16 Oktyabr 2018 13:11
750
Təhsil
A- A+

Gənc müəllim: Tez-tez eşidilən atəş səslərinə baxmayaraq, şagirdlərin dərsə həvəsi məni də ruhlandırır

Mən çətinliklərlə qarşılaşıb, onların öhdəsindən gəlməyi xoşlayıram. Ona görə də, hələ orta məktəbdə oxuyarkən bakılı gəncin ucqar kənddə tarix müəllimi işləməsi barədə televiziyada izlədiyim xəbər məndə bu sahəyə maraq oyatmışdı. O vaxtdan tarix müəllimi olmaq və ölkəmizin ucqar kəndlərindən birində işləmək arzusuna düşdüm. İstəyirdim ki, o çətinlikləri məndə yaşayım və onun öhdəsindən gəlim. İllər keçdi, arzum reallaşdı. İndi ucqar, həm də cəbhə xəttində yerləşən kənd məktəbində sevimli peşəmlə məşğulam.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdam rayonunun təmas xəttinə yaxın məsafədə yerləşən Gül Baharlı kənd ümumi orta məktəbinin tarix müəllimi, Bakı şəhər sakini Mələk Əşrəfzadə deyib. Bakılı qız erməni əsgərlərinin atəşkəsi tez-tez pozmasına, güllə səslərinə baxmayaraq, şagirdlərin bilikli, savadlı yetişməsi üçün əlindən gələni əsirgəmir.

Paytaxtın Xətai rayonunun 138 nömrəli tam orta məktəbini bitirən Mələk Əşrəfzadə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində təhsil alıb. Bu il Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin işə qəbul müsabiqəsindən uğurla keçərək, Ağdam rayonunda fəaliyyətə başlayıb. Hazırda cəbhə xəttində yerləşən məktəbdə sevdiyi peşə üzrə çalışır, tarix fənnini tədris edir.

Məktəbə ilk gəlişini xatırlayan gənc müəllim deyir: "Kənd məktəbini başqa cür təsəvvür edirdim. Düşünürdüm ki, məktəb şəraitsiz olar, uşaqlar oxumaq istəməz. Lakin bura gələndə tamamilə əksini gördüm. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi üçün hər cür şərait var. Təhsilin səviyyəsi, şagirdlərin nizam-intizamı, dərsə davamiyyəti yüksəkdir. Müəllim kollektivi səmimi və mehribandır. Şagirdlər məni sevinclə qarşıladılar. Tez-tez eşidilən atəş səslərinə baxmayaraq, onların qorxmaması, dərsə, təhsilə olan həvəsi məni sevindirir, daha da ruhlandırır".

Mələk Əşrəfzadə ilk gündən şagirdlərin sevgisini və hörmətini qazanıb. Biz məktəbdə olarkən o, 8-ci sinifdə Azərbaycan tarixi fənnini tədris edirdi. Azərbaycan Səfəvilər dövləti mövzusunda keçilən dərsdə şagirdlər fəal idilər. Onlarla söhbət zamanı müəllimlərini çox sevdiklərini və böyüyəndə onun kimi müəllim olacaqlarını, oğlanların bəziləri isə hərbi məktəblərdə təhsil almaq, Vətənimizin müdafiəsində dayanmaq istədiklərini bildirdilər. Cəbhə xəttində, işğal altında olan torpaqlarımızın bir neçə kilometrliyində yaşayan, atəş səsləri altında böyüyən, təhsil alan yeniyetmələrin ən böyük istəyinin ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi olması təbii idi.

Ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə keçirilməsini yüksək qiymətləndirən M.Əşrəfzadə gənc müəllimlərə, gələcəkdə müəllim olacaq tələbələrə də tövsiyələrini bildirib: "Gənc mütəxəssislərin kənd rayonlarındakı məktəblərdə əmək fəaliyyətinə başlaması üçün dövlətimiz tərəfindən həvəsləndirici tədbirlər görülür. Ucqar kənd məktəblərində işləmək müəllimləri qorxutmasın. Kəndlərimizdə ixtisaslı müəllimlərə ehtiyac var. İstəyirəm ki, pedaqoji ixtisasa yiyələnən gənclər heç nədən çəkinmədən gəlib ucqar kənd məktəblərində işləsinlər".

Mələk Əşrəfzadənin dərsdən sonrakı məişət qayğıları ilə tanış olmaq üçün yaşadığı evə yollandıq. Gənc pedaqoq dərsdən sonrakı vaxtını da səmərəli keçirməyə çalışır. Qaldığı evdə ev sahibinə kömək edir, yemək bişirir, çay dəmləyir və növbəti dərs gününə hazırlaşır.

Qeyd edək ki, Ağdam rayonunun ümumtəhsil müəssisələrindəki vakant yerlərə bu il 465 müəllim götürülüb. Onlar Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada təşkil etdiyi müsabiqədən keçib, həmçinin müddətli müqavilə ilə işə qəbul ediliblər. Görülən tədbirlər sayəsində rayonda müəllim çatışmazlığı problemi getdikcə həllini tapmaqdadır. Lakin yenə də bəzi məktəblərdə xarici dil, kimya, informatika, biologiya, coğrafiya fənləri üzrə ixtisaslı müəllimlərə ehtiyac var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video