17 Oktyabr 2018 01:14
1498
PARLAMENT
A- A+

Uşaqların zərərli informasiyadan qorunması qanunla tənzimlənəcək


Oktyabrın 16-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədov iclası açıq elan etdikdən sonra gündəlikdəki məsələlərin müzakirəsi davam etdirildi.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” (ikinci oxunuş) və "Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi” barədə (ikinci oxunuş) qanun layihələri barədə məlumat verdi. Qanun layihələrində təklif olunan dəyişikliklərdə məqsəd Mülki Məcəllə ilə "Banklar haqqında” qanun arasında olan ziddiyyətlərin aradan qaldırılmasıdır. Qanun layihələri qəbul edildi.
Sonra "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” (ikinci oxunuş) və "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” (ikinci oxunuş) qanun layihələri müzakirəyə təqdim edildi. Bildirildi ki, dəyişikliklər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəaların hüquqi əsasının formalaşdırılması, həmçinin ipoteka kağızının tərtib olunması, ipoteka qoyan tərəfindən imzalanması, onun notariat qaydasında təsdiqlənməsi və digər prosedurların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur. Məqsəd vətəndaş-məmur münasibətlərini minimuma endirməkdir. Qanun layihələri qəbul edildi.
Qeyd edək ki, Milli Məclisin iclasında deputatlar bəzi şəhid ailələrinin birdəfəlik müavinət ala bilmədiklərini diqqətə çatdırdılar. Dövlət başçısının bununla bağlı müvafiq sərəncamını yüksək qiymətləndirən deputatlar bəzi şəhid ailələrinin müavinəti almalarında problemlərin yarandığını qeyd etdilər.
Məsələyə münasibət bildirən Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, parlament şəhid ailələri ilə bağlı nə mümkündürsə etdi, iclaslar keçirdi, müvafiq müraciətlər oldu. Spiker Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və "Azərsığorta”nın əməkdaşlarının parlamentə dəvət edilməsini və bu məsələnin müzakirə olunmasını təklif etdi.
Komitə sədri Ziyad Səmədzadə "Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun layihəsi haqqında (ikinci oxunuş) məlumat verdi. Dəyişikliklər lotereyaların, o cümlədən elektron lotereyaların təşkili və keçirilməsinə nəzarət mexanizmlərinin, bu sahədə hüquqi bazanın daha da təkmilləşdirilməsini, lotereyalar təşkilatçısının təsisçisinə dair tələblərin, lotereyalarda iştirak edən şəxslərin yaş məhdudiyyətinə dair müddəaların qanuna daxil edilməsini, elektron lotereyaların dövlət qeydiyyatına alınmış elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Qanun layihəsi təsdiqləndi.
"Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” (ikinci oxunuş) qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Dəyişiklik "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 1 fevral tarixli qanunun icrası ilə bağlıdır. Qanun layihəsi qəbul edildi.
İclasda daha sonra "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” (ikinci oxunuş) və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (ikinci oxunuş) qanun layihələri müzakirəyə çıxarıldı. Hər iki layihə barədə komitə sədri Əli Hüseynli danışdı. Dəyişikliklər yerin təkinin qorunması və istifadəsi qaydalarının pozulmasına görə cinayət və inzibati məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutur. Layihələr təsdiq olundu.
Deputatlar "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” layihəyə də (ikinci oxunuş) müsbət münasibət bildirdilər. Dəyişiklik dövlət və bələdiyyə torpaqlarının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar rayon (şəhər) icra hakimiyyəti başçılarının sərəncamlarının məhkəmələrdə mübahisələndirilməsi məsələsinin tənzimlənməsi ilə bağlıdır. Qanun layihəsi təsdiq olundu.
Komitə sədri Əli Hüseynli "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun layihəsi haqqında (ikinci oxunuş) məlumat verdi. Qeyd etdi ki, layihə "Doing Business 2018” hesabatının "Biznesə başlama” indikatoru üzrə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması, hüquqi şəxslərin qeydiyyatı zamanı qanuni təmsilçi barədə qeydiyyat orqanına yanlış məlumatların verilməsinin qarşısının alınması məqsədi ilə hazırlanıb. Qanun layihəsi təsdiq olundu.
