Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

00:59 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bəxtinə gün doğan BASQAL
Bəxtinə gün doğan BASQAL
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:45 21.10.2018


Qəsəbə sakinləri Prezident sərəncamının bu məkanın keçmiş şöhrətini tezliklə geri qaytaracağına əmindirlər


Hər fəslin öz gözəlliyi var. Amma payız bir ayrı aləmdir. Ən isti fəsil olan yayla soyuq qış arasında payız sanki bir körpü rolunu oynayır. Məhz bu dövrdə təbiətin min bir çalarda olan rəngini, cana yatan sərin havasını, bir sözlə, ruhun dincəlişini tapmaq olur.

Bu dediklərimiz bölgələrdə, təbii gözəlliklərin olduğu məkanlarda daha çox hiss olunmaqdadır. Qədim yaşayış məskənlərimizdən olan Basqal qəsəbəsi də məhz belələrindəndir.

Bizi həmin məkana gətirən başlıca səbəb Prezident İlham Əliyevin oktyabrın 3-də "Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında verdiyi sərəncam idi. Həmin tarix və o gün yaşanan sevinc hissi yəqin ki, Basqalın təəssübünü çəkən insanların çöhrələrini uzun müddət tərk etməyəcək. Ümumilikdə isə bu sərəncam dövlət başçısı səviyyəsində İsmayıllıya və canlı tarix olan məkanlarımıza yetirilən diqqətin təzahürüdür.

Qəsəbənin tarixi abidələri ilə yaxından tanış olduqdan sonra bu məkanla bağlı ətraflı məlumatlanmaq üçün ziyalılarla söhbətləşməyə qərar verdik. Basqala gələn, buralarla bağlı ətraflı məlumat əldə etmək istəyən insan mütləq Basqalın canlı tarixi, bu məkanla bağlı bir neçə kitabın müəllifi, "Tərəqqi” medallı Miryavər Hüseynovu ziyarət etməkdən və ensiklopedik biliyə malik olan bu insanın dəyərli söhbətlərini eşitməkdən məmnun olur. Biz elə də etdik. İsmayıllı rayon İHB-nın Basqal qəsəbə İƏD üzrə nümayəndəsi Novruz Əsədov və məktəbin direktoru Ağasəfər Qafarovla Miryavər müəlimin evinə yollandıq. 86 yaşında olmasına baxmayaraq şux görünürdü.

Bizi özü qarşıladı. Miryavər müəllimin iş otağında yan-yana düzülən kitab rəflərini müxtəlif illərdə dərc olunmuş bir-birindən dəyərli kitablar bəzəyirdi. Burada şifahi xalq ədəbiyyatı nümunələrindən tutmuş klassik əsərlərə kimi istədiyini tapa bilərsən. Ən vacibi isə onlardan bəhrələnməkdir.


İpək məmulatı istehsalı mərkəzlərindən biri


Əsrarəngiz təbiəti, qədim tarix və mədəniyyəti, yüksək qonaqpərvərliyi ilə seçilən Basqal qəsəbəsi xalq yaradıcılığını qoruyub saxlayan və bu günə qədər yaşadan sənətkarlıq mərkəzlərindəndir. Basqal vahid memarlıq prinsipləri əsasında salınıb. Baş küçə özündə hər birinin özünəməxsus tarixi və ənənələri olan neçə-neçə ictimai, dini, mədəni-məişət, sənətkarlıq, ticarət və yaşayış binalarını, məhəllə, kürəbənd, bulaq və sairəni birləşdirib.

2500-3000 illik tarixi olan qəsəbənin adının mənası ilə bağlı fərqli fərziyyələr mövcuddur. Ümumilikdə isə mütəxəssislər Basqal toponiminin təmiz türk sözü olması və "qala qur”, "qala ucalt”, "baş qala” mənasını ifadə etməsi qənaətindədirlər. Bu ulu ad qədim türkdilli basil tayfa birləşməsinin də ünvanını yada salır. Basillər hələ 2500 il əvvəl Cənubi Azərbaycanda çox geniş ərazidə yayılmışdılar. Qədim yunan tarixçisi Herodot "Tarix” kitabında onları "buslar” adlandırmışdı.

Basqalı məşhurlaşdıran onun əsrlər boyu Şirvanın, bütövlükdə Azərbaycanın çox mühüm ipək məmulatı istehsalı mərkəzlərindən biri olmasıdır. XII-XIII yüzilliklərdə Şirvan şəhərləri, xüsusilə də Şamaxı özünün və ətraf yaşayış məntəqələrində istehsal olunan ipək məmulatları ilə şöhrət qazanıb. Müxtəlif çeşidli kəlağayılar, qanovuz, kişmir, tafta, darayı, mov, cecim, yorğanüzü və s. parçalar xarici bazarlarda və beynəlxalq sərgilərdə nümayiş etdirilib və yüksək qiymətləndirilib. Təbriz, Gəncə, Şamaxı, Şəki və Ordubad kimi şəhərlərlə yanaşı, Basqalda da yüksəkkeyfiyyətli kəlağayılar və digər ipək məhsulları toxunub. Mənbələrin məlumatına görə, hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə ixrac olunub.


