zavod növbəti illərdə Azərbaycanın milli gəlirlərinin artmasında böyük rol oynayacaq. Ona görə Azərbaycanın xaricdə tikdiyi ilk neft zavodu olan "Star” ölkəmizin enerji siyasətinin növbəti təntənəsidir.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM