Alternative content

21:32 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İLHAM ƏLİYEV erası
İLHAM ƏLİYEV erası
ANA SƏHİFƏ / SİYASƏT
01:17 14.10.2018

Müstəqil Azərbaycan dövləti artıq ölkəmizdə uğurla sınaqlardan çıxmış prezident üsuli-idarəsinin işığında həm daxili, həm də xarici siyasətdə möhtəşəm uğurlara imza atmışdır. Dövlət müstəqilliyinin açdığı böyük demokratik imkanlar əsasında Azərbaycan Respublikasının seçdiyi prezident idarəçiliyi sistemi xalqımızı və ölkəmizi böyük və hərtərəfli inkişaf mərhələsinə çatdırmış, çoxəsrlik tariximizdə yeni tarixi epoxanın formalaşması ilə nəticələnmişdir.
Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin möhkəm əsaslarını, etibarlı bünövrəsini yaratdığı prezident üsuli-idarəsi müstəqillik dövrünün ən məqsədyönlü dövlət idarəçiliyi forması kimi artıq ölkəmizin timsalında özünü təsdiq etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə ölkəmizi yeni epoxanın işığında hərtərəfli şəkildə irəliyə doğru inkişaf etdirməyin nümunəsini göstərməkdə davam edir. Artıq hər kəsə yaxşı bəllidir ki, Prezident İlham Əliyev dünyada XXI əsrin meydana çıxardığı yeni siyasi liderlərin və dövlət başçılarının ən görkəmlisidir.
Sözün həqiqi mənasında görkəmli dövlət xadimi kimi ölkəyə rəhbərlik etməyin şərəfini də, məsuliyyətini də özünün gündəlik əməli fəaliyyətində uğurla birləşdirən İlham Əliyev həm də müstəqil Azərbaycan dövlətini istənilən mötəbər məqamda böyük ləyaqətlə təmsil etmək vəzifəsini yüksək səviyyədə gerçəkləşdirir.
Bunun nəticəsidir ki, Azərbaycan Respublikasında köklü, davamlı dövlətçilik ənənələrinin qorunub saxlanılması şərtilə dövlət strukturu böyük sürətlə inkişaf etdirilərək dünya standartlarına uyğunlaşdırılır, dövlətin idarə olunmasının ən müasir forma və metodları uğurla tətbiq olunur. Ölkəmizdə demokratik cəmiyyətin, bazar münasibətlərinə əsaslanan iqtisadi siyasətin bərqərar olması proseslərinə ciddi fikir verilir. İqtisadiyyatda özəl sektorun üstünlük qazanması, neft gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də Prezident İlham Əliyevin siyasətinin əsasında dayanır.
Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması, ən yeni texnologiyaların meydanının genişləndirilməsi də möhtərəm Prezidentin önə çəkdiyi zəruri sahələrdəndir. Ölkə başçısının səyləri ilə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri böyük körpülər, abad yollar və çoxsaylı göydələnlər şəhərinə çevrilmişdir. Bu gün Azərbaycan Şərqlə Qərb arasında nəinki möhkəm və etibarlı körpü, həm də möhtəşəm bir zirvədir.
Artıq üçüncü mərhələsi uğurla həyata keçirilən Azərbaycan regionlarının inkişafı üzrə Dövlət Proqramı ölkəmizin inkişafında mühüm hadisəyə çevrilmişdir. Hazırda Azərbaycanın regionlarında aşkar görünən hərtərəfli intibahın, sürətli canlanmanın, müasir həyatın bərqərar olması ideyasının memarı və müəllifi respublikamızın Prezidenti İlham Əliyevdir. Bir sözlə, qısa müddətdə, sözün əsl mənasında, möhtəşəm addımlarla irəliləyən müstəqil Azərbaycan dövlətinin böyük tərəqqisində İlham Əliyevin prezidentlik fəaliyyətinin xüsusi payı vardır.
Bu gün İlham Əliyev artıq geniş mənada dünyada qəbul olunmuş görkəmli siyasi liderdir. Dünya təcrübəsindən görünür ki, bir çox dövlət başçıları yalnız ölkəyə ümumi rəhbərlik vəzifəsini yerinə yetirməklə kifayətlənməli olurlar. Onların bir çoxunun ampluası praktik rəhbərlikdən başqa daha heç nəyi əhatə edə, yaxud əks etdirə bilmir. Prezident İlham Əliyev isə bacarıqlı, mükəmməl, qurucu dövlət xadimi olmaqla bir sırada, həm də geniş, qlobal dünyagörüşə, analitik təhlil bacarığına, praqmatik baxışlara malik olan mükəmməl siyasi xadimdir. O, mövcud siyasi reallıqları inkişafda olan ictimai proseslərlə böyük məharətlə uzlaşdırmağı bacarır. Siyasi gerçəklikləri dərindən, ətraflı və sistemli şəkildə dəyərləndirəndə də, yaxın və uzaq gələcəkdən söz açanda da nikbin və realist görünür.
Gerçəklik, müdriklik, dərin analitik düşüncə, nikbin, aydın və yetkin məntiqi təfəkkür onun siyasi portretinin təməl prinsipləridir.
Boş vədlərdən, süni populizmdən, keçici görüntüdən uzaq olmaq İlham Əliyevin xarakteridir.
O, özünün siyasi rakursunda da həyatidir, realdır, gerçəkçidir.
Dünya ictimaiyyəti də, Azərbaycan xalqı da çoxdandır ki, Prezident İlham Əliyevi böyük siyasətçi, yaxud siyasi idarəetməni həyati proseslərlə bütün incəliklərinə qədər uzlaşdırmaq vəzifələrini məharətlə gerçəkləşdirən kamil siyasi xadim kimi qəbul edir.
Prezident İlham Əliyevə kamil bir siyasətçi kimi Cənubi Qafqaz və ya ümumiyyətlə, Qafqaz müstəvisində yanaşma mövcud siyasi reallığı qətiyyən ifadə etmir. Fikrimcə, görkəmli yeni siyasi lider kimi İlham Əliyev səviyyə etibarilə postsovet məkanının sədlərini və miqyasını da çoxdan aşmışdır. Hələ Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinə başçılıq edəndə yeni təfəkkür sahibi kimi parlaq çıxışlar edib, bəyanatlar verdiyi illərdə o, Avropa evi səviyyəsində düşünmək, mesajlar vermək potensialına malik bir siyasətçi kimi dərk olunmuşdu. Prezident kimi İlham Əliyevin siyasi-ideoloji postulatı artıq böyük dövlətlərin rəhbərlərinin, yaxud çoxillik təcrübəyə malik siyasi xadimlərin səviyyəsi ilə bir sırada dayanır.
İlham Əliyev böyük siyasətdə milli təfəkkürlə bəşəri düşüncəni üzvi surətdə birləşdirən, real gerçəkliklə qlobal baxışları uzlaşdıran görkəmli siyasi liderdir.
İlham Əliyevin siyasi baxışları dərin nəzəri səviyyəsi, aydın məntiqi, fəlsəfi çəkisi və praqmatik xarakteri ilə səciyyələnir.
Möhtərəm Prezidentin müxtəlif məqamlardakı nitqləri zamanı müdrikliklə ifadə etdiyi yetkin siyasi tezislər dərin mənalı aforizmlər kimi səslənir. Böyük siyasətdə aforizm səviyyəsində düşünmək və özünü ifadə etmək yalnız və yalnız ən təcrübəli, uzun yol keçmiş, çox səviyyəli, böyük məktəblər yaratmış siyasətçilərə nəsib ola bilir.
İlham Əliyev əsl siyasətçiyə məxsus olan belə uca məqamı fəth etmək vəzifəsinin öhdəsindən hələ cavan yaşlarında ikən bacarıqla gəlmişdir. İlham Əliyevin siyasi aforizmlərinin böyük siyasətin ibrətamiz dərsləri səviyyəsində təqdim olunması onun yetkin, kamil siyasətçi obrazını dolğun şəkildə müəyyən edir.
Prezident İlham Əliyevin siyasi fəaliyyətinin ana xətlərini azərbaycançılıq məfkurəsi, millətlərarası münaqişələrin həlli, yeni neft strategiyası, enerji təhlükəsizliyi, bəşəriyyətin taleyində çoxaspektli dialoqun rolu, multikulturalizm və tolerantlıq fəlsəfəsi, iqtisadiyyatın şaxələndirilmiş inkişafı, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi və sair kimi aktual, xüsusi çəkiyə malik məsələlər təşkil edir.
Bu məsələlərin hər birinin şərhində və təqdimində İlham Əliyev ustad siyasətçi və böyük dövlət xadimi olaraq yüksək professionallıq nümayiş etdirir.
Milli mənafenin, dövlətçilik maraqlarının daim üstün tutulması İlham Əliyev siyasətinin təməl prinsipidir. Prezident İlham Əliyevin siyasətində ən müxtəlif mövqelərdən, fərqli bucaqlardan ifadə olunan siyasi yanaşmaların hamısı azərbaycançılıq fəlsəfəsində, Azərbaycanın inkişafı naminə aparılan qlobal siyasətdə tamamlanır. Azərbaycançılıq bu böyük və müdrik siyasətin cövhərini, ana xəttini təşkil edir. Məhz dövlət rəhbəri kimi İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində hərtərəfli şəkildə inkişaf edən Azərbaycan Respublikası sözün əsl mənasında, dünya brendinə çevrilmişdir.
Prezident İlham Əliyev XXI əsrdə müstəqil Azərbaycanın yeni siyasətini, irəliyə doğru inkişafın üfüqlərini aydın görən, siyasi müstəvidə yeni istiqamətlər açan, yol göstərən görkəmli dövlət xadimidir.
Bacarıqlı dövlət başçısında uzaqgörən yüksək siyasətçi düşüncəsinin və mühüm idarəetmə məharətinin olması dövlətin normal inkişafının və xalqın xoşbəxt həyatının böyük təminatıdır.
Bu mənada yeni tarixi epoxada məhz İlham Əliyev kimi böyük siyasətlə yüksək idarəçiliyi və əsl vətənpərvərliyi özündə cəmləşdirən görkəmli bir dövlət xadiminin və mahir siyasətçinin Azərbaycana rəhbərlik etməsi ölkənin və xalqın tarixi şansıdır.
Böyük və professional bir siyasətçinin dövlət başçısı kimi uğurlu fəaliyyəti təkcə ölkənin və xalqın deyil, böyük siyasətin də xeyrinədir. Çünki kamil, yetkin, lokal mənada da, qlobal səviyyədə də faydalı, gərəkli olan böyük siyasət özünüifadə, yaxud özünütəsdiq baxımından real platsdarm, münasib meydan tapa bilməyəndə bəzən mücərrəd, utopik, yaxud havadan asılı olan nəzəri-ideoloji təlim olaraq qalır. Ancaq böyük siyasətçi üçün siyasi fəaliyyət dövlətçilik işinin üzvi tərkib hissəsinə, əsasına, daşıyıcısına, hərəkətverici qüvvəsinə çevriləndə daim yeniləşir, təkmilləşir, aşkarlanır, zənginləşir və inkişaf edir.
Prezident İlham Əliyevin siyasəti də həm Azərbaycan məkanında, həm də beynəlxalq müstəvidə konkret məsələlərin, aktual problemlərin həllinə istiqamətləndirilmiş aşkar siyasi fəaliyyət kimi mütəmadi olaraq yeniləşir və zənginləşir. Ölkə rəhbərinin qəti siyasi mövqeyi onun ölkəni irəli aparmaq, cəmiyyəti inkişaf etdirmək yollarındakı siyasi iradəsinin real təzahürüdür. Bu mənada 15 il ərzində inkişafda olan müstəqil Azərbaycanda əldə olunan möhtəşəm nailiyyətlər və beynəlxalq miqyasda ölkə ilə əlaqədar aparılan düşünülmüş, məqsədyönlü və ardıcıl iş, əldə olunan zəngin təcrübə tükənməz ideya mənbəyi kimi İlham Əliyev siyasətinin aktuallığını və müasirliyini təmin edir. Beləliklə, dövlət də, Prezidentin siyasəti də ölkəmizlə birlikdə xalqımızla həmahəng şəkildə daimi inkişafdadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin milli dövlətçilik təliminin, sınaqlardan çıxmış siyasi kursunun layiqli davamçısıdır.
Heydər Əliyev siyasi kursu - Azərbaycan dövlətinin ümummilli inkişaf strategiyasının nəzəri-ideoloji əsasını təşkil edir.
Heydər Əliyev təlimi - ölkəmizin və xalqımızın dirçəliş və tərəqqi yolunun kompasıdır.
Heydər Əliyev fəlsəfəsi - Azərbaycan idealının özünütəsdiqinin dialektikasından ibarətdir.
Heydər Əliyev yolu - Azərbaycan dövlətinin və xalqının əbədiyyət yoludur.
Böyük sınaqlardan çıxmış Heydər Əliyev siyasi kursunu dərin fəlsəfəsi ilə, görünən, bilinən və görünməyən cəhətləri ilə birlikdə mənimsəyib özündə cəmləşdirməkdə, yaradıcı şəkildə inkişaf etdirib uğurla həyata keçirməkdə Prezident İlham Əliyevlə müqayisə edilə biləcək ikinci bir siyasi şəxsiyyət göstərmək nəinki çətindir, bəlkə də mümkün deyildir.
Ən müxtəlif məqamlarda Heydər Əliyevin çoxcəhətli fəaliyyətini yaxından izləmək, yaşantılarını dərindən duymaq, siyasi gedişlərinin, necə deyərlər, alt yapısının mahiyyətini incəliklərinə qədər öyrənmək baxımından bu böyük şöhrətə malik olan mötəbər ailənin üzvü kimi İlham Əliyevin imkanları hamıdan, hətta ulu öndərin ən yaxın məsləkdaşlarından da təbii surətdə çox olmuşdur. Həm keçmiş sovet rejimi mərhələsində, həm də müstəqillik dövründə İlham Əliyev həmişə görkəmli dövlət xadimi Heydər Əliyevin böyük siyasətinin yaxın əhatəsində olan bir şəxsiyyət kimi mühüm dövlətçilik məktəbi keçmişdir.
Böyük siyasi xadim Heydər Əliyevin zamanında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda mükəmməl təhsil alması, Kreml mühitində cərəyan edən daxili proseslərdən xəbərdar olması, sonralar Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, respublika Olimpiya Komitəsinin Prezidenti, millət vəkili, Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinin rəhbəri, nəyahət, Baş nazir kimi məsul vəzifələrdə şərəfli və məsuliyyətli yol keçməsi, mükəmməl həyat təcrübəsi və zəngin siyasi təcrübə qazanması, Avropa dillərində sərbəst və sərrast danışmaq imkanlarına malik olması əvəzəedilməz üstünlüklər və nailiyyətlərdir.
Müşahidələr göstərir ki, İlham Əliyev görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik və böyük siyasət akademiyasını, necə deyərlər, fərqlənmə diplomu ilə bitirərək onu daha da inkişaf etdirməyin mümkünlüyünü isbat etmişdir. Həyat təsdiqlədi ki, İlham Əliyev ümummilli lider Heydər Əliyevdən sonrakı dövrdə mükəmməl dövlətçilik təlimini bacarıqla və yaradıcılıqla inkişaf etdirməkdə də hamıdan fərqlənir. Əvvəla, o, Heydər Əliyev siyasi kursuna dərin, birmənalı sədaqətində, ikincisi isə həmin sınaqlardan çıxmış siyasi kursu qətiyyətlə, dönmədən, yaradıcılıqla, ardıcıllıqla müasirlik işığında həyata keçirməkdə fərqli, üstün imkanlara və böyük potensiala, qeyri-adi enerjiyə və yaxşı mənada qibtə olunacaq əsl istedada malikdir.
Azərbaycan xalqı Prezident İlham Əliyevin simasında ilk növbədə, əsl, həqiqi, geniş dünyagörüşə, sağlam və aydın məntiqi təfəkkürə malik Heydər Əliyevçini görür və onun hər bir addımını yüksək dəyərləndirir.
Qazanılmış ümumxalq rəğbəti, seçilmiş və isbat olunmuş siyasi kursun ardıcıllıqla, qətiyyətlə davam etdirilməsi özündən əvvəlki on illik ərzində qazanılan nailiyyətlərin daha da artırılması və yeni layihələrin meydana çıxması müəyyən olunmuş istiqamətlərin, başlanmış mühüm işlərin, hazırlanmış böyük layihələrin uğurla icra edilməsi deməkdir. Böyük sürətlə yeniləşən Bakı şəhəri, xüsusi templə dəyişən və inkişaf edən Azərbaycan iqtisadiyyatı, həyata keçirilən möhtəşəm layihələr - Bakı-Tbilisi-Ceyhan neft boru, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, hər gün gözəlləşən və müasirləşən Azərbaycan cəmiyyəti Heydər Əliyev siyasi kursunun uğurla, yaradıcılıqla davam etdirilməsinin real bəhrələri, sanballı töhfələridir. Zəfərlərlə dolu olan 15 ildə ardıcıl neft-qaz və nəqliyyat-logistika siyasətinin uğurla həyata keçirilməsi ölkəmizin inkişafında mühüm rol oynamışdır. "Əsrin müqaviləsi”nin uğurlu davamı və yeni inkişaf mərhələsi olan "Cənub qaz dəhlizi”nin və Türkiyədə TANAP layihəsinin rəsmi açılışlarının keçirilməsi, bu layihələri Avropa ölkələrinə qədər uzadan TAP layihəsinin uğurla irəliləməsi 15 il ərzində Azərbaycanı dünyanın ən zəngin və əlverişli enerji mərkəzlərindən biri səviyyəsinə çatdırmışdır. İlham Əliyevin neft-qaz imkanlarımızla əlaqədar aşağıdakı fikirləri bu mühüm sektorun müasir inkişafının ölkəmizin həyatındakı yerini və rolunu aydın surətdə təsəvvür etməyə imkan verir: "Cənub qaz dəhlizi”nin uğurla başa çatması bizim üçün yeni imkanlar, yeni üfüqlər açacaq. Biz bir çox ölkələrin bazarlarına öz resurslarımızla çıxacağıq. Ondan sonra bunu nəzərə alaraq biz o ölkələrdə yeni infrastruktur layihələri icra edə bilərik. Bu, səmərəliliyi, gəlirimizi daha da artıracaqdır”.
Dünyanın nadir Dəmir İpək Yolu kimi qəbul edilən Bakı-Tbilisi-Qars dəmir yolu 15 ilin nəhəng layihələrindən biri kimi tarixə düşmüşdür. Bu, Azərbaycanı Avropa və Asiya bazarları ilə bağlayan və ölkəmizin inkişafı üçün yeni üfüqlər açan nadir iqtisadi layihədir. Bakı ətrafında analoqu olmayan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması Dəmir İpək Yolu ilə yanaşı, digər beynəlxalq nəqliyyat qovşaqlarının da müasir imkanlarına və perspektiv inkişafına inamla baxmağa əsas verir. Xəzər dənizində ən böyük liman olan Ələt Beynəlxalq Dəniz Ticarət Limanı ölkəmizin müəllifi olduğu "Şərq-Qərb Nəqliyyat Dəhlizi” və "Şimal-Cənub Nəqliyyat Dəhlizi”nin uğurlu və səmərəli fəaliyyətini təmin edə biləcək əlverişli infrastruktur layihəsi kimi, Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcəkdir. Artıq bugünkü səviyyədə nəqliyyat dəhlizlərində aparılan işlər hələ tam başa çatmamış Azərbaycandan keçən yükdaşımaların həcminin yüz dəfədən çox atrması aparılan böyük işlərin sabahına daha nikbin baxmağa əsas verir. Məhz bütün bunlar Prezident İlham Əliyevin timsalında çətin sınaqlardan çıxmış inanılmış siyasi kursun ardıcıllıqla və qətiyyətlə davam etdirilməsinin nələrə qadir olduğunun, ölkəmizi hansı səviyyəyə gətirib çatdıra biləcəyinin gerçək təzahürləridir. Bu mənada o, Heydər Əliyev dövlətçilik təlimini yeni tarixi era olan İlham Əliyevçilik səviyyəsinə qaldırmışdır.
Siyasi dünyagörüşü etibarilə "Azərbaycan naminə” əqidəsi əsasında formalaşmış İlham Əliyev siyasəti ölkəmizə beynəlxalq aləmdə də böyük şöhrət qazandırmışdır. Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəzislik Şurasının üzvü seçilməsi və dünyanın ən böyük və mötəbər təşkilatının ciddi bir qurumuna müəyyən olunmuş müddətdə rəhbərlik etməsi Prezident İlham Əliyevin apardığı xarici siyasətin əhəmiyyətini, təsir imkanlarını, beynəlxalq aləmdə tutduğu yüksək mövqeyini əyani şəkildə nümayiş etdirir. Azərbaycan Respublikasının Avropa Şurası, Avropa Birliyi məkanında, o cümlədən UNESCO səviyyəsində nümayiş etdirdiyi mövqe ölkəmizin qısa müddətdə böyük Avropa evində normal yer tuta bildiyini göstərdi. Müstəqil Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Kabinetinə böyük bacarıqla sədrlik etməsi, Qoşulmama Hərəkatı kimi mötəbər bir beynəlxalq quruma rəhbərlik etmək səlahiyyəti qazanması Prezident
İlham Əliyevin müstəsna dərəcədə yüksək dövlətçilik istedadına malik olmasının real göstəriciləridir.
Müasir Azərbaycanda Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur, Malayziya kimi inkişaf etmiş Asiya ölkələri ilə də əməkdaşlığın sürətləndirilməsi ölkəmizdə Şərq tərəfdaşlığına dair böyük və etibarlı addımların atıldığını göstərir. Nəticə etibarilə Azərbaycan Şərq üçün də, Qərb üçün də cəlbedici və əhəmiyyətli ölkə olmaq statusu qazanmışdır. Azərbaycan Avrasiya məkanının ən əlverişli imkanlara malik inkişaf etmiş ölkəsidir.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi təlimini yeni dövrün və müasir Azərbaycanın reallıqları ilə yeniləşdirən və daha da zənginləşdirən siyasi xadimdir. Ümummilli liderimiz Heydər Əliyevdən sonrakı tarixi mərhələnin meydana çıxardığı siyasi-ictimai reallıqlar, iqtisadi-hərbi proseslər, ideoloji-etnik problemlər mövcud siyasi kursun işığında hadisələrin və gedişatların yenidən dəyərləndirilməsini tələb etdiyi məqamlarda Prezident İlham Əliyev istənilən məsələyə yaradıcı münasibət bəsləməyi, yeni müstəvidən yanaşmağı müvəffəqiyyətlə həyata keçirir. O, qətiyyən klassik siyasi irsin təkrarı olmayıb, mövcud siyasəti yaradıcılıqla inkişaf etdirib tam yeni zirvəyə qaldırmış novator dövlət xadimidir.
