Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:06 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dağlıq Qarabağa qanunsuz səfərlə bağlı Rusiya Dövlət Dumasına müraciət ünvanlanacaq
Dağlıq Qarabağa qanunsuz səfərlə bağlı Rusiya Dövlət Dumasına müraciət ünvanlanacaq
ANA SƏHİFƏ / PARLAMENT
00:24 13.10.2018

Milli Məclisin dünənki plenar iclası cari məsələlərin müzakirəsi ilə işə başladı. Parlamentin Sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) təşkilatçılığı ilə Antalya şəhərində keçirilən Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşündə iştirak etdiyi üçün iclasa birinci müavin Ziyafət Əsgərov sədrlik edirdi. Oktyabrın 12-si və 16-da keçiriləcək plenar iclasların gündəliyinə isə ümumilikdə 54 məsələ daxil edilmişdi.


Dağlıq Qarabağa qanunsuz səfərlər deputatları ciddi narahat edir


Müzakirələr zamanı deputatlardan Sevinc Hüseynova, Fərəc Quliyev, Gövhər Baxşəliyeva, Elman Nəsirov, Zahid Oruc və Elman Məmmədov çıxış edərək, cari məsələlərlə bağlı fikirlərini bildirərək müxtəlif təkliflər səsləndirdilər.
Bəzi deputatlar oktyabrın 7-də bir qrup rusiyalı qadının Azərbaycanın işğal olunmuş ərazisinə, Dağlıq Qarabağa qanunsuz səfərindən ciddi narahatlıqlarını ifadə etdilər. Qeyd edildi ki, həmin qadınlar arasında Rusiya Dövlət Dumasının Beynəlxalq işlər üzrə komitəsinin sədr müavini Svetlana Jurova da olub. Onlar səfərlərini "sülhlə bağlı” adlandırırlar. Amma bütün dünya ictimaiyyəti bilir ki, Qarabağ müharibəsini Ermənistan başlayıb və Xocalıda 106 qadın, 63 uşaq qətlə yetirilib.
Deputatlar bu məsələ ilə bağlı Rusiya Dövlət Dumasına müraciət olunmasının vacibliyini vurğuladılar.


Xarici siyasət məsələlərinə həssas yanaşılmalıdır


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov son zamanlar bəzi qüvvələrin Azərbaycanın beynəlxalq münasibətlərinə xələl gətirməyə cəhd göstərmələrindən söz açdı. Bildirdi ki, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbindən sonra ikinci dəfə hakimiyyətə qayıdanda ilk olaraq Azərbaycanın bütün qonşuları ilə balanslaşdırılmış siyasət aparmasını təmin etdi.
Bu gün isə Prezident İlham Əliyev həyata keçirdiyi müstəqil siyasətlə ölkəmizi dünya birliyinin Cənubi Qafqazda ən etibarlı tərəfdaşına çevirib. Lakin son zamanlar hansısa qruplaşmalar, fərdlər ölkələrinin adından danışaraq dövlətlərarası münasibətlərə xələl gətirməyə cəhd edirlər. Onların söylədikləri isə həmin dövlətlərin rəsmi mövqeyi hesab edilməməlidir: "Biz xarici siyasət məsələlərinə həssas yanaşmalı və qurulan dövlətlərarası münasibətlərə hər hansı bir xələl gəlməməsinə, hansısa jurnalistin, ermənipərəst siyasətçinin bundan istifadə edərək antiazərbaycan əhvali-ruhiyyəsi yaratmamasına çalışmalıyıq. Diqqətli olmalıyıq ki, öz fəaliyyətimizlə Prezidentin apardığı xarici siyasətə hər hansı bir xələl gətirməyək. Rusiyada ayrı-ayrı deputatların fikirləri rus xalqının, dövlətinin mövqeyi ola bilməz. Onlar bu cür fikirlər söyləməklə ermənilərin diqqətini çəkməyə çalışırlar. Bir müddət əvvəl İranda da bir qrup ortaya düşmüşdü, onlar da Azərbaycanla aranı qatmaq istəyirdilər. Bütün bu məsələlər dövlət səviyyəsində tənzimlənir”.


İşçi qrupu kəskin arqumentlərə əsaslanan müraciət hazırlayıb


Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deputat həmkarlarının Dağlıq Qarabağa qanunsuz səfərlə bağlı narahatlıqlarına cavab olaraq bildirdi ki, bu məsələ diqqətdədir və Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin, eləcə də digər komitələrə Milli Məclis tərəfindən müraciət ünvanlanacaq:
"Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu bununla bağlı kəskin arqumentlərə əsaslanan müraciət hazırlayıb. Sənəd həm mən, həm də deputat, Rus icmasının sədri Mixail Zabelin tərəfindən imzalanacaq. Biz buna münasibət bildirmək istəməzdik, amma məhz Rusiya Dövlət Dumasının Xarici əlaqələr komitəsinin sədrinin birinci müavininin səfəri bizi buna vadar etdi. O, Rusiya hakim partiyasının üzvü olduğuna görə həmin partiyaya da müraciət etmişik. Əmin ola bilərsiniz ki, bu məsələ diqqət mərkəzindədir. Müraciətimizdə qeyd etmişik ki, Rusiya Federal Məclisi Dövlət Dumasının rəhbərliyi üzvlərə prosedur qaydada xəbərdarlıq etsin ki, işğal olunmuş ərazilərə getməsinlər”.
Bu məsələdən sonra gündəliyin müzakirəsinə başlanıldı.
Komitə sədri Əli Hüseynli "Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanun layihəsi haqqında (ikinci oxunuş) məlumat verərək bildirdi ki, təklif olunan texniki dəyişiklik normativ hüquqi aktların hazırlanmasında səmərəliliyin artırılması, vaxt itkisinə yol verilməməsi və çevikliyin təmin edilməsi məqsədilə edilir. Sənəd təsdiq edilərək qəbul olundu.
Gündəlikdəki üç sənəd - "Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və "Rəsmi statistika haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrini isə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə təqdim etdi. Bildirdi ki, bu sənədlərə edilən dəyişikliklər "Sahibkarlıq fəaliyyəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunun tətbiqi ilə əlaqədar hazırlanıb. Hər üç sənəd səsə qoyularaq təsdiq edildi.


Vətəndaşları aldadan tikinti şirkətlərinə nəzarət gücləndirilməlidir


"Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə məlumat verən komitə sədri Əli Hüseynli qeyd etdi ki, dəyişiklik cəzaların humanistləşdirilməsi siyasətinin davamıdır və uyğunlaşdırma xarakteri daşıyır.
Müzakirələrdə çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri S.Novruzov cəza sisteminin yüngülləşdirilməsindən danışaraq dedi ki, məhkəmə hökmü çıxarılmasına qədər həbs qətimkan tədbiri görülməsinə ehtiyac yoxdur. Onun sözlərinə görə, belə halda vətəndaşa daha çox imkan yaranır ki, bu işlərin həyata keçirilməsinə öz töhfəsini verə bilsin. Həmin şəxs bu müddətdə elə faktlar ortaya çıxarar ki, bunun əsasında bəraət ala bilər.
Komitə sədri bəzi tikinti şirkətlərinin vətəndaşları aldatmaqla məşğul olduğunu da deyərək vurğuladı ki, mənzilləri dörd-beş nəfərə satan dələduzlar barədə verilən məhkəmə hökmü çox hallarda ədalətli olmur. Onun sözlərinə görə, həmin insanların barəsində çıxarılan cəza tədbirləri ilə yanaşı dəymiş ziyanın ödənilməsi məsələsi də ciddi nəzarətə götürülməlidir. Çünki həbs edilən sahibkarlar 15 ildən sonra azadlığa çıxır, zərərçəkmiş insanlar isə illərlə qazandığı pulları itirmiş olurlar.
Deputat Elman Məmmədov bildirdi ki, cəzaların yüngülləşdirilməsi siyasəti alqışlanan bir addımdır. Deputat Rüfət Quliyev Siyavuş Npvruzovun toxunduğu məsələyə diqqət çəkərək zərərçəkənlərin hüquqlarının müdafiəsi ilə bağlı ciddi tədbirlərin görülməsinin vacibliyini bildirdi.
İclasda həmçinin "Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” və "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” sənədlər də müzakirəyə çıxarılaraq təsdiqləndi.


Azərbaycan neft strategiyasının yeni uğuru sayılacaq mühüm saziş


İclasda "Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti ilə "BP Eksploreyşn (Azərbaycan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi haqqında yeni sənəd geniş müzakirə olundu.
Öncə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov saziş barədə danışaraq sənədin Azərbaycan Dövlət Neft Şirkəti ilə "BP Eksploreyşn (Azərbaycan) Limited” şirkəti arasında bu il aprelin 26-da imzalandığını söylədi. Kontrakt sahəsi Xəzər dənizində kəşf edilməmiş və çox riskli bir ərazidir. Həmin ərazidə heç bir vəsait xərcləmədən neft-qaz ehtiyatlarının aşkarlanması Azərbaycan dövləti və iqtisadiyyatı üçün faydalı olacaq. Bu ərazidə kəşfiyyat işlərinə başlanılacaq və gələcəkdə həmin bölgədə işləri planlaşdırmaq üçün daha dolğun məlumat əldə etmək mümkün olacaq. Kontrakt sahəsi təxminən 3 min 200 kvadratkilometrə yaxın ərazidir. Sahildə yerləşən ən yaxın yaşayış sahəsinə 65 kilometr məsafə var. Bu ərazidə kommersiya dəyəri olan neft və qaz aşkar edilib hasilat başlanana qədərki riskli dövrdə bütün maliyyə işlərini BP şirkəti həyata keçirəcək. Toplam hasilat 5 milyon tona çatana qədər mənfəətli neftin 70 faizi podratçı tərəflərə ödənilir. Toplam hasilat 10 milyon tondan çox olduqda mənfəətli karbohidrogenlər tərəflər arasında yarıbayarı bölünəcək. Sənəd səsə qoyularaq təsdiq edildi.
Gündəliyə daxil olan "Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının təsdiq edilməsi haqqında”, Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya dəyişikliklərə dair protokolların təsdiq edilməsi barədə qanun layihələri, eləcə də "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında”, "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında”, "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında bitki karantini və mühafizə sahəsində əməkdaşlıq haqqında” sazişlərin təsdiq edilməsi barədə layihələr də səsə qoyularaq qəbul edildi.
Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlarda (birinci oxunuş) dəyişiklik edilməsi barədə layihələr də müzakirəyə çıxarılaraq təsdiqləndi.
"Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verərək dedi ki, sənədlərə edilən dəyişikliklər digər qanunlara uyğunlaşdırma xarakteri daşıyır.
Dəyişikliklər "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar təklif edilir. Dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. Hər iki sənəd ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
İclasda həmçinin "Torpaq bazarı haqqında” və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, "Dövlət rüsumu haqqında” (birinci oxunuş), "Baytarlıq haqqında”, "Fitosanitar nəzarəti haqqında” və "Yeyinti məhsulları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri (hər üçü birinci oxunuş) də təsdiqləndi.


Milli Məclis deputatlar üçün xüsusi medal təsis etsin


"Diplomatik xidmətə verilən töhfəyə görə” medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) və "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri (ikinci oxunuş) müzakirə mövzusu oldu.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov təkliflə çıxış edərək bildirdi ki, ölkədə bütün icraedici orqanların medalları təsis olunub. Ancaq parlamentin deputatlarına 100 illik yubileylə bağlı xüsusi medalı yoxdur. Yalnız xatirə medalı var ki, o da stolüstü bir medaldır. Yəni hansısa beynəlxalq tədbir, əlamətdar bayram günlərində bu medalı üzərlərində gəzdirmələri qeyri-mümkündür: "Yaxşı olardı ki, uzun müddət Milli Məclisdə xidməti olan şəxslər medallarla təltif edilsinlər. Bununla bağlı yeni medal təsis edilsə, daha yaxşı olar. Hər bir dövlət strukturu üçün medallar təsis edilib. Hesab edirəm ki, Milli Məclis də öz əməkdaşları, deputatlar üçün xüsusi medal təsis etməlidir”.
Deputat Vahid Əhmədov da Siyavuş Novruzovun fikirlərinə dəstək oldu. Onun fikrincə, yaxşı olardı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı deputatlara belə bir medal verilsin.
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov isə bu məsələyə baxılacağını söylədi.


Ölkəmizdə ali təhsil almaq istəyən əcnəbilərə təhsil qrantları veriləcək


"Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş) parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verərək bildirdi ki, sözügedən sənəddə zəruri dəyişikliklər aparılıb.
Habelə sənədin Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə təhsil almaq hüququnu təsbit edən 44-cü maddəsinə yeni müddəa əlavə olunur. Yeni dəyişikliklər Azərbaycan Prezidentinin "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” 2017-ci il 6 dekabr tarixli və "Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanın ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” 2018-ci il 10 yanvar tarixli sərəncamlarının icrası məqsədilə təklif olunur.
Müzakirələrdə çıxış edən parmalentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirdi ki, son 15 ildə Azərbaycan təhsil sistemində ciddi islahatlar aparılıb. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət sayəsində ölkədə 3 mindən artıq məktəb, bağça tikilib, bu il isə 150-dən artıq modul tipli məktəb istifadəyə verilib.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında (ikinci oxunuş), "Tütün və tütün məmulatı haqqında” (ikinci oxunuş), "Televiziya və radio yayımı haqqında” (ikinci oxunuş), "İctimai televiziya və radio yayımı haqqında” (ikinci oxunuş) və "Teatr və teatr fəaliyyəti haqqında” (ikinci oxunuş) qanunlarda dəyişiklik edilməsi barədə layihələr də müzakirəyə çıxarılaraq təsdiqləndi. Deputatlar Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələrinə (ikinci oxunuş) də müsbət münasibət bildirdilər.
Bununla da Milli Məclisin plenar iclası başa çatdı. Gündəlikdə qalan digər məsələlər növbəti iclasda müzakirə ediləcək.

Fərizə ƏHMƏDOVA,
Rəşad BAXŞƏLİYEV,
Fərman BAĞIROV (foto),
"Azərbaycan”

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM