14 Oktyabr 2018 00:51
748
SİYASƏT
A- A+

İnsana dəyər verən siyasət


Şərq müdriklərindən biri söyləyir ki, "Əgər hara getdiyini bilmirsənsə, o zaman heç bir səmt küləyi sənə kömək edə bilməz”. Bu deyim, inkişafa can atan hər bir xalqın onu öz milli hədəflərinə doğru apara biləcək liderə olan mənəvi ehtiyacını əks etdirir.
İnsanları ideyalar ətrafında liderlər bir araya gətirir. Toplumu öz məqsədlərinə doğru liderlər aparır. Tarixdə yaşanan gerçəklər bunun sübutudur.


Şəxsiyyətin gücü


Dövlət müstəqilliyimizin ilk illərindəki ağır təlatümlər dövründə məhz ümummilli lider Heydər Əliyev cəmiyyətimizi dövlətçilik idealları ətrafında toparlaya bildi. Xalqımızın tarixi, siyasi zəfərləri bu böyük şəxsiyyətin qətiyyəti sayəsində ardıcıl xarakter aldı. Dünyanın siyasi xəritəsində xalqımız dahi rəhbərin sayəsində özünü tapdı, öz milli dövlətini qurdu. Heydər Əliyev fenomeni bu dövlətin əbədiliyini, sarsılmazlığını, dönməzliyini təmin etdi.
Ulu öndərin milli dövlətçilik irsini davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqın yekdil səsi ilə ölkə rəhbəri seçildiyi 2003-cü ilin 15 oktyabrından keçən əlamətdar dövr də milli dövlətçilik tariximizdə möhtəşəm intibah mərhələsinə çevrildi. Bu dövr xalqın öz seçimində göstərdiyi müdrikliyi bir daha nümayiş etdirdi. İnsanlarımız təkamülə əsaslanan demokratik inkişafın tərəfdarı olduqlarını, konkret planlara malik çevik, işlək, monolit komandaya güvəndiklərini təsdiqlədilər.
Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin labüdlüyünü şərtləndirən ən başlıca amil, şübhəsiz ki, bu kursun bütünlüklə Azərbaycanın dövlətçilik maraqlarının həyata kecirilməsinə yönəldilməsindən ibarət idi. Bu siyasətin varisliyinin qorunub saxlanılması zərurəti Azərbaycan cəmiyyətinin sosial sifarişi kimi ortaya çıxmışdı. Ulu öndərin siyasət məktəbində yetişmiş peşəkar diplomat kimi təmiz keçmişə, praqmatik, müasir lider imicinə malik olması, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin, Milli Olimpiya Komitəsinin rəhbəri kimi ölkəmizə qazandırdığı nailiyyətlər İlham Əliyevin ictimai rəydə qazandığı yüksək nüfuzu şərtləndirirdi.
Azərbaycan insanları onda da görürdülər ki, Moskva Beynəlxalq Münasibətlər İnstitutu kimi bütün dünyada məşhur ali təhsil müəssisəsində diplomatiya elminin incəliklərinə dərindən yiyələnmiş, bu sahədəki nəzəri biliklərini Heydər Əliyevin siyasət və idarəçilik məktəbində qazandığı vərdişlərlə ümumiləşdirərək təcrübəli, peşəkar dövlət xadimi kimi formalaşmış cənab İlham Əliyevin yüksək intellekti, istedadı, şəxsiyyəti, dövlətçilik məharəti ümumi vəhdət təşkil edir. Onun fəaliyyətində, siyasi davranışında ciddi nizam-intizam, məsuliyyət hissi, ən əsası isə məqsədyönlülük və prinsipiallıq var.


Uğurlu lider


Cənab İlham Əliyevin siyasi portretinin xarakterik cizgiləri onun Azərbaycan və dünya siyasi arenası üçün zəmanəsinin ən uğurlu siyasi liderlərindən olduğunu ötən 15 il ərzində birmənalı şəkildə sübuta yetirmişdir. O, yeni dövrün siyasətçisi kimi öz simasında Qərb standartlarının - kübar rəftarın, sadəliyin, rasional düşüncə tərzinin, sarsılmaz vətənpərvərliyin, praqmatizmin milli mentalitetlə, Şərq müdrikliyi ilə uğurlu sintezini yaratmış, bu keyfiyyətləri ilə Azərbaycan siyasətinə müasirlik gətirmişdir. Liderlik xüsusiyyətinin əksəriyyət tərəfindən qəbul edilmək, geniş siyasi spektrin inamını qazanmaq, elektoral dəstəyə malik olmaq kimi politoloji məqamları özündə ehtiva etdiyini nəzərə alsaq, bu termini bütün kateqoriyalar üzrə cənab İlham Əliyevə şamil etmək mümkündür. Dövlət başçısı müasir dünyadakı qloballaşmadan, yeni geosiyasi reallıqlardan irəli gələn mənzərənin tələblərinə cavab verən siyasi xəttin daşıyıcısıdır. Milli maraqları və mənəvi dəyərləri ümumbəşəri ideallarla ahəngdar şəkildə uzlaşdırmaq bacarığı, intellektual səviyyə, universal bilik və akademik təhsil, dəmir məntiq və möhkəm iradə - bütün bunlar cənab İlham Əliyevin siyasi obrazını tamamlayan mühüm keyfiyyətlərdir.
Milli dövlətçilik təfəkkürünə bağlı olan cənab İlham Əliyev əsrlərin süzgəcindən keçərək günümüzə gəlib çatmış mənəvi-əxlaqi sərvətlərimizə pozitiv anlamda mühafizəkarlıq prizmasından yanaşır. Bu mənada, millilik Prezident İlham Əliyevin siyasi düşüncəsinin, təfəkkürünün əsas mənbəyidir. Onun öz xalqının ruhuna uyğun olan, eləcə də müasir dünyamızın modern təmayüllərinə əsaslanan siyasəti Azərbaycanın əbədi və əzəli milli maraqlarından qaynaqlanır. Cənab İlham Əliyevin müasir azərbaycanlı təfəkküründə Vətən və xalq təəssübkeşliyi, Şərqin pozitiv ənənəçilik meyilləri, türk mənəvi-əxlaqi dəyərləri, habelə Qərb və Avropa təmayülləri sintez təşkil edir. Prezident İlham Əliyev klassik siyasətdən XXI yüzilliyin modern siyasətinə uğurlu keçid formulunu ilk dəfə, özü də müvəffəqiyyətlə sınaqdan çıxaran siyasətçi obrazının daşıyıcısı olaraq beynəlxalq münasibətlərdə, diplomatiyada eyni dərəcədə mühafizəkar, ənənəçi və yenilikçi, liberal olmaqla mötədil dəyərləri uzlaşdırmağı bacarır. Bütün bu vacib keyfiyyətlər isə Azərbaycanın son 15 ildəki uğurlarının başlıca düsturuna çevrilmişdir.
Azərbaycanda ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin qorunub saxlanılması naminə ilk gündən nümayiş etdirdiyi yüksək prinsipiallıq, qətiyyət və əzmkarlıq Prezident İlham Əliyevin istənilən ekstremal situasiyada çevik və optimal qərar qəbul edən qətiyyətli lider olduğunu göstərmişdir. Zaman-zaman ölkəmizdə ictimai-siyasi sabitlik əleyhinə yönəlmiş xarici və daxili təzahürlərin qətiyyətlə aradan qaldırılması dövlət başçısının xalqın dəstəyinə arxalanan, dövlətçiliyin müdafiəsi üçün zəruri keyfiyyətlərə malik lider olduğunu dəfələrlə sübuta yetirmişdir.


Mütərəqqi dövlətçilik ənənələri


2003-cü ilin 15 oktyabr seçkilərindən ötən illər ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan dövlətinin yüksəlişi, öz hədəflərinə yetişməsi üçün zərrə-zərrə formalaşdırdığı böyük potensialın bütün əzəməti ilə reallığa çevrildiyi möhtəşəm bir dövrdür. Bu mənada, Azərbaycan xalqının 15 il öncə inanıb öz taleyini etibar etdiyi cənab İlham Əliyev ümummilli liderin siyasi irsinin təkcə ən layiqli varisi deyil, həm də bu zəngin dövlətçilik irsində müəyyən olunmuş böyük amalları faktlaşdıran, həyat gerçəklərinə çevirən qüdrətli siyasi fenomendir. Dövlət başçısının yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaratmışdır.
Müasir qloballaşma dövründə dövlətlərin demokratiklik əmsalı sosial-iqtisadi inkişaf göstəriciləri ilə yanaşı, həm də siyasi hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir. Xalqdan mandat almış hakimiyyət, fəaliyyəti ilə daim ictimai etimadı doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatlar kursunu həyata keçirməyə çalışır. Bu prinsip Heydər Əliyevin dövlətçilik irsini inamla davam etdirən və daha da möhkəmləndirən cənab İlham Əliyevin fəaliyyətinin başlıca qayəsini təşkil edir.
2003-cü ilin 31 oktyabrında keçirilmiş andiçmə mərasimində hakimiyyəti xalqa xidmət vasitəsi saydığını bəyan etmiş dövlət başçısı verdiyi vədləri əməli işi ilə doğrultmaq üçün əzmlə çalışmış, hər bir addımında vətəndaşların mənafeyini əsas götürmüşdür. Dövlət idarəçiliyinə yeni ruh və müasirlik çalarları gətirmiş cənab İlham Əliyev hökumətin müntəzəm olaraq xalq qarşısında hesabat verməsini sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin mühüm şərti hesab etməklə yanaşı, bu mütərəqqi ənənəni Azərbaycanın davamlı, dönməz inkişaf yoluna çevrilmiş demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesinin keyfiyyətcə yeni mərhələsi kimi dəyərləndirir.


Xalq adamı


Ulu öndər Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə xalqla ekstravaqant təmasları, daha dəqiq desək, qəfildən küçə və meydanlara çıxaraq insanların qayğı və problemləri ilə maraqlanması barədə bugünün özündə də xoş xatirələr dolaşır. Böyük hakimiyyət ustadı ictimai rəy amili ilə hər zaman hesablaşaraq siyasi fəaliyyətində onu daim nəzərə alırdı. Təqdirəlayiq haldır ki, Prezident İlham Əliyev də bu xoş ənənəyə sadiqlik nümayiş etdirir. Müntəzəm surətdə xalqın qarşısına çıxır. Tez-tez rayonlara gedir, özünəməxsus sadəliklə insanlarla görüşür, onlarla səmimi söhbətləşir. Əslində, vətəndaşları narahat edən problemlərin həlli yönündə ən müdrik addım elə onlarla canlı ünsiyyət yaratmaqdır. Bu, ictimai rəy baxımından ciddi siyasi və mənəvi-psixoloji çalarları özündə ehtiva edir.
Dövlət başçısının vətəndaşlarda narahatlıq doğuran problemlərin həlli üçün yerindəcə göstərişlər verməsi ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir. Bu həm də dövlət məmurlarını əhalinin problemlərinə daha ciddi yanaşmağa sövq edir. "Mən xalqımın xidmətçisiyəm və hər bir məmur da xalqın xidmətçisi olmalıdır!” - deyən cənab
İlham Əliyev bunun heç də "gəlişigözəl söz” olmadığını əməli işilə sübuta yetirir. Bu tələblərə biganə yanaşan, monolit və mobil komandada fəaliyyət prinsiplərini pozan, yaxud da dövrün tələblərinə uyğunlaşa bilməyən məmurlar tutduqları vəzifələrlə vidalaşmalı olurlar. Komanda zamanın tələbinə uyğun yeniləşir, daha çevik, mobil xarakter daşıyır.
Bu gün bütün dünyada aksiom kimi qəbul olunan həqiqət bundan ibarətdir ki, iqtisadi cəhətdən inkişaf etməyən ölkə demokratikləşmə, insan hüquqlarının etibarlı təminatı, vətəndaşların sosial müdafiəsi, habelə xarici siyasət və beynəlxalq münasibətlər sahəsində böyük uğurlar qazana bilməz. Bu reallığı düzgün qiymətləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi siyasət strategiyasını yeni dövrün tələblərinə uyğun davam etdirir.
Prezident İlham Əliyevin yenilməz iradəsi, düşüncəsinin dinamizmi, dünyada gedən prosesləri anlamaq, təhlil edib modelləşdirmək və siyasi davranışın ən əlverişli sxemlərini reallaşdırmaq qabiliyyəti Azərbaycanı daim intensiv inkişaf axarında saxlayır. Dövlət başçısı respublikamızın hansı əsas problemlərinin, qayğılarının olduğunu yaxşı bilir və onların həlli üçün mükəmməl konsepsiyaya malikdir: "Bizim iş üslubumuz belədir: problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün bizim lazımi maliyyə imkanlarımız da var”.
Azərbaycan Prezidenti müasir dünyada iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü müəyyən edən başlıca amil kimi çıxış etdiyini haqlı olaraq ilk gündən önə çəkdi. Xüsusi vurğuladı ki, ölkənin və xalqın bütün problemlərinin - sosial çətinliklərin aradan qaldırılmasından tutmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinədək hər bir maneənin dəf edilməsinin ən başlıca yolu məhz iqtisadi tərəqqidən keçir. Dinamik inkişafda olan iqtisadiyyat sabitlik, əmin-amanlıq, demokratiya və vətəndaş cəmiyyəti, milli təhlükəsizlik, səmərəli xarici siyasət deməkdir. Təsadüfi deyildir ki, dövlət başçısı İlham Əliyevin ötən fəaliyyəti dövründə əsas ağırlıq mərkəzini bu sahənin üzərinə saldı.
O, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində qarşıda duran əsas vəzifələri dəqiqliklə müəyyənləşdirərək ilk növbədə, milli iqtisadiyyatda infrastruktur dəyişikliklərinə nail oldu. Kəmiyyət dəyişikliklərini keyfiyyət müstəvisinə keçirməyi bacardı. Azərbaycanın davamlı inkişafının təmin edilməsi baxımından strateji əhəmiyyətli dövlət proqramlarının qəbulunu və icrasını gerçəkləşdirdi.


İslahatçı


Sosialyönümlü siyasət yeridən dövlət başçısının son 15 ildə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini göstərir. Dövlət başçısı ötən müddətdə ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılması, qeyri-neft sektorunun inkişafı, regionların proporsional yüksəlişi, yeni istehsal müəssisələrinin açılması, ən başlıcası isə işsizlik probleminin aradan qaldırılması naminə bir sıra mühüm addımlar atmışdır.
Prezident İlham Əliyev qısa zaman kəsiyində həyata keçirdiyi çoxşaxəli islahatlarla sübuta yetirmişdir ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Məhz bu islahatların nəticəsi olaraq beynəlxalq aləmdə Azərbaycanın nüfuzu getdikcə güclənir. Ölkəmiz dünya miqyasında daha möhkəm mövqelərə sahib olur. Qonşularla münasibətlər uğurla inkişaf edir. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələrdə Azərbaycanın iştirakı təmin olunur. Dövlət siyasəti xalqımızın milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Prezident İlham Əliyevin inamla davam etdirdiyi mütərəqqi islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyənləşdirir. Bu müəyyənləşmə Azərbaycanın qısa müddətdə iqtisadi inkişaf göstəricilərinə görə dünyada liderə çevrilməsi faktıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi nəhəng layihələrin gerçəkləşməsi, respublikamızın ümumilikdə Avropa regionunun gələcək enerji təhlükəsizliyi missiyasını üzərinə götürməsi xalqımızın dünya arenasında layiqli yerini təmin edir. Azərbaycan insanının güzəranı yaxşılaşır, şəhər, kənd və qəsəbələrimiz abadlaşır, kommunal problemlər həllini tapır, respublikamızda işsizlik, yoxsulluq kimi ağır sosial bəlalar aradan qalxır. Ölkəmizdəki sürətli iqtisadi inkişaf yalnız statistik rəqəmlərdə deyil, həm də insanların gündəlik həyatında əksini tapır. İnsanlar zaman keçdikcə xırda məişət qayğılarından uzaqlaşır, cəmiyyətdə mənəvi dəyərlərə, milli irsə, mədəniyyətə qayıdış meyli güclənir.


Azərbaycanımız dünyada


Dövlət başçısının yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantik coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyini getdikcə daha qabarıq göstərir. Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayır. Belə bir müsbət imicin formalaşması cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızda keçirilən beynəlxalq tədbirlərin nəticəsidir. Respublikamızda müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatlar da dönmədən davam etdirilir. Bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirir.
Bütün bu nailiyyətlərin - siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrdə əldə edilmiş yüksək nəticələrin möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik amili ilə şərtləndiyini, həmrəyliyə və vətəndaş sülhünə əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur. Bu gün respublikamızda mövcud olan daxili sabitlik, əmin-amanlıq, milli vəhdət mühiti demokratik inkişafın, qanunçuluğa və hüquq qaydalarına, ədalət meyarlarına ciddi şəkildə riayət olunmasının, habelə sürətli iqtisadi tərəqqinin başlıca təminatlarından biridir. İctimai-siyasi sabitlik amili, eyni zamanda, mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla inkişaf edən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan ölkə imicini daha da möhkəmləndirir. Respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın ən yeni tarixinin çox mühüm nailiyyətlərindəndir.
Prezident İlham Əliyev liberal dəyərləri üstün tutan bir sıra beynəlxalq siyasi dairələrin "daha çox demokratiya, daha az dövlət” çağırışlarına cavab olaraq Azərbaycanın yerləşdiyi coğrafi-siyasi regionda, həmçinin, ictimai inkişafın mövcud pilləsində dövlətçilik prinsipinin dominantlıq qazanması zərurətini ustalıqla əsaslandırmağı bacarır. Azərbaycan nümunəsi ilə göstərir ki, güclü dövlət olmadan vətəndaşların demokratik hüquq və azadlıqlarını həyata keçirmək mümkün deyildir.Yaxud da əksinə, vətəndaşların hüquq və azadlıqlarını təmin etmədən güclü dövlət qurmaq olmaz. Cənab İlham Əliyev bu siyasi ideyalar arasında uğurlu harmoniya yaradaraq ictimai təkamülün ardıcıllığını qoruyur. Bunun nəticəsi olaraq nə dövlət vətəndaşların, nə də vətəndaşların hüquq və azadlıqları dövlətçilik təmayülünün labüd inkişafına xələl gətirir. Məhz bu amil İlham Əliyevin milli xüsusiyyətləri nəzərə almaqla irəli sürdüyü demokratik və hüquqi dövlət ideyasının başlıca xəttini təşkil edir.
"...Azərbaycanda siyasi islahatlar çox cəsarətlə aparılır. Bu da bizim prinsipial və düşünülmüş seçimimizdir. İqtisadi islahatlar və siyasi islahatlar ölkəmizin inkişafı üçün çox möhkəm zəmin yaradır. Biz bu iki amili bərabər, paralel şəkildə həyata keçiririk və gözəl zəmin əsasında güclü dövlət quruculuğu prosesi gedir. Bu zəmin əsasında Azərbaycanda güclü sosial siyasət aparılır” - deyən Azərbaycan Prezidenti İlham Əliyev hesab edir ki, cəmiyyət həyatındakı fundamental dəyişikliklər hüquqi-siyasi islahatların dərinləşdirilməsini, inkişaf etmiş Qərb dövlətlərinin mütərəqqi demokratik ənənələrinin mənimsənilməsinə xidmət edən fəal siyasətin həyata keçirilməsini aktual məsələ kimi önə çıxarır. Respublikamızın aktiv inkişaf fazasına daxil olduğu indiki mərhələdə demokratik normaların ictimai şüurda möhkəmlənməsinə və qəbul edilməsinə daha yaxşı imkanlar yaranmışdır.


İnsan qızılı


Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirmişdir ki, müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları, bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir.
Bu mənəvi sərvət, insanın ağlı, zəkası modern cəmiyyətlərin əsas güc qaynağıdır. Bəs insan kapitalı harada formalaşır? Əlbəttə, təhsildə. Həmişə deyiblər: istedad milli sərvətdir. Bu gün isə deyirlər ki, istedadlı insan cəmiyyətin ən böyük sərvətidir. Amma istedad öz-özünə bəhrə verə bilmir. Onun təhsil sistemində yetişdirilməsi, cilalanması, ona sosial qayğı göstərilməsi lazımdır. Vətəni modernləşdirmə konsepsiyasının təşəbbüskarı olan Prezident İlham Əliyev innovasion kadr potensialı yaradılması üçün orta məktəbdən başlayaraq xüsusi proqramlar həyata keçirmək üçün dövlət əhəmiyyətli sənədlər imzalayıb. Bunlar təhsilimizi modernləşdirməyə, istedadlı gənclərə qayğı göstərməyə və istedadları himayə etməyə yönəlmiş rəhbər sənədlərdir. Təhsil işçilərinin borcu isə bu sənədləri dərindən mənimsəmək və konkret məktəblərdə yerli şəraitə uyğun tətbiq etməkdir.
Hər bir maarif sisteminin bünövrəsi xalqın ziyalı potensialı, onun ənənələrə və dəyərlərə bağlılığıdır. Son yüz ildə xalqın gələcəyini düşünən, onun müasir təhsilini və məktəbini yaradan, vətənpərvər nəsillər yetişdirən Azərbaycan ziyalıları çox olub. Bu gün onların böyük bir dəstəsi də təhsil və elm sahəsində çalışır. Prezident daim bu ziyalı və alimlərə böyük qayğı göstərir. Onun ziyalı və alim əməyinə verdiyi dəyər birbaşa Azərbaycanın modernləşməsinə qoyulan kapitaldır. Eyni zamanda, cəmiyyətimizdə innovasion və texnoloji modernləşmə zərurətinin irəli sürülməsi dövlət rəhbərimizin bu istiqamətdəki ardıcıl və qətiyyətli xəttidir. Bu gün ictimai mühitdə elmin və ziyalılığın, qabaqcıl texnologiyaların böyük əhəmiyyəti təbliğ edilir, milli modernləşmə hamı tərəfindən dərk olunan hədəfə çevrilir.
Funksional imkanları elm və təhsilin inkişafına, ictimai həyatın ən müxtəlif sahələrinin tərəqqisinə yönəldən bu siyasət Azərbaycanın gələcəyinin mühüm rəhni kimi çıxış edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin milli dövlətçilik fəlsəfəsinə görə, müstəqil Azərbaycan dövləti qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır. Mövcud resurslarını insan faktorunun prioritetə çevrilməsi yönündə qurur.
Azərbaycan Prezidenti İlham Əliyevin neftdən əldə olunan vəsaitlərin böyük qisminin insan kapitalına yönəldilməsini təmin etmək istiqamətində yeritdiyi məqsədyönlü strategiya inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində özünü tam doğrultmuşdur. Bu gün Uzaq Şərqin zəngin təbii sərvətləri olmayan bir sıra dövlətlərinin, konkret desək, Yaponiyanın timsalında tam əminliklə demək olar ki, elm və təhsil, yüksək ixtisaslı kadr potensialı hər bir dövlətin davamlı sosial-iqtisadi, mədəni-intellektual yüksəlişinin əsas təminatı qismində çıxış edir. İntellektual potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə görə bu gün hətta zəngin təbii sərvətləri belə üstələyir. Müasir dünyada rəqabətə tab gətirmək üçün ilk növbədə, təhsilə, zəngin biliklərə, informasiya texnologiyalarına, innovasiya iqtisadiyyatına arxalanmaq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev məhz bu reallıqdan çıxış edir. Elmi sahədə böyük yüksəlişin təmin olunmasına əzmlə çalışır.