İlham Əliyev - daim inkişafda olan yeni tipli Heydər Əliyev siyasi təliminin yaradıcısıdır.
İlham Əliyev - mövcud siyasi kursun yeni epoxa ilə şərtlənən yeni dövrünün lider səviyyəsində görkəmli təmsilçisidir.
İlham Əliyev - Azərbaycanın sınanılmış yolu olan Heydər Əliyev yolunun yeni magistrallardakı qüdrətli sükançısıdır.
Təsadüfi deyildir ki, dünya şöhrətli görkəmli yazıçı Çingiz Aytmatov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "qloballaşan dünyanın lider etalonu” kimi yüksək qiymətləndirmişdir.
Məhz bütün bunlara görə o, görkəmli dövlət xadimi və böyük siyasi xadim səviyyəsinə yüksəlmişdir. Geniş şöhrət və nüfuz qazanan Prezident İlham Əliyev müstəqil Azərbaycan Respublikasını sürətli inkişaf etdirmək mənasında özünü ən böyük məqama çatdırmağı bacarmışdır.
Qeyd olunanları ümumiləşdirməklə nəticə olaraq Prezident İlham Əliyevin siyasi özünəməxsusluqlarını aşağıdakı kimi dəyərləndirmək mümkündür:
Heydər Əliyev siyasi kursu, üstə gəl yeni dünyanın, beynəlxalq aləmin reallıqları və üstə gəl müstəqil Azərbaycanda yeni dövrün meydana çıxardığı gerçəkliklər və böyük dəyişikliklər, üstə gəl müasirlik və modernləşdirmə bərabərdir İlham Əliyev.
Həqiqətən, İlham Əliyev yeni dünya düzənində müdrik siyasəti və böyük bacarığı ilə Azərbaycana başucalığı gətirən ən müasir tipli qüdrətli liderdir. Müasir Azərbaycanın yeni tarixi mərhələdəki yeni həyatı Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin konkret əməli nəticəsidir. Respublikamızda paytaxtımız Bakı ilə yanaşı, Azərbaycan regionlarının böyük sürətlə və hərtərəfli şəkildə inkişaf etdirilməsi hərəkatının başında möhtərəm Prezident İlham Əliyev dayanır. Bu mənada İlham Əliyev yeni Azərbaycan adlı möhtəşəm əsərin qüdrətli yaradıcısıdır.
Prezident İlham Əliyevin məqsədyönlü ordu quruculuğu sayəsində Azərbaycan Ordusu dünyanın ilk əlli ordusu sırasında qərar tutur. Həm ən yüksək hərbi texnika, həm də böyük vətənpərvərlik Azərbaycan Ordusunun müasir simasını müəyyən edir. Azərbaycan Ordusunun 2016-cı ilin aprel ayında Tərtər-Murov istiqamətində, 2018-ci ilin may ayında isə Naxçıvan ərazisində həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar xalqımızın Dağlıq Qarabağ müharibəsində qələbə çalacağına inamını daha da artırmışdır. Tərtər-Murovdağda 2 min 200 hektar, Naxçıvan ərazisində 11 min hektar ərazinin işğaldan azad olunması Azərbaycanın dövlət müstəqilliyinin bütün dövrü ərzində qazandığı ən böyük zəfərdir. İşğaldan azad olunaraq Cəbrayıl rayonunda salınmış Cocuq Mərcanlı kəndi Azərbaycan xalqının Dağlıq Qarabağa qayıdışının start nöqtəsidir. Şərur rayonundakı Günnüt kəndinin düşmən mühasirəsindən çıxarılması və Qızılqaya zirvəsinin fəth edilməsi isə torpaqlarımızın azad edilməsi hərəkatının davamlı bir proses olduğunu göstərir.
Prezident İlham Əliyev - qətiyyətli və möhkəm siyasi əqidəyə malik olan qüdrətli Ali Baş Komandandır.
İlham Əliyev - analitik düşüncə sahibi kimi dərin məntiqə və aydın təfəkkürə malik olan, siyasi reallıqları nəzəriyyə ilə vəhdətdə ifadə edən mükəmməl siyasi xadimdir.
İlham Əliyev - XXI əsrin yeni tipli siyasi lideridir.
Müstəqil Azərbaycanın yeni həyatının, təzə çağının qüdrətli müəllifi Prezident İlham Əliyevdir.
