13 Oktyabr 2018 00:28
667
SİYASƏT
A- A+

İlham Əliyevin “ictimai sabitlik modeli” MDB-də nümunədir


Azərbaycan sabitliyə görə postsovet məkanında ilk yerdədir


İnkişaf yolunda inamla, möhtəşəm nailiyyətlərə imza atmaqla irəliləyən Azərbaycan qısa zaman kəsiyində böyük uğurlar əldə edib, sosial-iqtisadi göstəricilərinə görə dünya miqyasında liderlər mövqeyinə yüksəlib.
Bunun nəticəsində həm də yerləşdiyi regionun iqtisadi və siyasi cəhətdən aparıcı dövlətinə çevrilən respublikamız dünya birliyinə fəal inteqrasiya istiqamətində də mühüm addımlar atıb və beynəlxalq hüququn tam müstəqil, cəsarətli mövqeyi ilə seçilən, siyasi kursu nəzərə alınan subyektinə çevrilib.
Ümumiyyətlə isə uğurları qlobal miqyasda qəbul edilməyən ölkə beynəlxalq aləmdə nüfuz sahibinə çevrilə bilməz, yüksək imicə malik olmaz.
Çox uzağa getmədən elə postsovet məkanından bu barədə kifayət qədər fakt göstərmək olar. Bu mənada artıq kosmos dövlətinə çevrilən, bir neçə il əvvəl BMT Təhlükəsizlik Şurasına seçilməklə iki il dünyanın ən ali təşkilatında uğurlu fəaliyyət göstərən, yerləşdiyi bölgənin imkanlarından, malik olduğu karbohidrogen resurslarından səmərəli istifadə etməklə uğurlarını ildən-ilə sürətlə artıran Azərbaycan həqiqətən inkişaf fenomeninə çevrilib. Xüsusilə qeyd etməliyik ki, dünyada qlobal maliyyə böhranının getdikcə dərinləşməsi ilə müşayiət olunan son illərdə ölkəmizdə həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə uğurlar və yeniliklər əldə edilib.
Bütün bu uğurlar və bütövlükdə Azərbaycanın hazırkı reallıqları ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının nə dərəcədə mükəmməl xarakter daşıdığını təsdiq edir. Həm də bir daha aydın olur ki, bu siyasət yeni çalarlarla daha da zənginləşdirilərək dövrün tələblərinə uyğun formada Prezident İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir.
Ölkəmizin ən böyük uğurlarından biri isə ictimai-siyasi sabitlikdir. Çünki və məhz ictimai-siyasi sabitliyin təmin olunması qarşıda dayanan digər vəzifələrin yerinə yetirilməsinə əsas amil sayılır. Bu gün dünyanın əksər regionlarında sosial, iqtisadi və siyasi problemlər qabarıq şəkildə özünü büruzə verir. Xüsusilə qeyd edək ki, artıq neçə onilliklərdir ki, planetin müxtəlif yerlərində müxtəlif səbəbləri olan hərbi münaqişələr, müharibələr hökm sürür. Bunlardan başa çatanı olsa da, bir başqa yerdə yeni münaqişə ocağı yaranır. Nəticə etibarilə bunlar xalqların taleyində dərin iz buraxır, ona ağır mənəvi zərbə vurur, məhrumiyyətlərə düçar edir. Hərbi münaqişə həm də iqtisadi tənəzzül deməkdir. Dağılan iqtisadiyyatın bərpası üçün uzun illər belə yetmir. Hazırda ərəb ölkələrindəki qarşıdurmalar hələ bitməyib. İraq və Suriyada terrorun kökünü tamamilə kəsmək hələ də mümkün olmayıb. Bu ölkələrin hər biri dini və etnik zəmində ərazi bütövlüyünün pozulması təhdidi ilə üz-üzədir. Onların xalqları, günahsız insanlar çox ağır məhrumiyyətlərlə üz-üzə qalaraq humanitar fəlakətə düçar olub. Bütün bunlar göstərir ki, sabitliyin və təhlükəsizliyin təmin olunması həqiqətən vacib məsələdir.
Son illər müharibələrdən qaynaqlanan digər bir problem Yaxın Şərq və Afrika ölkələrindən olan insanların xoş güzəran dalınca Avropaya daha da çoxalan axınıdır. Avropa ölkələrinin tarixən davam edən müstəmləkəçilik və imperializm siyasətindən, son illərdə isə Yaxın Şərqdə həyata keçirdikiləri yeni imperializm planlarından qaynaqlanan bu problem artıq humanitar faciəyə çevrilib. Demək olar ki, mütəmadi olaraq miqrantları daşıyan qayıqların batması barədə xəbərlər eşidirik.
Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Ölkəmizdə ictimai-siyasi durum bütün dünyaya nümunədir. Lakin bizi bu günlərə gətirən yollar heç də həmişə hamar olmayıb. Ən azından müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələrin başıpozuq fəaliyyətlərinin nəticəsində Azərbaycanda təhlükəsizliyə təhdidlərin baş alıb getməsi çoxunun yaddaşında dərin iz buraxıb. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərqərar edildi, ictimai-siyasi sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu və təxirəsalınmaz tədbirlər həyata keçirildi.
Prezident İlham Əliyevin 15 illik fəaliyyətinin ən qabarıq tərəflərindən biri də bu dövrdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, daha da möhkəmləndirilməsi, cəmiyyət həyatının təhlükəsizliyinin təmin olunmasıdır. Təsadüfi deyil ki, Bakı şəhəri və bütövlükdə respublikamız dünyanın ən təhlükəsiz diyarlarından biri kimi tanınır.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor Əli Həsənovun "On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” sərlövhəli məqaləsində bu məsələlərə geniş yer ayrılıb. "İlham Əliyev özünün 15 illik prezidentliyi dövründə ilk növbədə ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlədib, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin edib, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olunub. Hazırda tərəddüd etmədən söyləmək olar ki, daxili milli-vətəndaş birliyi, hakimiyyətin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəklənməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır”, - deyə məqalədə qeyd olunur.
Əli Həsənov qeyd edir ki, digər əsas daxili inkişaf parametrləri - makroiqtisadi sabitlik, dinamik inkişaf edən iqtisadiyyat, sosial və mənəvi təminat sisteminin dinamikası, müsbət demoqrafik vəziyyət, miqrasiya və urbanizasiya proseslərinin dövlətin nəzarəti altında saxlanması, dövlət idarəçiliyinin effektivliyi və s. üzrə də Azərbaycan son 15 ildə region ölkələri içərisində birinci üçlükdə öz yerini möhkəmləndirib.
"Prezident İlham Əliyevin milli maraqlara söykənən xarici siyasəti nəticəsində Azərbaycan müstəqil mövqeyi ilə seçilən dövlət kimi tanınıb, onun beynəlxalq nüfuzu getdikcə yüksəlib. 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilib. 2019-2022-ci illər Azərbaycan Respublikasının Hərəkata sədrlik dövrüdür. Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələri qurub və müvafiq sənədlər imzalayıb”, - deyə Əli Həsənov yazır.
Bugünün reallıqları ondan ibarətdir ki, Azərbaycan yerləşdiyi bölgənin ən sabit və ən dinamik inkişaf edən ölkəsidir. Başqa bir həqiqət odur ki, ölkə əhalisi mövcud siyasi kursu dəstəkləyir və bu da vətəndaş həmrəyliyinin təmin olunmasında əsas şərtlərdən biridir. Bütün bunlar isə zəncirvarı şəkildə bir-birini tamamlayaraq bütövlükdə Azərbaycanın dövlətçiliyinin güclənməsinə, müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq nüfuzunun yüksəlməsinə və nəhayət, cəmiyyətimizdə bərqərar edilmiş sabitliyin və vətəndaş həmrəyliyinin əbədi olmasına mühüm töhfələr verir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video