18 Oktyabr 2018 00:33
1148
İQTİSADİYYAT
A- A+

“Arım, balım, pətəyim...”


Arıçıların çörək ağacı arı pətəyidir. Onlar öz uşaqlarından necə sevgiylə danışırlarsa, arıdan da elə şövqlə yorulmadan saatlarla danışa bilərlər. Bir arı uçanda səsini eşitməzsiniz, amma arı pətəyini açıb qulaq assanız, minlərlə arının dağ çayının uğultusuna bənzəyən qəribə nəğməsini eşidəcəksiniz. Arılar həqiqətən də Tanrının yaratdığı ecazkar məxluqdur. Hətta Müqəddəs Kitabımızda arıya əmr də verilir ki, get insanlara yaxın və onlar quran yuvalarda yaşa və fayda ver. Bəlkə elə buna görə arının balı kimi, digər məhsulları, o cümlədən südü də müalicəvidir.
Əgər arılar olmasa, ciçəklərin tozlanmasını kimsə apara bilməz, bol mer-meyvə yetişməz. Ona görə də arıçılığın inkişafı böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə arı ailələrinin sayı ildən-ilə artır, istehsal edilən balın miqdarı çoxalır. Azərbaycanda arı ailələrinin sayı 272 minə yaxındır. Hava şəraiti imkan verən halda respublika üzrə ildə 3 min ton bal istehsal etmək mümkündür. Bu baxımdan arıçılığın ixrac imkanları da genişdir. Prezident İlham Əliyev hələ ötən il qeyd etmişdi ki, "Azərbaycan dünya miqyasında arıçılıq, bal istehsalı sahəsində önəmli yer tuta bilər, müvafiq göstərişlər verilib. Əminəm ki, 2018-ci ildə yaxşı nəticələr olacaqdır”.
"Global Industry Alalists, Inc” konsaltinq şirkətinin (GIA) hesabatlarında göstərilir ki, təbii bal istehlakının 48,1 faizi Asiya-Sakit okean regionunun payına düşür. Bu regiona 58 ölkə, o cümlədən Rusiya, Çin, ABŞ, Yaponiya, Kanada daxildir. 2016-cı ildə dünyada 2 milyard ABŞ dolları dəyərində bal idxal olunub. Orta idxal qiyməti 3,2 dollar ətrafında olub. Dünya üzrə bal idxalının 21 faizi, yəni 166 min tonu ABŞ-ın payına düşüb.
Azərbaycanda bal istehsalı 2005-ci ildəki 600 tondan 2016-cı 2,7 min tona çatıb. Arıçılığa artan maraq ixrac statistikasına da təsir edir. Belə ki, 2015-ci ildə cəmi 3,62 ton bal ixrac olunmuşdusa, 2016-cı ildə bu göstərici iki dəfəyə yaxın artıb. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan balının qiyməti dünya üzrə orta idxal qiymətindən 2,5 dəfə yüksəkdir. Buna da səbəb odur ki, dünyanın əksər ölkələrində arılar balı adətən bir bitkidən, bal istehsalı üçün salınan meşələrdən və xüsusi sahələrdən və çöllərdən yığırlar. Çökə, yonca, akasiya, günəbaxan və sair bitkilərdən yığılan ballar da keyfiyyətlidir. Lakin bizdə arılar balı müxtəlif çiçəklərdən, dağ çəmənlərindən toplayırlar. Bu da onları digər ballardan qat-qat üstün edir. Yəni balın özü də mənşəyinə görə iki böyük qrupa bölünür: birincisi, monoflor - yalnız bir çiçəkdən yığılan bal; ikincisi, poliflor - müxtəlif ağaclardan və çəmən çiçəklərindən toplanan bal. Azərbaycan arıçılarının əksəriyyətinin balı müxtəlif çiçəklərdən olduğu üçün xarici bazarda da yüksək qiymətini qoruyub saxlayır.
Artıq arıçılıq ölkəmizdə maraqlı bir sahəyə çevrilmiş, daha gənc insanları kənd yerlərində özünə cəlb etməkdədir. Çətinliklərin olmasına baxmayaraq, böyük sürətlə inkişaf edir. Bu da onunla bağlıdır ki, arıçılıq o qədər də böyük vəsait tələb etmir, ağıllı sahibkar olduqda elə birinci ildə qoyduğu bütün xərcləri çıxara bilir.
Dövlət də arıçılığın inkişafını daim diqqət mərkəzində saxlayır, aqrar sektorun şaxələndirilməsində ən vacib istiqamətlərdən biri olduğunu qeyd edir, fermerlərə dəstəyini əsirgəmir, onların maariflənməsində, yeni biliklərə yiyələnməsində yaxından iştirak edir.
Bundan başqa, artıq neçə ildir ki, ölkəmiz də mütəmadi olaraq bal satışı sərgiləri keçirir, arıçıların maraqla iştirak etdiyi belə tədbirlər ölkə KİV-də geniş təbliğ olunur. Belə sərgilərin keçirilməsi artıq ənənə halını almışdır. Builki sərginin bir qədər yubanmasına havaların münasib keçməsi səbəb oldu. Elə ilin əvvəlində də havaların kifayət qədər qızmaması arılara yetərincə yaz balını toplamağa imkan vermədi. Ona görə ki, çiçəklərin şirə buraxması üçün havanın hərarəti 24 dərəcədən yuxarı olmalıdır. Havanın hərarəti aşağı olanda çiçəklər şirə buraxmır, arıların əziyyəti hədər gedir. Arıçı arıların acından qırılmaması və həm də bala qoyması üçün əlavə xərc çəkir, arıları şəkərlə həm yayda, həm də qışa hazırlayarkən yemləməli olur.
Builki bal sərgi-satış yarmarkası əvvəlki illərdə keçirilən yarmakalardan onunla fərqləndi ki, satışa çıxarılan ballar ekspertizadan keçirildi. Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyevin dediyinə görə, yarmarkaya çıxarılması planlaşdırılan 3 974 adda məhsuldan 900-ü, yəni təxminən 30 tonu ekspertizanın nəticələrinə görə yararsız çıxıb. Bu rəqəm bir tərəfdən narahatedici görünsə də, digər tərəfdən satışa çıxarılan balın keyfiyyətinə ciddi nəzarətin olduğunu sübut edən müsbət fakt kimi qiymətləndirilməlidir. Bal adı altında alıcıları aldadan möhtəkirlərin qarşısı alınır. Əvvəlki yarmarkalarda elə olurdu ki, sadə dədə-baba qaydası ilə yoxlayanda balın təmiz olmadığını asanlıqla təyin etmək olurdu. Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov ölkədə keyfiyyətsiz arıçılıq məhsullarının, o cümlədən balın daha çox Astara və Daşkəsən rayonlarında hazırlandığını bildirib. Arıçılıq inkişaf etdikcə, istehsal olunan balın həcmi artdıqca şərbətdən bal tutub barmaqlarını yalayan alverçi möhtəkirlərin də sayı azalacaq.
Ən vacibi arıçılığa diqqətin artırılması, mövcud çətinliklərin qarşısının vaxtında alınmasıdır. Bütün dünyada arıçıların əsas problemləri eynidir. İqlim dəyişiklikləri, ekoloji balansın pozulması, arı ailələrinə yaxın sahələrdə herbisidlərin və pestisidlərin qədərindən artıq işlənilməsi, mobil rabitə operatorlarının sayının sürətlə artması və planeti hörümçək toru kimi bürüməsi arıçılığın inkişafına bütün dünyada zərbə vurur. Arı ailələrinin sayının bir sıra ölkələrdə azalması isə ekoloqları həyəcan təbili çalmağa sövq edir.

Bahadur İMANQULİYEV,
Ağaəli MƏMMƏDOV (foto),
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video