19 Oktyabr 2018 02:59
710
SİYASƏT
A- A+

6,3 MİLYARD dollarlıq sərmayə


İlham Əliyev bu gün İzmirdə Azərbaycanın xaricdə ən böyük investisiya layihəsinin açılışını edir


Azərbaycanın getdikcə artan maliyyə imkanları ölkəmizə indi xaricdə də çox mühüm layihələr həyata keçirmək, ən müxtəlif sahələrə böyük həcmdə sərmayələr yatırmaq imkanı verib.

Azərbaycan artıq ölkəyə böyük həcmdə valyuta axını həyata keçirən yeni uğurlu qlobal layihələrin müəllifinə çevrilib. Bunu Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, "Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi "Star” Neft Emalı Zavodunun timsalında da aydın görmək olar.

Bu zavod ölkəmizin Türkiyədə, ümumiyyətlə xaricdə ən böyük investisiya layihəsidir. Həmin investisiyanın Türkiyəyə yatırılması isə tamamilə təbii xarakter daşıyır. Soykökü bir olan Azərbaycanla Türkiyə arasında digər sahələrlə yanaşı, iqtisadi müstəvidə də əməkdaşlığın möhkəmlənməsi dövrün zəruri tələbidir. Eyni zamanda Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir.

Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrin icrasında Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir. Xüsusilə Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsinə xidmət edir.

Azərbaycanın neft strategiyasının həyata keçirilməsi Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyətə malikdir. Bu gün açılışı olacaq "Star” Neft Emalı Zavodu isə strateji tərəfdaşlıq münasibətlərinə yeni töhfədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında "Star” Neft Emalı Zavodu ilə bağlı məsələyə toxunaraq bunu yüksək qiymətləndirib: "Biz "Star” neftayırma zavodundan hər il yüz milyonlarla dollar gəlir götürəcəyik. Biz bu zavoda çox böyük sərmayə - 6 milyard dollardan çox vəsait qoymuşuq. Yəni həm ölkə daxilində, həm xaricdə qoyulan sərmayələr gələcəkdə bizə böyük xeyir gətirəcək və ölkəmizin dayanıqlı inkişafını təmin edəcək”.

Xatırladaq ki, "Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Onu da qeyd edək ki, SOCAR-ın 6,3 milyard dollar kapitalla inşa etdiyi "Star” Neft Emalı Zavodunda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Bura ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri Light” markalı neft çatdırılıb.

SOCAR-ın ötən ay "Rosneft”lə imzaladığı razılaşmaya görə isə, bu ilin dekabr ayından etibarən bir il ərzində "Star” zavodu Rusiyanın 1 milyon ton xam nefti ilə təchiz olunacaq. SOCAR neft emalı zavodunun daha məhsuldar işləməsi üçün Əliağada bir neçə il əvvəl aldığı depolama müəssisəsinə 300 milyon dollarlıq əlavə sərmayə yatıraraq onun tutumunu artırıb.

"Petkim”in xam maddə ilə tələbatının, demək olar ki, hamısını təmin edəcək "Star” zavodu yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək. "Star” Neft Emalı Zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton azkükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq. Zavod tam gücü ilə gələn ilin yanvar ayından etibarən fəaliyyət göstərəcək.

"Star” Azərbaycana valyuta axınını təmin edəcək müəssisə olmaqla yanaşı, Türkiyənin dövlət büdcəsinə hər il 1,5 milyard dollarlıq töhfə verəcək. Belə ki, zavod "Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. Yuxarıda qeyd olunduğu kimi, "Star” zavodu 5 milyon tona yaxın dizel yanacağı istehsal etmək imkanına malikdir və beləliklə, Türkiyədə bu məhsulun idxalı 40 faizə düşəcək.

Həmçinin mayeləşdirilmiş neft, qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. "Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Bütün bunlar Azərbaycanın Türkiyəyə böyük töhfəsi də hesab edilə bilər.

Onu da qeyd edək ki, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr, xüsusən də Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum, TANAP qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin məntiqi ardıcıllığı kimi "Star” zavodunun işə düşməsi həm də təbii xarakter daşıyır. Bu, eyni zamanda göstərir ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir.

Azərbaycan və Türkiyənin ikitərəfli iqtisadi əməkdaşlığı və sərmayələrə verdikləri böyük əhəmiyyət ölkələrimizin inkişafını şərtləndirən amillərdəndir. 2020-ci ilədək Azərbaycanın Türkiyə iqtisadiyyatına yatıracaq sərmayələrin həcmi 20 milyard dollara çatacaq ki, bunun da 15 milyard dolları SOCAR-ın payına düşəcək.

Bütün bunlar ölkələrimiz arasında münasibətlərin daha da güclənməsinə əlavə töhfələr verir. Bununla yanaşı, aydın görünür ki, Türkiyə və Azərbaycan özlərinin iqtisadi, enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən daha səmərəli şəkildə istifadə edirlər. Hazırda bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz layihələri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.

Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, bütün bunlar qarşıdakı dövr ərzində Azərbaycanın, Türkiyənin daha güclü ölkə halına gəlməsinin mühüm zəmini qismində çıxış edir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video