İclasda "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi (ikinci oxunuş) də müzakirə edildi. Layihəyə əsasən 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izlərinin götürülməsi nəzərdə tutulmur. Deputatlar məsələyə müsbət münasibət bildirdilər.
"Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi (ikinci oxunuş) isə diplomatik pasport daşıyan vətəndaşların əhatə dairəsini genişləndirir. Belə ki, dəyişikliklərə əsasən Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə, müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlərdə və beynəlxalq təşkilatlardakı nümayəndələrinə diplomatik pasport veriləcək. Qanun layihəsi təsdiq olundu.
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı bildirildi ki, dəyişikliklər texniki və uyğunlaşdırma məqsədi daşıyır. Belə ki, Məcəllənin 213-cü maddəsinin adında dəyişiklik edilərək "Vergi ödəməkdən yayınma” sözləri "Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma” sözləri ilə əvəz olunur. Layihə təsdiq olundu.
Daha sonra "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (ikinci oxunuş), "Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” (ikinci oxunuş) və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” (ikinci oxunuş) qanun layihələri müzakirə edildi.
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutmaq məqsədilə təklif edilir. "Bələdiyyələrin statusu haqqında” qanundakı dəyişiklik qəbiristanlıqların salınması və idarə olunması məsələlərində bələdiyyələrin üzərinə düşən vəzifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilmədiyi hallarda məsuliyyət məsələsini təmin etmək məqsədilə təklif olunur. "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi isə "Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli qanununa uyğun olaraq hazırlanıb və yerli (bələdiyyə) büdcədə qəbiristanlıqların salınması, saxlanması, qorunması, idarə olunması, abadlaşdırılması məqsədi ilə zəruri xərclərin nəzərdə tutulmasını təsbit edir. Qanun layihələri təsdiq olundu.
İclasda son olaraq "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi (ikinci oxunuş) müzakirə edildi. Bu qanunun qəbulunda məqsəd uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən etmək və bu sahədə yaranan münasibətləri tənzimləməkdir. Layihə ilə bağlı parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı məlumat verdi. Qeyd etdi ki, əvvəlki oxunuş zamanı müzakirələrdə deputatlar tərəfindən bir sıra təkliflər səsləndirilib. Onların əksəriyyəti layihədə və digər qanunlarda öz əksini tapıb. Bununla belə layihəyə bəzi texniki dəyişikliklər edilib, o cümlədən 3 yeni maddə əlavə olunub.
Müzakirələr zamanı deputatlardan Tahir Kərimli, Elman Nəsirov, Əflatun Amaşov, Aqil Abbas, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Fəzail Ağamalı, Sahibə Qafarova, Zahid Oruc layihə ilə bağlı təkliflərini bildirdilər. Milli Məclisin Sədr müavini Bahar Muradova bildirdi ki, uşaqların zərərli informasiyalardan qorunmaması hər kəsi narahat edir. Bunun üçün milli mexanizmlər daxil olmaqla, universal mexanizmlərdən də istifadə etmək lazımdır. Deputatların çıxışlarında maraqlı təkliflərin səslənildiyini deyən Bahar Muradovanın sözlərinə görə, bu təkliflərə baxıla bilər. Müzakirə olunan qanun layihəsinin bu sahədəki vəziyyəti tənzimləyəcəyini deyən Bahar Muradova dedi ki, "Kütləvi informasiya vasitələri haqqında”, "Teleradio yayımı haqqında”, "Telekommunikasiya haqqında” qanunlarda da zərərli informasiyaların yayılmasının qarşısının alınmasına dair maddələr var. Milli Məclis Sədrinin müavini onu da bildirdi ki, problemləri söyləmək asandır, amma onların qarşısını almaq üçün mexanizm hazırlamaq çətindir. Bu yöndə təkliflər olmalıdır, o zaman bu sahədə daha yaxşı nəticələr əldə edə bilərik.
Yekunda qanun layihəsi ikinci oxunuşda qəbul edildi.

Rəşad CƏFƏRLİ,
Fərman BAĞIROV (foto),
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video