15 Oktyabr 2018 15:41
279
CƏMİYYƏT
A- A+

Bakıda kobud qayda pozuntuları törədən, sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərə qarşı reyd keçirilib


Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyini daha səmərəli təşkil etmək və gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkarlanması istiqamətində görülən tədbirlər davam etdirilir. Bu məqsədlə idarə əməkdaşları həftə sonu paytaxtın müxtəlif küçə və prospektlərində maarifləndirici və profilaktik tədbirlər keçiriblər.

İdarədən AZƏRTAC-a bildiriblər ki, reyd zamanı xeyli sayda sərxoş sürücü aşkarlanıb, yol polisinə tabe olmayan, avtoxuliqanlıq edənlərə də rast gəlinib. Keçirilən tədbirlər zamanı polisin qanuni tələbinə tabe olmayaq avtomobili saxlamaqdan imtina edən və bununla da kobud qayda pozuntusuna yol verən xanım sürücü Səbail rayonunun Rəşid Behbudov küçəsində süni tıxac yaradıldıqdan sonra saxlanılıb.

Daha bir avtoxuliqanlıq hərəkətləri edən sürücü Nərimanov rayonunun Həsən Əliyev küçəsində aşkar edilib. Belə ki, "Niva” və "Lexus” markalı avtomobillərin sürücüləri qarşı yola çıxaraq yüksək sürətlə hərəkət edib və digər hərəkət iştirakçılarına aşkar təhlükə yaradıblar. Yol polisi əməkdaşlarının "saxla” işarəsinə tabe olmayan sürücülər məsuliyyətdən yayınmaq üçün ayrı-ayrı istiqamətlərə gediblər. Dövlət Yol Polisi əməkdaşları süni sıxlıq yaradaraq "Lexus” markalı avtomobilin sürücüsünü Ziya Bünyadov prospektində saxlamağa nail olublar. Avtoxuliqanlıq edən digər 90-GJ-444 dövlət qeydiyyat nişanlı "Niva”nın sürücüsünün isə saxlanılması barədə qərar çıxarılıb.

Reyd zamanı sərxoş vəziyyətdə saxlanılan sürücü Əhməd Hüseynov polisdən yayınmaq üçün maşını yolun hərəkət hissəsində saxlayaraq düşüb qaçmağa çalışsa da, saxlanılıb. Sürücü nəqliyyat vasitəsini mühafizə olunan müvəqqəti duracağa yerləşdirmək üçün avtomobilin açarlarını polislərə verməkdən boyun qaçırıb. Daha sonra tibbi müayinə zamanı onun ağır dərəcəli sərxoş olduğu üzə çıxıb.

"Mersedes” markalı avtomobili sərxoş vəziyyətdə idarə edən daha bir sürücü Zakir Rüstəmov isə Xətai rayonunun Xocalı prospektində saxlanılıb. O, əvvəlcə polislərə spirtli içki qəbul etmədiyini desə də, sonradan sükan arxasına sərxoş vəziyyətdə əyləşdiyini etiraf edib.

Sərxoş vəziyyətdə saxlanılan "Prado” markalı avtomobilin sürücüsü isə əvvəlcə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edərək məsuliyyətdən yayınmağa çalışıb. Amma polislər tərəfindən onunla profilaktik söhbətlər aparılaraq spirtli içkinin təsiri altında nəqliyyat vasitəsini idarə etməyin törədə biləcəyi ağır fəsadlar barədə məlumat verilib. Sonra bu sürücü barəsində də qanunamüvafiq tədbir görülüb.

"Mersedes” markalı mikroavtobusu sərxoş hala idarə edən daha bir sürücü Ziya Bünyadov prospektində saxlanılıb. Sürücü etdiyi əmələ haqq qazandırmağa çalışıb, içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün peşman olmadığını bildirib.

Qeyd edək ki, son zamanlar bəzi sürücülər avtomobilə konstruksiya dəyişikliyi etmədən maşının yük yerinə su ilə dolu qabları, beton qırıntıları, sement, mərmər və digər ağır əşyalar yığaraq, avtomobilin ön hissəsini qaldırır, arxa hissəsini isə aşağı salır. Reyd zamanı bu üsulla avtomobilin görünüşünü dəyişən sürücülər də aşkarlanıb.

Reyd zamanı sərxoş halda nəqliyyat vasitəsini idarə edən 14, avtoxuliqanlıq edən 3, polisə tabe olmayan 2 sürücü aşkar olunub. Digər kobud qayda pozuntularına yol verən sürücülər barəsində də müvafiq tədbirlər görülüb. Ümumilikdə, reyd zamanı 50-dən çox sürücü saxlanılaraq inzibati qaydada cərimə edilib, bir neçəsinin barəsində toplanmış materiallar isə məhkəmələrə göndərilib.
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən belə tədbirlər bundan sonra da davam etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video