14 Oktyabr 2018 01:04
694
SİYASƏT
A- A+

İlham Əliyevin 15 illik “hücumçu diplomatiyası”nın Ermənistan üçün nəticələri:


Sosial-iqtisadi böhran, siyasi xaos və hərbi məğlubiyyət

Azərbaycan Prezidentinin düşünülmüş, prinsipial, ardıcıl siyasəti Ermənistanın təcridini tam başa çatdırıb və onun dövlətçiliyini əsaslı şəkildə zəiflədib


Cari ilin ötən dövrünə nəzər saldıqda işğalçı Ermənistanda müşahidə olunan əsas məqamlar ictimai-siyasi müstəvidə gərginliyin daha da artması, sosial-iqtisadi sahədə vəziyyətin əvvəlki dövrlərə nisbətən xeyli pisləşməsidir.
Bütün bunlar bu ilin may ayında Ermənistanda separatçı rejimin hakimiyyətdən devrilməsi, kənar qüvvələrin əlində sadəcə vasitə olan Nikol Paşinyanın iqtidara gəlməsinə səbəb oldu. Lakin bu hakimiyyət dəyişiklyi də Ermənistanda gərgin ictimai-siyasi, ağır sosial-iqtisadi vəziyyətin sona çatmasına səbəb olmadı.
Bunun ümdə səbəbi Ermənistanın işğal siyasətini davam etdirməsi, Azərbaycan Prezidenti İlham Əliyevin bununla bağlı işğalçı dövləti təcrid vəziyyətinə salmasıdır. Əslində Ermənistanda hərbi xuntanın devrilməsinin başlıca səbəbi də məhz Azərbaycanın bu ölkəyə qarşı atdığı addımlardan qaynaqlanır.


Xalq hərbi xuntanı devirdi


Xatırladaq ki, cari ilin aprelində Ermənistanda günlərlə davam edən xalq üsyanı, nəhayət, öz nəticəsini verdi. Əvvəllər hakimiyyət kürsüsündən bərk yapışan, buna görə hətta ölkənin konstitusiyasını dəyişən Serj Sarkisyan sonda yaşanan etirazlara davam gətirməyərək vəzifəsini tərk etdi.
Öncə etirazların az müddət keçdikdən sonra səngiyəcəyini, repressiv metodlarla rəqiblərini sıradan çıxaracağını düşünsə də, Sarkisyan bu dəfə yanlışlığa yol verdi. Xalq bu canidən yaxasını qurtardı. Xocalı soyqırımının əsas səbəbkarı hakimiyyətdən qovuldu.
Bunun reseptini Prezident İlham Əliyev həmişə söyləyirdi. Dövlət başçısının böyük uzaqgörənliklə söylədiyi "Erməni xalqının ən böyük düşməni ona rəhbərlik edən hərbi xuntadır. Xalq onu zəlil gününə qoyan, dövləti dalana dirəyən cinayətkar rejimdən xilas olmalıdır” fikri Yerevanda artıq reallığa çevrildi.


İlham Əliyevin diplomatik gedişləri qarşısında Sarkisyan tab gətirə bilmədi


Birmənalı həqiqətdir ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu diplomatik fəaliyyət, çevik siyasət Ermənistanı, onun sabiq baş naziri Serj Sarkisyanı, şahmat dili ilə desək, həmişə mat vəziyyətində qoyub. Prezident İlham Əliyevin siyasəti sayəsində Sarkisyan və onun hazırkı sələfi Paşinyan nə hadisələrin iştirakçısı ola bilir, nə də onlara təsir etmək imkanlarına malikdir.
İşğalçı ölkədə açıq bəyan edilirdi ki, Azərbaycanın təzyiqləri, diplomatik gedişləri qarşısında Serj Sarkisyan iqtidarı duruş gətirə bilmir və bu səbəbdən rəsmi Yerevanın məğlubiyyətlərinin sayı durmadan artır.
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində erməni tərəfi getdikcə daha zəif duruma düşürdü. Elə bu səbəbdəndir ki, Ermənistanda Prezident İlham Əliyevin siyasi və diplomatik gedişlərinin rəsmi Yerevanı daha çıxılmaz vəziyyətə saldığına dair etiraflara indi daha çox rast gəlmək mümkündür.
Ermənilər həm də onu gördülər ki, Azərbaycanda vəziyyət tamam fərqlidir və bu ölkənin lideri güclü mövqe sahibi kimi Dağlıq Qarabağ danışıqlarında şərtləri diktə edən əsas tərəfdir. Bu da ermənilərdə o fikri möhkəmləndirdi ki, Prezident İlham Əliyevin yaratdığı güclü dövlət, uğurlu siyasəti Serj Sarkisyanı daha çətin vəziyyətdə qoyub. Bu durum həm də liderlərin siyasətinə qiymət vermək baxımından da çox önəmlidir. Digər tərəfdən, bir həqiqət də aydın şəkildə anlaşılır ki, Ermənistanın danışıqlar prosesində illərdir nümayiş etdirdiyi destruktiv mövqenin sonu yoxdur. Çünki bu hal müharibəni yenidən alovlandıra bilər.
Müharibənin nə ilə nəticələnəcəyini isə ermənilər, o cümlədən də Serj Sarkisyan Aprel döyüşlərində çox yaxşı gördü. Bilindi ki, Azərbaycan Prezidenti ötən illər ərzində müasir, döyüş qabiliyyəti yüksək olan ordu yarada bilib, Ermənistanda isə bunun tam əksi baş verib, bu ölkədə silahlı qüvvələr adına heç nə qalmayıb.


Ermənistanın xilası Azərbaycanın əlindədir


Ötən dövr çox aydın şəkildə göstərir ki, Azərbaycanla normal münasibətlər yaratmadan Ermənistanın bir dövlət olaraq mövcudluğunu davam etdirməsi mümkün deyil. Bu gün müasir Azərbaycandan bəhs edərkən onu xarakterizə edən əsas cəhətlər sırasında ilk olaraq dünyanın ən sürətlə inkişaf edən, davamlı nailiyyətlərə imza atan ölkəsi olmasına xüsusi diqqət yetirilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu uğurlar ölkəmizin beynəlxalq miqyasda da mövqeyini əhəmiyyətli dərəcədə gücləndirən faktorlardan biri kimi çıxış edir. Dinamik tərəqqisi Azərbaycanı artıq siyasi, iqtisadi cəhətdən nəinki regionda, daha böyük məkanda aparıcı ölkəyə çevirib.
Bütün bunlara paralel olaraq uğurlu xarici siyasət Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini ölkəmizə yönəldib. Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu və etibarlı dövlətə çevrilməsinin nəticəsidir ki, indi ölkəmizlə qarşılıqlı əməkdaşlığa can atanların sayı durmadan artır.
Bütün bunların əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik siyasi kurs dayanır. Elə bundan irəli gəlir ki, qarşıdakı dövr ərzində də Azərbaycanı daha böyük uğurların gözləməsinə ekspertlər tam əminliklə yanaşırlar.
Ölkəmizdə əldə edilən bu uğurlar fonunda isə işğalçı Ermənistana nəzər saldıqda tamam əks mənzərə müşahidə olunur. Bunun ümdə səbəblərindən biri isə işğal siyasətinə görə Azərbaycanın Ermənistanı təcrid vəziyyətinə salmasıdır. Məsələnin bu tərəfinə toxunan Prezident İlham Əliyev qeyd edib: "Bu müsbət fonda baxın görün Ermənistanda nələr baş verir. 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki əgər müstəqilliyinin 26 ilində, onun 20 ili bu hakimiyyət altında keçmişdisə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir”.
Dövlət başçısı bildirib ki, haqq-ədalət öz yerini tapıb və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovulub: "Deyə bilərəm ki, bu rejimin çökməsində bizim də rolumuz olub, onu mən şişirtmək istəmirəm, bunu biz, necə deyərlər, öz adımıza çıxmaq istəmirik. Ancaq o da həqiqətdir ki, bizim apardığımız siyasət nəticəsində Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildi. Biz onlara qarşı təcrid siyasətimizi uğurla aparmışıq və heç kimdən çəkinmədən mən bu barədə dəfələrlə Azərbaycan ictimaiyyətinə və xarici tərəfdaşlarıma demişəm. Nə qədər ki torpaqlarımız işğal altındadır, biz Ermənistana qarşı təcrid siyasətimizi aparacağıq. Bu siyasət nəticəsində Ermənistan iqtisadi iflasa uğradı. Ermənistanın iqtisadi perspektivləri, demək olar ki, yoxdur. Bu ölkəyə investisiya qoymaq istəyən çətin ki tapılsın. Bu ölkənin demoqrafik vəziyyəti acınacaqlıdır. Mən dəfələrlə demişəm ki, Ermənistandan hər il minimum 50-60 min insan köç edir. İndi bunu yeni hökumət təsdiqləyir. Yəni bu təcrid siyasətimiz öz rolunu oynadı, biz Ermənistanı bütün regional layihələrdən təcrid etdik. İqtisadi perspektivi olmayan ölkədə inkişaf da olmaz, sərmayə də qoyulmaz, insanların əhvali-ruhiyyəsi də yaxşı səviyyədə olmaz”.
Aydındır ki, işğal siyasətinə son qoymayacağı təqdirdə qarşıdakı dövr ərzində Ermənistanı daha böyük problemlər gözləyir. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafik cəhətdən Ermənistanı üstələməkdə davam edir. Bundan əlavə, ölkəmiz ötən dövr ərzində yeni qlobal enerji və nəqliyyat layihələrinə start verməklə də Ermənistanın təcridini daha da dərinləşdirə bilib.
Bu fonda, Prezident İlham Əliyevin də dediyi kimi, Ermənistanı tərk edənlərin sayı sürətlə artır. İndi bu ölkədə görülən bütün tədbirlərə baxmayaraq, ölkədə əhalinin sayı sürətlə azalmaqda davam edir, xaricə köçənlər durmadan artır. Əhalinin artım səviyyəsinin get-gedə aşağı düşməsi isə erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olub. Ancaq real vəziyyət Ermənistanın faktiki olaraq demoqrafik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir.
Ermənistanda bu sahədə araşdırma aparan yerli və beynəlxalq təşkilatlar da hesab edirlər ki, proseslərin real gedişi sözügedən ölkədə insan resursunun sürətlə tükəndiyini meydana çıxarır. Bununla yanaşı, Ermənistan iqtisadiyyatında miqyası hər gün genişlənməkdə olan tənəzzül ölkənin xaricdən asılılığını daha da artırır. Eyni zamanda, Ermənistanın xaricdən götürdüyü borcların miqdarı sürətlə artır. Bunun nəticəsində işğalçı ölkənin xaricdən maliyyə, iqtisadi, siyasi asılılığı getdikcə daha da güclənir. Belə şəraitdə Ermənistanın formal müstəqilliyini davam etdirə biləcəyi böyük sual altındadır.
Ekspertlər qeyd edir ki, hazırda Ermənistanda baş verənlər ölkənin sosial, iqtisadi və siyasi həyatında uzun müddət davam edən tənəzzülün nəticəsidir. Faktiki olaraq işğalçı ölkədə yaranmış iqtisadi böhran, siyasi ziddiyyətlər, həmçinin işsizlik, baş alıb gedən korrupsiya halları, yoxsulluq səviyyəsi bu ölkəni sürətlə çökdürür. İstər köhnə, istərsə də yeni hakimiyyətin tutduğu məntiqsiz, ədalətsiz və reallıqdan uzaq işğalçılıq siyasətinə görədir ki, ölkənin qonşu dövlətlərlə, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərinin yaxşılaşdırılmasında heç bir irəliləyiş hiss olunmur.
Halbuki Ermənistanın bir dövlət kimi var olması birbaşa işğal siyasətinə son qoyulmasından asılıdır. Əks təqdirdə Ermənistanın tənəzzülü daha sürətli xarakter alacaq.


İşğala son qoyulmasa, Ermənistanın iflası qaçılmazdır


Deyilənlərdən çox aydın görünür ki, bu gün işğalçı Ermənistanın dövlət olaraq mövcudluğunu davam etdirməsi, inkişafı onun Azərbaycanla normal münasibətlər qurmasından keçir. Düşmən bilir ki, Azərbaycan ərazilərinin işğalına son qoyulmayana qədər düşdüyü iflas bataqlığından xilas ola bilməyəcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev göstərilən xüsusda bildirib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır, biz bunu, bu həqiqətləri bütün dünyaya çatdırırıq. Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması artıq heç kimdə şübhə doğurmur. Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bu amillər, həm tarixi faktlar, həm beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri nəinki bizim mövqeyimizi gücləndirir, eyni zamanda münaqişənin həli üçün əsas yaradır, hüquqi baza yaradır və biz yorulmaz fəaliyyət nəticəsində buna nail olmuşuq. Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur”.
Dövlət başçısının bildirdiyi kimi, münaqişənin yeganə həlli yolu Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtmasıdır. Ölkəmizin beynəlxalq hüquqa və tarixi ədalətə söykənən bu mövqeyi bütün dünya ictimaiyyəti tərəfindən qəbul olunur və dəstəklənir.
Ermənilərin isə buna müqavimət imkanları getdikcə daha zəif hala gəlir. Digər tərəfdən, düşmən görür ki, Azərbaycanın artan hərbi-siyasi gücü, qətiyyəti regionda mühüm keyfiyyət dəyişikliyi yaradıb, hərbi-siyasi və iqtisadi güc balansı tamamilə ölkəmizin xeyrinə dəyişib. Bu isə Qarabağ probleminin həllində şərtləri məhz Azərbaycanın diktə etməsinə şərait yaradır.
Aclıq və səfalət içərisində yaşayan Ermənistan cəmiyyəti görür ki, bu durumda Azərbaycanın torpaqlarını uzun müddət işğal altında saxlaya bilməz. Prezident İlham Əliyev məhz bu reallıqlardan çıxış edərək Ermənistanın yeni hakimiyyətinə çağırış edib.
Ermənilər görür ki, işğal faktoru üzərindən yürüdülən militarist siyasət, qonşu dövlətlərə qarşı ərazi iddialarının təşviqi və yarıtmaz idarəçilik Yerevanı regionda həyata keçirilən bütün layihələrdən kənarda qoyub. Bu isə ölkənin çöküşünü sürətləndirir, əhalinin ölkədən qaçmasına, olduqca ağır, məşəqqətli sosial şərtlər altında yaşamasına səbəb olur. Bu durumda Azərbaycanın öz təbii resurslarına, insan potensialına söykənərək yürütdüyü sabit və uzaqgörən siyasət Ermənistanı iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib.
Bu dalandan yeganə çıxış yolu isə işğala son qoyulması, dinc birgəyaşayışdır. Əks təqdirdə Azərbaycan düşməni başqa yolla ərazisindən çıxmağa vadar edəcək.
İndi Ermənistanın yeni hakimiyyəti üçün də yeganə çıxış yolu işğal siyasətinə son qoymaqdır. Yoxsa Azərbaycan Ermənistanın çöküşünü davam etdirəcək. Onsuz da Ermənistanda son hakimiyyət dəyişikliyindən sonra ölkədə hansısa ciddi dəyişikliklərin olacağına dair ümidlər yavaş-yavaş yerini bədbinliyə verir. Çünki dəyişən heç nə yoxdur,
Baş nazir vəzifəsini tutduqdan sonra Nikol Paşinyan da sadəcə quru vədlər verməklə kifayətlənir və reallıqda müsbətə doğru hansısa addımlar atmır. Halbuki Nikol Paşinyan baş nazir seçildikdən sonra gözlənilirdi ki, ölkədə normal həyat tərzi başlayacaq və rəhbərlik daxili, xarici siyasətdə beynəlxalq səviyyədə qəbul edilmiş qaydalar çərçivəsində fəaliyyət göstərəcək.
Lakin siyasi istiqaməti məlum olmayan və ümumiyyətlə dövlətçilikdə naşı olan Paşinyanın nala-mıxa vurması ölkədə hansısa yenilik vəd etmir. Əksinə, ermənilər daha aydın görürlər ki, onların rifahı, ümumiyyətlə xalq olaraq varlıqları Azərbaycanla normal münasibətlərdən keçir. Belə münasibətlər qurulmayana, işğal faktına son qoyulmayana qədər Azərbaycan Ermənistanın dövlət olaraq çöküşünü davam etdirəcək.

Elçin CƏFƏROV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video