Maarifçi


Prezident İlham Əliyev Azərbaycan xalqının gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında hər zaman bildirməklə, fəal milli maarifçilik xətti yeridir. Dünyanın elm və təhsil sisteminə inteqrasiyanı vacib sayır. Respublika iqtisadiyyatının yüksək inkişaf tempi, ictimai-siyasi sabitliyin davamlı xarakter daşıması təhsilin və elmin dünya standartları səviyyəsinə qalxması üçün daha çevik islahatlar aparmağa imkan yaradır. Dövlət başçısı qlobal bilik mühitinə inteqrasiyanın təmin olunması, elm və təhsil müəssisələrimizin maddi-texniki bazasının yaxşılaşdırılması, onların kompüter və informasiya texnologiyaları ilə təchizatı, tədrisin məzmun və formaca müasirləşdirilməsi, dünyanın qabaqcıl dövlətlərinin mütərəqqi təhsil ənənələrinin mənimsənilməsi, yeni məktəblərin tikintisi kimi fundamental sahələri əhatə edən müstəsna əhəmiyyətli fərman və sərəncamlar, dövlət proqramları imzalayaraq onların icrasına nail olur.
Ötən 15 il ərzində respublikanın elm-təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişikliklərinin baş verməsi, inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsi məhz cənab İlham Əliyevin bu sahələrə diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Dövlət büdcəsindən bu sahələrə ayırmaların ilbəil artırılmasında əsas məqsəd yalnız hamının biliklər qazanmasını təmin etmək deyil, eyni zamanda, bu vəsaitdən daha səmərəli istifadə etməklə təhsilin keyfiyyətində müvafiq nəticələrə nail olmaqdır. Bu baxımdan, təhsil müəssisələrinin təmiri, bərpa və yenidən qurulması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan möhtəşəm təhsil layihələri təsadüfi olmayıb, ölkədə həyata keçirilən təhsil strategiyasının mahiyyətindən, insana verilən dəyərdən, insanın ən qiymətli sərvət kimi qəbul olunmasından irəli gəlir.
Cənab İlham Əliyevin qazandığı uğurların təməlində də bu durur. Azərbaycan Prezidenti insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirməklə insanların böyük rəğbətini qazanır. Bütün bunlar ölkəmizdə mənəvi ab-havanın getdikcə daha da yaxşılaşmasına, Azərbaycan insanının dövlətə, onun rəhbərinə etimadının, sevgisinin güclənməsinə xidmət edir. Bu siyasətin ən böyük nailiyyəti isə bütövlükdə Azərbaycan insanının təfəkkür və düşüncə baxımından müasirləşməsi, modern baxışlar sisteminə liberal yanaşması, mental və bəşəri dəyərləri uzlaşdıra bilməsidir.
Cəmi 20 il bundan əvvəl dünyaya göz açmış körpələrimiz indi müstəqil Azərbaycanın 20 yaşlı, yetkin, müasir düşüncəli gəncləridir. Onlar tam olaraq müstəqillik dövründə yaşayıblar, bu mühitdə formalaşıblar, bu nemətin şirinliyini dadıblar. Şəxsi qənaətim belədir ki, onlar yeni ictimai-iqtisadi formasiyada, azərbaycançılıq və müstəqillik ideologiyası ruhunda formalaşdıqları üçün müstəqilliyin qədrini, qiymətini orta və yaşlı nəsildən daha yaxşı bilirlər. Hər cür nostalgiyadan uzaq olan müasir düşüncəli, kreativ, yenilikçi ruhlu bu gənclik müstəqilliyimizin, ulu öndərin təbirincə desək, əbədi, dönməz olmasının etibarlı təminatçısıdır.
Və bu, Heydər Əliyev ideyalarının, bu ideyalar işığında Azərbaycanı tarixinin ən xoşbəxt günlərinə yetirmiş cənab İlham Əliyevin yürütdüyü siyasətin ən qüdrətli nailiyyətidir.

Nurlana ƏLİYEVA,
Bakı Slavyan Universitetinin rektoru,
YAP Qadınlar Şurasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video