14 Oktyabr 2018 01:02
836
SİYASƏT
A- A+

Ədalət mühakiməsinin etibarlı keşiyində


Prezident İlham Əliyevin dəstəyi ilə ədliyyə və məhkəmə-hüquq sistemi zəngin tarixi ənənələr əsasında inkişaf edir


Tarixən müxtəlif zaman və məkanlarda yaranan əlverişli şəraitlərdə hər bir xalq malik olduğu mənəvi-intellektual potensialı, milli mədəniyyəti və özünüdərk səviyyəsi ilə azadlıq idealına, milli dövlətçilik və müstəqillik ənənələrinin bərpasına can atır. Bu mənada, zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı üçün belə real tarix 100 il əvvəl - ötən əsrin əvvəllərində yarandı. Həmin dövrdə çar Rusiyasında cərəyan edən ictimai-siyasi proseslər, imperiya daxilində bir araya gətirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması 1918-ci ilin mayında Azərbaycana öz istiqlaliyyətini elan etmək imkanı yaratdı.
Müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi, əgər XX əsrin əvvəllərində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə böyük addım atmışdısa, XX əsrin sonunda milli azadlığa, dövlət müstəqilliyinə nail olmuşdur: "Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik və azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.
Tarixi faktlara nəzərən Azərbaycan Xalq Cümhuriyyətinin kifayət qədər mürəkkəb mərhələdə belə demokratik ideallardan geri çəkilmədiyini, hər bir vətəndaşın hüquq və azadlıqlarının təmini istiqamətində qətiyyətli addımlar atdığını, ədalətə və qanunçuluğa tapındığını, maarifçilik ənənələrini inkişaf etdirdiyini əminliklə söyləmək olar. Cümhuriyyəti yaradıcısı olmuş böyük ziyalılar hüquqi və demokratik dövlət quruculuğu yolunda ədliyyə və məhkəmə-hüquq islahatlarının da zəruriliyini ilk gündən düzgün dəyərləndirərək bu istiqamətdə sistemli tədbirlər həyata keçirmişlər.
100 illik şanlı inkişaf yolu keçmiş Azərbaycan ədliyyə və məhkəmə orqanlarının şanlı tarixi 1918-ci il mayın 28-dən - Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlamış, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Həmin il noyabrın 22-də nazirliyin əsasnaməsi təsdiq edilmiş, funksiya və səlahiyyətləri müəyyən edilmişdir.
Cəzaçəkmə yerlərində aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş, nazirliyin təşəbbüsü ilə "İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında”, "Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında”, "Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında”, AXC-nin yaranmasından il yarım keçməsi münasibətilə ümumi amnistiya haqqında və digər qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır.
Ədliyyə Nazirliyi o vaxtlar şəraitin çətinliyinə, imkanların və kadrların məhdudluğuna baxmayaraq, ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı naminə xeyli iş görmüşdür. İlk növbədə, ədliyyə, məhkəmə və istintaq strukturları formalaşdırılmış, respublikada qayda-qanunun bərqərar olması, yeni hüquq sisteminin təşkili ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Eyni zamanda, zəruri hüquqşünas kadrların hazırlanması və əhalinin hüquqi maarifləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Fəaliyyəti unudulmaz hadisələrlə yadda qalan Ədliyyə Nazirliyinin həm də çətin və mürəkkəb dövrü olmuşdur. 1920-ci ildə cümhuriyyətin süqutundan sonra milli dövlətçiliyin əsas sütunlarından olan Ədliyyə Nazirliyi ləğv edilərək, əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılmış, onun səlahiyyətləri xeyli məhdudlaşdırılmış, funksiyaları ayrı-ayrı vaxtlarda prokurorluq, məhkəmə orqanlarına verilmişdir. Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi, ədliyyə işinin təkmilləşdirilməsi məhz 1970-ci illərə - ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsadüf edir. Həmin dövrdən etibarən Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, onun gələcək inkişafı üçün əlverişli şərait yaradılmışdır.
Müstəqillik hər bir xalqın, dövlətin davamlı inkişafını milli ideya səviyyəsinə yüksəldərək mövcud iqtisadi, elmi-intellektual və mədəni potensialdan səmərəli istifadəyə geniş imkanlar yaradır. Fəqət, müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi məsuliyyətli və çətin mərhələni də keçməli olur. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək respublikada hökm sürən acınacaqlı vəziyyət bunu bir daha təsdiqləyir. Həmin dövrdə sosial-iqtisadi tənəzzülün dərinləşməsi, insanların sosial rifah halının pisləşməsi, ictimai-siyasi sabitliyin addımbaşı pozulması, insan hüquqlarına təminatın olmaması və s. destruktiv proseslər respublikanın de-fakto müstəqilliyinə imkan verməmişdir.
