18 Oktyabr 2018 00:31
334
İQTİSADİYYAT
A- A+

Qaz xətləri ən ucqar kəndlərə çatıb


Regionların sosial-iqtisadi inkişafına yönəldilən, 2014-2018-ci illəri əhatə edən Üçüncü Dövlət Proqramının əsas müddəalarından biri ölkə ərazisinin tam qazlaşdırılmasıdır. Bu istiqamətdə işlər uğurla davam etdirilir. Nəticədə Azərbaycanda qaz istehlakçısı olan abonentlərin sayı 2 milyon 140 mini ötüb. İndi qaz xətləri ən ucqar dağ kəndlərinə də çatıb. Hətta sovet dönəminin ən inkişaflı illərində qazdan istifadə etmək imkanı olmayan yaşayış məntəqələrindəki evlərdə indi mavi alov şölələnir.

Həmin yaşayış məntəqələrindən biri dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunmuş Lahıcdır. Bu ilin avqust ayında qəsəbəyə qazın verilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirak etməsi sakinlərin qəlbini fərəhlə doldurub. Dövlət başçısının ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə tapşırığına uyğun olaraq, İsmayıllı rayonunun adı çəkilən qəsəbəsində və bu xətt boyunca yerləşən kəndlərdə qazlaşdırma həyata keçirilib. Bu, son illərdə ölkədə vüsət alan qazlaşdırma sahəsində əldə olunmuş mühüm nailiyyətlərdən biridir.

Hazırda çətin relyefə malik ərazilərin qazlaşdırılması "Azəriqaz” İstehsalat Birliyinin qarşısında duran əsas hədəflərdəndir. Bu sırada Lahıcın mavi yanacaq alması mühüm yer tutur. Qəsəbəyə qaz 19 kilometr kənardakı qazpaylayıcı məntəqədən çəkilib. Bununla bərabər, Qaraqaya, Gəndob, Namazgah kəndləri də qazlaşdırılıb. Təkcə Lahıcın daxilində ümumi uzunluğu 39 min metr olan borular çəkilib.

Qazlaşdırılan ucqar dağ kəndləri yüzlərlədir. Məlumdur ki, dağlıq ərazilərdə relyefin xüsusiyyətlərinə, iqlim şəraitinə görə qaz çəkilişi çətinliklə aparılır. Bu həm texniki cəhətdən çətin işdir, həm də böyük maliyyə vəsaiti tələb edir. Bununla belə, qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə yerinə yetirilir. Xətlər dağlardan, qayalıqlardan keçdiyi üçün hətta bəzən borular iş gedən ərazilərə əllə daşınır.

Ümumiyyətlə, son illər respublikanın yaşayış məntəqələrinə təbii qazın bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqlarının yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülüb. 2018-ci ildə də qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi uğurla aparılır. İlin birinci yarısında ölkə ərazisində ümumi uzunluğu 1519,4 kilometrə çatan yeni qaz kəmərləri çəkilib. 113,8 kilometr xətt əsaslı təmir edilib. Regionlarda bir sıra qəsəbə, kənd və yeni salınmış yaşayış massivlərinə təbii qazın verilməsi təmin olunub. 42965 əhali abonenti qeydiyyata alınıb.

Uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin, həmçinin indiyədək qazlaşdırılmayan kənd və qəsəbələrin mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər davam edir. Təkcə keçən ay Azərbaycanın müxtəlif rayonlarında neçə-neçə kənd qazla təmin olunub. Onların arasında elə kəndlər var ki, ilk dəfə qazdan istifadə etmək imkanı qazanıblar. Neftçala rayonunun Cəngan və Ərəbqardaşbəyli, Qax rayonunun Meşəbaş kəndləri də bu sıradadır.

Neftçalanın Cəngan kəndinin qazlaşdırılması üçün uzunluğu 12656 metr olan boru xətləri çəkilmiş, 108 evə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Həmin rayonun Ərəbqardaşbəyli kəndinə qazın çatması üçün 17961 metr boru xətti çəkilib, 96 mənzil sayğac və fərdi tənzimləyici ilə təmin edilib. Qax rayonunun Meşəbaş kəndində isə artıq 90 abonentin qazdan istifadə etmək imkanı var.

Bu ilin sentyabr ayında eləcə də Yevlax rayonunun Rüstəmli və Qaraməmmədli kəndlərinə təbii qaz verilib. Rüstəmli və Qaraməmmədli iri kəndlərdir, odur ki, burada ümumilikdə 537 fərdi ev qazlaşdırılıb. Kəndlərə mavi yanacağın gəlməsi sakinlərin böyük sevincinə səbəb olub.

Bu sevinci Saatlı rayonunun Mərzili kəndinin sakinləri də yaşayıb. Belə ki, burada 223 fərdi ev qazlaşdırılıb. Bunun üçün 16 min metrdən çox müxtəlif diametrli borularla qaz xətləri çəkilib. Hazırda rayonun Azadkənd kəndində tikinti-quraşdırma işləri gedir. Yaxın vaxtlarda tikinti işləri başa çatdırılacaq və bu kəndə də təbii qazın verilişi təmin ediləcək.

Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev cari ilin sonunadək ölkədə qazlaşdırmanın 95 faizə çatacağının qarşıya vəzifə kimi qoyulduğunu vurğulamış və bu məqsədə nail olunacağına inamını bildirmişdir.

Yeni qazlaşdırılan bütün sahələrdə qaz şəbəkəsinin qurulmasında "birpilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə və istehlakçılara ötürülən mavi yanacağın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video