Dünyanın yeni reallıqları, beynəlxalq aləmdə gedən müasir proseslər zəminində yeni Azərbaycanın maraqlarını və mənafeyini ifadə etməkdə İlham Əliyev zəngin təcrübəyə, dönməz siyasi iradəyə malikdir.
İlham Əliyev - yeni mərhələdə Azərbaycan ölkəsinin və cəmiyyətimizin müasirləşdirilməsinin baş memarıdır.
İlham Əliyev - yeni siyasi təfəkkürə və yaradıcı yanaşmalara malik olan novator dövlət xadimidir.
Müstəqillik andı, xalq amili, milli mənafe, ölkə maraqları İlham Əliyev üçün müqəddəs meyarlardır!
İlham Əliyev - yaxın və uzaq gələcəyi, bütün reallıqları incəliklərinə qədər görən və məharətlə proqnozlaşdırmağı bacaran böyük dövlət xadimidir.
Ölkəmizin və xalqımızın bundan sonrakı mərhələdə də İlham Əliyev kimi geniş formatda, böyük masştabda düşünən, beynəlxalq aləmdə qəbul edilən, xalqına və dövlətinə ürəkdən bağlı olan, yüksək səviyyəli və enerjili dövlət xadiminə ciddi ehtiyacı var.
Bütövlükdə Qərb və Şərq müstəvisində, xüsusən də Qafqazda gedən mürəkkəb ictimai-siyasi proseslərdə İlham Əliyevin tutduğu tarazlaşdırılmış mövqe və həyata keçirdiyi müstəqil siyasət dövlətimizi dünya üçün də, regionlar üçün də əhəmiyyətli ölkəyə çevirmişdir. Prezidentin müdrik siyasəti Azərbaycanın dünyada və Qafqazdakı hadisələrin həlli baxımından söz sahibi olan dövlətə çevrilməsi ilə nəticələnmişdir. İndi Azərbaycanın yaxından iştirakı, razılığı təmin olunmadan, nəzərə alınmadan Qafqaz regionunda heç bir problemin həllindən danışmaq, yaxud yeni layihələrə başlamaq olmaz. Eyni sözləri Azərbaycanı əhatə edən digər Şərq tipli dövlətlərə, bir çox Avropa ölkələrinə də şamil etmək olar. Belə yüksək dövlətçilik imicini ölkəmizə Prezident İlham Əliyev qazandırmışdır.
Böyük uğurla keçən 15 illik dövr ölkəmizdə elmin, mədəniyyətin və ədəbiyyatın inkişaf etdirilməsi baxımından da çox uğurlu olmuşdur. "Elm haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə yeni elmi mühitin formalaşdırılması və inkişafına böyük üfüqlər açmışdır. Azərbaycan Milli Elmlər Akademiyası özünün sovet hakimiyyəti illərindəki şöhrətini bərpa etmiş və daha da irəli mövqeyə çıxmışdır. Prezident İlham Əliyevin sərəncamı ilə Milli Elmlər Akademiyasında yaradılmış Yüksək Texnologiyalar Parkı ən müasir elm və istehsalat kompleksi kimi fəaliyyət göstərir. AMEA-nın təcrübə-sənaye zavodunun ölkə və dünya bazarlarına rəqabətədavamlı məhsullar çıxara bilməsi elm sahəsində sahibkarlıq və innovasiya mühitinin formalaşdığını təsdiq edir.
Müstəqillik dövründə Azərbaycanın kosmos ölkəsinə çevrilməsində elmin böyük rolu var. 2018-ci ildə Azərbaycan Respublikasının üçüncü kosmik peykinin orbitə buraxılması misilsiz elmi-texniki nailiyyətdir. Azərbaycanda müstəqillik dövrünün elmi məktəblərinin yaranması dövrümüzün elmi mühitinin nailiyyətidir. Azərbaycan elminin beynəlxalq əlaqələrinin genişləndirilməsi də yeni eranın reallığıdır. Milli mədəniyyət və ədəbiyyat sahələrindəki yeni inkişaf dalğası müstəqil Azərbaycanın yüksək mədəni səviyyəsini nümayiş etdirir.
Bütün bunlara görə Azərbaycan xalqı istənilən seçki üçün özünün qəti seçimini etmişdir: İLHAM ƏLİYEV!
Ölkəmiz və xalqımız XXI əsrin dövlətçilik tarixinə YENİLƏŞMİŞ MÖHTƏŞƏM AZƏRBAYCAN BOYDA BÖYÜK HESABAT əlavə etmişdir. Bu, İlham Əliyev erasının Azərbaycan xalqı qarşısındakı böyük və şərəfli hesabatıdır.