1993-cü ilin iyun ayında - ölkədə ciddi siyasi böhranın, hərc-mərcliyin, xaos və anarxiyanın hökm sürdüyü bir şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyət sükanı arxasına keçmiş ulu öndər Heydər Əliyev cəmiyyətdə demokratiyaya münasibətdə formalaşmış yanlış təsəvvürləri dəyişmək üçün ilk növbədə, ictimai-siyasi böhranı aradan qaldırmış, cəmiyyətdə yeni mübariz əhval-ruhiyyə yaratmağa nail olmuş, milli birlik yolu ilə dövləti parçalanmaqdan xilas etmişdir.
Ümummilli liderin rəhbərliyi altında hazırlanan, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. 1995-2003-cü illərdə Azərbaycan ulu öndər Heydər Əliyevin rəhbərliyi altında demokratik dəyərlərin mənimsənilməsi, sivil Qərb dəyərlərinə inteqrasiya, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsində mühüm uğurlara nail olmuşdur. Aparılan islahatlar nəticəsində keçmiş sovetlər birliyindən miras qalmış hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuş, birinci instansiya, apelyasiya və kassasiya instansiyalarından ibarət yeni üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır. 2000-ci ildən ölkədə hakim seçkisinin test və müsabiqə əsasında aparılması, bununla bağlı şəffaf mexanizmlərin tətbiqi əldə olunan ciddi uğurlardan olmuşdur.
Ulu öndər Heydər Əliyev məhkəmələrlə yanaşı, ədliyyə sistemində də islahatların aparılmasını təmin etmiş, bu orqanın funksiyalarının yeni ictimai-iqtisadi formasiyanın tələblərinə uyğunlaşdırılmasına nail olmuşdur. Ümummilli lider 11 noyabr 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr tarixi ədliyyə işçilərinin peşə bayramı günü elan edilmişdir. Yaranmasının 100-cü ildönümünü qeyd etməyə hazırlaşan ədliyyə orqanlarının əməkdaşları ulu öndərin bu tarixi xidmətini daim minnətdarlıq duyğusu ilə xatırlayır, onun layiqli siyasi davamçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatları ürəkdən dəstəkləyirlər.
Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdıran Heydər Əliyev həm də bu ənənələrin davamlılığını təmin etmişdir. Son 15 ildə ulu öndərin əsasını qoyduğu islahatları inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev hüquqi dövlət quruculuğu prosesində müstəsna xidmətləri olan Ədliyyə Nazirliyinin fəaliyyət dairəsinin, statusunun, cəmiyyətdəki rolunun və mövqeyinin əhəmiyyətli dərəcədə yüksəlməsini praktik addımları ilə təmin etmişdir. Nazirliyin fəaliyyətinin normativ hüquqi əsaslarının təkmilləşdirilməsi məqsədilə 18 aprel 2006-cı il tarixdə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən, Ədliyyə Nazirliyinin bu sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak imkanları genişlənmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin son 15 ildə yürütdüyü iqtisadi, siyasi və hüquqi islahatların əsasında məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələsi dayanır. Bu məqsədlə ötən müddətdə ədliyyə sistemi ilə yanaşı, ölkəmizin məhkəmə-hüquq sistemində də əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər görülmüşdür.
Məhkəmə-hüquq islahatlarının əsas hədəflərindən biri də məhz regionlarda yaşayan vətəndaşların qanuni maraq və mənafeyinin ədalət mühakiməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsi olmuşdur. 19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanı bölgələrdə yaşayan vətəndaşların məhkəmələrə müraciət imkanlarını genişləndirmiş, bu sahədə bir sıra mütərəqqi yeniliklərə imkan yaratmışdır. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn həmin fərman əsasında bölgələrdə yeni apelyasiya və yerli iqtisad məhkəmələri yaradılmışdır. Fərmanla eyni zamanda, Sumqayıt şəhərində Sumqayıt Yerli İqtisad Məhkəməsi təşkil edilmişdir.
Müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, ədalət mühakiməsinin tamamilə şəffaf, demokratik, obyektiv şəraitdə həyata keçirilməsi, bu zaman insan və vətəndaş hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması baxımından hakimlər korpusunun sağlamlaşdırılması da vacib şərtlərdən biridir. Məlumat üçün bildirək ki, son illərədək Azərbaycanda hakimlərin əhaliyə nisbətdə sayı Avropa Şurasına üzv bəzi dövlətlərlə müqayisədə aşağı göstərici ilə xarakterizə olunur, hər 100 min nəfərə orta hesabla 4 hakim düşürdü. Halbuki bir sıra Avropa dövlətlərində hər yüz min nəfərə 20-25 hakim düşür. Məhkəmələrdə hakimlərin sayca azlığının ədalət mühakiməsinin keyfiyyətlə və nəzərdə tutulmuş vaxtda həyata keçirilməsinə mənfi təsirlərini nəzərə alan Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2006-cı il 17 avqust tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında” fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 157 ştat vahidi artırılmışdır. Fərmanla həmçinin Sumqayıt Yerli İqtisad Məhkəməsi üzrə əlavə 2 hakim vəzifəsi müəyyən edilmişdir.
