14 Oktyabr 2018 00:43
1199
Mədəniyyət
A- A+

Prezident qayğısı, dövlət dəstəyi


Şəkinin qədim tarixi və zəngin mədəniyyəti artıq dünyada tanınır


Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına daim böyük diqqət göstərilir. Ölkə rəhbəri İlham Əliyevin və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlərin əhəmiyyəti böyükdür.
Dövlət başçısı İlham Əliyevin regionlara ardıcıl səfərləri sosial-iqtisadi inkişaf məsələləri ilə yanaşı, ölkəmizdə aparılan mədəniyyət siyasətinin sırf milli intibaha xidmətinin bariz nümunəsidir. Şəki şəhəri bu baxımdan aparıcı rola malik bölgələrimizdəndir.
Ölkə Prezidenti İlham Əliyevin son 15 ildə bu məkana etdiyi 6 səfər Şəki şəhəri və ətrafının mədəni yüksəlişinin təminatçısına çevrilmişdir. Bunu Şəkidə keçirilən beynəlxalq İpək yolu festivalları, bölgənin sosial-iqtisadi və mədəni rifahı üçün ölkə rəhbərinin imzaladığı sərəncamlar bir daha sübut edir.
Azərbaycanın mədəniyyət siyasətinin regional xüsusiyyətlərindən biri kimi Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən, Şəki şəhəri 2010-cu ildə "Azərbaycanın sənətkarlıq paytaxtı” elan olunmuşdur. Proqrama uyğun olaraq Şəkidə "Türkdilli xalqların qeyri-maddi mədəni irsinin konvensiyalaşdırılması, inventarlaşdırılması və proqramlaşdırılması” mövzusunda III Beynəlxalq seminar, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin təşkilatçılığı ilə "Şəkinin sənət dünyası və Azərbaycan mədəniyyəti” mövzusunda "dəyirmi masa”, məşhur el sənətkarı Ələfsər Şəkilinin anadan olmasının 80 illiyinə həsr olunmuş "Qədim milli nəfəs alətləri bayramı” keçirilmişdir.
2011-ci ildə Şəki yenə də ölkənin mədəni siyasət məkanına çevrilmişdir. Həmin ilin sentyabrında Rusiya Federasiyasının Tatarıstan Respublikasının Yelabuqa, Başqırdıstan Respublikasının Ufa şəhəri, 2012-ci ildə Azərbaycan Respublikasının Şəki şəhəri Türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı seçilmişdir. 2012-ci ilin iyun ayının 30-dan iyulun 4-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəkidə "İpək yolu” III Beynəlxalq Musiqi Festivalı və "Şəki Xan Sarayı”nın 250 illik yubileyinə həsr olunmuş böyük bayram tədbiri keçirilmişdir. Tədbir Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin iştirakı ilə "Arşınmalçı İpək yolunda” musiqili hekayəti ilə başlamış, sonrakı günlərdə Cənubi Koreyanın, Türkiyənin, İranın, Gürcüstanın, o cümlədən ölkəmizin tanınmış musiqi kollektivlərinin çıxışları ilə davam etmişdir. Beş gün davam edən musiqi festivalına "Şəki Xan Sarayı”nın 250 illik yubiley tədbiri ilə yekun vurulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin "Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına uyğun olaraq böyük dramaturqun adını daşıyan Mədəniyyət və İstirahət Parkında yenidənqurma və əsaslı təmir işləri əsasən başa çatmışdır. Şəki Şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına aparılmış yenidənqurma işlərindən sonra ərazinin siması tamamilə dəyişmişdir. Burada şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Həmin sərəncama uyğun olaraq həmçinin dahi ədibin ev muzeyinə gedən yolda, qala divarları qarşısındakı meydanda və onun ətrafında müasir işıqlandırma sistemi qurulmuş, yeni yaşıllıq zolağı salınmışdır.
2012-ci il sentyabrın 22-də Şəkidə Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Prezident
İlham Əliyevin tapşırığı əsasında inşası başa çatdırılan "Yay teatrı”nın açılışı olmuşdur. Elə həmin gün şəhərdə görkəmli maarifçi M.F.Axundzadənin yubileyinə həsr olunmuş bayram tədbirində respublikanın tanınmış elm və mədəniyyət xadimlərinin, millət vəkillərinin, ziyalıların, xarici ölkələrdən dəvət olunmuş qonaqların iştirak etdikləri mərasimdə bildirilmişdir ki, 2012-ci il TÜRKSOY tərəfindən həm də "M.F.Axundzadə” ili elan olunmuşdur. Bu baxımdan Axundzadənin yubiley tədbirlərində TÜRKSOY-a üzv ölkələrdən, o cümlədən Türkiyə, Qazaxıstan və Rusiya Federasiyasından, Başqırdıstan Respublikasından dəvət olunmuş qonaqlar iştirak etmişdir. Yubiley tədbirləri böyük maarifçinin ev muzeyinin açılışı ilə başlanmış, daha sonra onun adını daşıyan mədəniyyət və istirahət parkında təşkil olunmuş "Kitab bayramı” ilə davam etdirilmişdir. Həmin gün bilavasitə Prezident İlham Əliyevin tapşırığı əsasında inşa olunmuş 600 yerlik "Yay Teatrı”nın açılışı olmuş, burada Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Mirzə Fətəli Axundzadə - 200” mövzusunda beynəlxalq elmi simpozium keçirilmişdir.
Sentyabrın 23-də isə ilk dəfə olaraq Şəkinin 2700 illik yubileyinə həsr olunmuş "Şəhər günü” bayram tədbiri keçirilmişdir. Şəhərin mərkəzi meydanlarından birində bayramın təntənəli açılışından sonra tədbir Şəki Xan Sarayının həyətində davam etdirilmişdir. "Şəhər günü” çərçivəsində Şəki şəhər Bələdiyyəsi ilə Türkiyənin Konya şəhər Məram Bələdiyyəsi arasında qardaş şəhər haqqında protokol imzalanmış, "Yuxarı Karvansara” mehmanxana kompleksində rəsm və çiçək sərgisi açılmışdır. "Şəhər günü” bayram tədbirinə Türkiyənin məşhur "Anadolu atəşi” rəqs ansamblının konserti ilə yekun vurulmuşdur. Yubiley tədbirləri nəinki şəhərin, bütövlükdə ölkənin mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir.
Şəkinin əsas mədəniyyət obyektləri arasında ulu öndərin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədilə inşa edilmiş Heydər Əliyev Mərkəzi 2006-cı il aprelin 13-də Prezident İlham Əliyevin Şəkiyə səfəri zamanı açılmışdır. Mərkəzdə 182 eksponatdan ibarət ekspozisiya zalı, tədqiqat sektoru, arxiv, foto-video laboratoriyası, kitabxana və internet sinif otağı fəaliyyət göstərir.
Şəki Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni hotellər istifadəyə verilmişdir. Şəki qədimdən turistlər üçün cəlbedici məkan olmuşdur. Son on ildə isə rayonda yeni turizm obyektləri, mehmanxanalar, istirahət mərkəzləri yaradılmışdır. Dördulduzlu "Şəki-Saray”, "Şəki-Palase”, "Qrin Hillin” hotellərinin açılışlarında dövlət başçısı İlham Əliyev iştirak etmişdir. "Narınqala” hoteli, "Cənnət bağı”, "Kiş adası” istirahət mərkəzlərində turistlərə yüksək xidmət göstərilir. "Qala” hotelinin tikintisi və "Marxal” istirahət mərkəzinin yenidən qurulması davam etdirilir. 13 yeni mehmanxana və istirahət mərkəzi yaradılmışdır.
2013-cü il avqustun 14-də Şəkiyə səfəri çərçivəsində "Şəki xanlarının evi”nin rəsmi açılışını etmiş Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində artıq uçmaq təhlükəsi qarşısında olan ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi bərpa, restavrasiya edilərək Bəşər Mədəniyyəti İnciləri sırasına qaytarılmışdır.
2016-cı il yanvarın 19-da Prezident İlham Əliyev Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında sərəncam imzalamışdır. Buna müfaviq olaraq Şəki Şəhər İcra Hakimiyyəti başçısının 22 yanvar 2016-cı il tarixli sərəncamına əsasən yaradılmış komissiya "Yuxarı Baş Dövlət Tarix - Memarlıq Qoruğu”nun küçə şəbəkələrini və plan konfiqurasiyasını pozan, memarlıq dəyərinə xələl gətirən tikililərin uyğunlaşdırılması, mühəndis kommunikasiya xətlərinin təmiri və ya yenidən qurulması, tarix və mədəniyyət abidələrinin bərpası və ya konservasiyası, yolların təmiri ilə bağlı təklifləri hazırlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmişdir.
Qeyd edək ki, Memarlıq qoruğu və Şəki Xan sarayı dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir.
Ulu babalarımızın bizə yadigar qoyduqları Xan sarayı, Şəki xanlarının evi, dairəvi məbəd, qala divarları qoruğun memarlıq incilərindən hesab olunur. Möminlərin ibadət yeri olan Cümə məscidi, Ömər Əfəndi məscidi, Xan məscidindən başqa, məhəllə məscidləri də qoruq ərazisində yerləşir. Buradakı 1 və 3 saylı ipək əyirici və burucu fabrikləri də əhalinin ta qədimdən ipəkçilikdə texniki üsullardan istifadə etmələrindən xəbər verir.
O dövrdə qoruq ərazisində tikilmiş beş karvansaradan ikisi indiyə qədər qorunub saxlanılmışdır. Mehmanxana kimi istifadə edilən Yuxarı Karvansara indi də turistlərin zövqünü oxşayan yerlərdən biridir.
"Yuxarı Baş”ı iki hissəyə bölən Qurcana çayı üzərində xüsusi memarlıq üslubu ilə tikilmiş tağlı körpülər bu ərazini birləşdirir.
Orta əsr memarlığının yadigarı olan Ağvanlar, Dərə və Yeraltı hamamlar da bu ərazidə yerləşir. Xalqımızın milli sərvəti və iftixarı olan diyarşünaslıq, tətbiqi sənət, M.F.Axundzadənin, R.Əfəndiyevin, S.Rəhmanın ev muzeylərinin və dövlət rəsm qalereyasını da qoruq öz qoynuna almışdır.
Xalqımızın and yeri olan Şəhidlər xiyabanı və 1941-1945-ci il İkinci Dünya müharibəsi illərində həlak olan şəkililərin xatirəsinə ucaldılmış abidələri ziyarət etmək istəyənlər qoruq ərazisinə gəlirlər.
Xoş olan odur ki, əvvəlki illərdə olduğu kimi, bu gün də Şəkidə abadlıq və quruculuq işləri ən yüksək səviyyədə davam etdirilir. Şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması, tarixi hissələrdə abadlıq işlərinin, zərurət yaranan abidələrdə restavrasiya prosesinin reallaşdırılması və digər mühüm layihələrin icrasının yekunlaşmasından sonra Şəkiyə gələnlər buranı unutmayacaqlar. Bütün yaradılan gözəlliklərə görə isə sözsüz ki, ilk minnətdarlıq dövlətimizə və onun həmişə xalqının yanında olan rəhbərinə düşür.
Dövlət başçısı İlham Əliyev 2013-cü ilin avqustunda Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirdiyi fikirlər bu qədim məkanın gələcəkdə daha böyük nailiyyətlərə imza atacağına etibarlı təminatdır: "Şəki Azərbaycanda və deyə bilərəm ki, bölgədə və dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Burada əlbəttə, təbiət və memarlıq, qədim və tarixi binalar, Şəkinin şəhərsalma qaydaları gözəl bir mənzərə, bir vəhdət yaradır. Təsadüfi deyil ki, Şəkinin mədəniyyəti ilə maraqlananların sayı getdikcə artır. Həm daxili turizm artır, həm xaricdən gələn qonaqların sayı. Azərbaycanın demək olar ki, bütün yerlərində Şəkiyə çox böyük hörmət və maraq vardır. İstərdim ki, Azərbaycanın bütün vətəndaşları vaxt tapıb Şəkiyə səfər etsinlər. İndi şərait yaxşılaşır, yollar da çəkilir və nəqliyyat vasitələri müasirləşdirilir. Ona görə də gələcəkdə daxili və xarici turizm inkişaf edəcəkdir. Biz gərək Şəkidə gələcəkdə beynəlxalq tədbirlərin sayını da artıraq”.

Təranə ABDULLAYEVA,
"Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu”nun direktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video