17 Oktyabr 2018 01:02
741
CƏMİYYƏT
A- A+

Sosial ədalətin təminatından çevik, şəffaf və sivil xidmətlərə doğru


Azərbaycan milli dövlətçiliyin güclü siyasi-ideoloji, iqtisadi-sosial təməllər üzərində möhkəmləndiyi, vətəndaş rifahının makroiqtisadi tərəqqinin başlıca məqsədi kimi çıxış etdiyi, iqtisadi siyasətlə sosial siyasətin vəhdəti üzərində sosial dövlət statusunun gücləndiyi ölkələr sırasındadır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli inkişaf strategiyasında ölkə vətəndaşının layiqli həyat səviyyəsinin təmin edilməsi və sosial ədalət prinsipinin üstünlüyü ön planda dayanmış, sosial cəhətdən həssas qrupların cəmiyyətin digər üzvləri ilə bərabərhüquqlu və dolğun müdafiəsinə xidmət edən etibarlı və əhatəli sosial sistemin formalaşdırılması bu strategiyanın ana xəttini təşkil etmişdir.
Azərbaycanın dayanıqlı inkişaf mənzərəsini tamamlayan sosial uğurlar Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayanmasının praktik müstəvidə təsdiqidir. Milli iqtisadiyyatın 3,2, o cümlədən qeyri-neft sektorunun 2,8, qeyri-neft məhsulları ixracının 4,1 dəfə artdığı, iqtisadiyyata 231 milyard dollar sərmayə qoyuluşunun təmin edildiyi son 15 ildə əməkhaqları təxminən 7, minimum əməkhaqqı 23, pensiyalar 11,3 dəfə artıb. Bu dövrdə dövlət büdcəsinin sosialyönümlü xərcləri 10, o cümlədən sosial müdafiə və sosial təminat xərcləri 11 dəfə çoxalıb.
2003-2017-ci illərdə respublikada 1,4 milyonu daimi olmaqla 1,9 milyon yeni iş yerinin açılması məşğulluq imkanlarının artmasına, əmək bazarında sabitliyə, işsizliyin və yoxsulluğun 5,04 faiz səviyyəsinə enməsinə səbəb olub. Sosial infrastrukturun müasir səviyyədə qurulması və inkişafı təmin edilib. 3,1 min məktəb, 640-dan çox xəstəxana tikilib və ya yenidən qurulub. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi istifadəyə verilib. 12,3 min kilometr yol çəkilib, 443 körpü inşa edilib, 92 müasir qəsəbə və yaşayış kompleksi salınaraq 270 minədək məcburi köçkün müasir şəraitli mənzillərlə təmin olunub.
Prezident İlham Əliyevin uğurlu sosial siyasəti ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaradıb. Dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli fərmanı şəhid hərbi qulluqçuların ailə üzvlərinə xüsusi qayğının daha bir əyani təsdiqidir. Sənəd 1997-ci il avqustun 2-dək şəhid olmuş hər bir hərbi qulluqçunun vərəsəsinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsini nəzərdə tutur. Fərmanın icrasının tam şəffaf, vətəndaş məmnunluğuna səbəb olacaq şəkildə yerinə yetirilməsi üçün nazirlikdə yaradılmış komissiya tərəfindən müvafiq işlər görülüb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını, Ədliyyə Nazirliyi həmin şəhid hərbi qulluqçulardan sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olanların siyahısını, Dövlət Sığorta Kommersiya Şirkəti isə vərəsələrinə sığorta ödənişi verilmiş hərbi qulluqçuların siyahısını nazirliyə təqdim ediblər. Həmin siyahılar üzərində dəqiqləşdirmə işləri aparılmaqla, yekun siyahı artıq cari il oktyabrın 9-dan nazirliyin saytında (www.mlspp.gov.az) "BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsində yerləşdirilib. Bu barədə eyni zamanda şəhid hərbi qulluqçuların vərəsələrinin qeyd olunan birdəfəlik ödəməni almaq üçün müraciət qaydaları ilə bağlı əhalinin geniş məlumatlandırılması təmin edilib.
Müraciət proseduru kifayət qədər sadə şəkildə hazırlanıb. Yəni ilk növbədə şəhid hərbi qulluqçuların ailə üzvləri "BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsinə daxil olaraq hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edir, birdəfəlik ödəməni almağa hüquqlarının olub-olmadığını yoxlayırlar. Axtarışın nəticəsi olaraq "Hərbi qulluqçunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən müəyyən edilən vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququ vardır” cümləsi çıxdıqda, həmin vərəsə vəfat etmiş hərbi qulluqçunun sonuncu yaşayış yeri, bu məlum olmadıqda mirasının olduğu yer üzrə notariat kontoruna müvafiq sənədlərlə müraciət edir. Bu sənədlərə hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edildiyi halda bu barədə məhkəmə qərarı, birdəfəlik ödəmənin verilməsi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına ünvanlanan ərizə (ərizə forması notariat orqanından əldə edilir), bank hesabı nömrəsinə dair arayış (vərəsənin bank hesabı olmadıqda o, istənilən bankda öz adına hesab açır və bank hesabı nömrəsinə dair arayış alır) daxildir. Notariat orqanı tərəfindən vərəsəlik şəhadətnaməsi verildikdə vərəsəlik şəhadətnaməsi və vərəsənin təqdim etdiyi sənədlərdəki məlumatlar notarius tərəfindən elektron qaydada 3 iş günü müddətində nazirliyin Mərkəzi Elektron İnformasiya Sisteminə ötürülür və bu əsasda da elektron növbəlilik formalaşır. Həmin növbəlilik üzrə birdəfəlik ödəmələrin tam şəffaf şəkildə verilməsinə başlanması planlaşdırılır.
Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzillə, o cümlədən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatı proqramları da ildən-ilə uğurla davam etdirilir. 1 avqust 2018-ci ildə daha 35 mənzilin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə, 136 minik avtomobilinin Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə təqdim olunması da bunu təsdiq edir. Mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsən iştirak etmələri ümumən əlillərə, şəhid ailələrinə qayğının və hörmətin növbəti təzahürüdür.
Həmin tədbirdə dövlət başçısı bəyan etdi: "Sosial siyasət Azərbaycanda prioritet məsələlərdən biridir. Mən dəfələrlə demişəm ki, bizim bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə sosial cəhətdən az müdafiə olunan vətəndaşlar, işğaldan əziyyət çəkmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlar, onların yaşayışı, məşğulluğu, həyat səviyyəsi bizim üçün prioritet məsələdir. Biz imkan daxilində bu məsələləri həll edirik. Deyə bilərəm ki, işğaldan və etnik təmizləmədən əziyyət çəkmiş dövlətlər arasında Azərbaycanda bu sahədə görülən işlər ən yüksək səviyyədədir. Bunu beynəlxalq təşkilatlar da, BMT də qeyd edir və Azərbaycan təcrübəsi bir çox ölkələr üçün nümunə kimi göstərilir. Bəlkə də dünyada öz vətəndaşlarına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur. Bu, bir daha bizim siyasətimizin niyyətini əks etdirir. Bu siyasət davam etdiriləcək. Bir daha demək istəyirəm ki, bu gün növbədə duran bu kateqoriyadan olan bütün insanlar imkan daxilində mənzillərlə, evlərlə, maşınlarla təmin ediləcəklər”.
Bu mərasimdən bir gün sonra Prezidentin imzaladığı sərəncamla Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə bu il əlavə olaraq minimum 300 mənzilin alınması üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 20 milyon manat ayrılması, bununla da cari ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 2,4 dəfə çox olmaqla 500-dən artıq mənzilin verilməsinə imkan yaranması ölkədə aparılan sosial siyasətin daim güclənməkdə olduğunu, sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılmasının, insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiqləyir.
Mənzillə təminat proqramı kimi sosial rifahda olduqca mühüm yer tutan tədbirlərin miqyası son illər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri nəticəsində daha da genişlənib. Belə ki, ölkədə sosial ədalətin təminatında və sosial siyasətdə humanitar prinsiplərin güclənməsində xüsusi önəm kəsb edən xeyirxah təşəbbüs kimi Heydər Əliyev Fondunun sosial əhəmiyyətli layihəsi - valideyn himayəsindən məhrum uşaqların mənzillə təmin olunması layihəsi xüsusi vurğulanmalıdır.
Prezident İlham Əliyevin bu təbəqədən olan gənclərə xüsusi qayğısı belə bir nəcib layihənin ölkəmizdə uğurla gerçəkləşməsinə şərait yaradıb. Artıq Abşeron rayonunda iki çoxmənzilli yaşayış binası tikilərək dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin istifadəsinə verilib. Burada 243 gənc mənzillə təmin olunub. Onlar üçün hər cür sosial infrastruktur yaradılıb. Bu mühüm stimul həmin gəncləri həyat yolunda inamla addımlamağa, uğurlu bir gələcəyə sahib olmağa, vətəndaşları olduqları bu dövlətin tərəqqisinə fayda verməyə ruhlandırıb. Hazırda "Məzun evi” kimi fəaliyyət göstərən müəssisədə bu kateqoriyadan olan gənclər üçün daha bir yaşayış binasının inşası da yekunlaşmaqdadır. Müəssisədə yaşayan gənclərin məşğulluğunun təmini, peşə hazırlıqlarının təşkili, əmək bazarına asan inteqrasiya etmələri üçün də ardıcıl işlər aparılır. Onlardan böyük əksəriyyəti müəssisədə və ətrafdakı ayrı-ayrı obyektlərdə iş yerləri ilə təmin olunub, eyni zamanda bir qismi özünüməşğulluq proqramına da cəlb edilib.
Bu gün nazirlik tərəfindən ümumilikdə 4,8 milyon insana əmək, məşğulluq, sosial təminat, sosial sığorta və s. üzrə 120-dən çox xidmət göstərilir. O cümlədən 1,3 milyon insan əmək pensiyası, 480 mindən çox şəxs aylıq və birdəfəlik sosial müavinət, 50 min ailə sosial yardım, 63,4 min insan Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü, 15 minədək insan səyyar və stasionar sosial xidmətlərlə təmin olunur, 620 mindən çox əlilliyi olan şəxsə dəstək verilir. Ölkənin ümumi inkişafı bu sosial təminat növlərinin artımı ilə müşahidə olunur. Məsələn, ölkəmizdə pensiyanın orta aylıq məbləği 2017-ci ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 221,1, o cümlədən, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 249,1 manata çatıb.
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri də artmaqda davam edir və cari ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə bu gəlirlərdə 16,07 faiz (və ya 406,84 milyon manat), o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 10,33 faiz (və ya 154,99 milyon manat) artım qeydə alınıb. Dövlət başçısının hər il imzaladığı sərəncamlarla sosial müavinətlərin, təqaüdlərin mütəmadi artırılması təmin edilməklə sosial xidmətlərin də əhatə dairəsi genişlənir. Bunun əməli təsdiqi olaraq son illər sosial reabilitasiya mərkəzləri və sığınacaqlar kompleksi, sosial əhəmiyyətli digər bir sıra yeni müəssisələr yaradılaraq istifadəyə verilib. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Qobustan rayonu ərazisində Sosial Adaptasiya Mərkəzinin inşası da artıq yekunlaşır. Dövlət sosial sifarişləri üzrə çoxsaylı layihələr icra edilməklə bölgələrdə günərzi və icma əsaslı reabilitasiya mərkəzləri yaradılıb. Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində, digər bir sıra bərpa və sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şəraitin yaradılması təmin edilib. Yevlax rayonunda və Naftalan şəhərindəki bərpa mərkəzlərində, Mərdəkan Müalicə Pansionatında, 1 saylı psixonevroloji Sosial Xidmət Müəssisəsində əsaslı təmir və yenidənqurma işləri artıq yekunlaşır.
Prezident İlham Əliyevin islahatlar proqramına uyğun olaraq bu gün nazirlikdə əmək qanunvericiliyinin tətbiqinə dövlət nəzarəti sisteminin İKT-nin geniş tətbiqi üzərində və mütərəqqi dünya praktikaları əsasında təkmilləşdirilməsinə, həmin sistemin işçi və işəgötürənlərin qanuni mənafelərinin təminatında, qeyri-rəsmi məşğulluğun qarşısının alınmasında çevik və fəal, təsirli alətlərə malik olmasına, məşğulluq xidmətlərinin çeşidlərinin və keyfiyyətinin, işsiz və işaxtaranlar, işəgötürənlər üçün əlçatanlıq səviyyəsinin yüksəldilməsinə və şəffaflaşmasına, vahid məşğulluq portalının yaradılmasına, sosial təminat sistemində ünvanlılıq və şəffaflığın tam təminatına, aktiv əmək bazarı proqramlarının, özünüməşğulluq proqramının genişləndirilməsinə, əmək bacarıqlarının artırılması üçün mövcud peşə tədrisi sisteminin maddi-texniki imkanlarının genişləndirilməsinə yönəlib.
Aparılan işlərin əsas məqsədi dövlət başçısının siyasətinin mərkəzində dayanan vətəndaş amili ilə bağlı olaraq ölkə vətəndaşının sosial siyasətin nəticələrini öz həyatında yaxından hiss etməsinə, onun rifahına təminat verən bu sosial siyasətdən layiqli və şəffaf şəkildə faydalana bilməsinə əlverişli şərait yaratmaqdır. Prezident
İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu istiqamətdə aparılan islahatlarla bağlı deyib: "Sosial sahədə ciddi islahatlar aparılır. Nazirliyin yeni rəhbərliyinə mənim tərəfimdən çox ciddi tapşırıqlar verildi ki, sosial ədaləti pozanlara qarşı çox ciddi tədbirlər görülsün. Bu sahədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə çox ciddi aparılmalıdır və hazırda aparılır, şəffaflıq təmin edilir, bu sahədə yol verilmiş pozuntular aradan qaldırılır. İnzibati və institusional yollarla bu sahədə də ən müasir elektron texnologiyalar tətbiq olunmalıdır ki, şəffaflıq və ədalət tam təmin edilsin”.
Dövlət sosial xidmətlərinin vətəndaşa daha yaxın və əlçatan olması, bu xidmətlərlə vətəndaş arasında bürokratik sədlərdən uzaq, tam şəffaf mühitin yaradılması, xidmətlərdən istifadə mexanizminin çevikliyinin və rahatlığının təmin edilməsi hazırda qarşımızda duran əsas hədəflərdəndir. Bu mənada Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dövlət sosial xidmətlərinin göstərilməsində mühüm innovativ yeniliyin tətbiqini nəzərdə tutan, bu xidmətlərin vahid mərkəzdən, tam şəffaf, operativ, əlçatan şəkildə təqdim olunması, əhalinin həmin xidmətlərə, eləcə də xidmətlərlə bağlı məlumat və məsləhət xidmətlərinə çıxışının asanlaşdırılması ilə bağlı təşəbbüsü xüsusi önəm kəsb edib. Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı bu təşəbbüsün reallaşmasına, dövlət xidmətlərinin geniş bir sektorunu əhatə edən əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər müvafiq sahələr üzrə xidmətlərin göstərilməsi üçün nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və DOST mərkəzlərinin yaradılmasına təminat verib.
Dövlət başçısı bununla əlaqədar "Sosial sahədə biz "ASAN xidmət”in analoqunu yaradırıq - Dayanıqlı və Operativ Sosial Təminat mərkəzləri, bunun adı da yaxşıdır - DOST mərkəzləri, mənası da yaxşıdır. Hesab edirəm ki, bu sahədə vətəndaşlar yaxın gələcəkdə müsbət dəyişiklikləri görəcəklər, artıq görürlər. İndi yerlərdən məlumat gəlir, ancaq biz hələ islahatların birinci mərhələsindəyik”, - deyə bildirib.
İldə orta hesabla nazirliyə təxminən 8 mln. elektron müraciət, nazirliyin 142-Çağrı mərkəzinə 160 min telefon zəngi (müraciət) daxil olur. DOST mərkəzlərinin yaradılması bütün bu istiqamətlərin vahid müstəvidə sistemləşdirilmiş formatda təmərküzləşməsinə, əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və nazirliyin digər müvafiq sahələri üzrə xidmətlərdən "bir pəncərə”dən, bir mərkəzdən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim edilməsinə, xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə imkan verəcək.
Aztəminatlı ailələr, əlilliyi olan insanlar, pensiyaçılar, işsiz və işaxtaran şəxslər, sığortaolunanlar, sığorta edənlər və s. DOST mərkəzləri vasitəsilə onlara istiqamətlənən xidmətlərə daha yaxın olacaqlar, bu xidmətlərlə onlar arasında bürokratiya və süründürməçiliyə şərait yaradan maneələr tam aradan qalxacaq. Vətəndaş həm bir ünvana - DOST mərkəzinə üz tutmaqla və ya elektron qaydada (o cümlədən mobil tətbiqdən istifadə ilə), yaxud Çağrı mərkəzi ilə (telefonla) müraciət etməklə əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya və s. ilə bağlı hazırda və eyni zamanda gələcəkdə əldə edə biləcəyi xidmətlər barədə məlumat alacaq, həm də bu xidmətlərə hüquq yarandığı halda hüquqların elə mərkəzdəcə reallaşdırılması təmin ediləcək. Eyni zamanda müraciət imkanı məhdud şəxslərə səyyar formada xidmətlər göstəriləcək.
Müraciətlərlə əlaqədar bütün zəruri məlumatlar aidiyyəti elektron sistemlərdən əldə edilməklə emal olunacaq, operativ cavablandırma və həll mexanizmləri reallaşdırılacaq. Çevik hesabat vermə və şikayət, monitorinq və qiymətləndirmə, müraciətlərə baxılma prosesinin izlənməsi də şəffaflığa təminat yaradacaq.
İlk DOST mərkəzinin yaxın vaxtlarda paytaxtda, sonrakı mərhələdə bütün ölkə boyu yaradılması təmin ediləcək. Bir sıra ölkələrdə mövcud olan və əhatəlilik baxımından lokal xarakter daşıyan mərkəzlərdən fərqli olaraq, sosial sahədə kifayət qədər geniş xidmətləri əhatə edəcək DOST mərkəzləri Azərbaycanın daha bir yeni brendi kimi özünü göstərəcək. Prezident
İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixdə imzaladığı "Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” fərmana əsasən isə nazirliyin informasiya sistemləri əsasında "Mərkəzləşdirilmiş elektron informasiya sistemi” (MEİS), "e-sosial” internet portalı, həmçinin MEİS-də məşğulluq altsistemi formalaşdırılacaq. Bunlar da nazirliyin fəaliyyət istiqamətləri üzrə xidmətlərin vahid platforma üzərindən "bir pəncərə” prinsipi üzrə təkmil və sistemli, sadələşdirilmiş, eyni zamanda bir-biri ilə əlaqələndirilmiş şəkildə, tam şəffaf, operativ və vətəndaşlarla açıq iş şəraitində əhaliyə təqdim edilməsi üçün zəruri elektron infrastrukturun formalaşmasına imkan verəcək.
Bu fərmanlar Prezident İlham Əliyevin əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xüsusi qayğısının növbəti təzahürüdür. Eyni zamanda, müvafiq fərmanda DOST Agentliyi və mərkəzlərinin yaradılması yönündə əsas sənədlərin və layihələrin hazırlanmasının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması bir tərəfdən əhalinin sosial sahə üzrə xidmətlərdən layiqli şəkildə faydalanmaları üçün görülən işlərə yüksək diqqət və qayğını ifadə edir, digər tərəfdən bu sahədə fəaliyyətin ən yüksək səviyyədə təşkilinə və uğurlu nəticələr verəcəyinə tam əminlik yaradır. Bu əminliyin əsasında isə Mehriban xanım Əliyevanın böyük təşkilatçılıq təcrübəsi, əhaliyə xidmətlərin yüksək səviyyədə təşkilinə daim sayğı və diqqətlə yanaşması, vətənimizin milli-mədəni intibahı və xalqımızın sosial və mənəvi inkişafı proseslərində misilsiz xidmətlərlə zəngin fəaliyyəti dayanır.
Mehriban xanım Əliyeva Azərbaycanda sosial problemlərin həlli, xüsusi dəstəyə ehtiyac duyan insanların, həssas qrupların diqqət və qayğı ilə əhatə olunması, elm və təhsilin, səhiyyənin təkmilləşdirilməsi, milli-mədəni dəyərlər sisteminin qorunması və inkişafı, mərhəmət və humanizm prinsiplərinin ictimai həyatda möhkəmlənməsi, mədəniyyətlərarası dialoqun gücləndirilməsi, tolerant dəyərlərin təbliği və digər istiqamətlərdə ardıcıl və müstəsna xidmətlər göstərmişdir. Onun təşkilatçılığı ilə keçirilən "Eurovision-2012” mahnı müsabiqəsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər mötəbər beynəlxalq tədbirlər müasir tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Prezident İlham Əliyevin "Mən dəfələrlə bəyan etmişəm və bunu həyat və atılan addımlar da təsdiqləyir ki, Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır” sözləri Azərbaycan dövlətinin sosial siyasətinin ildən-ilə güclənməsində öz təsdiqini tapır. Heydər Əliyev Fondu tərəfindən icra olunan sosial əhəmiyyətli layihələr də bu siyasətin uğurlu icrasına dəyərli töhfələr verməklə ölkədə sosial müdafiə siyasətinin genişləndirilməsinə xidmət edir.
Fondun dəstəyi ilə Bakının Yeni Günəşli yaşayış massivində ən müasir standartlara uyğun tikilmiş və avadanlıqla təchiz olunmuş Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi-sosial reabilitasiya imkanlarının artırılmasında mühüm rol oynayır. Burada dünya psixoterapiya praktikasında səmərəliliyi ilə seçilən qum terapiyası, artterapiya üsullarından, müalicəvi vannalardan və s. geniş istifadə şəraitində, sosial mühit oriyentasiyası tədrisi aparılmaqla hər il 400 nəfərdən çox uşağa reabilitasiya xidmətləri göstərilir.
Sağlamlıq imkanları məhdud uşaqlara qayğının artırılması yönündə daha bir mühüm layihə kimi fondun "Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində nazirliyin 1 saylı və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun stasionar sosial xidmət və reabilitasiya şəraiti yaradılıb. Bu gün nümunəvi dövlət uşaq müəssisələri kimi seçilən hər iki müəssisədə 330-dan çox uşaq müəyyən edilmiş rejim və fərdi iş planı əsasında abilitasiya və reabilitasiya yönümlü xidmətlərlə təmin edilir. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə görmə qabiliyyəti məhdud uşaqlar üçün respublika internat məktəbində müvafiq mərkəzin, Naxçıvan, Gəncə və Yevlaxda məhdud fiziki imkanlı insanlar üçün regional informasiya mərkəzlərinin yaradılması, fiziki məhdudiyyətli insanların, o cümlədən sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində yaradıcılıq imkanlarının dəstəklənməsi üçün aparılan işlər mühüm sosial əhəmiyyət kəsb edir. Fondun "2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində həmin əsgər və zabitlərimizin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərin yüksək texnologiyalı məhsulları ilə təmin edilməsi isə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə sağlamlığını itirmiş insanlara xüsusi qayğı göstərilməsi sahəsində aparılan işlərə dəyərli töhfə oldu.
Ötən dövrdə dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ardıcıl şəkildə reallaşdırılan kompleks tədbirlər əmək resurslarının məşğulluq imkanlarının artırılmasında mühüm rol oynamaqla, hər il 100-120 min işçi qüvvəsinin daxil olduğu əmək bazarında sabitliyin təmin edilməsinə imkan verib. Təkcə bu ilin 9 ayında 44 783 nəfər münasib işlərlə təmin olunub, 865 nəfər ödənişli ictimai işlərə göndərilib. Bölgələrdə mütəmadi olaraq əmək yarmarkaları, ali təhsil müəssisələrində "Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri təşkil olunur. Gənclərin əmək bazarının tələblərinə uyğun peşə və ixtisas seçiminə dəstək məqsədilə 79,8 min gəncə əmək bazarında peşə və ixtisaslara olan tələbat, məşğulluq xidmətləri barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib.
Prezident İlham Əliyevin tapşırıqları ilə başlanılan özünüməşğulluq proqramı sosial cəhətdən həssas əhali qruplarının müdafiəsinə, onların rifah halının yaxşılaşdırılmasına yönələn siyasətdə passiv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin olunmasına imkan verib. Cənab Prezident Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: "Özünüməşğulluq proqramı işsizliyin, xüsusilə bölgələrdə işsizliyin, yoxsulluğun aradan qaldırılması üçün çox önəmli bir vasitə, alət olacaq. Eyni zamanda, bu gün dövlətdən sosial yardım alan ailələr dövlət tərəfindən, dövlət dəstəyi ilə onlara lazımi vəsait veriləndən sonra öz həyatlarını özləri quracaqlar və öz maliyyə imkanlarını böyük dərəcədə artırmış olacaqlar”.