Görkəmli dövlət xadimi İlham Əliyevin prezidentlik fəaliyyəti Azərbaycan xalqının xoşbəxt sabahına inamla baxmağın real təminatı deməkdir. Bu, Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, işıqlı, xoşbəxt gələcəyə, daha böyük inkişafa real təminat verən işıqlı bir yola sonsuz inam deməkdir. Bu, hər bir azərbaycanlının reallıqlardan doğan yekun qənaətidir. İlham Əliyev xalqına və ölkəsinə bağlı olan böyük inamını və sarsılmaz etibarını qazanmış ölkə rəhbəridir.
Azərbaycan xalqının mütləq əksəriyyətinin inamı və etibarını qazanaraq növbədənkənar seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev yeni eradakı çoxcəhətli fəaliyyəti ilə müəyyən olunmuş siyasi-ideoloji xəttin bundan sonra da yaradıcılıqla inkişaf etdiriləcəyinə, ölkəmizin böyük sürətlə inkişaf edəcəyinə inam ifadə edir. Prezident İlham Əliyevin aşağıdakı fikirləri onun Azərbaycanın inkişafı haqqındakı böyük proqramının mühüm ana xətlərini dolğun surətdə müəyyənləşdirir: "Bu gün Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən, sözün əsl mənasında, müstəqil dövlətdir. Biz öz müstəqilliyimizi möhkəmləndirməliyik. Bizim amalımız qüdrətli Azərbaycandır, müasirlikdir, inkişafdır, sosial rifahdır... Demokratiyanın inkişafı bizim üçün əsas vəzifədir. Bu gün Azərbaycan demokratiyanın inkişafına görə heç kimdən geri qalmır. İqtisadi sahədə şaxələndirmə bizim əsas istiqamətimizdir. Biz neft amilindən asılılığımızı azaldırıq. Bundan sonra sənayeləşdirmə prosesi daha da sürətlə gedəcəkdir. Ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin etməliyik. Azərbaycanda qəbul edilən qərarlar gələcəkdə enerji təhlükəsizliyi ilə bağlı olan yeni məsələlərə yeni istiqamət verəcəkdir”.
Bəli, bütün bunlar Azərbaycan Respublikasının müasir inkişaf konsepsiyası ilə bağlı olan aydın və konkret proqramdır. SON ON BEŞ İLDƏ Azərbaycanda baş vermiş böyük dəyişikliklər müstəqil Azərbaycan Respublikasının cəmiyyət həyatının bütün sahələri üzrə sürətlə və hərtərəfli şəkildə inkişaf etməkdə davam etdiyini parlaq surətdə nümayiş etdirir. Beynəlxalq miqyasda iqtisadi inkişafın əsas göstəriciləri üzrə rentgen funksiyasını yerinə yetirən Davos Forumunun reytinq cədvəllərində Azərbaycan Respublikasının hər il yeni bir rekordla irəliyə doğru hərəkətinin qeydə alınması, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha uca zirvələrə doğru addım-addım qabağa getdiyini nümayiş etdirir.
Hazırda Azərbaycan Davos Forumunun reytinq cədvəlinə görə dünyada rəqabətədavamlı inkişafa malik bir dövlət kimi müəyyən olunmuşdur. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 ilin möhtəşəm yekunudur. Çünki rəqabətədavamlı ölkə adını almaq üçün həm ardıcıl və hərəkətli iqtisadi inkişaf, həm də ölkədə davamlı sabit investisiya mühiti yaratmaq lazımdır. Prezident İlham Əliyev nə qədər çətin də olsa, Azərbaycanda ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə nail olmaqla bütün sahələr üzrə Azərbaycanı böyük magistral inkişaf yollarına çıxarmışdır.
Heç şübhəsiz, Azərbaycanın bundan sonrakı bütün nailiyyətləri də Prezident İlham Əliyevin adı ilə bağlı olacaqdır. Prezident İlham Əliyev Azərbaycanın böyük sabahlarına, uğurlu gələcəyinə yeni yollar açan qüdrətli və uzaqgörən dövlət xadimidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi uğurlu 15 il özünün inkişaf səviyyəsinə görə neçə-neçə oniliklərə, hətta əsrlərə bərabər olan sürətli və hərtərəfli inkişaf illəridir. Bu, Azərbaycan tarixinin İlham Əliyev erasıdır. Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin 15 ili ölkəmizdə dövlət müstəqilliyinin möhkəmləndirilməsi və hərtərəfli şəkildə inkişaf etdirilməsi, qüdrətli bir müstəqil dövlətin qurulması dövrüdür. İlham Əliyev inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin lideridir.
Azərbaycan xalqı özünün sadiq və uzaqgörən rəhbərinin başçılığı ilə böyük gələcəyə doğru müzəffər yürüşünü uğurla davam etdirir.

İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM