20 Oktyabr 2018 03:15
1732
Səhiyyə
A- A+

Hər ailənin öz həkimi


Azərbaycanda ailə həkimi institutunun formalaşması üçün baza mövcud olsa da, bu sahədə hələ ki irəliləyiş yoxdur

...Yorulmadan ailənin hər bir üzvünə illərlə xidmət edir və demək olar ki, orqanizmimizi bizdən yaxşı bilir, sağlığımızı daim düşünür. Dünyanın bir çox yerində ona bir ailənin müalicəsinə xidmət edən "tibbi dükan” kimi də baxılır. Bütün ailə üzvlərinin sağlığı ilə bağlı hər incə detaldan məlumatlı olur. O, ailə həkimidir...
Ailə həkimi əslində illər öncə Azərbaycanda da aktual olan can həkimidir. Bu həkimlər ailədə yaş, xəstəlik fərqi olmadan insanın bütün xəstəlik və orqanlarını müalicə etməyi bacarırlar.


Həkim o qədər yaxın olmalıdır ki, soyuducunu da açıb qidalara baxa bilsin


Uzun zamandır müzakirə mövzusu olan ailə həkimi məsələsi icbari tibbi sığortanın gündəmə gəlməsi ilə daha da aktuallaşdı. Artıq 2019-cu ildən Azərbaycan Tibb Universitetində (ATU) ailə həkimi ixtisası üzrə rezidenturaya qəbul keçiriləcək. Rezidenturanı bitirənlər ailə həkimi ixtisasına yiyələnəcəklər. Yəni artıq bizim də ailə həkimimiz olacaq.
Bəs, görəsən, bu həkimin üstünlükləri nədən ibarətdir və bu proses necə həyata keçiriləcək? Apardığımız araşdırmada bu suallara aydınlıq gətirməyə çalışmışıq.
Azərbaycan Tibb Universitetinin Ailə təbabəti kafedrasının müdiri, professor Mustafa Salihov bildirir ki, səhiyyədə ailə həkimi institutunun rolunun gücləndirilməsinə və bu məqsədlə müvafiq qanunun qəbul edilməsinə xüsusi ehtiyac var: "Artıq Azərbaycanda da ailə həkimi təcrübəsinə başlamağın vaxtı yetişib. Ailə həkimi ixtisası üzrə rezidenturaya qəbul olanlar ümumilikdə 12-13 istiqamətdə ixtisaslaşacaqlar: kardiologiyadan pediatriyaya qədər... Endokrinologiya, revmatologiya, qastroenterologiya və digər istiqamətlər də bura daxil olacaq. Hər bir ailənin öz etibarlı həkimi olmalıdır. Ailə arasında olan bütün genetik xəstəlikləri, allergiya, pis vərdişləri biləndən sonra həkimlərin müayinə və müalicə işi rahatlaşacaq, xəstəliklərin isə miqdarı azalacaq. Ailə həkimini ailə özü seçməlidir. Ailə ona hansı həkimin xidmət göstərəcəyini bilməlidir. Həkim ailəyə o qədər yaxın olmalıdır ki, soyuducunu da açıb, ailənin sağlam qidalanıb, qidalanmadığını yoxlasın”.


Məhdud ixtisaslı həkimlərin sayı azalacaq


Mustafa Salihov deyir ki, ailə həkiminin üstünlüyü ailənin sağlamlığı ilə bağlı bütün məlumatları, hətta sirləri bilməsindədir: "Bütün hallarda birinci sözü, məsləhəti ailə həkimi deməlidir. Bu həkim xəstənin də işini asanlaşdıracaq. Həkim pasiyentinin hər narahatlığını biləndən sonra onun hansı dərmanı qəbul edib-etməyəcəyini yaxşı biləcək. Nəticədə məhdud ixtisaslı həkimlərin sayı azalacaq, səhiyyənin gələcəyi parlaq olacaq. Ailə həkiminin hər xəstəliyin müalicəsini bilməsi də qeyri-mümkündür. Ancaq o, xəstəni ilk müayinə vaxtı problemin nə olduğunu təxmin etməli və lazım gəldikdə digər mütəxəssislərlə də məsləhətləşməlidir. Bu üstünlüklərinə görə ailə həkiminin maaşı nisbətən yüksək olmalıdır”.


İlkin Səhiyyə Xidməti tibbin əsas və başlanğıc nöqtəsidir


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Səhiyyə departamentinin səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova bildirdi ki, İlkin Səhiyyə Xidməti və ailə həkimi institutu ümumi səhiyyə sisteminin əsas və başlanğıc nöqtəsidir.
O, pasiyentlərin ilk müraciət etdiyi tibbi xidmət pilləsi olub əlçatanlıq, bərabərlik prinsiplərinə əsaslanan, davamlı və ilkin tibbi-sanitar xidmətləri özündə birləşdirən səhiyyə sisteminin mühüm tərkib hissəsidir.
Şərafət İsmayılovanın sözlərinə görə, səhiyyənin inkişafı sahəsində qabaqcıl təcrübəyə malik olan ölkələrdə səhiyyə sisteminin səmərəli fəaliyyətinin əsas hissəsini məhz İlkin Səhiyyə Xidmətinin inkişafı təşkil edir: "İlkin Səhiyyə Xidməti mükəmməl bir model kimi 1978-ci ildə Alma-Atada (Qazaxıstan) keçirilən Beynəlxalq Konfransdan sonra təbliğ olunmağa başlanıb. Konfrans çərçivəsində qəbul olunmuş "Alma-Ata deklarasiyası” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "Hamı üçün sağlamlıq” adlı qlobal strategiyasının əsas konsepsiyasına çevrilib. İSX-nin əsas üstünlüyü ondan ibarətdir ki, tibb müəssisələrinin və tibbi xidmətlərin insanlara əlçatanlığı təmin olunmaqla yanaşı xəstəliklərin erkən aşkarlanması və vaxtında müalicəyə cəlb edilməsi, həmçinin geniş profilaktik tədbirlərin bilavasitə ailəyə yaxın olan həkim - ailə həkimi tərəfindən göstərilir”.


Ailə həkiminin əsas vəzifələri nədir?


Ailə həkiminin əsas vəzifələrini sadalayan Şərafət İsmayılovanın fikrincə, bunlara insanları xəstələnməmək üçün profilaktik və müəyyən xəstəliklərin qarşısını ala biləcək tədbirlər (siqaret çəkməmək, fiziki aktivliklə məşğul olmaq, düzgün qidalanmaq) görməyə sövq etmək, xəstəliklərin erkən aşkarlanması məqsədilə müayinələr aparmaq və müalicəni sübutlu təbabət prinsiplərinə əsasən təşkil etmək, xəstəliklər və onlarla mübarizə yolları haqqında pasiyentləri məlumatlandırmaq, müalicəyə nəzarəti təşkil etmək, sağlamlıq vəziyyətindən asılı olaraq pasiyentlərə zəruri məsləhətlər vermək daxildir.
Onun sözlərinə görə, ailə həkimi sistemi bir çox ölkələrdə inkişaf etsə də, Azərbaycan üçün yeni tibb sahəsidir: "Dünya təcrübəsinə nəzər salaq. Məsələn, Fransada İlkin Səhiyyə Xidmətində fəaliyyət göstərən ailə həkimi zərurət yarandıqda kiçik cərrahi müdaxilələri belə edir. Bunun üçün təbii ki, ailə həkimləri mütəmadi olaraq təlimlərdən keçirlər. Latviyada ailə həkimləri xərçəng tipli ağır xəstəliklərə düçar olmuş və palliativ yardıma ehtiyacı olan xəstələrin müşahidəsini aparır və müvafiq tibbi yardımı göstərirlər. Estoniyada isə ailə həkimi ilə yanaşı tibb bacısının bilik və bacarıq səviyyəsinin artırılması istiqamətində fəaliyyətlər həyata keçirilir. Müəyyən yerlərdə tibb bacısının müstəqil şəkildə fəaliyyət göstərməsinə də rast gəlinir. Bununla yanaşı, Estoniyada vətəndaşlara ailə həkimi xidmətinin 24 saat göstərilməsi məqsədi ilə onların növbəli şəkildə fəaliyyəti təmin edilib. Belə yanaşma xüsusilə xroniki xəstələrin izlənilməsində böyük əhəmiyyət kəsb edir. Qeyd etməliyik ki, bu təcrübə Danimarka, İngiltərə, Hollandiya kimi ölkələrdə də geniş yayılıb”.


İcbari Tibbi Sığortanın tətbiqini bu həkimlərsiz təsəvvür etmək çətindir


Müsahibimiz qeyd edir ki, İlkin Səhiyyə Xidməti tibb sisteminin əsas aparıcı qüvvəsi olduğundan və səhiyyə xərclərinin səmərəsinin artırılmasında xüsusi yer tutduğundan onun inkişafı olmadan İcbari Tibbi Sığortanın tətbiqini təsəvvür etmək çətindir: "Hazırda Azərbaycanda yaşayan vətəndaşların və onlara bərabər tutulan şəxslərin gəlirlərindən və faktiki yaşayış yerindən asılı olmayaraq, keyfiyyətli, ödənişsiz və əlçatan ilkin tibbi-sanitar xidmətlərlə təmin edilməsi istiqamətində işlər görülür”.
Ailə həkimi institutunun səhiyyə sistemi çərçivəsində rolunun artırılması, pasiyent yönümlü yanaşmanın tətbiq olunması, ilkin səhiyyə müəssisələrinin maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin tibb müəssisəsinə təhkim olunması sisteminin yaradılması (ailələrin öz səhhətləri ilə bağlı bütün məsələləri həll edə biləcək ailə həkiminə təhkimi nəzərdə tutulur), xəstəliklərin profilaktikasında ailə həkimi institutunun rolunun artırılması və səhiyyə xərclərinin rasional istifadəsinin təmin edilməsi ümumilikdə ailə həkimi institutunun inkişaf perspektivləri kimi qiymətləndirilir.
Bu prinsiplərin həyata keçirilməsi üçün ailə həkimi ixtisasının tədris metodologiyasının və təcrübəsinin daha da təkmilləşdirilməsinə zərurət yaranır. Təbii ki, müvafiq tədris planı və dərs vəsaitlərinin beynəlxalq təcrübəyə əsaslanaraq tərtib olunmasına, ixtisasartırma istiqamətində mübadilə proqramlarının həyata keçirilməsinə ehtiyac duyulur.
İcbari tibbi sığorta çərçivəsində ailə həkimi institutunun fəaliyyəti barədə danışan Şərafət İsmayılovanın sözlərinə görə, əhalinin sağlamlığının qorunmasında böyük rol oynayan İlkin Səhiyyə Xidməti səhiyyə xərclərinin səmərəsinin artırılması üçün beynəlxalq təcrübəyə əsaslanan, effektivliyi sübut olunmuş strategiyadır. Bu səbəbdən də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilkin səhiyyə xidmətinin inkişafında çox maraqlıdır.
Səhiyyə sisteminin yeni iqtisadi əsaslarının yaradılması, əhalinin səhiyyə ilə bağlı ehtiyac və tələblərinin ödənilməsi məqsədilə tətbiq olunan icbari tibbi sığorta əhali arasında xəstəliklərin profilaktikası, erkən aşkarlanması, mümkün qədər tez müalicəyə cəlb edilməsi və səhiyyə xərclərinin səmərəli istifadəsi deməkdir. İlkin Səhiyyə Xidmətinin təşkili ilə xəstəliklərin ağırlaşaraq müalicə üçün maliyyə baxımından daha çox vəsait tələb etməsi azalmış olur ki, bu da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üçün xüsusi əhəmiyyət daşıyır.


Məqsəd əhalinin sağlamlığının qorunmasında dövlət təminatına nail olmaqdır


Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı bizimlə söhbətində bu gün ölkəmizdə tibb sahəsində ciddi islahatların getdiyini vurğulayaraq artıq Azərbaycanda beynəlxalq standartlara cavab verən səhiyyə infrastrukturunun yaradıldığını qeyd etdi.
Onun sözlərinə görə, bu islahatların bir hədəfi var, o da ölkə əhalisinin sağlamlığının qorunmasında dövlət təminatına nail olmaqdır: "Əhalinin sağlamlığını həyata keçirən ən yüksək dövlət siyasətindən biri İcbari tibbi sığortanın tətbiqidir. Artıq Türkiyə, bir sıra Avropa ölkələrində bu təcrübədən istifadə edilir. Bizdə də üç rayonda pilot layihə kimi həyata keçirilir. Parlamentə həmin rayonlardan artıq şikayət gəlmir və bu, əhali məmnunluğunun göstəricisidir. Qarşıdakı dövrdə bütün əhalinin sağlamlığını qorumaq üçün bundan geniş miqyasda istifadə oluna bilər”.


Ailə həkimi institutunun yaradılmasının hüquqi əsasları var


Azərbaycanda səhiyyə ilə bağlı çox zəngin qanunvericilik bazası olduğunu deyən Məlahət İbrahimqızı ancaq bunun təkmilləşdirilməyə ehtiyacı olduğunu vurğuladı. Deputatın sözlərinə görə, Milli Məclisin payız sessiyasında "İcbari tibbi sığorta haqqında” qanun layihəsi yenidən işlənəcək: "Düşünürəm ki, layihənin daha yüksək səviyyədə həyata keçirilməsi üçün ailə həkiminin olması müsbət nəticələr verə bilər. Ailə həkimi institutunun yaradılması üçün mükəmməl baza var. Uzun illər Azərbaycanda səhiyyə xidməti poliklinikalarda sahə həkimləri tərəfindən həyata keçirilib. Sahə həkimi institutu ailə həkiminin bir təməlidir. Ailə həkimi daha təkmil, müasir və çevikdir. Önümüzdəki illərdə bu islahatlar çərçivəsində ailə həkimi institutunun tətbiqi zəruri olacaq. Bu səbəbdən də mövcud qanunvericilik barədə hansısa maddə əlavə edilməsi, ya düzəlişlərin verilməsi doğru olar. Qanun layihəsi hazırlandığı halda işçi qrup yaradılacaq, beynəlxalq təcrübə nəzərə alınacaq. Əhali məmnunluğunun, səhiyyə xidmətinin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün bu proses vacibdir”.
Dünyanın əksər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində mövcud olan bu sistem insanların sağlamlığına, daha xoşbəxt yaşamına müsbət təsir göstərir. Azərbaycanda ailə həkimi institutunun yaradılması üçün baza mövcuddur. Bircə qalır onun reallaşdırılması. İnanırıq ki, tezliklə Azərbaycanda da hər bir ailənin öz həkimi olacaq...

Fərizə ƏHMƏDOVA,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video