20 Oktyabr 2018 03:17
378
İQTİSADİYYAT
A- A+

Beynəlxalq miqyasda etiraf edilən yüksəliş


Yeni Qlobal Rəqabətlilik Hesabatı Azərbaycandakı inkişaf prioritetlərinin sürətlə reallaşdığını göstərir


Ardıcıl inkişaf dinamikasına malik Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı böyük uğurların kökündə dayanan əsas amillərdən biri iqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən məqsədyönlü siyasətdir.
Bunun nəticəsidir ki, ölkədə iqtisadiyyatın tərəqqisi məhdud sfera üzərində köklənməyərək çoxcəhətli, genişmiqyaslı xarakterə malikdir. Bu səpkidə görülən işlər respublikada iqtisadi yüksəlişə böyük töhfələr verərək, onu dinamik hala gətirib.


Azərbaycandakı iqtisadi proseslər beynəlxalq təşkilatların diqqət mərkəzindədir


Təbii ki, Azərbaycanda əldə olunan iqtisadi nailiyyətlərin əsasında müasir çağırışlara cavab verən islahatların həyata keçirilməsi, Prezident İlham Əliyevin düşünülmüş, gələcəyə hesablanmış, xalqın və dövlətin milli maraqlarına xidmət edən məqsədyönlü və praqmatik siyasəti dayanır. Bu siyasətin nəticəsi olaraq Azərbaycan Respublikası bütün bəşəriyyəti əhatə edən iqtisadi kataklizmlərlə müşayiət olunan proseslərə, o cümlədən qloballaşmanın təsirindən irəli gələn müəyyən mənfi fəsadlara baxmayaraq iqtisadi, sosial və digər sahədə böyük nailiyyətlər əldə edib, regionun liderinə, beynəlxalq aləmdə mövqeyini, imicini, reytinqini ildən-ilə möhkəmləndirən dövlətə çevrilib.
Əldə edilən uğur və nailiyyətlərin miqyası isə mütəmadi şəkildə genişlənir və Azərbaycan daha qüdrətli dövlətə çevrilir. İqtisadiyyatın ən müxtəlif sahələrində inkişafın paralel şəkildə getməsi, bir-birini tamamlaması ölkə xaricində də diqqət çəkir. Belə ki, respublikamızın inkişaf prosesinin kompleks xarakter daşıması, ən müxtəlif sferaları özündə ehtiva etməsi, innovativ və novatorçu xarakter daşıması beynəlxalq miqyasda təqdir olunur.
Elə bunun nəticəsidir ki, dünyanın ən nüfuzlu iqtisadi institutlarının araşdırmalarında, hesabatlarında Azərbaycana böyük diqqət yetirilir, ölkəmizlə bağlı göstəricilər mütəmadi olaraq müsbətə doğru dəyişir. Dünya İqtisadi Forumunun, Dünya Bankının və digər mötəbər ünvanların hər il hazırladıqları hesabatlar bunu təsdiqləyən mühüm sənədlər kimi çıxış edir.
Bu günlərdə Dünya İqtisadi Forumunun tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilən Qlobal Rəqabətlilik Hesabatında da Azərbaycandakı inkişaf prosesləri obyektiv qiymətləndirilib. Hesabatla tanışlıq ölkəmizin inkişaf prioritetlərinin sürətlə real həyata vəsiqə aldığını göstərir.


12 əsas indikatorun 7-si üzrə ölkəmizin mövqeləri yaxşılaşıb


Öncə onu qeyd edək ki, qlobal trendlər nəzərə alınmaqla, hesabatın metodologiyasında dəyişikliklər o qədər dərin və əhatəli olub ki, Dünya İqtisadi Forumu bu metodologiyanı yeni nəsil "4.0” kimi təqdim edib. Bu isə onu deməyə əsas verir ki, "Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” yeni dövrün ilk hesabatıdır. Əvvəlki illərdən fərqli olaraq, metodologiya ciddi şəkildə dəyişdirilərək hesabata yeni indikatorlar daxil edilib. Ümumilikdə əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68 yeni indikator daxil edilib. Hesabatda mövcud 98 indikatorun 70 faizi tamamilə yenidir.
Beləliklə, Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilib. Ölkəmiz ilk hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə bir sırada dayanıb. Hesabatın 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. İnstitutlar, İnfrastruktur, İnformasiya-kommunikasiya texnologiyalarının istifadə səviyyəsi, Səhiyyə, Əmək bazarı, Biznes dinamikliyi və İnnovasiya potensialı sütun indikatorları üzrə Azərbaycanın mövqelərinin yaxşılaşması Qlobal Rəqabətlilik Hesabatı tərəfindən qeydə alınıb.
Lakin onu da qeyd edək ki, Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında irəlidə olduğu alt-indikatorların böyük bir qismi yeni metodologiyada nəzərə alınmayıb. Azərbaycan dövlət büdcəsinin icrası, ümumi dövlət borcu, ümumi milli yığım, ölkənin kredit reytinqi kimi məsələlərdə əvvəlki hesabatlarda daim öncül mövqedə dayanır. Amma bu indikatorlar yeni metodologiyaya salınmayıb.


140 ölkə arasında 31-ci


Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb. Belə yüksək nəticənin qazanılması son illər Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatlar nəticəsində mümkün olub. Həmin indikatora əsasən, Azərbaycanın mövqeyi biznesə başlamaq üçün tələb olunan günlərin sayı alt-indikatoru üzrə 17-ci, müflisləşmə normativ hüquqi bazası alt-indikatoru üzrə 17-ci, sahibkarlıq riskləri alt-indikatoru üzrə 21-ci və ideyaların şirkətə təsiri alt-indikatoru üzrə 25-ci olub.
Azərbaycanda əlverişli biznes mühitinin olması, bu sahədəki göstəricilərin dinamikası həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrinin əyani təsdiqidir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində sahibkarlığın inkişafı sahəsində müşahidə edilən pozitiv meyillər daha qabarıq şəkildə özünü göstərir. Ölkədə biznes mühitinin yaxşılaşdırılması, bu sahədə həyata keçirilən islahatlar və digər genişhəcmli tədbirlər nəticəsində özəl sektorun ÜDM-dəki payı əhəmiyyətli dərəcədə artıb.
Xatırladaq ki, Azərbaycanda aparılan iqtisadi islahatlar dünyadakı inkişaf proseslərini yaxından izləyən digər təşkilatların diqqətindən yayınmır. Bunu Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən "Doing Business” hesabatları da təsdiq edir. Bu hesabatlarda Azərbaycanda biznes mühitinin qiymətləndirilməsi ölkəmizdə həyata keçirilən islahatlara və əldə olunan nəticələrə obyektiv qiymətidir.
Dünya Bankının hesabatlarında Azərbaycan daha çox islahat aparan ölkələr sırasında yer alır, həmçinin biznesə başlama indikatoru üzrə öncül mövqedə qərarlaşıb.


Sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə


Dünya İqtisadi Forumunun yeni Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi qiymətləndirilib. Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib. Yeni metodologiya əsasında hazırlanmış ilk Qlobal Rəqabətlilik Hesabatında ölkələrin reytinqinə birbaşa təsir göstərməsə də, sosial və ətraf mühit performansı üzrə indikatorlara da yer ayrılıb. Azərbaycan ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə yeni nəsil metodologiya əsasında hazırlanmış hesabatda lider mövqelərini qoruyub.
Qlobal trendlər nəzərə alınmaqla tamamilə yeni yanaşma əsasında hazırlanmasına baxmayaraq, Azərbaycan yeni dövrün ilk Qlobal Rəqabətlilik Hesabatında bir neçə indikator üzrə yüksək nəticələr əldə edib. Bu nəticələr Azərbaycanın gələcəkdə digər indikatorlar üzrə də daha yaxşı nəticələr əldə etməsi üçün yeni imkanlar açır.
Azərbaycanın yüksək göstəricilərə nail olmasını şərtləndirən amillərdən başlıcası ölkəmizdə mövcud olan güclü makroiqtisadi sabitlik və bu sahədə daim aparılan islahatlardır. Bu cür hesabatlar isə Azərbaycanın inkişaf dinamikasının beynəlxalq aləmdə də yaxından izləndiyini, təqdir olunduğunu və ölkəmizin həqiqətən də iqtisadi tərəqqi sahəsində özünəməxsus nümunənin əsasını qoyduğunu nümayiş etdirməkdədir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video