Basqal kəlağayıları dünya bazarlarında


1293-cü ildə Azərbaycanda olmuş venesiyalı səyyah Marko Polo yazırdı: "...Burada şəhər və qalalar olduqca çoxdur, çoxlu ipək var. Burada ipək və zərxara parçaları toxunur: belə gözəl parçaları dünyanın heç bir yerində görməzsən”. Bu təsvir Şirvana aiddir. Şirvanda isə ipək və zərxara istehsalının mərkəzi məhz Basqal olub. Basqaldan olan ustalar, tacirlər və iş adamları Azərbaycan, Qafqaz və Orta Asiyanın bir çox şəhərlərində ipəkçiliyin inkişaf etdirilməsinin təşəbbüsçüləri və icraçıları olublar.

XVII, XVIII və XIX əsrlərdə ümumdünya bazarlarında Basqal kəlağayıları öz dəyərini layiqincə nümayiş etdirib. Basqal ustalarının istehsal etdikləri ipək məhsullar Azərbaycan sərhədlərini aşaraq Hindistan, Orta Asiya, İran, Əfqanıstan, Pakistan, Rusiya, İngiltərə, Fransa və digər ölkələrə qədər gedib çıxıb. 1862-ci ildə Azərbaycan ilk dəfə Londonda keçirilən ümumdünya sərgisində iştirak etmişdir. Həmin sərgidə basqallı toxucu Nəsir Abduləziz oğlunun nümayiş etdirdiyi nəfis, zərif kəlağayı və qanovuz parçaya görə o, gümüş medal və diplomla mükafatlandırılmışdı. Basqal sənətkarları tərəfindən toxunan kəlağayılar yaşa və zövqə uyğun olaraq müxtəlif rənglərə boyanırdı. Onların arasında "Heyratı”, "Hələbi”, "Gülvəngi”, "Saçaqlı”, "Sumağı”, "Ağzəmin”, "Bağdadı”, "Noxudu” və sair adlı əlvan kəlağayılar əsas yer tutub. Hazırda bu sıraya "Basqalı” və "Yeddi rəng” adlı kəlağayılar da əlavə edilib. Buradakı kəlağayıların naxışlanmasında müxtəlif qəliblərdən istifadə olunub. Həmin qədim qəliblər bu gün də qalmaqdadır.

"Azərbaycan kəlağayısı sənəti” Basqal kəlağayısının timsalında 2014-cü ildə UNESCO-nun Qeyri maddi-mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.


Dayanıqlı işıq da var, qaz da...


Son illərdə Basqalda dövlət vəsaiti hesabına bir sıra işlər görülüb. 2015-ci ildə qəsəbə təbii qazla təmin olunub, enerji təchizatı yenidən qurulub. Basqalçayın üzərində yeni körpü tikilib istifadəyə verilib. Qəsəbə tam orta məktəbində təmir işləri aparılıb, isitmə sistemi yenidən qurulub. Qədim küçələr çaydaşı ilə döşənib, bulaqlar bərpa olunub və su kəmərlərində təmir-bərpa işləri aparılıb.

Basqal qəsəbəsindəki bir sıra tikililər yerli əhəmiyyətli abidələr kimi dövlət qeydiyyatından keçib. Həmin abidələr dövlət tərəfindən qorunur.


Alimi, elm və dövlət xadimləri ilə öyünən məkan


Basqal qəsəbə tam orta məktəbi Azərbaycanın yeni tipli məktəblərindən biri olmaqla ən qədimlərindəndir. Bu məktəb 1887-ci ildə yaradılıb. XX əsrdə Azərbaycan tarixində xüsusi yer tutan yüzlərlə dövlət, ictimai, ədəbiyyat, elm, mədəniyyət, incəsənət, hərb və tibb xadimləri bu məktəbin yetirmələridir. Akademiyanın müxbir üzvlərindən iki nəfəri - Maqsud və Mayis Cavadovlar məhz bu elin övladlarıdır. Maqsud Cavadov Azərbaycanda Nəsrəddin Tusidən sonra Evklid həndəsəsi ilə məşğul olmuş ikinci alimdir. Sovet İttifaqı qurulandan sonra ilk roman yazan şəxs - yazıçı Əbülhəsən Ələkbərzadə də Basqalın yetişdirməsidir. Böyük Vətən müharibəsində ilk dəfə qəhrəman adı alan Kamal Qasımov da basqallıdır. İlk qadın gəmi kapitanı Şövkət Məmmədova da bu eldəndir. Qarabağ müharibəsində Basqalın iki yetirməsi - Rəmzi Novruzov və İbrahim Hüseynov canlarını fəda ediblər. Çağdaş tariximizdə ilk dövlət katibi Tofiq İsmayılov da bu qədim torpaqdandır. İtaliyanın Milli Qəhrəmanı, Qızıl Harribaldi Ulduzu kavaleri Məmməd Bağırov da gözünü Basqalda dünyaya açmışdı. Bütün qeyd olunanlar bir daha Basqalda təhsil səviyyəsinin yüksək olmasından xəbər verir.


Təkliflər var


Hazırda Basqalın sosial və iqtisadi inkişaf layihəsinin hazırlanması məqsədilə bir sıra işlərin görülməsi məqsədəuyğun sayılır. İlk mərhələdə Bazar meydanı adlanan ərazinin, XVI-XVII əsrlər tarixi abidələri olan məscid, hamam binalarının, qədim kürəbənd - kanalizasiya sisteminin bərpası, Ziyalılar evinin təşkili, Basqal icma bazarının tikilməsi, kəlağayı sənətinin inkişafı məqsədilə sənətkarlıq emalatxanasının açılması, keçmiş kəlağayı müəssisələrinin profilinə uyğyn fəaliyyət göstərməsinin təmin edilməsi təklif olunur. Eyni zamanda kəlağayı sənətinin öyrədilməsi məqsədilə qəsəbədə İsmayıllı Peşə Tədris Mərkəzinin filialının və ya şöbəsinin açılması, həmçinin dəmirçilik, misgərlik, xalçaçılıq və digər ənənəvi sənət sahələrinin tədrisinin təşkil edilməsinin effektiv olacağı düşünülür.

Tarix-diyarşünaslıq və ya kəlağayı muzeyinin təşkili, köhnə məscid binasının bərpası, eləcə də həmin binanın dini və yas məclislərinin aparılması məqsədilə "Mərasim evi” kimi təşkili, qədim bulaqların təmiri və bərpası, məhəllələrin evlərinin fasadlarının, divarlarının və damlarının milli üslubda yenilənməsi, zərurət olan yerlərdə küçələrin çaydaşı ilə döşənməsi də təklif olunur.

XVI əsrə aid olan Çinar ağacının ətrafının abadlaşdırılması, qəsəbənin yaxınlığındakı Qalabaşı və Qəlibgah məhəllələrində arxeoloji qazıntıların aparılması da nəzərdə tutulur.

Hesab edilir ki, qəsəbə sakinlərinin məşğuliyyəti də mütləq nəzərə alınmalıdır. Bunun üçün meyvə şirəsi, mürəbbə, meyvə qurusu, müxtəlif qida məhsulları, ənənəvi Basqal yeməklərini və dadlı şirniyyatını hazırlayan müəssisələrin yaradılması vacib məqamlardandır. Sosial problemlərin həlli baxımından həkim məntəqəsinin təmiri və ya təzə binanın tikintisi, aptekin açılması, Basqal və ətraf yaşayış məntəqələrinin əhalisinə xidmət edən xəstəxana binasının tikilməsi də gündəmdədir.

Qeyd olunan və bu qəbildən olan bir sıra vacib tədbirlərin həyata keçirilməsi Basqalın yenidən nəfəs alması demək olardı. Təsəvvür edin ki, rəsmi statistikada hazırda Basqal qəsəbəsinin əhalisinin sayının 1556 nəfər, yaşayış evlərinin sayının isə 756 ədəd olması əksini tapıb. Reallıqda isə hazırda həmin insanların heç yarısı belə qəsəbədə yaşamır. Evlərin də yarısından çoxu yay ayları istisna olmaqla, digər vaxtlarda bağlı qalır. Səbəb isə ilk növbədə məşğulluğun təmin edilə bilinməməsidir. Halbuki keçən əsrin 90-cı illərinin əvvəllərində qəsəbə orta məktəbində 800-1000 nəfər arası şagird təhsil alıb. Bu gün isə həmin rəqəm təxminən 120-130 nəfər arasında dəyişir. Başlıca səbəb kimi o dövrə qədər fəaliyyət göstərən bir sıra istehsalat sahələrinin ləğvi göstərilir. Ayrı məşğulluğu olmayan insanlar məcburiyyət qarşısında qazanc dalınca iri şəhərlərə axın ediblər.

Qəsəbə sakinləri verilən sərəncama görə dövlət başçısına minnətdarlıqlarını bildirir və inanırlar ki, artıq start vəziyyətində olan tədbirlərin icrası nəticəsində Basqalın bütün problemləri həllini tapacaq və bu qədim məkan əvvəlki şöhrətini özünə qaytarmaq şansı qazanaraq daha da inkişaf edəcək.


Əli SƏLİMOV,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM