20 Oktyabr 2018 03:01
1021
Elm və texnika
A- A+

Azərbaycanın ilk ornitoloq qadını


Respublikamızda dağ-meşə qoruqları arasında Zaqatala qoruğu xüsusilə seçilir. Böyük Qafqazın cənub yamacında, Balakən və Zaqatala rayonlarının ərazisində yerləşən bu qoruq 89 il əvvəl yaradılıb və 28 min 312 hektar sahəni əhatə edir. 2008-ci ildə Nazirlər Kabinetinin sərəncamına əsasən, Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisi artırılaraq 47 min 349 hektara çatdırılıb. Qoruq hazırda beynəlxalq səviyyədə xüsusi mühafizə olunan təbiət ərazilərinin əsas hissəsindən biri hesab edilir. Mühafizənin etibarlı şəkildə təşkili üçün onun ərazisi şərti olaraq 7 sahəyə bölünüb. Bunlar Car, Katex, Axkimal, Çayqarışan, Gərəkli, Qaraçay və Mazımqara sahələridir.

Qoruqda elmi və mühafizə şöbələri fəaliyyət göstərir. Aparılan elmi-tədqiqat işlərinin nəticələri beynəlxalq konfransların materiallarında, Azərbaycan Milli Elmlər Akademiyasının elmi məcmuələri və əsərlərində, broşürlərdə, qəzet və jurnallarda dərc olunur.

Burada ixtisasını ürəkdən sevən, təcrübəli və işinə məsuliyyətlə yanaşan alimlər arasında Raya Mustafayeva da var. O, 1938-ci ildə Şahdağın ətəklərində yerləşən Qusar rayonunun Xuluq kəndində anadan olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə (indi BDU) daxil olub. Biologiya fakültəsində təhsil alıb və bu elm ocağını fərqlənmə diplomu ilə bitirib. Universitetin son kursunda tale onu tələbəlik illərində istehsalat təcrübəsində olduğu Zaqatala rayonunun füsunkar təbiəti və zəngin tarixi olan Car kəndinə aparıb.

Raya Mustafayeva ali təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra AMEA-nın Zoologiya İnstitutunun aspiranturasına daxil olur, "Şərqi Zaqafqaziya (Azərbaycan) şəraitində qaratoyuqların ekologiyası” mövzusunun təsdiqi üçün Türkmənistan Respublikasının Aşqabad şəhərinə gedir, mövzu bəyənilir və həmin ölkənin Elmlər Akademiyasının həqiqi üzvü Ə.G.Rüstəmov gənc tədqiqatçının elmi rəhbəri təyin edilir.

Qadın üçün olduqca çətin və nadir ixtisaslardan olan ornitologiya elmi yüksək həssaslıq və işgüzarlıq tələb edir. Səhər tezdən təbiət yuxudan oyanmamış müşahidələrə başlamaq, at cığırları ilə gəzərək quşları müşahidə etmək, təbiəti duymaq gərəkdir. Gənc tədqiqatçının təbiətə olan sevgisi hər bir çətinliyə üstün gəlir. O, 1967-ci ildə elmi işini başa çatdıraraq dissertasiya müdafiə edib biologiya elmləri namizədi dərəcəsinə layiq görülüb.

Raya Mustafayeva 1959-cu ilin avqustunda Zaqatala Dövlət Təbiət Qoruğuna işə qəbul edilib və ornitoloq alim bundan sonrakı yaradıcı fəaliyyətini qoruğun inkişafına həsr edib. Burada böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışıb. Son 19 ildir ki, direktorun elmi işlər üzrə müavini vəzifəsində işləyir.

Tədqiqatçı-alim Raya Mustafayevanın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1979-cu ildə Zaqatala Dövlət Təbiət Qoruğunun 50 illiyi ilə əlaqədar Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin "Təbiəti mühafizə işində xidmətlərinə görə” fəxri fərmanı ilə təltif olunub.

23 may 2008-ci ildə Ekologiya İşçilərinin Peşə Bayramı Günü Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, 2009-cu ildə isə Zaqatala qoruğunun 80 illiyi şərəfinə rayon icra hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif edilib.

Respublikamızın ilk ornitoloq qadını əmək fəaliyyətinin 30 ilini yüksək dağ ekosistemində az öyrənilmiş nadir quş növlərinin ekologiyasının izlənilməsinə sərf edib.

Raya Mustafayeva Moskvada nəşr edilmiş "Zaqatala qoruğu” kitabının müəlliflərindən biridir. Məqalələri AMEA-nın Zoologiya İnstitutunun "Elmi əsərləri” və "Azərbaycan qoruqlarının əsərləri” məcmuələrində dəfələrlə dərc edilib. Son illər nəşr olunan "Zaqatala qoruğunda sərçə kimi quşların qidasına dair materiallar”, Rusiya Federasiyasının Nalçik şəhərində "Nəcib Qafqaz maralının qorunması” adlı məqalələri, "Zaqatala qoruğunun maralları”, "Zaqatala qoruğunun cütdırnaqlı heyvanlarının sistematikası və sayğı metodikası”, üç dildə tərtib edilmiş "Zaqatala Dövlət Təbiət qoruğu” (2009), "Zaqatala qoruğunun Köpkəri” (2011), "Zaqatala qoruğunun ayıları” (2018) kitablarının və Azərbaycanın faunasına dair 30-a qədər elmi əsərin müəllifidir.

Tədqiqatçı-alim 2001-2008-ci ildə AMEA Zoologiya İnstitutunun Dissertasiya Şurasının üzvü olub. 1986-cı ildən Azərbaycan Ornitoloji Cəmiyyətinin üzvüdür. Dəfələrlə Moskva, Sankt-Peterburq və Aşqabad şəhərlərində keçirilən ornitoloji konfranslarda iştirak və çıxışlar edib.

Azərbaycanın ilk ornitoloq qadını həm də gözəl ailə sahibidir, dörd övlad anasıdır. İki qızının fəlsəfə doktoru olması ilə də fəxr edir. Ömrünün bu çağında Raya Mustafayeva cavan kadrlara örnək olacaq qədər məsuliyyətli, intizamlı, işgüzar, dəqiq və tükənməz elmi həvəsə malikdir. Zaqatalalılar onu rayonun fəxri hesab edirlər.

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video