Ümumiyyətlə, təkcə son 10 il ərzində əhalinin məhkəmələrə müraciət imkanlarının yaxşılaşdırılması, bölgələrdə hüquq institutlarının inkişafı məqsədilə 20-dək yeni məhkəmələr, o cümlədən, regional apelyasiya məhkəmələri təsis edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin məhkəmə sisteminin təkmilləşdirilməsi və "Məhkəmələr və hakimlər haqqında” və "Məhkəmə Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə 15 iyul 2010-cu il tarixli fərmanı ilə 7 rayonda, o cümlədən Sumqayıtda Yerli İqtisad Məhkəməsinin əsasında (bazasında) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi təşkil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2010-cu il tarixli fərmanına əsasən, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına Abşeron, Xaçmaz, Xızı, Qobustan, Quba, Qubadlı, Qusar, Siyəzən, Şabran, Şamaxı, Şuşa və Zəngilan rayonları, eləcə də Sumqayıt şəhəri daxildir.
Hakimlərin obyektiv və qərəzsiz olmasının, işlərə daha keyfiyyətlə baxmasının ən mühüm amillərindən biri də onların seçimi prosesinin şəffaflığı və obyektivliyidir. Bu məqsədlə hələ 2004-cü ildə nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə işçi qrupu yaradılmış, bir çox ölkələrin təcrübəsi öyrənilməklə, yeni qaydalar işlənmişdir. Çoxsaylı imtahan və müsahibələrdən, namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli kurs və təcrübədən ibarət olan bu seçim proseduru müstəqil qurum olan, tərkibi əsasən hakimlərdən ibarət təşkil edilmiş Hakimlərin Seçki Komitəsi tərəfindən həyata keçirilir. Bu qaydalar əsasında ötən illərdə 2200 namizəd sırasından seçilmiş 400 nəfərədək yüksək hazırlıqlı hüquqşünas hakim vəzifələrinə təyin edilmişdir. Eyni zamanda, aparılan məhkəmə islahatları nəticəsində hakimlərin ən yüksək həddədək - müddətsiz təyinatı müəyyən olunmuş, habelə seçim prosedurları təkmilləşdirilmişdir. Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) öz hesabatında ölkədə məhkəmə islahatlarına göstərilən diqqəti Avropa dövlətləri sırasında fərqləndirərək yüksək qiymətləndirmişdir.
Xüsusi qeyd etmək istərdik ki, son illər ərzində ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinin rolu nəzərə alınaraq bu sahədə irimiqyaslı işlər görülür, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan yeni məhkəmə binaları tikilib istifadəyə verilir. Dünya Bankı ilə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində rayon məhkəmələri üçün müasir tələblərə cavab verən yeni inzibati binalar inşa edilmişdir. Bakının Yasamal və Sabunçu rayonlarında, habelə Gəncə, Oğuz, İmişli, Gədəbəy, Qəbələ və Şəkidə yeni məhkəmə komplekslərinin inşa edilməsi dövlət başçısının bu sahəyə xüsusi qayğısının təcəssümüdür.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli "Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” sərəncamı isə bu sahədə ötən illərdən başlanmış islahatların uğurlu davamına etibarlı zəmin yaratmışdır. Sərəncam "ASAN xidmət”in yaradılması ilə vətəndaş məmnunluğuna səbəb olan müasir, sivil, şəffaf xidmətlərin məhkəmə orqanlarının fəaliyyətində də geniş tətbiqinə imkan yaratmışdır.
Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamına əsasən, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tərkibində Probasiya Xidməti yaradılmışdır.
Ədliyyə orqanlarının yaranmasının 100-cü ildönümü mühüm və əlamətdar bayramdır. Şübhə etmədən demək olar ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi, Məhkəmə-Hüquq Şurasının təşkilati-hüquqi səyləri ilə davam etdirilən mütərəqqi islahatlar nəticəsində Azərbaycanda məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti daha da müasirləşəcək, əhaliyə göstərilən hüquqi yardımın səviyyəsi yüksələcək, ədalət mühakiməsinin daha çevik, işlək və obyektiv mexanizmlər əsasında həyata keçirilməsi mümkün olacaqdır.

İslam ƏLİYEV,
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video