16 Oktyabr 2018 02:40
1658
CƏMİYYƏT
A- A+

Davamlı tərəqqi, böyük quruculuq dövrü


Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan sürətli islahatlar kursu Nəsimi rayonunun sosial-iqtisadi inkişafına mühüm təkan verib


Azərbaycanın qazandığı nailiyyətlər, nail olduğu genişmiqyaslı inkişaf 27 illik müstəqillik dövrü kontekstində həqiqətən də möhtəşəm və misilsiz görünür. Başqa ölkələrin onilliklər, əsrlər boyu əldə etməyə çalışdığı bu proseslərin tarixin belə qısa dövründə, özü də ilk iki ilin böyük böhranlar və faciələrlə müşayiət olunduğu zamanda baş tutması şübhəsiz ki, milli qurtuluş missiyasının real nəticələridir.
Son 15 illik dönəm isə haqlı olaraq "Tarixin ən qüdrətli Azərbaycanı” kimi səciyyələnir. Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamız Cənubi Qafqazın lider dövlətinə, dünyanın enerji xəritəsini müəyyənləşdirən əsas amillərdən birinə, beynəlxalq miqyasda böyük nüfuz qazanan ölkəyə çevrilib.


Prezident tapşırıqlarının icrası fəaliyyət prioritetidir


Azərbaycanın bu uğurları ötən 9 ay ərzində də davam etmiş, iqtisadi inkişafın dayanaqlığı təmin olunmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında bu sahədəki vəziyyət təhlil edilmiş, yeni hədəflər müəyyənləşdirilmişdir.
Azərbaycanı çox dəyərli, böyük hörmətə, yüksək beynəlxalq nüfuza malik ölkə kimi dəyərləndirən dövlət başçısı qeyd edib ki, 2018-ci il ölkəmiz üçün uğurlu olub və respublikamız bu dövrdə öz dinamik inkişafını təmin edib, xalqımız əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayıb. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Sabitliyin, uğurlu inkişafın təməlində düşünülmüş siyasət dayanır, eyni zamanda xalq tərəfindən bu siyasətə göstərilən dəstək dayanır.
İqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atılmışdır. Bu ilin doqquz ayında ümumi daxili məhsul 0,8 faiz, qeyri-neft sektoru 1 faiz, sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi 10,8 faiz, kənd təsərrüfatı 4,3 faiz, xarici ticarət dövriyyəsi 37 faiz artıb. İnflyasiya cəmi 2,6 faiz olsa da, əhalinin gəlirləri 9,5 faiz təşkil edib. Bu dövrdə ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub ki, onun da 5,6 milyard dolları qeyri-neft sektoruna aiddir. Valyuta ehtiyatları 45 milyard dollara çatıb. Ölkədə 85 min daimi iş yeri açılıb.
Respublikamızda əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi həyatında da öz əksini tapmışdır. Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti altında rayonda irimiqyaslı layihələr həyata keçirilmiş, nəhəng quruculuq işləri aparılmışdır.
Rayon icra hakimiyyəti tərəfindən ərazidə iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması istiqamətində ardıcıl tədbirlər davam etdirilmişdir. Yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi, sərmayələrin cəlb olunması ilə bağlı zəruri tədbirlər həyata keçirilmişdir. Prezident Administrasiyası tərəfindən müəyyən edilmiş istiqamətlər üzrə rayon icra hakimiyyəti sosial-iqtisadi inkişafla bağlı proqnozlar, təkliflər hazırlamış, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı mühüm işlər görülmüşdür.


Abadlıq-quruculuq işləri geniş miqyas alır


Dinamik inkişaf, infrastrukturun yeniləşdirilməsi, istehsal müəssisələrinin, iş yerlərinin yaradılması, geniş vüsət almış tikinti, quruculuq və abadlıq işləri ötən dövrdə Nəsimi rayonunda da uğurla davam etdirilmişdir. Paytaxtımızda əhalinin ən sıx yerləşdiyi rayonlardan biri olan Nəsimi rayonu yüksək uğurlara imza atır, rayonun görkəmi dəyişir, əhalinin normal yaşayış səviyyəsi təmin olunur, sosial problemlərinin həlli istiqamətində təqdirəlayiq tədbirlər davam etdirilir. Ümumilikdə ötən dövrdə Nəsimi rayonunun iqtisadi və sosial həyatında baş verən dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayiət olunub. Rayonda sosialyönümlü tədbirlərə geniş yer verilməsi sakinlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir. İnşa edilən yeni obyektlər həm də turizmin inkişafına böyük imkanlar yaradır.
Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması istiqamətində ötən dövr ərzində rayonda ardıcıl işlər görülmüşdür. Tikiləcək binaların yerləşdirilməsinin, ərazi planlaşdırılmasının sənədlərinin uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin razılaşdırılması üçün müvafiq işlər aparılmışdır. 70-dən çox təklifə baxılmış, 32 ünvanla bağlı layihə sənədləşmələri hazırlanaraq müvafiq qaydada razılaşdırılmışdır. Onlardan 23 ünvanla bağlı köçürmə-söküntü və inşaat işlərinə başlanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inşaat sektorunda mövcud nöqsanların aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların icra olunması, xüsusilə Nəsimi rayonu ərazisində tikinti-inşaat işlərinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən olunmuş şəhərsalma prinsiplərinə uyğun aparılması, ümumi istifadə ərazilərinin və ictimai yerlərin zəbt olunaraq obyektlərin tikilməsinin qətiyyətlə qarşısının alınması ilə bağlı komitə ilə əlaqəli tədbirlər həyata keçirilmişdir. Rayon ərazisində qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləşmə həyata keçirilmədən aparılan inşaat işləri rayon icra hakimiyyəti tərəfindən dayandırılmışdır.
Rayon ərazisində təmizlik, abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, yaşayış binalarının, evlərin istismar vəziyyətinin yaxşılaşdırılması və qorunması, binadaxili aşağı mühəndis-kommunikasiya qovşaqlarının etibarlı və təhlükəsiz fəaliyyətinin təmin olunması məqsədilə mühüm işlər görülmüşdür. Qış mövsümünə hazırlıq prosesi çərçivəsində binaların istiliklə təmin olunmasına xidmət edən mühəndis qovşaqlarının texniki tələbə uyğun istismar olunması, yolların, səkilərin, park və bağların, meydanların, yaşıllıq və qazonların hər gün süpürülməsi və yığışdırılması, tullantıların zərərsizləşdirilməsi, aidiyyəti poliqonlara daşınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Nəsimi rayonunda ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək istiqamətində silsilə ağacəkmə kampaniyaları, iməciliklər keçirilmişdir.
Ötən 9 ay ərzində rayon Məşğulluq Mərkəzinə müraciət edənlərdən 1409 nəfəri, həmçinin 85 nəfər qaçqın və məcburi köçkün daimi işlə təmin edilmişdir. Qeyri-məşğul əhalinin peşə hazırlığı və təlimi kurslarına cəlb edilməsi tədbirləri çərçivəsində 80 nəfər 5 ixtisas üzrə kursa cəlb edilmişdir.


Leyla Əliyevanın təşəbbüsünə Nəsimi rayonu fəal qoşulub


Nəsimi rayonunda aparılan yenidənqurma və quruculuq işləri çərçivəsində geniş abadlıq işləri aparılmış, yüksəkmərtəbəli çoxsaylı binaların fasadları əsaslı təmir olunmuş və "Bizim həyət” salınmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklar əsaslı təmir olunur, yeni parklar və yaşıllıq zolaqları salınır, binaların həyətlərində yeni skamyalar, söhbətgahlar, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ekoloji cəhətdən təmiz və "Bizim həyət”lərin modernləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması məqsədi ilə həyata keçirilən "Bizim həyət” layihəsinə Nəsimi rayonunda ötən ilin dekabr ayından start verilmişdir.
Ötən müddət ərzində layihə çərçivəsində rayon ərazisindəki bir sıra həyətlərdə abadlaşdırma işləri aparılmış, mövcud yaşıllıqlar bərpa edilmiş, yeni yaşıllıq zolaqları yaradılmış, gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarının möhkəmləndirilməsinə, asudə vaxtlarının səmərəli keçirmələrinə nail olmaq məqsədi ilə əyləncə qurğuları yerləşdirilmiş, futbol meydançaları və idman alətlərindən ibarət kiçik meydançalar salınmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə, "IDEA” İctimai Birliyinin və "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı və Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət” layihəsinin davamı olaraq Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən daha bir "Bizim həyət” layihəsi 2-ci mikrorayon H.Seyidzadə küçəsi 1,3 və 7 saylı binaların əhatə etdiyi məhəllədə sakinlərin ixtiyarına verilmişdir. Bu ünvanda 3 beş mərtəbəli, bütövlükdə 12 bloklu, 180 mənzilli binaların fasadları, dam örtükləri və zirzəmiləri əsaslı təmir edilmiş, hər üç binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Məhəllədə genişmiqyaslı yaşıllaşdırma işləri aparılmış və həyətə 300-dən artıq həmişəyaşıl ağaclar əkilmişdir. Sakinlərin asudə vaxtlarını və istirahətlərini səmərəli keçirmələri üçün 3 söhbətgah və 20 ədəd oturacaq quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi əyləncə avadanlıqları, oyun elementləri və idman meydançası quraşdırılmışdır. "Bizim həyət”in xüsusi bir guşəsində həvəskarlar üçün asfalt üzərində böyük ölçülü şahmat lövhəsi yaradılmışdır.
Əhalinin ümumi istifadəsində olan binaların həyətlərində özbaşına zəbt olunmuş ərazilərin çəpərləri sökülərək 9000 kv.m ərazidə asfaltlaşma və təmizlik işləri aparılmış, 500 metr bordür qoyulmuş, mövcud ağaclar budanmış, səliqə-sahman yaradılmışdır. Yeni yaradılmış "Bizim həyət”də 7 ədəd təhlükəsizlik kamera quraşdırılmışdır.
Növbəti "Bizim həyət”in sakinlərin istifadəsinə verilməsinə həsr olunmuş tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla aparılır, mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir. Asif Əsgərov qeyd edib ki, son illərdə ölkəmizin hərtərəfli inkişafında əldə olunmuş yüksək dinamikaya uyğun olaraq paytaxtın mərkəzi rayonlarından olan Nəsimi rayonunda da istehsalın artımında, abadlıq-quruculuq işlərinin genişlənməsində, önəmli sosial layihələrin sürətlə gerçəkləşdirilməsində nəzərə çarpacaq uğurlar qazanılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən hazırda ayrı-ayrı ünvanlarda binaların fasadları əsaslı təmir edilir və həyətlərində abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə, "IDEA” İctimai Birliyinin və "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət” layihəsinin davamı olaraq Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən daha bir "Bizim həyət” layihəsi 3-cü mikrorayon, Alı Mustafayev küçəsi 17 və 17A saylı binaların əhatə etdiyi məhəllədə aparılır. Hal-hazırda işlər davam etdirilir.


Fəaliyyətin əsas məqsədi vətəndaş məmnunluğudur


Azərbaycan Respublikası Prezidentinin "Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir. Şəffaflığın artırılması və açıq hökumətin təşviqi sahəsində müəyyən edilmiş tədbirlərlə bağlı olaraq informasiya əldə edilməsi, rayon icra hakimiyyətinin fəaliyyəti barədə ictimaiyyətə məlumat verilməsi həyata keçirilmişdir.
RİH başçısının yerlərdə keçirilən səyyar qəbullarında, sakinlərlə görüşlərdə, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən geniş yığıncaqlarda rayon ərazisində ictimai maraq kəsb edən məsələlər geniş müzakirə olunur, rəy və təkliflər öyrənilir, müvafiq qərarlar verilir. Aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edərək Nəsimi rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılması işləri davam etdirilmişdir.
"Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalara ciddi olaraq əməl edilməklə rayon icra hakimiyyəti başçısı aparatı və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vətəndaşlara yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir. 2018-ci ilin 9 ayı ərzində Nəsimi Rayon İcra Hakimiyyətinə vətəndaşların 2483 ərizə və müraciəti daxil olmuşdur. Əhalinin sosial müdafiəsi, mənzil-məişət şəraiti, birdəfəlik maddi yardımlarla bağlı müraciətləri diqqət mərkəzində saxlanılaraq aztəminatlı ailələrə dövlət qayğısı çərçivəsində köməklik göstərilmişdir. İl ərzində Heydər Əliyev Fondu tərəfindən Nəsimi rayonunda aztəminatlı təbəqəyə, kimsəsizlərə, valideyn himayəsindən məhrum olmuş uşaqlara yetirilən diqqət və qayğı ictimaiyyətin razılığına və sevincinə səbəb olmuşdur.
Rayonun hüquq mühafizə orqanları tərəfindən ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar. Gənclərin həqiqi hərbi xidmətə çağırışı məsələləri ciddi nəzarətdə saxlanılmış, plan göstəricilərinə 100 faiz əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.
Göründüyü kimi, 2018-ci ilin ötən dövrü Nəsimi rayonunun və sakinlərin həyatında əlamətdar hadisələrlə zəngin olmuş, sosial-iqtisadi inkişafın davamlılığı təmin edilmişdir. Şübhəsiz ki, möhkəm bünövrə uğurların davamlılığına etibarlı zəmin yaradır.

Elçin CƏFƏROV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video