Dövlət başçısının tapşırığına uyğun olaraq, 2018-ci ildə 7 min civarında insanın bu proqramda iştirakı və ailə təsərrüfatlarını yaratmaları planlaşdırılıb. Bu il proqrama cəlb olunmaq üçün müraciət edənlərdən 1 oktyabr tarixinə artıq 7303 nəfəri təlim kurslarına göndərilib və bu proses davam etdirilir. Kursları bitirənlərdən isə artıq 5855 nəfərin biznes planı qiymətləndirmə zamanı uğurlu hesab edilib (yaxın günlərdə qalan 378 nəfərin də qiymətləndirmə prosesi yekunlaşacaq). Beləliklə, oktyabr ayının 11-dən başlayaraq 2018-ci il üzrə özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin aktivlərlə (mal və materiallarla) təmin olunmasına başlanılıb.
Ümumilikdə bu il 1000 nəfərdən çox əlilliyi olan şəxsin özünüməşğulluq proqramında iştirakı gözlənilir. Proqrama cəlb olunanlardan 1255 nəfərini məcburi köçkünlər, 158 nəfərini şəhid ailələrindən olanlar, 1026 nəfərini gənclər, 816 nəfərini ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, 388 nəfərini sağlamlıq imkanları məhdud uşağı olan valideynlər, 65 nəfərini penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlar və s. təşkil edib. Planımız növbəti illərdə bu proqrama cəlb olunanların sayını cari ildəkinə nisbətən daha da artırmaqdır.
Özünüməşğulluq proqramının icrası sahəsində də Heydər Əliyev Fondu öz fəal dəstəyini göstərir. Fondun "Regional İnkişaf” İctimai Birliyi ilə 16 iyul 2018-ci il tarixdə özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair imzalanan memoranduma əsasən, ictimai birlik özünüməşğulluq proqramı çərçivəsində 125 ailənin intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılmasına öz dəstəyini verir. Hesab edirik ki, bu, özünüməşğulluq proqramının icrası sahəsində yaxşı bir əməkdaşlıq nümunəsidir.
Məşğulluq imkanlarının artırılmasında xüsusi önəm kəsb edən tədbirlərdən biri də işsiz və işaxtaran vətəndaşlar üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı və əlavə təhsil kurslarının təşkil edilməsidir. Bu ilin 9 ayında Dövlət Məşğulluq Xidməti tərəfindən 1923 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Həmin kurslar Xidmətin tabeliyindəki Bakı, Göyçay və Naxçıvan peşə tədrisi mərkəzlərində, eyni zamanda ayrı-ayrı müvafiq tədris bazalarında təşkil olunur. Məqsədimiz peşə tədrisi mərkəzləri şəbəkəsini ölkəmizin bölgələri üzrə genişləndirməkdir. Artıq bu istiqamətdə addım kimi Gəncə şəhərində də Regional Peşə Tədrisi Mərkəzi yaradılır və o, yaxın vaxtlarda istifadəyə veriləcək.
Eyni zamanda, ixtisaslı kadr hazırlığının əmək bazarına uyğunlaşdırılmasında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılması üçün təkmil sistemin, eləcə də Avropa Təlim Fondunun ekspert dəstəyi ilə əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə Milli Observatoriyanın yaradılması işləri davam etdirilir. Əmək bazarının tələbləri və beynəlxalq standartlar səviyyəsində kadr hazırlığının təşkil olunması və işçi qüvvəsinin keyfiyyətinin artırılması üçün son illər 289 peşə və 63 kvalifikasiya standartı hazırlanaraq istifadəyə verilib. Ümumilikdə təqribən 900-ə yaxın peşə standartının hazırlanması nəzərdə tutulur. Bu sahədə normativ hüquqi bazanın yaradılması məqsədilə nazirlik peşə standartlarının hazırlanması, təsdiqi və tətbiqi ilə bağlı normativ sənədlər paketinin formalaşdırılması üçün zəruri layihələri hazırlayaraq aidiyyəti dövlət orqanlarına razılaşdırmaq üçün təqdim edib.
Sonda bir daha qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən ölkədə həyat səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan uğurlu siyasət əhalinin sosial müdafiəsinin güclənməsinə, sosial cəhətdən həssas əhali qruplarına qayğının davamlı olaraq artırılmasına, dövlət sosial xidmətlərinin təkmilləşməsinə geniş imkanlar açır və nazirliyin kollektivi bu sahədə dəyərli töhfələrini vermək üçün işgüzar ruhda səylərini daim artıracaqdır.


Sahil BABAYEV,
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video