19 Oktyabr 2018 18:22
268
SİYASƏT
A- A+

Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib


Oktyabrın 19-da Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planına” uyğun olaraq, Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda "Peşə təhsili müəssisələri şəbəkəsinin təşkili, idarə edilməsi və maliyyələşdirilməsinin təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün mövcud vəziyyət və qarşıda duran problemlər” və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icra vəziyyəti müzakirə olunub.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatlarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayan Baş nazir Novruz Məmmədov, dövlətimizin başçısının 15 illik prezidentliyi dövründə təhsil sahəsinin də dinamik inkişaf etdiyini diqqətə çatdırdı. Xüsusən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi böyük diqqət və qayğının təcəssümüdür.

Baş nazir ötən müddət ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamikanın müşahidə olunduğunu, bir sıra əsaslı nailiyyətlərin əldə edildiyini dedi. Bildirdi ki, Strategiyada nəzərdə tutulmuş 5 mühüm istiqamət müəyyən edilib, hədəflərə nail olmaq üçün təhsilin müxtəlif pillə və səviyyələrinə, o cümlədən peşə təhsili pilləsinə aid dövlət sənədləri qəbul olunub, qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə tədbirlər görülüb. "Təhsilin inkişafına dair Dövlət Strategiyası"nın və "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin əsas hədəfi ölkə iqtisadiyyatının inkişafına uyğun olaraq çevik və bazaryönümlü peşə təhsili sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsidir. Bu məqsədlə respublikada peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması və təşkili ilə bağlı Nazirlər Kabineti müvafiq qərarlar qəbul edib.

Bununla yanaşı, müzakirə olunan sahədəki mövcud problemlərə də toxunan Baş nazir Novruz Məmmədov bildirib ki, müasir çağırışlara cavab verən, əmək bazarının tələblərinə uyğun peşələr üzrə kadr hazırlığını təmin edən ixtisaslaşdırılmış peşə tədris mərkəzlərinin yaradılması xüsusilə önəmlidir. Lakin peşə təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması, yeni peşə təhsili mərkəzlərinin yaradılması bu tipli müəssisələrdə müasir tələblərə cavab verən maddi-texniki baza və təhsil şəraiti olmadan səmərə verə bilməz. Bu baxımdan "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əsas məqsədləri ölkədə ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələrinə və əhatəliliyinə görə qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaq, Azərbaycanın təhsil sistemini iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğunlaşdırmaq, nəticə etibarilə ölkənin davamlı inkişafını təmin etməkdir.

Sonra gündəlikdə duran hər iki məsələyə dair təhsil naziri Ceyhun Bayramovun məruzələri dinlənildi.

Məruzələr ətrafında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Namiq Babayev, Nazirlər Kabinetinin şöbə müdiri Musa Ələkbərov və başqaları çıxış etdilər.

Ölkədə təhsilin inkişafı məsələlərinə dair aparılan ətraflı fikir mübadiləsindən sonra müzakirələrə yekun vuran Baş nazir Novruz Məmmədov nəzərdə tutulmuş tapşırıqların icrası ilə əlaqədar müvafiq göstərişlər verdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video