18 Oktyabr 2018 20:32
2671
Birinci vitse-prezident
A- A+

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 18-də İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulan Azərbaycanın "Milan Ekspo 2015” Ümumdünya sərgisindəki milli pavilyonunda keçirilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellatini Bakıda görməkdən şad olduğunu bildirdi. Mehriban Əliyeva qonağın İtaliya Senatının sədri kimi ölkəmizə ilk dəfə səfər etdiyini bildirərək, bu səfərin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyən Birinci vitse-prezident əlaqələrimizin bir çox sahələri əhatə etdiyini vurğuladı.

"Əminəm ki, Bakıya səfəriniz çərçivəsində keçirəcəyiniz görüşlər gələcəkdə ölkələrimiz arasındakı potensialdan daha səmərəli istifadə etməyə imkan yaradacaq”, - deyən Mehriban Əliyeva Maria Elisabetta Alberti Kasellatinin Azərbaycana səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu vurğuladı.

Qonaqpərvərliyə görə təşəkkürünü bildirən İtaliya Senatının sədri bu səfərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradacağını söylədi. İtaliya Senatının sədri kimi ölkəmizə ilk dəfə gəldiyini bir daha qeyd edən qonaq müxtəlif sahələrdə qurulan əlaqələrdən məmnunluğunu ifadə etdi. Xanım Maria Elisabetta Alberti Kasellati Azərbaycana səfərinin xüsusilə siyasi, sosial və mədəni sahələrdə əlaqələrin inkişafına kömək edəcəyini diqqətə çatdırdı. "Sizin İtaliyaya marağınız və sevginiz bizi qürurlandırır”, - deyən qonaq Mehriban Əliyevanın həm Birinci vitse-prezident, həm də Heydər Əliyev Fondunun rəhbəri kimi fəaliyyətini yüksək dəyərləndirdi.

Görüş çay süfrəsi arxasında davam etdirildi. Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellati "Milan Ekspo 2015” Ümumdünya sərgisində nümayiş etdirilən milli pavilyonumuza baxdılar.

"Azərbaycan: biomüxtəlifliyin xəzinəsi” adlandırılan dördmərtəbəli milli pavilyonda ölkəmizin mətbəxini, musiqisini və mədəniyyətini təbliğ edən instalyasiyalar quraşdırılıb, müxtəlif iaşə xidməti göstərmək üçün binada müvafiq şərait yaradılıb. Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan ilk dəfə "Milan Ekspo 2015” Ümumdünya sərgisində milli pavilyonla iştirak edib. Bu layihə Azərbaycanın tarixinin və mədəni irsinin, ölkənin zəngin ekoloji, enerji potensialının və nadir biomüxtəlifliyinin beynəlxalq miqyasda tanıdılması istiqamətində böyük rol oynayıb. 2015-ci il mayın 31-dən oktyabrın 31-dək davam edən "Milan Ekspo” sərgisində pavilyonumuzda 3 milyon 250 mindən çox izləyici olub. Xarici mətbuat, o cümlədən İtaliyanın aparıcı kütləvi informasiya vasitələri milli pavilyonun tikinti və dizayn işlərinin yekunlaşdırılmasına görə Azərbaycanın lider olduğunu qeyd ediblər və milli pavilyonumuz "Milan Ekspo” sərgisinin incisi adlandırılıb. Sərginin keçirildiyi müddətdə Azərbaycanın milli pavilyonu "Milan Ekspo 2015”in Təşkilat Komitəsi tərəfindən "Dizayn və materiallar” nominasiyası üzrə qalib elan olunub. Azərbaycanın milli pavilyonu Şimal və Cənub, Şərq və Qərb arasında körpü rolunu oynayan, qədim tarixi, zəngin mədəniyyəti ilə seçilən ölkəmizin bənzərsiz təbii və mədəni xəzinəsini əks etdirir. Milli pavilyonla tanışlıqdan məmnunluğunu bildirən İtaliya Senatının sədri onun şəhərimizə xüsusi gözəllik verdiyini vurğuladı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video